Funksional ishal
Funksional ishal – bağırsağın fasiləsiz və ya periodik xarakterli funksional pozğunluğudur. Patologiya defekasiyanın gün ərzində 3 dəfədən çox baş verməsi, duru konsistensiyalı və ya sıyığabənzər nəcis ifrazı ilə təzahür edir. Qarında ağrılar müşahidə olunmur. Xəstələrdə defekasiyaya imperativ çağırışlar, qarında qurultu, meteorizm və bağırsağın tam boşalmaması hissi yarana bilər. Nəcisdə əksər hallarda selik qarışığı aşkarlanır. Diaqnoz şikayətlər, anamnestik məlumatlar, endoskopik və radioloji müayinələr, USM, ballonoqrafiya, laborator analizlər və digər üsulların nəticələri əsasında qoyulur. Müalicə prosesində ishala səbəb olan amillər aradan qaldırılır, pəhriz təyin edilir. Medikamentoz müalicə və psixoterapiya aparılır.
Funksional ishal barədə ümumi məlumat
Qıcıqlanmış bağırsaq sindromu (QBS), funksional qəbizlik, meteorizm və bağırsağın qeyri-spesifik pozğunluqları ilə yanaşı funksional ishal da bağırsağın funksional pozğunluqları qrupuna daxildir. QBS-dən qarında defekasiya aktı ilə bağlı ağrı və diskomfort hissinin baş verməməsinə görə fərqlənir. Digər funksional pozğunluqlar kimi funksional ishal üçün psixosomatik komponentin ifadəliliyi və residivləşən gedişə meyllik xarakterikdir. Üzvi patologiyanın olmamasına baxmayaraq, klinik simptomatikanın müxtəlifliyi və qeyri-qənaətbəxş psixoemosional fonla əlaqədar xəstələr tərəfindən ağır keçirilir.
Funksional ishal geniş yayılmış patologiya olub, inkişaf etmiş ölkələrdə əhalinin 1,5-2%-də qeydə alınır. Ona istənilən yaş dövründə rast gəlinə bilər. Xəstələr arasında 40 yaşdan yuxarı şəxslər üstünlük təşkil edir. Müalicə klinik proktologiya və psixoterapiya sahəsinin mütəxəssisləri tərəfindən həyata keçirilir.
Funksional ishalın yaranma səbəbləri
Funksional ishalın yaranma səbəbləri dəqiq aydınlaşdırılmamışdır. Mütəxəssislərin fikrincə bağırsaq motorikasının sürətlənməsi və defekasiya aktının tezləşməsi 2 səbəbdən baş verir: psixoloji və emosional gərginliklə (kəskin və xroniki stresslər) əlaqədar bağırsaq fəaliyyətinin sinir tənziminin pozulması; bağırsaq divarında yerləşən sinir uclarının nəcis kütlələrinin təzyiqinə qarşı yüksək həssaslığı.
Funksional ishaldan əziyyət çəkən xəstələrdə bağırsaq cüzi gərilməsi defekasiyaya çağırışlarının yaranmasına səbəb olur. Pasiyentin psixoemosional vəziyyəti qeyri-qənaətbəxş olduqda bağırsağın hərəki aktivliyi daha da güclənir, bağırsaq divarının qıcıqlandırıcılara qarşı həssaslığı artır, funksional ishal baş verir. İmtahandan əvvəl, yeni iş fəaliyyətinə başlayarkən, eləcə də ailədaxili münasibətlərin mürəkkəbləşdiyi dövrdə həyəcanla əlaqədar patologiya daha ifadəli forma alır.
Funksional ishalın patogenezi
Funksional ishal zamanı bağırsağın motor funksiyasının güclənməsi qeydə alınır. Onun nəticəsində bağırsaq möhtəviyyatının hərəkəti sürətlənir, yoğun bağırsağın aşağı hissələrində mayenin sorulması pozulur. Normada fekal kütlələrinin tərkibində orta hesabla 60-70% su olur. Funksional diareyalı pasiyentlərin nəcisində suyun miqdarı 75-90%-ə qədər yüksəlir. Bu göstəricidən asılı olaraq, nəcis sıyığabənzər, duru və ya sulu forma alır.
Funksional ishalın əlamətləri
Funksional ishalın əsas əlamətlərinə defekasiyanın tezliyinin artması və nəcisin konsistensiyasının dəyişməsi aiddir. Diaqnozun təsdiqlənməsi üçün aşağıdakı tələblər ödənilməlidir: əlamətlərin yaranma müddəti ən azı 6 ay olmalı; simptomlar minimum 3 ay ərzində davam etməli; defekasiya aktının 3/4 hallarında müşahidə olunmalı; qarında ağrı və ya diskomfort hissi ilə müşayiət edilməlidir. Sadalanan klinik təzahürlərlə yanaşı xəstələrdə çox zaman qarında qurultu və köp yaranır.
