Göy öskürək -bakterial mənşəli kəskin infeksion xəstəlik olub, kataral əlamətlərlə müşayiət olunan spazmatik tutmalar şəklində öskürəklə özünü büruzə verir. Göy öskürəyə yoluxma hava-damcı yolu ilə xəstə ilə yaxın kontakt zamanı baş verir. İnkubasion dövr 3-14 gün təşkil edir. Göy öskürəyin kataral dövrü kəskin faringiti xatırladır, daha sonra isə xarakterik xpastik öskürək tutmaları meydana çıxır. Peyvənd alan xəstələrdə adətən göy öskürək silinmiş kliniki gedişlə müşahidə edilir. Diaqnoz- yaxma və möhtəviyyatda göy öskürək çöplərinin aşkarlanması yolu ilə qoyulur. Göy öskürəyin müalicəsində antibakterial (aminoqlikozitlər, makrolidlər), sedativ təsirli antihistamin preparatlar, inhalyasiya müalicəsi effektivdir.
Ümumi məlumat
Göy öskürək -bakterial mənşəli kəskin infeksion xəstəlik olub, kataral əlamətlərlə müşayiət olunan spazmatik tutmalar şəklində öskürəklə özünü büruzə verir.
Törədicinin xarakteristikası
Göy öskürək Bordetella pertussis- kiçik, hərəkətsiz, aerob qram-mənfi kokklar (“göy öskürək” çöpləri də adlanır) tərəfindən törədilir. Törədici morfoloji xüsusiyyətlərinə görə paragöyöskürək (oxşar, lakin daha zəif simptomatika ilə) törədicisinə- Bordetella parapertussisə oxşardır. Göy öskürək çöpləri termolabil, dermatonekrotoksik, termostabil endotoksik, eləcə də traxeal sitotoksin sintez edir. Mikroorqanizm xarici mühitə az davamlıdır, birbaşa günəş şüalarının təsirinə 1 saat davam gətirir, 56 °С temperaturda 15-30 dəq.yə məhv olur. Qurumuş möhtəviyyatda bir neçə saat həyat qabiliyyətini saxlayırlar.
Göy öskürək infeksiyasının mənbəyi və rezervuarı xəstə insan sayılır. Kontagioz dövr inkubasiya dövrünün sonları və xəstəliyin başlanğıcından sonrakı 5-6 gün hesab edilir. Yoluxuculuğun zirvəsi xəstəliyin klinikasının maksimal təzahürü dövrünə təsadüf edir. Silinmiş, zəif ifadə olunmuş klinikalı pasiyentlər epidemioloji cəhətdən böyük təhlükə yaradırlar. Göy öskürək daşıyıcılığı uzun müddətli olmur və epidemioloji əhəmiyyət kəsb etmir.
Göy öskürək aerozol mexanizmi ilə, əsasən hava-damcı yolu ilə yayılır. Öskürək və asqırma zamanı böyük həcmdə törədici ifraz olunur. Törədicilər zəngin aerozol damcılar çox da uzağa (2 metrdən qısa məsafə) yayılmır və bu səbəbdən yoluxma yalnız yaxın təmas yolu ilə mümkündür. Törədici xarici mühitdə uzun müddət yaşaya bilmədiyi üçün kontakt yolu ilə yoluxma baş vermir.
İnsanlar göy öskürəyə qarşı yüksək həssaslığa malikdirlər. Əsasən uşaqlar (uşaq infeksiyalarına aiddir) xəstələnirlər. Keçirilmiş xəstəlikdən sonra ömürlük immunitet formalaşır, lakin anadan transplasentar yolla uşağa ötürülən antitellərvyetərli dərəcədə immun müdafiəni təmin edə bilmir. Yaşlı şəxslərdə bəzən təkrar xəstələnmə halları mümkündür.
Patogenez
Göy öskürək çöpləri yuxarı tənəffüs yollarının selikli qişasına düşür və qırtlaq və bronxların kiprikli epitelində məskunlaşır. Bakteriyalar dərin toxumalara daxil ola bilmir. Bakteriyaların ifraz etdiyi toksinlər yerli iltihabi reaksiyaya səbəb olur.
Bakteriyaların məhvi nəticəsində endotoksin xaric olaraq göy öskürək üçün xarakterik olan spastik öskürəyi törədir. Öskürəyin proqressivləşməsi mərkəzi xarakter alır- uzunsov beynin tənəffüs mərkəzində oyanma ocağı formalaşır. Müxtəlif qıcıqlandırıcılara (toxunma, ağrı, gülüş, ddanışıq və s) qarşı reflektor öskürək yaranır. Öskürək tutmaları sonrasında sinir mərkəzinin oyanması uzunsov beynin digər sahələrində də analoji proseslər üçün inisiator rolunu oynayır və reflektor qusma, damar distoniyası (arterial təzyiqin artması, damar spazmı) meydana çıxır. Uşaqlarda qıcolmalar (tonik və ya klonik) da müşahidə edilə bilər.
