Gecikmiş hamiləlik
Gecikmiş hamiləlik — yaşı 35-dən yuxarı olan qadınlarda baş verən hamiləlikdir. Bu zaman adi hamiləliyin xarakterik əlamətləri ilə yanaşı halsızlıq və yorğunluq daha qabarıq ifadə olunur. Əksər hallarda aşağı ətrafların ödemi, üzün pastozluğu, baş ağrıları, başgicəllənmə, qarnın aşağı hissəsində ağırlıq və ağrı hissi müşahidə edilir. Ağırlaşmaların yaranma ehtimalı artır. Gecikmiş hamiləliyin diaqnostikasında ginekoloji baxış, immunoloji ekspress-üsullar, uşaqlığın ultrasəs müayinəsindən istifadə olunur. Medikamentoz terapiya – antibiotiklər, hormonal preparatlar, tokolitiklər, antiaqreqantlar və digər dərman vasitələri yalnız göstərişlər olduqda təyin edilir.
Gecikmiş hamiləlik barədə ümumi məlumat
1970-ci illərin axırından başlayaraq, dünya üzrə 40 və ondan yuxarı yaşlarda uşaq doğmaq istəyən qadınların sayı sürətlə artmaqda davam edir. 2000-ci illərin əvvəllərinə aid olan məlumata əsasən 35-39 yaşlı zahıların sayı 90%, 40 və daha yuxarı yaşlarda mayalanmanın tezliyi isə 87% artmışdır. Bir sıra hallarda gecikmiş hamiləlik ilkin olur. Belə hestasiyaların düzgün aparılmasının aktuallığı mamalıq ağırlaşmalarının və orta yaşlı qadınların əksəriyyətində rast gəlinən xroniki xəstəliklərin dekompensasiyasının yüksək riski ilə əlaqədardır. Lakin gecikmiş ilk və ya təkrar hamiləlik müsbət aspektlərə malikdir. Adətən yaş artdıqca qadınların hamiləlik və doğuşdan sonrakı dövrdə hiss etdikləri stressin səviyyəsi azalır, bu da uşağın fiziki, emosional və intellektual inkişafına qənaətbəxş təsir göstərir. Mamalıq və ginekologiya sahəsində aparılan tədqiqatların nəticələrinə əsasən yetkin yaşlarda doğuş keçirən qadınlarda endometriumun xərçənginə tutulma 32-45%, yumurtalıqların xərçənginin yaranma ehtimalı isə 16% azalır. Yuxarı yaşlarda uşaq dünyaya gətirən qadınlarda klimaks gec başlayır, menopauza dövrü yüngül keçir, osteoporoz daha zəif ifadə olunur.
Gecikmiş hamiləliyin səbəbləri
Mayalanma və sağlam uşaq dünyaya gətirməyin optimal dövrü 18-35 yaş arası hesab edilir. Məhz bu yaşlarda qadın maksimal fertilliyə malik olur, onun fiziki formaları mamalıq və ekstragenital ağırlaşmaların minimal riski ilə ana olmağa imkan verir. Lakin hamiləliyin gec yaşlarda baş verməsinin bir sıra bioloji, tibbi və sosial səbəbləri mövcuddur:
- Sonsuzluq. Mayalanma və hamiləliyin davam etməsinə reproduktiv orqanların inkişaf anomaliyaları, yumurtalıqların (xroniki ooforit, polikistoz, sklerokistoz), uşaqlıq borularının (salpingit, hidrosalpinks, bitişmə xəstəliyi, həcmli proseslər), uşaqlıq və uşaqlıq boynunun (endometrit, poliplər, submukoz miomalar, servisit, istmiko-servikal çatışmazlıq) xəstəlikləri, kiçik çanaqda bitişmələr mane olur. Müasir müalicə üsulları və reproduktiv texnologiya əvvəllər sonsuzluqdan əziyyət çəkən qadınların hamilə qalmasına kömək edir. Bəzi hallarda fertilliyin bərpası uzunmüddətli olur, hestasiya 35 yaşdan sonra baş verir.
- Hamiləliyin təxirə salınması. Karyera qurmaq, maliyyə vəziyyətini yaxşılaşdırmaq, «özü üçün yaşamaq» istəyi ilə əlaqədar bəzi qadınlar ailə və uşaq barədə planlarını gələcəyə saxlayır. Orta yaşam müddətinin artması, təhsil və karyera yüksəlişi üçün imkanların genişlənməsi, emansipasiya, kontrasepsiyanın müasir üsulları hamiləliyin gec yaşlarda baş verməsinə təsir edir. Nəticədə bir çox inkişaf etmiş ölkələrdə hestasiyanın başlanmasının orta yaşı (30 yaşa qədər və daha yuxarı), eləcə də gecikmiş hamiləliklərin sayı artır.
