Görmə sinirinin işemik neyropatiyası

Görmə sinirinin işemik neyropatiyası – onun intrabulbar və ya intraorbital şöbələrində qan dövranının zəifləməsi nəticəsində baş verən pozğunluqdur. Optik işemik neyropatiyanın klinik əlamətlərinə görmə itiliyinin qəfil zəifləməsi, görmə sahəsinin daralması, monokulyar korluq aiddir. Diaqnoz vizometriya, oftalmoskopiya, perimetriya, elektrofizioloji müayinə, göz, yuxu və onurğa arteriyalarının USDQ, flüoressent angioqrafiyanın nəticələri əsasında qoyulur. Müalicə məqsədilə xəstələrə ödem əleyhinə, trombolitik, spazmolitik terapiya, antikoaqulyantlar, vitaminlər, maqnitoterapiya, görmə sinirinin elektro və lazer stimulyasiyası təyin edilir.

Görmə sinirinin işemik neyropatiyası barədə ümumi məlumat

Görmə sinirinin işemik neyropatiyası adətən 40-60 yaşlarda, xüsusən də kişi cinsinin nümayəndələrində yaranır. Patologiya görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsinə, hətta korluğa gətirib çıxara bilər. İşemik neyropatiya görmə orqanının sərbəst xəstəliyi olmayıb, müxtəlif sistem patologiyalarının göz təzahürü kimi inkişaf edir. Bu səbəbdən işemik neyropatiya ilə bağlı problemlər oftalmoloqla kardioloq, revmatoloq, nevropatoloq, endokrinoloq, hematoloqun birgə əməkdaşlığı sayəsində həll olunur.

Görmə sinirinin işemik neyropatiyasının təsnifatı

Görmə sinirinin zədələnməsi 2 formada müşahidə olunur: ön və arxa işemik neyropatiya. Hər iki forma üzvi (hissəvi) və ya total (tam) işemiya üzrə gedə bilər.

Görmə sinirinin ön işemik neyropatiyasında patoloji dəyişikliklər intrabulbar şöbədə qan dövranının pozulması nəticəsində baş verir. Arxa neyropatiya az hallarda qeydə alınır. Onun inkişafı sinirin retrobulbar (intraorbital) seqmentində yaranan işemik pozğunluqlarla bağlı olur.

Görmə sinirinin işemik neyropatiyasının yaranma səbəbləri

Ön işemik neyropatiyanın patogenezinin əsasını arxa qısa kirpik arteriyalarında qan cərəyanının pozulması ilə əlaqədar görmə siniri diskinin (GSD) retinal, xorioidal (prelaminar) və skleral (laminar) qatlarının işemiyası təşkil edir. Arxa işemik neyropatiyanın inkişaf mexanizmində görmə sinirinin arxa seqmentində qan dövranının zəifləməsi, eləcə də yuxu və onurğa arteriyalarının stenozu başlıca rol oynayır. Kəskin formalı işemiyanın lokal amillərinə arteriyaların funksional pozğunluqları (spazm) və üzvi dəyişiklikləri (sklerotik zədələnmələr, tromboemboliyalar) aiddir.

Görmə sinirinin işemik neyropatiyası polietioloji xəstəlikdir. Patologiyaya müxtəlif sistem xəstəlikləri və onlarla bağlı ümumi hemodinamik və mikrosirkulyator pozğunluqlar, damar məcrasında lokal dəyişikliklər səbəb olur. İşemik neyropatiya əksər hallarda ümumi damar xəstəlikləri – ateroskleroz, hipertoniya, nəhəng hüceyrəli (gicgah) arteriit, düyünlü periarteriit, obliterasiyaedici arteriit, şəkərli diabet, magistral damarların trombozu fonunda inkişaf edir. Bəzən neyropatiya mədə-bağırsaq qanaxmaları, travma, cərrahi müdaxilələr zamanı kəskin qanitirmə, anemiya və qan xəstəlikləri nəticəsində, eləcə də narkoz və ya hemodializdən sonra yaranır.

Görmə sinirinin işemik neyropatiyasının əlamətləri

Görmə sinirinin işemik neyropatiyası əksərən birtərəfli olur. Lakin xəstələrin 1/3 hissəsində patologiyaya hər 2 gözdə təsadüf edilir. Bəzən bir neçə müddətdən sonra (adətən 2-5 il) ikinci göz işemik prosesə qoşulur. Ön və arxa işemik neyropatiya çox vaxt müştərək şəkildə aşkarlanır.

Optik işemik neyropatiya qəflətən: əsasən yuxudan oyandıqda, fiziki yüklənmələrdən və isti vanna qəbulundan sonra inkişaf edir. Xəstələrdə görmə itiliyi kəskin dərəcədə (işıq duyğusu və ya korluğa qədər) azalır. Görmə qabiliyyətinin qəfil pozulması bir neçə dəqiqə və ya saat ərzində baş verir. Bəzən işemik neyropatiyadan əvvəl xəbərdaredici əlamətlər: dumanlı görmə, göz və baş nahiyəsində güclü ağrılar müşahidə edilir.

Patologiyanın hər iki formasında periferik görmə zəifləyir. Görmə sahəsinin konsentrik daralması, onun gicgah və burun yarısının itməsi, ləkələr (skotoma) izlənilir.

