Göbək ciyəsinin dolanması
Göbək ciyəsinin dolanması – onun bir və ya bir neçə ilgəyinin dölün boyunu və ya bədəni ətrafında yerləşməsi ilə xarakterizə olunan patologiyadır. Bu zaman anada heç bir klinik əlamət müşahidə edilmir, nadir hallarda ciftin vaxtından qabaq ayrılma riski yaranır. Göbək ciyəsinin dolanması uşaqda bətndaxili hipoksiyanın inkişafına səbəb ola bilər, bu da ürək yığılmaları tezliyinin pozulması və hərəki aktivliyin azalması ilə müşayiət olunur. Diaqnostika USM, kardiotokoqrafiya, rəngli doppleroqrafiyanın nəticələrinə əsaslanır. Göbək ciyəsinin dolanmasının müalicəsi döl və ananın vəziyyətindən asılı olmaqla əksər hallarda gözləmə taktikasının tətbiqindən ibarətdir.
Göbək ciyəsinin dolanması barədə ümumi məlumat
Göbək ciyəsinin dolanması hamiləlik patologiyalarına aid edilir, bu da onların ciddi ağırlaşmalara-ciftin vaxtından qabaq ayrılması, dölün anomal yerləşməsi və gəlişi, hipoksiyası və ya asfiksiyasının inkişafına səbəb olması ilə əlaqədardır. Göbək ciyəsi birləşdirici toxumadan ibarət olub, daxilindən vena və 2 arteriya keçir. Göbək ciyəsi cift və döl arasında əlaqəni təmin edir. Göbək ciyəsinin dolanması hestasiyanın müxtəlif dövrlərində orta hesabla 4-5 qadında aşkarlanır.
Təxminən 10% hamilələrdə hestasiya və ya doğuş prosesində göbək ciyəsinin dolanması fonunda ağırlaşmalar qeyd olunur. Çox qısa (40sm-dən az) göbək ciyəsinin dolanması zamanı ciftin vaxtından qabaq qopma riski yüksək olduğundan bu hal təhlükəli hesab edilir. Eləcə də uzun göbək ciyəsinin (70sm-dən çox) dolanması dol üçün təhlükə daşıyır, bu zaman bir neçə ilgəyin uşağın anatomik hissələri ətrafında yerləşməsi, həmçinin düyünlərin yaranması böyük ehtimalla döldə asfiksiyaya səbəb ola bilər.
Göbək ciyəsinin dolanmasının səbəbləri
Göbək ciyəsinin dolanması hamiləliyin müxtəlif dövrlərində inkişaf edir. Yaranma səbəbləri fərqli olur, onlar arasında ən çox rast gəlinəni dölün hipoksiyasıdır. Oksigen çatışmazlığı ilə bağlı döl aktiv xaotik hərəkətlər etməyə başlayır, nəticədə göbək ciyəsi ilgəklərinə ilişir. Adətən göbək ciyəsinin dolanması onun 70sm-dən uzun olduğu hallarda qeyd olunur, bu zaman uşağın sərbəst şəkildə keçə biləcəyi ilgəklər əmələ gəlir. Göbək ciyəsinin dolanması genetik amillə də əlaqədar ola bilər, bu səbəbdən onu da nəzərə almaq lazımdır.
Çox zaman göbək ciyəsinin dolanması dölyanı mayenin çoxluğu fonunda baş verir. Belə mamalıq patologiyası zamanı uşaqlıq boşluğunda dölün hərəkəti üçün kifayət qədər yer olduğundan o, çox asanlıqla ilgəklərə ilişir. Sahə dar olduqda isə göbək ciyəsinin dolanması uşağın az aktivliyi fonunda inkişaf edir. Ananın ekstragenital xəstəlikləri dölün hipoksiyasına səbəb olaraq, onun hərəki aktivliyini azaldır, nəticədə göbək ciyəsinin dolanması baş verir. Hamilələrdə izlənilən dəmir defisitli anemiyalar da patologiyanın yaranma ehtimalını artırır.
Göbək ciyəsinin dolanması əksər hallarda hamiləlik dövründə neqativ amillərin (pis ekologiya, zərəli əmək şəraiti) təsirinə məruz qalan qadınlarda müşahidə olunur. Həmçinin zərərli vərdişlərə (siqaret, narkotik maddələr, spirtli ickilərdən istifadə) meylli olan hamilələrdə göbək ciyəsinin dolanmasına tez-tez rast gəlinir. Ana orqanizmində adrenalinin konsentrasiyasını artıran sistematik stresslər, emosional yüklənmələr patologiyanın riskini yüksəldir. Balanslaşdırılmamış qidalanma, qidalı komponentlərin çatışmazlığı göbək ciyəsinin dolanmasına gətirib çıxara bilər.