- Planlaşdırılmamış hamiləlik. 35-40 yaşlarda qadınların əksəriyyətində ailənin planlaşdırılması məsələləri artıq həll olunduğundan növbəti mayalanma qorunmamış cinsi əlaqə və ya kontraseptivlərin qeyri-effektivliyi nəticəsində baş verə bilər. Məsələn, klimaksla əlaqədar aybaşı siklinin pozulması ovulyasiyanın günü hesablanmasına əsaslanan fizioloji kontrasepsiya üsulunun təsirini azaldır. 35-40 yaşdan sonra qadınlarda fertillik əhəmiyyətli dərəcədə azalsa da bu hal sonsuzluq hesab olunmur. Gec reproduktiv yaşlarda baş verən 70% hamiləliklər tibbi abortla nəticələnir.
Statistik məlumatlara əsasən boşanmaların və təkrar ailə quran qadınların sayı daima artmaqdadır. Belə vəziyyətlərdə «gecikmiş» uşaq dunyaya gətirmək istəyi yeni ailəni möhkəmləndirmək məqsədi daşıyır. Yetkin yaşlarda hamiləliklərin bir qismi dini baxışlar və ailə ənənələri ilə əlaqədar kontrasepsiyadan imtina nəticəsində yaranır.
Gecikmiş hamiləliyin patogenezi
Gecikmiş hamiləlik cavan pasiyentlərdə olduğu kimi inkişaf edir. Lakin qadın orqanizmində gedən təbii dəyişikliklər və yetkin yaş üçün xarakterik patoloji pozğunluqlar onun ayrı-ayrı mərhələlərinin gedişinə təsir edir. 35 yaşdan sonra cinsiyyət orqanlarının iltihabi xəstəliklərinin rastgəlmə tezliyi yüksəlir, bu patologiyalar uşaqlıq borularının keçiriciliyinin pozulmasına səbəb olduğundan əksər hallarda mayalanmış yumurtahüceyrənin implantasiyası pozularaq, yumurtalıq, abdominal, boru hamiləliyi ilə sonlanır. Keçirilmiş invaziv müdaxilələr, iltihablar, poliplər, submukoz düyünlərin təsirindən endometriumda baş verən morfoloji dəyişikliklər döl yumurtasının uşaqlıq boynu nahiyəsində selikli qişaya yapışmasına gətirib çıxarır. Çox zaman hormonal disbalans hestasiyanın pozulma təhlükəsini yaradır, miometriumun normal yığılma aktivliyinin pozulmasına səbəb olur. Yaşla əlaqədar yumşaq toxumaların elastikliyinin azalması onların cırılma ehtimalını artırır.
Gecikmiş hamiləliyin əlamətləri
Yetkin qadınlarda səhər vaxtlarında ürəkbulanma, bəzi iylərə qarşı ikrah hissi, dad hisslərinin dəyişilməsi, iştahın pozulması hamiləliyin başlanmasına dəlalət edə bilər. Adi hamiləliklərin əvvəllərində olduğu kimi qadınlar yuxululuq, əhval-ruhiyyənin dəyişməsi, əsəbilik, ümumi əzginlik, başgicəllənmədən şikayət edir. Sidik ifrazı tezləşir, süd vəziləri kobudlaşır və həssaslaşır, areola nahiyəsinin, qarnın ağ xəttinin hiperpiqmentasiyası, üzdə piqment ləkələr müşahidə olunur. Aybaşının olmaması, ağız südünün ifrazı, qarın dairəsinin nəzərəçarpacaq dərəcədə böyüməsi hamiləliyin əsas əlamətlərindən sayılır. Hestasiyanın 16-18-ci həftəsindən sonra qadın dölün tərpənişlərini hiss edir, II trimestrdən etibarən qarın divarından onun hissələrini palpasiya etmək mümkün olur.
Gecikmiş hamiləliyin ağırlaşmaları
Gecikmiş hamiləliklərdə ağırlaşmaların yaranma riski adi hestasiya dövrü ilə müqayisədə 2-5 dəfə yüksək olur. Çoxdöllü hamiləliyin rastgəlmə tezliyi 35-39 yaşlı qadınlar arasında daha yüksəkdir. Belə hamiləliklər orqanizmın əlavə yüklənməsinə səbəb olur. İnvaziv müdaxilələr və reproduktiv sistemin xəstəlikləri ilə bağlı boruların keçiriciliyinin və endometriumun quruluşunun pozulması uşaqlıqdan kənar hamiləlik riskini artırır. Yetkin yaşlarda hestozlar (ən ağır formada-preeklampsiya) – 2.7, hestasion diabet – 4.5, insulinoterapiyanın aparımasını tələb edən şəkərli diabet isə 3.2 dəfə çox rast gəlinir.