Nəcis maye və ya sıyığabənzər formada olur. Çağırışlar stabil şəkildə səhərlər baş verir, gün ərzində yeməkdən dərhal sonra bir neçə dəfə təkrarlanır. Gecə saatlarında çağırışlar olmur. Əksərən nəcis ifrazı sutkada 3-5, bəzən isə 6-8 dəfəyə qədər artır. Defekasiyanın tezliyi nə qədər yüksək olursa fekal kütlələrin həcmi və sıxlığı bir o qədər az olur. Aldadıcı və imperativ çağırışlara əsasən defekasiyanın əhəmiyyətli dərəcədə tezləşdiyi hallarda təsadüf edilir. Bu əlamətlər adətən zəif ifadə olunur.
Xəstələrin nəcisində çox vaxt selik aşkarlanır. O fekal kütlələrlə qarışa və ya nəcisin üzərində yerləşə bilir. Bəzən sadəcə selik xaric olunur. Funksional ishal zamanı ifrazatlarda irin və qan qarışıqlarına rast gəlinmir. Steatoreya müşahidə edilmir. Qarında köp və palpasiyada dəqiq lokalizasiyası olmayan mülayim ağrılar qeydə alınır. Bır sıra pasiyentlərdə maksimal ağrı hissi siqmavari bağırsağın proyeksiyasında müəyən edilir.
Funksional ishalın diaqnostikası
İlkin diaqnozun qoyulması heç bir çətinlik törətmir. Sorğu zamanı həkim-proktoloq xəstəliyin kəskinləşməsi ilə stress vəziyyətləri arasında əlaqənin olmasını, çağırışların yaranma müddətini (yeməkdən sonra), nəcis ifrazından əvvəl və ya defekasiya aktında ağrının baş verməməsini dəqiqləşdirir. Koproqramma yoğun bağırsaqda iltihabın olmadığını sübut edir. Nəcisdə yağ aşkarlanmır. Diaqnozun təsdiqlənməsi üçün ishalla müşayiət edilən və ya ağırlaşan digər xəstəliklər inkar edilməlidir.
Differensiasiya olunacaq patoloji vəziyyətlərin müxtəlifliyi ilə əlaqədar diaqnostika prosesində çoxsaylı instrumental müayinələrdən: kolonoskopiya, qastroskopiya, qarın boşluğunun icmal rentgenoqrafiyası və USM, irriqoskopiya, qarın boşluğu damarlarının doppleroqrafiyası və ballonoqrafiyadan istifadə olunur. Laborator testlərin siyahısına qanın və sidiyin ümumi analizi, qanın biokimyəvi analizi, koproqramma, nəcisin disbakterioza görə analizi və bakterioloji əkilməsi və s. daxildir.
Somatik patologiyanın aşkarlanması məqsədilə pasiyent endokrinoloq, uroloq və ginekoloq tərəfindən müayinə edilməlidir. Psixoemosional komponentin əhəmiyyətinin müəyyənləşdirilməsi və xəstənin psixoloji vəziyyətinin qiymərləndirilməsi məqsədilə psixoterapevtin konsultasiyası təyin edilir.
Funksional ishalın differensial diaqnostikası qıcıqlanmış bağırsaq sindromu, müxtəlif qida məhsullarına qarşı yüksək həssaslıq, infeksion kolit, yoğun bağırsağın iltihabi xəstəlikləri (qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi), dərman preparatlarının yan təsiri, QİÇS-lə assosiasiyalı diareya, endokrin pozğunluqlar və neyroendokrin şişlərin səbəb olduğu ishalla aparılır.
Funksional ishalın müalicəsi
Müalicə ambulator şəraitdə aparılır. Həkim funksional ishalın yaranmasına və əlamətlərin saxlanılmasına səbəb olan amilləri aşkar etdikdən sonra müalicə planını tərtib edir. Qidalanmanın korreksiyası və disbakteriozun aradan qaldırılması üçün probiotiklərin qəbuluna ehtiyac yarana bilər. İshalın müalicəsində həyəcan və stresslərin azaldılması mühüm rol oynadığından onların uzaqlaşdırılması və psixoterapevtin yardımı tələb olunur.
Gündəlik rasiondan qida allergiyası törədən, bağırsağın motor funksiyasını və köpü artıran məhsulların çıxarılması məsləhət görülür. Funksional ishal dərman vasitələrinin yan təsiri kimi formalaşdıqda preparatın qəbulu dayandırılır, medikamentoz terapiya korreksiya olunur. İshal daimi xarakter daşıdıqda diareya əleyhinə preparatlar (loperamid və onun analoqları), adsorbentlər, antasidlər və s. təyin olunur. Sadalanan tədbirlər effekt vermədikdə bəzən antidepressant qəbul edilir.