Kəskin işemiya 4-5 həftə davam edir. Bu müddət başa çatdıqda görmə sinirinin ödemi tədricən aradan qalxır, qansızmalar sorulur, görmə siniri atrofiyaya uğrayır.

Görmə sinirinin işemik neyropatiyasının diaqnostikası

Patologiyanın yaranma səbəbi və xarakterini aydınlaşdırmaq üçün pasiyent oftalmoloq, kardioloq, endokrinoloq, nevroloq, revmatoloq, hematoloq tərəfindən müayinə olunmalıdır.

Oftalmoloji metodlar sırasına funksional testlər, göz strukturlarına baxış, ultrasəs, rentgenoloji və elektrofizioloji müayinələr daxildir.

Görmə itiliyinin təyin edərkən onun cüzi dəyişikliklərdən tutmuş işıq duyğusu səviyyəsinə qədər azalması aşkarlana bilər. Görmə sahəsində optik sinirin bu və ya digər sahələrinin zədələnməsinə müvafiq qüsurlar müəyyən edilir.

Oftalmoskopiya prosesində görmə siniri diskinin işemik ödemi, avazıması və böyüməsi üzə çıxarılır. Diskin ətrafındakı torlu qişada şişkinlik, makula zonasında isə «ulduz» fiquru izlənilir. Ödemin təzyiq etdiyi sahələrdə venalar dar, periferiyada isə əksinə genəlmiş olur. Bəzən ocaqlı qansızma və eksudasiya vizualizasiya edilir.

Torlu qişanın damarlarının angioqrafiyası zamanı retinal angioskleroz, yaşla bağlı fibroz, qeyri-bərabər kalibrli arteriya və venalar, silioretinal arteriyaların okklüziyası qeydə alınır. Görmə sinirinin arxa işemik neyropatiyasının kəskin dövründə oftalmoskopiya ilə GSD-də heç bir dəyişiklik aşkarlanmır. Göz, yuxu və onurğa arteriyalarının USDQ-sı zamanı əksər hallarda bu damarlarda qan cərəyanının pozulmasına rast gəlinir.

Elektrofizioloji müayinə görmə sinirinin funksional həddinin azalmasını təyin edir. Koaquloqrammada hiperkoaqulyasiya tipli dəyişikliklər müşahidə olunur; xolesterin və lipoproteidlərin səviyyəsini yoxladıqda hiperlipoproteinemiya aşkar edilir.

Görmə sinirinin işemik neyropatiyası retrobulbar nevrit, göz yuvası və mərkəzi sinir sisteminin həcmli törəmələri ilə differensiasiya edilir.

Görmə sinirinin işemik neyropatiyasının müalicəsi

Optik işemik neyropatiyanın müalicəsinə patologiyanın inkişafının ilkin saatlarında başlamaq lazımdır. Çünki qan dövranı çatışmazlığı uzun müddət davam etdikdə sinir hüceyrələri məhv olur. Qəfil yaranan işemiya hallarında təxirəsalınmaz yardım aparılmalı: eufillin məhlulu venadaxili yeridilməli,  dil altına nitroqliserin tableti qoyulmalı,  naşatır spirtinin buxarları ilə nəfəs alınmalıdır.

İşemik neyropatiyanın sonrakı müalicəsi stasionarda davam etdirilməlidir. Terapiya görmə sinirinin ödeminin aradan qaldırılmasına və qidalanmasının yaxşılaşdırılmasına, qan təhcizatının dolayı yollarının yaradılmasına yönəldilməlidir. Bununla yanaşı əsas xəstəliyin (damar və sistem patologiyaları) müalicəsi, laxtalanma sisteminin və lipid mübadiləsinin göstəricilərinin normaya salınması, arterial təzyiqin korreksiyası həyata keçirilməlidir.

Görmə sinirinin işemik neyropatiyasında xəstələrə sidikqovucu preparatlar (diakarb, furosemid), damargenişləndirici və nootrop vasitələr (vinposetin, pentoksifilin, ksantinol nikotinat), trombolitiklər və antikoaqulyantlar (fenindion, heparin), kortikosteroidlər (deksametazon), B. C və E vitaminləri təyin edilir. Gələcəkdə maqnitoterapiya, görmə sinirinin elektro və lazerstimulyasiyasının aparılması məsləhət görülür.

Görmə sinirinin işemik neyropatiyasının proqnoz və profilaktikası

Optik neyropatiyanın proqnozu qeyri-qənaətbəxşdir. Xəstələrin əksəriyyətində hətta müalicədən sonra görmə qabiliyyətinin zəifliyi və periferik görmənin defektləri (mütləq skotoma) müşahidə edilir. Hər iki göz zədələndikdə total korluq yarana bilər.

Görmə sinirinin işemik neyropatiyasının profilaktikası ümumi damar və sistem xəstəliklərinin müalicəsindən, həkimə vaxtında müraciət olunmasından ibarətdir. Bir gözündə optik işemik neyropatiya keçirən pasiyentlər oftalmoloqun müşahidəsi altında olmaqla, profilaktik tədbirlərə riayət etməlidirlər.

error: Content is protected !!