Hormonal disbalans, somatik pozğunluqlar, döldə genetik qüsurların və xromosom aberrasiyalarının tezliyinin (25 yaşda 0.08%-dən 45 yaşda 5%-ə qədər) artması nəticəsində spontan (özbaşına) düşüklərin ehtimalı 3 dəfə yüksələrək, 33% təşkil edir. Gecikmiş hestasiyalı qadınlarda vaxtından əvvəl doğuşların sayı 4 dəfə artır, bəzən onlar aşkarlanan ağırlaşmalarla əlaqədar induksiya olunur. Xroniki plasentar çatışmazlıq nəticəsində az çəkili uşaqların doğulma tezliyi 2 dəfə yüksəlir.
40 yaşdan yuxarı hamilələrdə III trimestrdə ciftin ayrılma riski 8 dəfə artdığından cavan qadınlarla müqayisədə dölün antenatal ölümünə 50% çox rast gəlinir. Adətən yuxarı yaşlarda olan qadınlarda doğuş fəaliyyətinin zəifliyi, doğuş prosesində uşaqlıq yolu, aralıq və uşaqlıq boynunun cırılmalarına, hipotonik qanaxmalara, DDL-sindromuna, kəskin ekstragenital patologiyalara (miokard infarktı, insult, torlu qişanın qopması) müşahidə olunur. 40% hallarda 35-40-yaşlı hamilələrdə Qeysəriyyə əməliyyatı aparılır, 40 yaşdan sonra bu göstərici 47%-ə çatır. Gecikmiş hamiləliklərdə ana ölümü 2 dəfə artır.
Gecikmiş hamiləliyin diaqnostikası
Diaqnostik mərhələnin əsas məqsədi hestasiya faktının təsdiqindən, dölün anomaliyalarının erkən vaxtlarda aşkarlanmasından, onun inkişafının dinamik müşahidəsindən və ehtimal olunan ağırlaşmaların müəyyən edilməsindən ibarətdir. Kompleks müayinəyə aşağıdakı fizikal, laborator, instrumental üsullar aiddir:
- Ginekoloji baxış. Uşaqlıq yolu və uşaqlıq boynunun selikli qişasının göyərməsi hamiləliyə dəlalət edir. Bimanual palpasiyada uşaqlığın forması, ölçüləri, konsistensiyasının dəyişməsi, patoqnomik əlamətlər (Geqar-Qorvits, Snegirev, Piskaçek əlamətləri) müəyyən edilir. Hamiləlik inkişaf etdikcə ginekoloji müayinələrdə uşaqlığın vəziyyəti qiymətləndilir, bəzən uşaqlıq yolunda ağırlaşmalardan xəbər verən patoloji möhtəviyyat aşkar edilir.
- İmmunoloji hamiləlik testləri. Qan və ya sidikdə xorionik qonadotropinin təyininə əsaslanan, yüksək həssaslığı ilə seçilən müasir ekspress-diaqnostika üsulları hestasiya faktını böyük ehtimalla təsdiq etməyə imkan verir. İmmunoloji testlərin üstünlüyü nəticələrin tez bir zamanda əldə edilməsindən və onların hətta ev şəraitində aparılmasının mümkünlüyündən ibarətdir.
- Hamiləliyin erkən mərhələlərində USM. Hestasiyanın 3-4-cü həftəsindən etibarən exoqrafiya vasitəsilə uşaqlıq boşluğunda döl yumurtası vizualizasiya olunur, əksər hallarda müayinə 6-10-cu həftələrdə aparılır. Bütün şübhəli hamiləlik hallarında USM tətbiqi məsləhət görülür. Sonrakı mərhələlərdə hestasiyanın inkişafının (I, II, III trimestrlərdə USM skrininq), dölün (fetometriya) və uşaqlığın vəziyyətinin qiymətləndirilməsi üçün USM-nəzarət məsləhət görülür.
- İnkişaf anomaliyalarının diaqnostikası. Xromosom aberrasiyaları və genetik qüsurların riskini nəzərə alaraq, qeyri-invaziv prenatal diaqnostika üsullarından istifadə olunur. Onların köməyilə hamilə qadının qanında sirkulyasiya edən dölün DNT-ni tədqiq etmək mümkündür. 5 xromosom anomaliyasına görə standart və genişlənmiş (10 xromosom anomaliyasını aşkar edən) testlər yüksək informativliyi ilə seçilir. Göstərişlərə əsasən invaziv müayinələr- amniosentez, xorionun biopsiyası, kordosentez, plasentosentez həyata keçirilir.
