Göbələk mənşəli konyunktivit

Göbələk mənşəli konyunktivit – konyunktivanın yarımkəskin və ya xroniki iltihabı ilə xarakterizə edilən oftalmomikozdur. Törədicinin növündən asılı olaraq, göbələk mənşəli konyunktivit kataral və ya irinli iltihab, gözün selikli qişasında düyünlü infltratların və ya təbəqənin yaranması ilə təzahür edir. Patologiyanın əsas müayinə metodu konyuktivadan götürülmüş yaxma, sıyrıntı və ifrazatlarda göbələyin laborator üsulla təyin edilməsidir. Xəstələrdə funqisid və funqistatik preparatlarla uzunmüddətli sistemli və yerli müalicə aparılır.

Göbələk mənşəli konyunktivit barədə ümumi məlumat

Göbələk mənşəli konyunktivitlər göz qapaqlarında, konyunktiva kisəsində, göz yaşı axarlarında məskunlaşan və ya gözün selikli qişasına xarici mühitdən keçən patogen göbələklər tərəfindən törədilir. Oftalmologiyada göbələk mənşəli konyunktivitlər çox zaman eyni etiologiyalı blefarit və keratitlərlə birgə inkişaf edir. Göbələk mənşəli keratokonyunktivitlər inadlı gedişi ilə fərqlənərək, buynuz qişanın perforasiyasına gətirib çıxara bilirlər.

Klinik formasına görə patologiyanın 2 forması ayırd edilir: qranulomatoz və eksudativ. Qranulomatoz forma əsasən sporotrixoz, aktinomikoz, rinosporodioz, koksidioz, eksudativ konyunktivit isə aspergilyoz və kandidoz zamanı yaranır.

Göbələk mənşəli konyunktivitin yaranma səbəbləri

Yetkin şəxslərin 6,6-27,9%-nin konyunktival boşluğunun mikroflorasında göbələklər aşkarlanır. Göbələklərin təxminən 50 növü göz üçün patogen hesab olunur. Qranulomatoz formanın törədicilərinə Pennicillium viridans, Coccidioides immitis, Sporotrichum, Actinomicetes aiddir. Eksudativ konyunktivitlərə isə mayayabənzər göbələk cinsindən olan Candida albicans və Aspergillus səbəb olur. Yoluxma mənbəyi torpaq, su, ot, xəstə insan və heyvanlar ola bilər.

Selikli qişanın mikrotravmaları, gözün şüa yanıqları, mikotik blefarit, kontakt linzaların saxlanılma və istifadə qaydalarına riayət olunmaması göbələk infeksiyasının konyunktivaya keçməsinə şərait yaradır. Şəkərli diabet, karies, dəri örtüklərinin mikozunun rast gəlindiyi, eləcə də qlükokortikosteroid və ya antibiotiklərdən uzun müddət istifadə edən şəxslər bu xəstəliyə meylli olur. Ekzogen amillər sırasında havanın yüksək nəmliyi, ilin isti ayları, qeyri-qənaətbəxş sanitar-gigiyenik şərait qeyd edilir.

Göbələk mənşəli konyunktivitin əlamətləri

Sporotrixoz, rinosporidoz, aktinomikoz mənşəli konyunktivitlərdə ödem və hiperemiya fonunda qranulomalar əmələ gəlir, meybom vəzilərinin infarktı baş verir. Aktinomikoz zamanı iltihab kataral və ya irinli xarakter daşıyır; düyünlü infiltratlar yumşaldıqda partlayır, onların daxilindən irin ifraz olunur, gec sağalan fistulalar formalaşır.

Koksidiomikozla assosiasiyalı göbələk mənşəli konyunktivit fliktenayabənzər düyünlərlə səciyyələnir. Konyunktivanın Pennicillium viridans göbələyi ilə zədələnməsi üçün konyunktivanın səthi xoralarının yaranması xarakterikdir. Onların üzəri yaşıl ərplə örtülü olur.