Göbək ciyəsinin dolanmasının əlamətləri
Müəyyən kriteriyalara əsaslanaraq göbək ciyəsinin dolanması bir neçə formalara bölünür. Hamiləliyin proqnozu və doğuş planı bu amillərdən asılıdır. İlgəklərin sayından asılı olaraq göbək ciyəsinin dolanması 2 formaya ayrılır:
- tək – dölün anatomik hissələri ətrafında lokalizasiyalaşan 1 ilgək qeyd olunur;
- çoxsaylı– 2 və ya daha artıq ilgək aşkarlanır.
Göbək ciyəsinin çoxsaylı dolanmasının izoləolunmuş (bütün ilgəklər bir anatomik sahə ətrafında yerləşir) və qarışıq (ilgəklər bir neçə anatomik sahədə, məsələn boyun və bədəndə lokalizasiyalaşır) variantları ayırd edilir. Eləcə də göbək ciyəsinin dolanması kip və ya boş olur. 90% hamilələrdə göbək ciyəsinin boş dolanması aşkar edilir, bu zaman proqnoz qənaətbəxş olur. Göbək ciyəsinin kip dolanması damarların sıxılması və qan dövranının kəsilməsi riski ilə müşayiət edilir, belə hallar dölün kəskin hipoksiyası və asfiksiyasına səbəb olur.
Göbək ciyəsinin dolanması zamanı ana tərəfdən heç bir patoloji simptom izlənilmir. Qadın diskomfort hiss etmir, o, yalnız dölün hərəki aktivliyinin artmasını qeyd edir. Bu əlamət bətndaxili hipoksiya üçün xarakterikdir. Dölün ürək döyüntüsünün auskultasiyası zamanı göstəricinin tezləşməsi müşahidə oluna bilər. Göbək ciyəsinin dolanmasının hestasiyanın 32-ci həftəsinə qədər aşkarlanması böyük ehtimalla uşağın özbaşına azad olması ilə sonlanır, gec dövrlərdə isə uşaqlıqda sahənin azalması ilə əlaqədar patologiyanın aradan qalxması çətinləşir və xəstə mama-ginekoloqun müşahidəsi altına götürülür.
Göbək ciyəsinin dolanmasının diaqnostikası
Göbək ciyəsinin dolanmasını hestasiyanın 14-cü həftəsindən sonra planlı USM vasitəsilə aşkarlamaq mümkün olur. Bu dövrdə cift və göbək ciyəsi tam formalaşır. Skanlama prosesində ilgəklərin olması və onların lokalizasiyası müəyyən edilir. Bunu bilmək lazımdır ki, göbək ciyəsinin dolanması hər zaman ciddi ağırlaşmalara səbəb olmur, erkən mərhələlərdə uşağın kiçik ölçülü olması və uşaqlıqda onun hərəkəti üçün kifayət qədər sahə olduğundan döl asanlıqla ilgəklərdən azad olur. Patologiya aşkar edildikdə rəngli doppleroqrafiya təyin olunur. Bu üsul ilgəklərin sayını, arteriyalar və venalarla qanın cərəyanını müəyyən etməyə imkan verir. İlgəklərin sayı 2-dən artıq olduqda dəqiq müşahidə və patologiyanın geniş araşdırılması tələb olunur. Bu məqsədlə üçölçülü exoqrafik müayinə tətbiq edilir: göbək ciyəsinin lokalizasiyası diqqətlə izlənilir, dolanma həqiqi düyünlə differensiasiya olunur.
Göbək ciyəsinin dolanması zamanı dölün vəziyyətini qiymətləndirmək üçün dopplerometriya aparılır. Onun köməyilə mütəxəssis damarlarda qan cərəyanının intensivliyini, dölün oksigenlə təmininin pozulmasını, onun hərəki aktivliyini müəyyən edir. Kardiotokoqrafiyadan istifadə etməklə uşağın ürək-damar sisteminin fəaliyyətini, onun aktivliyini qiymətləndirmək və hipoksiyanın əlamətlərini təyin etmək mümkündür. Kardiotokomonitorinq prosesində hərəkət zamanı ürək yığılmalarının tezliyinin azalması oksigen çatışmazlığının xarakterik əlaməti hesab olunur. KTQ zamanı uşaqlığın tonusuna diqqət yetirilir.
