Ginekologiya

Ginekologiya -tibbin qadın orqanizmi, cinsiyyət sitemi reproduktiv (nəsil artırma) funksiyasını öyrənən, qadın xəstəliklərinin profilaktikası və müalicəsi ilə məşğul olan sahəsidir. Ginekoloji sağlamlıq sadəcə nəsil atrtırmağa deyil, ümumilikdə qadın sağlamlığına xidmət edir.

Son illərdə bəzi qadın xəstəlikləri xeyli  «cavanlaşmışdır». Bununla əlaqədar uşaqlar və yeniyetmələrdə cinsi sferada baş verən dəyişiklikləri araşdıran uşaq ginekologiyası daha da inkişaf etməyə başlamışdır.

Hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadın orqanizminin fiziologiya və patologiyalarını  isə mama-ginekologiya sahəsi öyrənir. Qadınlarda hormonal dəyişikliklər, aybaşı pozğunluğu və klimaks dövrünün problemləri ginekoloji endokrinologiya tərəfindən izah olunur.  

Ginekoloji xəstəliklər -iltihabi xarakterli (vaginit, vulvit, endometrit, adneksit və s.); hormonal mənşəli (menstruasiya gecikməsi, aybaşı zamanı qanın çox gəlməsi,yumurtalıqların polikistozu, mioma, uşaqlığın fibroması  və s.) və distrofik, hiperplastik və şiş xəstəlikləri (leykoplakiya, uşaqlıq boynunun eroziyası, yumurtalığın kistoması və s.) olmaqla qruplara bölünür.

Hər bir patologiya özünəməxsus əlamətlərə malik olsa da, bütün qadın xəstəlikləri üçün xarakterik simptomlar – qarnın aşağı hissəsində ağrı, cinsi yollardan patoloji axıntı, aybaşı tsiklinin pozulması aiddir.

Hazırda ginekoloji xəstəliklərin diaqnostikasında müxtəlif müasir üsullar (laborator, ultrasəs, endoskopik, laparoskopik) tətbiq edilir. Onlar xəstəliyin erkən mərhələlərdə aşkarlanmasına və zəruri müalicənin aparılmasına imkan verir.  

Ginekologiyanın qızıl standartına əsasən hətta özünü tam sağlam hiss edən qadınlar belə ildə ən azı 1 dəfə kiçik çanaq orqanları, süd vəzilərinin Ultrasəs müayinəsindən keçməli, sitoloji yaxma verməlidir.  

error: Content is protected !!