Gğy öskürək endotoksini bakteriyaların sintez etdiyi fermentlə- adeniasiklaza ilə birgə təsir edərək orqanizmin müdafiə mexanizmlərini zəiflədir. Bu isə ikincili infeksiyanın qoşulmasına, bəzi hallarda isə uzun müddətli daşıyıcılığa səbəb olur.
Göy öskürəyin simptomları
Göy öskürəyin inkubasion dövrü 3 gündən 2 həftəyədək davam edir. Xəstəlik şikayətlərin ardıcıllığı ilə: kataral dövr, spastik öskürək və sağalma ilə keçir. Kataral dövr tədricən başlayır, nəzərəçarpan quru öskürək və zökəmlə (uşaqlarda rinoreya daha xarakterikdir) müşayiət olunur. Rinit- selikli qatı ifrazatla özünün büruzə verir. Adətən intoksikasiya və qızdırma müşahidə edilmir, bədən hərarəti subfebril həddədək arta bilər. Pasiyentin ümumi vəziyyəti qənaətbəxş olur. Zamanla öskürək tezləşir, davamlı xarakter alır, tutmalarla (xüsusilə gecələr) keçir. Bu dövr bir neçə gündən 2 həftəyədək uzana bilər. Uşaqlarda bu dövr daha qısa olur.
Kataral dövr tədricən spazmatik öskürək dövrünə (digər adla -tutmalar dövrü) keçir. Öskürək tutmaları spastik xarakter alır, intensivləşir. Xəstələrdə tutmaların xəbərçiləri- boğazda qaşınma, döş qəfəsində diskomfort, narahatlıq müşahidə edilir. Səs yarığının spastik daralması səbəbindən fitverici səs (reprizlər) müşahidə edilir. Öskürək tutmaları səsli nəfəsalma, öskürək dalğaları şəklində təzahür edir. Göy öskürəyin gedişinin ağırlığı öskürək tutmalarının tezliyinə və davamlılığına görə qiymətləndirilir.
Tutmalar gecələr və səhər saatlarında daha intensiv olur. Daimi gərginlik səbəbindən pasiyentin üzü hiperemiyalaşmış, ödemli olur, üzdə və ağız-udlağın selikli qişasında konyuktivada kiçik qansızmalar olur. Bədən hərarəti norma çərçivəsində qalır. Göy öskürək zamanı qızdırma ikincili infeksiyanın qoşulma əlamətidir.
Spazmatik öskürək dövrü 3 həftədən 1 ayadək davam edir, daha sonra sağalma (bərpa) dövrü başlayır: öskürəklə selikli ifrazat xaric olur, tutmalar daha az rast gəlinir, öskürək spazmatik xarakterini tədricən itirir və yox olur. Bu dövr (xəstəliyin simptomlarının azalmasına baxmayaraq öskürək və ümumi asteniya əlamətləri, sinir sisteminin oyanıqlığı üzün müddət saxlanılır) bir neçə gündən bir neçə ayadək çəkə bilər.
Göy öskürəyin silinmiş forması, adətən peyvənd olan şəxslərdə müşahidə edilir. Bu zaman spazmatik tutmalar daha zəif təzahür edir, lakin öskürək daha uzun müddət davam edir və müalicəyə çətin tabe olur. Reprizlər, qusma, damar spazmı olmur. Subklinik forma adətən göy öskürək ocağında, kontaktda olanlarda müşahidə edilir. Xəstə subyektiv olaraq, heç bir patoloji əlamətdən şikayət etmir. Lakin bəzən, dövrü olaraq təkrarlanan öskürək müşahidə edilə bilər. Xəstəliyin abortiv forması xəstəliyin kataral dövrdə və ya tutmaların ilk günlərində sağalma ilə və sürətli reqressiya ilə xarakterikdir.
Diaqnostika
Göy öskürəyin spesifik diaqnostikası bakterioloji üsullarla: tənəffüs yollarının selikli qişasından götürülmüş selik və ya yaxmanı qidalı mühitdə əkməklə qoyulur. Göy öskürək çöplərini Borde-Janqu mühitində əkirlər. AR (aqlütinasiya reaksiyası), KBR (komplimentin birləşmə reaksiyası), QHAR (qeyri-düz hemaaqlütinasiya reaksiyası) seroloji diaqnostika üsulları ilə təsdiqlənir. Belə ki, bu analizlər xəstəliyin ikinci həftəsindən- tutmalar dövründən erkən olmayaraq müsbət nəticələr verir (bəzi hallarda daha gecikmiş mərhələlərdə də mənfi ola bilər).
Qeyri-spesifik diaqnostika üsullarına infeksiya əlamətləri (qanda limfositar leykositoz), EÇS-in əhəmiyyətsiz artımı xarakterikdir. Tənəffüs sistemi tərəfindən ağırlaşmaların inkişafı zamanı pulmonoloqun konsultasiyası və ağciyərlərin rentgenoqrafiyası məsləhətdir.
