Göz almasının atrofiyası

Göz almasının atrofiyası – görmə orqanının ölçüsünün kiçilməsi və deformasiyası ilə xarakterizə edilən patoloji vəziyyətdir. Atrofiyaya gözün ağır travmaları, uzunmüddətli iltihab, torlu qişanın ayrılması səbəb olur. Onun əsas əlaməti görmənin itirilməsindən ibarətdir. Diaqnostika məqsədilə gözün USM, oftalmoskopiya, biomikroskopiya, tonometriya, rentgenoqrafiya, göz yuvasının KT və ya MRT-si, elektroretinoqrafiya aparılır. Atrofiyanın müalicəsi mövcud deyil; preventiv (cərrahi və medikamentoz) tədbirlər gözün orqan kimi saxlanılmasına yönəldilir.

Göz almasının atrofiyası barədə ümumi məlumat

Görmə orqanının məişət və kriminal travmaların artması ilə əlaqədar göz almasının atrofiyası nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarına tez-tez rast gəlinir. Gözün travma ilə assosiasiyalı hipotoniyası atrofiyanın əsas inkişaf mexanizmi sayılır və nüfuzedici yaralanmaların 25%-də, gözün kontuziyasından sonra isə 50% hallarda müşahidə edilir. Göz almasının atrofiyası gözün xaric edilməsinin (enukleasiya) başlıca səbəblərindən hesab olunur. Patologiya əsasən əmək qabiliyyətinə malik olan kişilərdə inkişaf edir.

Göz almasının atrofiyasının yaranma səbəbləri

Göz almasının atrofiyası adətən görmə orqanının qişalarının zədələnməsi, ağır iltihabi proseslər (uveit, neyroretinit), torlu qişanın total ayrılması ilə əlaqədar yaranır. Gözün atrofiyasının patogenetik mexanizminin əsasını hipotonik sindrom təşkil edir. Bu zaman siliar əzələnin fəaliyyəti pozulur, sekresiya qabiliyyəti zəifləyir, uveoskleral axın güclənir. Nəmliyin ifadəli azalması torlu qişanın damarlarının genişlənməsinə, kapilyar keçiriciliyinin artmasına və damar məcrasından mayenin xaric olmasına gətirib çıxarır. Sadalanan proseslər toxumaların trofikasının pozulmasına səbəb olur. Göz strukturlarının qidalanması pozulduğundan torlu qişada, görmə sinirinin diskində, buynuz qişada degenerativ dəyişikliklər baş verir. Göz alması tədricən kiçilir, görmə qabiliyyəti itirilir, göz almasının atrofiyası inkişaf edir.

Göz travmaları məişət, istehsalat, kənd təsərrüfatı mənşəli olur, eləcə də uşaqlıq dövründə və hərbi şəraitdə qazanılır. Görmə orqanının istehsalat travmaları mədəndə və ya kimyəvi maddələrlə əlaqəli sahələrdə baş verir. Ağır gediş və əksər hallarda göz almasının atrofiyası ilə səciyyələnir. Görmə orqanının kənd təsərrüfatı mənşəli travmaları əmək alətləri, ev heyvanlarının buynuz və ya ayaqları ilə yetirilən zədələnmələrdir. Travmanın bu növünü torpaq və ya gübrə ilə infeksiyalaşma müşayiət etdikdə sonluq qeyri-qənaətbəxş olur.

Gözün məişət travmaları təsərrüfat və ya ev işləri ilə məşğul olarkən təhlükəsizlik texnikasına əməl edilməməsi ilə bağlıdır. Məişət travmalarının əksəriyyəti sərxoş vəziyyətdə qazanılır. Uşaqlarda göz alması əsasən məktəb dövründə qələm, məftil, xizək ağacı tərəfindən zədələnir. Hərbi travmalar daha ağır xarakter daşıyır və çox zaman görmə orqanın itirilməsi ilə nəticələnir. Göz travmalarının müxtəlifliyinə baxmayaraq, onların hər biri oftalmotonusun dəyişməsinə, ikincili iltihabi-degenerativ proseslərin yaranmasına və nəticədə göz almasının degenerasiyasına gətirib çıxarır.

Göz almasının atrofiyasının əlamətləri

Göz strukturlarında baş verən dəyişikliklər və ön-arxa oxun ölçüləri əsasında göz almasının atrofiyasının aşağıdakı mərhələləri ayırd edilir:

  • başlanğıc mərhələ (ön-arxa ox>18mm)– buynuz qişada distrofik dəyişikliklər, travmatik katarakta, şüşəyəbənzər cisimdə cüzi bulanıqlıq, torlu qişanın bir kvadrantda ayrılması qeydə alınır.
  • inkişaf etmiş mərhələ (ön-arxa ox<17mm)– buynuz və qüzehli qişa atrofiyaya uğrayır. Şüşəyəbənzər cisimdə şvartlar əmələ gəlir. Torlu qişanın ayrılması bir neçə kvadrantda baş verir.
  • uzaq mərhələ (ön-arxa ox<15mm)– bu mərhələdə buynuz qişada ağ ləkə formalaşır. Torlu qişa bütövlükdə ayrılır.