Göbək ciyəsinin dolanmasının müalicəsi
Göbək ciyəsinin dolanmasının spesifik müalicəsi yoxdur. Patologiya zamanı dölün oksigen aclığı əlamətlərinin erkən aşkarlanması məqsədilə hər həftə kardiotokoqrafik monitorinq aparılmalıdır. Kəskin hipoksiya və uşaqlıq-plasentar qan dövranının pozulması əlamətləri müşahidə olunduqda hamilə qadın hospitalizasiya olunmalıdır.
Göbək ciyəsinin dolanması zamanı həyəcan və stresslər istisna edilməlidir. Emosional gərginlik adrenalinin sintezinin artmasına səbəb olur, bu da dölə neqativ təsir göstərərək, uşaqlıq-plasentar qan dövranının pozulması ilə nəticələnir. Eləcə də rasional qidalanmaya riayət olunmalı, vitaminlərlə zəngin qida məhsullarına üstünlük verilməlidir. Göbək ciyəsinin dolanması zamanı ətraf mühitin neqativ amillərinin təsirindən, o cümlədən passiv siqaret çəkmə və zərərli əmək şəraitindən uzaq durmaq lazımdır.
Medikamentoz terapiya hər zaman təyin edilmir, bəzi hallarda uşaqlıq-plasentar qan dövranını yaxşılaşdıran preparatlardan, vitamin komplekslərindən istifadə edilir. Doğuş üsulu göbək ciyəsinin dolanma tipindən, həmçinin ana və dölün vəziyyətindən asılıdır. Göbək ciyəsinin tək sayda, izolə olunmuş boş dolanması daha qənaətbəxş forma sayılır. Bu halda fizioloji doğuş tətbiq edilir. Xəstənin doğuşdan qabaq hospitalizasiyasına ehtiyac olmur.
Göbək ciyəsinin dolanması zamanı təbii doğuş prosesində ana və dölün vəziyyəti diqqətlə izlənilməlidir. Hər 30 dəqiqədən bir həkim kardiomonitorinqin köməyilə uşağın ürək ritmlərinə nəzarət etməli, ürək yığılmalarının tezliyinin azalması zamanı doğuş prosesi tezləşdirilməlidir. Uşağın başı doğuş kanalını keçdikdən sonra ilgək boyundan çıxarılmalıdır. Göbək ciyəsinin çoxsaylı, kip dolanmaları və hipoksiya əlamətləri zamanı təcili Qeysəriyyə əməliyyatı embriogenezin müddətindən asılı olmayaraq göstəriş hesab olunur. Belə vəziyyətlərdə hipoksiyanın inkişafı və hətta dölün ölümü mümkündür.
Göbək ciyəsinin çoxsaylı, kip dolanmaları zamanı fizioloji doğuş əks-göstəriş sayılır, çünki sancı və gücvermələrlə əlaqədar damarlar kəskin daralır, bu da oksigen çatışmazlığının daha da artmasına və boğulmanın baş verməsinə gətirib çıxarır. Eləcə də göbək ciyəsinin kip dolanması ciftin vaxtından qabaq qopmasına səbəb ola bilər. Ağırlaşmanın qarşısını almaq məqsədilə hestasiyanın 37-ci həftəsində pasiyent hospitalizasiya olunur, hamiləlik Qeysəriyyə əməliyyatı ilə başa çatdırılır.
Göbək ciyəsinin dolanması zamanı proqnoz və profilaktika
Göbək ciyəsinin dolanması zamanı ümumilikdə proqnoz qənaətbəxşdir. Əksər hallarda hamiləliyin 38-ci həftəyə qədər uzadılması və sağlam uşağın doğulması mümkündür. Göbək ciyəsinin dolanmasının profilaktikası onu yaradan amillərin aradan qaldırılmasından ibarətdir. Stresslər, ətraf mühitin neqativ təsirləri, zərərli vərdişlər istisna edilməlidir. Hamilə qadınlara vitaminlərlə zəngin rasional qidalanma, eləcə də təmiz havada çox vaxt keçirmək məsləhət görülür.
Mütəxəssis tərəfindən təyin edilmiş hamilələr üçün nəzərdə tutulan MBT göbək ciyəsinin dolanmasının qarşısını almağa kömək edir. Həmçinin tənəffüs gimnastikası da dölün vəziyyətinə müsbət təsir göstərir, bu tip hərəkətlər oksigen çatışmazlığını bərpa etməyə imkan verir. Göbək ciyəsinin dolanmasının profilaktik tədbirlərinə həm də hamilələrdə dəmir çatışmazlıqlı anemiyanın vaxtında diaqnostika və müalicəsi aiddir. Mamalıq patologiyasından qorunmaq üçün qadın həkimin məsləhətlərinə riayət etməli, bütün lazım olan analizlərdən keçməlidir.