Göy öskürəyin fəsadları
Göy öskürək zamanı ağırlaşmalar, adətən ikincili infeksiyanın qoşulması ilə, xüsusilə tənəffüs sistemi xəstəliklərilə: bronxit, pnevmoniya, plevritlə olur. Göy öskürək bakteriyalarının destruktiv təsirilə emfizemanın formalaşması mümkündür. Ağır gediş çox zaman ağciyərlərin atelektazına, pnevmotoraksa səbəb olur. Göy öskürək, həmçinin irinli otitə səbəb ola bilər. İnsult (intensiv tutmalar zamanı), qarın divarı əzələlərinin, təbil pərdəsinin cırılması, düz bağırsağın sallanması, hemorroy mümkündür. Erkən yaşlı uşaqlarda bronxoektaz formalaşa bilər.
Göy öskürəyin müalicəsi
Göy öskürək ambulator müalicə olunur. Pasiyentin otaq temperaturunda, nəmləndirilmiş oksigenlə zənginləşdirilmiş hava ilə tənəffüsü məsləhətdir. Qidalanma rasional, kiçik porsiyalar şəklində olmalıdır. Sinir sisteminə təsirləri ( intensiv görmə, eşitmə qıcıqlandırıcıları) məhdudlaşdırmaq lazımdır. Bədən hərarəti norma həddində olarsa açıq hava gəzintiləri (havanın hərarəti -10 °С-dən aşağı olmamaq şərtilə) məsləhətdir.
Kataral dövrdə antibiotiklər (makrolidlər, aminoqlikozidlər, ampisillin və ya levomisetin) orta terapevtik dozalarda, 6-7 günlük kurs şəklində təyin edilir. Amtibiotiklərlə yanaşı, xəstəliyin ilk günlərindən göy öskürək əleyhinə spesifik qammaqlobulin də təyin edilir. Patogenetik məqsədlə sedativ təsirli antihistamin preparatlar (prometazin, mebhidrolin) göstərişdir. Tutmalar dövründə şikayətləri azaltmaq üçün spazmolitiklər, ağır hallarda isə neyroleptiklər təyin edilə bilər.
Öskürəkəleyhinə, bəlğəmgətirici preparatlar və mukolitiklər göy öskürək zamanı az effektivdir, mərkəzi təsirli öskürəkəleyhinə preparatlar isə əks göstərişdir. Xəstələrə oksigenoterapiya məsləhətdir. Oksigenobaroterapiya da müsbət effekt verə bilir. Fizioterapevtik üsullar, proteolitik fermentlərin inhalyasiyasında uğurla təyin edilir.
Proqnoz qənaətbəxşdir. Nadir hallarda yaşlılarda letallıq müşahidə edilə bilər. Ağırlaşmalar formalaşarsa- şikayətlərin uzun müddət davam etməsi, xroniki ağciyər xəstəliklərinin inkişafı mümkündür.
Profilaktika
Spesifik profilaktika
Göy öskürək əleyhinə vaksinasiya -tibbi əks göstəriş olmazsa 3 ayadək uşaqlarda aparılır. İlk revaksinasiya 1,5 yaşda, ikinci və üçüncü isə 6-7 və 14 yaşlarda aparılmalıdır. Sonra isə hər 10 ildən bir aparılması məsləhətdir.
Vaksinlərdən AKDS (Rusiya), Pentaksin (Fransa), İnfanriks və İnfanriks Heksa (Belçika), Tetraksim (Fransa) geniş istifadə edilir. Yuxarı yaşlarda, böyüklərdə, hamilələrdə 3-cü trimestrdə Adasel (Kanada) vaksini revaksinasiya kimi təyin edilə bilər. Hamilələrin ailə üzvlərinə də doğumdan öncə revaksinasiya məsləhətdir.
Qeyri-spesifik profilaktika
Ümumi profilaktik tədbirlərə xəstələrin erkən aşkarlanması və kontaktda olanların nəzarətdə saxlanılması; uşaq kollektivlərində profilaktik tədbirlər, eləcə də tibbi profilaktika müəssisələrin kollektivlərində, məktəbəqədər müəssisələr və məktəblərdə çalışanlarda uzun sürən öskürək aşkarlanarsa (5-7 gündən çox) nəzarəti artırmaq aiddir.
Göy öskürəklə xəstə uşaqlar (eləcə də yuxarıda qeyd edilən qruplara aid böyüklər) xəstəliyin başlanğıcından 25 gün ərzində izolə edilməlidir. Kontaktda olanlar isə 14 gün kollektivə buraxılmamalı, 2 mərhələli bakterial sınaqdan sonra işə və ya kollektivə qayıda bilər. İnfeksiya ocağında əsaslı dezinfeksiya, müvafiq karantin tədbirləri aparılır. Təxirəsalınmaz profilaktik tədbir kimi immunoqlobulin təyin edilir. İmmunoqlobulini 1 yaşadək uşaqlara, eləcə də xəstə ilə kontaktda olan peyvənd almayan şəxslərə təyin edirlər. İmmunoqlobulin təyini kontaktdan keçən müddətdən asılı olmayaraq 1 dəfə təyin edilir.