Atrofiya zamanı görmə itiliyi işığı hiss etmə səviyyəsində saxlanılır. Son mərhələlərdə görmə funksiyası tamamən itirilir. Vizual olaraq, gözün ölçülərinin kiçilməsi və buynuz qişanın bulanması  müəyyən edilir. Göz almasının atrofiyası travma və ya iltihabın yekun mərhələsi sayıldığından onu müşayiət edən əlamətlər ilkin xəstəlikdən asılı olur. Travma zamanı güclü ağrı, yad cisim hissi, blefarospazm yaranır. İltihabi patologiyalarda görmə itiliyinin zəifləməsi, fotofobiya (işıqdan qorxma), göz qapaqları nahiyəsində ağrı sindromu baş verə bilər. Torlu qişa ayrılarkən pasiyentlər adətən fotopsiyadan (işıq qığılcımları), göz önündə qara nöqtələr və ya pərdənin peyda olmasından şikayətlənirlər.

Göz almasının atrofiyasının diaqnostikası

Patologiyanın əsas müayinə üsulu göz almasının USM-dir. Müayinə prosesində ön-arxa oxun uzunluğu ölçülür, gözün daxili strukturları nəzərdən keçirilir. Şikayətlərin yaranma müddətini dəqiqləşdirmək üçün ətraflı sorğu aparılır. Oftalmoskopiya vasitəsilə şüşəyəbənzər cismin dəyişikliklərinin xarakter və dərəcəsi qiymətləndirilir. Gözün biomikroskopiyasında travmanın lokalizasiyası, buynuz və qüzehli qişalardakı dəyişikliklər müəyyən edilir. Gözdaxili təzyiq kəskin hallarda palpasiya, uzaq mərhələlərdə isə instrumental üsullarla təyin edilir.

Digər müayinə üsullarının siyahısı ilkin xəstəlikdən asılıdır. Göz almasının travmalarında rentgenoqrafiya (rentgenokontrast yad cisimləri üzə çıxarır), göz almasının KT (metal, şüşə və plastmasdan hazırlanmış yad cisimləri aşkar edir) və maqnit-rezonans tomoqrafiyası (üzvi mənşəli yad cisimləri təyin edir, ağlı qişanın kapsulası, yumşaq toxumalar, göz əzələləri, görmə sinirinin  zədələnmələrini üzə çıxarır) aparılır.

Torlu qişanın vəziyyəti barədə dəqiq məlumat əldə etmək üçün elektrofizioloji müayinədən – elektroretioqrafiyadan istifadə olunur. Torlu qişanın elektrik həssaslığının və görmə sinirinin labillik həddinin müəyyənləşdirilməsi görmə funksiyasının proqnozu üçün ən informativ metod sayılır. Göz dibinin vizualizasiya olunmaması, elektrik fosfeninin həddinin isə 600 mkA-dən yuxarı qalxması torlu qişanın daxili hissələrində gedən ağır dəyişikliklərə və cərrahi müalicənin qeyri-effektivliyinə dəlalət edir.

Göz almasının atrofiyasının müalicəsi

Göz almasının atrofiyasının müalicəsi mövcud deyil. Həkim-oftalmoloqun əsas məqsədi xəstəliyin proqressivləşməsinin və ya gözün travmasının atrofiyaya gətirib çıxarmasının qarşısını almaqdır.

Bu məqsədlə konservativ və ya cərrahi üsullardan istifadə olunur.

Konservativ müalicə gözün iltihabi xəstəliklərində aparılır. Pasiyentlərə iltihabəleyhinə, antibakterial, immunosupressiv terapiya, sitostatiklər təyin edilir. Travmalar zamanı kompleks yanaşma tətbiq olunur: infeksion və postravmatik ağırlaşmaların qarşısı alınır (geniş təsir spektrinə malik preparatlarla antibakterial terapiya, şok əleyhinə müalicə, tetanusun profilaktikası), eləcə də göz yaraları birincili, sonra isə ikincili cərrahi işlənilir.

Birincili işlənmə zamanı göz almasının bütün kvadrantlarının reviziya yolu ilə yaranın ölçüsü müəyyənləşdirilir. İkincili cərrahi işlənmə 2 həftədən sonra aparılır. Onun mahiyyəti görmə itiliyinin yaxşılaşdırılmasından ibarətdir. Bu məqsədlə katarakta və hemoftalm (şüşəyəbənzər cismə qansızma) aradan qaldırılır.

Torlu qişa ayrıldıqda onun kənarlarının yaxınlaşdırılmasına, tamlığının bərpasına yönəldilmiş müxtəlif cərrahi üsullar tətbiq edilir. Göz almasının çıxarılması (enukleasiya) yalnız ağır formalı zədələnmələrdə və görmə funksiyası tamamən itirildikdə icra olunur.

Göz almasının atrofiyasının profilaktikası

Göz almasının atrofiyasının profilaktikası uşaqlarda və böyüklərdə görmə orqanının zədələnməsinin qarsışının alınmasına istiqamətləndirilir. Belə ki, istehsalat travmalarını azaltmaq üçün əl əməyi məhdudlaşdırılmalı, texniki proseslər avtomatlaşdırılmalı, sexlər keyfiyyətli işıqlandırma sistemi və ventilyasiya ilə təmin olunmalıdır. Məişətdə elektrik alətləri, iti bıçaqlarla işləyərkən təhlükəsizlik qaydalarına riayət edilməlidir. Uşaqlarda görmə orqanının zədələnməsinə yol verməmək üçün həm evdə, həm də küçədə onların davranışlarına nəzarət olunmalıdır.

Göz almasının atrofiyasının ikincili profilaktikasına oftalmoloji yardımın vaxtında göstərilməsi, gözdə baş verən iltihabi dəyişikliklərin və ya torlu qişanın ayrılmasının erkən mərhələlərdə aşkarlanması, adekvat müalicənin təyini aiddir.

error: Content is protected !!