Qranulomatoz formalarda əksər hallarda irinli limfadenit inkişaf edir. Limfa düyünlərinin irinli möhtəviyyatında göbələk miselləri aşkarlanır.

Kandidamikoz zamanı konyunktiva boşluğunda psevdomembran – asanlıqla təmizlənilən bozumtul və ya sarı təbəqə əmələ gəlir. Aspergilyozla əlaqəli konyunktivitdə konyunktivanın infiltrasiya və hiperemiyası, xoralaşmaya meylli məməciyəbənzər törəmələr müşahidə olunur; patologiya adətən buynuz qişanın göbələk mənşəli zədələnməsi – mikotik keratitlə birgə rast gəlinir.  Bəzən aspergilyoz səhvən irinləyən xalazion və ya it dirsəyi kimi qiymətləndirilir.

Göbələk mənşəli konyunktivitlər üçün zəif simptomatika, uzunmüddətli gediş (7-10 gündən artıq), antibiotikoterapiyanın qeyri-effektivliyi xarakterikdir. Onların ağırlaşmalarına buynuz qişanən zədələnməsi, kanakulit, dakriosistit aiddir.

Göbələk mənşəli konyunktivitin diaqnostikası

Diaqnoz oftalmoloq obyektiv baxışın və törədicinin laborator identifikasiyasının nəticələri əsasında qoyulur. Xarici əlamətlərdən əlavə, antibiotiklər və ya qlükokortikoidlərlə müalicə zamanı simptomatikanın güclənməsi konyunktivanın mikozuna dəlalət edir.

Göbələkləri aşkar etmək üçün konyunktiva sıyrıntısının mikroskopik və sitoloji müayinəsi aparılır, ifrazatlar qidalı mühitə əkilir. Ehtiyac yarandıqda pasiyent dermatoloq (mikoloq) tərəfindən konsultasiya olunur.

Patologiya digər etiologiyalı konyunktivitlərlə (bakteriya, virus, allergik mənşəli konyunktivit və keratitlər) differensiasiya edilir.

Göbələk mənşəli konyunktivitin müalicəsi

Xəstələrdə xüsusi antimikotik vasitələrlə yerli və sistemli müalicə aparılır. Konyunktival boşluğa amfoterisin B, natamisin, nistatin məhlullarının instillyasiyaları təyin olunur; yatmazdan əvvəl kirpiklərin dibinə nistatin məlhəmi çəkilir. Funqisid və funqistatik vasitələr (göz damcıları və məlhəmlər) ekstemporal hazırlanılır.

Sistemli terapiya göbələkəleyhinə preparat: flukonazol, intrakonazol və s. ilə həyata keçirilir. Geniş sahəli oftalmomikozlarda amfoterisin B damcı şəklində vena daxilinə yeridilir.

Müalicə müddəti 4-6 həftədir. Klinik sağalma baş verdikdə konyunktivadan təkrarən yaxma götürülür. Yalnız klinik-laborator müayinələrin mənfi nəticələri göbələk mənşəli konyunktivitin latent formaya keçməyəcəyinə zəmanət verir.

Göbələk mənşəli konyunktivitin proqnoz və profilaktikası

İzoləolunmuş gedişə malik konyunktivitlərin proqnozu adətən qənaətbəxş olur. Müalicə vaxtında və  düzgün formada aparılmadıqda iltihabi proses göz qapaqlarına, buynuz qişaya, göz yaşı kanalına, görmə kanalının digər strukturlarına yayıla bilər.

Göbələk mənşəli konyunktivitlərin profilaktikası dəri mikozları və ümumi xəstəliklərin adekvat müalicəsindən, kontakt linzalardan istifadə qaydasına riayət olunmasından, məişət və istehsalatda gigiyena şəraitinin yaxşılaşdırılmasından, antibakterial vasitələr və qlükokortikosteroidlərin rasional təyinindən ibarətdir.

error: Content is protected !!