Hestasiyanın gedişi və qadının vəziyyətinin qiymətləndirilməsi üçün qanın və sidiyin ümumi analizinin, biokimyəvi müayinələrin (qanda qlükozanın səviyyəsinin yoxlanılması və s.) nəticələri dinamikada müqayisə edilir. Ehtiyac olduqda hamiləliyin monitorinqi üçün laborator müayinələr (plasentar laktogen, plasentar böyümə amili, sərbəst b-ХQ, sərbəst estriol, trofoblastik β-1 qlikoproteinin səviyyələrinin təyini) aparılır. Dölün bətndaxili zədələnməsinə gətirib çıxaran infeksiyaların istisna edilməsi məqsədilə TORCH-kompleksdən istifadə olunur. Diaqnostik prosesə terapevt, oftalmoloq, nevropatoloq cəlb edilir, göstərişlər olduqda hamilə qadın uroloq, kardioloq, endokrinoloq, infeksionist, pulmonoloq müayinəsinə yönəldilir. Gecikmiş hamiləliklər erkən klimaks, uşaqlığın mioması, yumurtalıqların disfunksiyası və aybaşı siklini pozan digər xəstəliklər fonunda yaranan amenoreya ilə differensiasiya edilir.
Gecikmiş hamiləliyin aparılması
Gecikmiş hamiləliyin aparılması zamanı həkim taktikası ehtimal olunan ağırlaşmaların (mamalıq və ekstragenital) qarşısının alınmasına və əks-göstərişlər olmadıqda təbii doğuşlara planlı hazırlığın aparılmasına yönəldilir. Yetkin yaşlarda hamiləliyin tibbi təqibi pasiyentin sağlamlıq vəziyyətinin müşahidə altına alınmasını, onun həyat tərzinin korreksiyasını, yanaşı gedən pozğunluqların terapiyasını nəzərdə tutur. Adətən orta yaşlı hamilələrə aşağıdakılar tövsiyyə olunur:
- İstirahət rejiminin düzgün seçilməsi və yüklənmələrin dozalanması. Gecikmiş hestasiyanın pozulma riskini aşağı salmaq üçün ağır fiziki əmək, stress vəziyyətlər məhdudlaşdırılmalıdır. Yuxu və istirahət rejiminin adekvat təyini hamiləliyin gedişinə müsbət təsir göstərir. Yuxusuzluq zamanı sedativ fitopreparatlar təyin olunur.
- Qida rasionunun korreksiyası. Qidalanma kalorili və baalnslaşdırılmış olmalıdır. Zülal, kalsium, dəmir, vitaminlərlə zəngin qida məhsullarına üstünlük verilməlidir. Payız-qış aylarında vitamin-mineral komplekslərindən istifadə etmək olar. Pəhrizin seçilməsi zamanı mütəxəsislərin məsləhətlərini nəzərə almaq lazımdır.
- Doğuşa hazırlıq. Hamilələr üçün nəzərdə tutulan xüsusi MBT, akvaaerobika, yoqa, üzgüçülük, pilateslə məşğul olmaq doğuş fəaliyyətinə fiziki hazırlığını artırır. Mama-ginekoloqların müşahidələrinə əsasən belə qadınlarda doğuşlar asan keçir, ağırlaşmaların sayı az olur.
Müxtəlif qrup preparatlar (antibiotik, spazmolitik, tokolitik, antiaqreqant, periferik vazodilatatorlar) göstərişlərə əsasən təyin olunur, bu zaman onların dölə təsiri nəzərə alınmalıdır. Bəzən hestasiyanın qorunması üçün hormonal terapiya aparılır. Gecikmiş hamiləliklərdə Qeysəriyyə əməliyyatına üstünlük verilməsinə baxmayaraq, düzgün doğuşönü hazırlıq zamanı, həmçinin ciddi mamalıq ağırlaşmaları (dar çanaq, iri döl, dölün çəp və ya köndələn vəziyyəti, cift gəlişi) və ağır somatik pozğunluqlar olmadıqda təbii doğuşlar mümkündür.
Gecikmiş hamiləliyin proqnoz və profilaktikası
35 yaşdan yuxarı sağlam hamilələrdə düzgün təşkil olunmuş tibbi müşahidə zamanı hestasiya 90% hallarda ağırlaşmalarsız gedərək, təbii yolla başa çatdırılır. Profilaktik məqsədlə gecikmiş hamiləlik planlaşdıran qadınlara mama-ginekoloq, terapevt, okulist (göstərişlərə əsasən-digər mütəxəssislər) müayinələrindən ibarət preqravidar hazırlıq məsləhət görülür. Xroniki infeksiya ocaqları sanasiya olunur, döldə xromosom anomaliyalarının istisna edilməsi üçün kariotiplənmə tətbiq olunur. Mayalanmadan sonra hestasiyanın erkən vaxtlarında qadın məsləhətxanasında qeydiyyata düşmək və həkim təyinatlarına tam şəkildə riayət etmək lazımdır.