Gözaltı kölgələr
Gözaltı kölgələr – paraorbital nahiyədə dərinin dairə şəkilli göyümtül-boz və ya qəhvəyi rəng almasıdır. Onlar dəriyə qeyri-sağlam, yorğun görünüş verir; vizual olaraq insanı yaşlı göstərir. Bundan əlavə gözaltı kölgələr hər hansı bir daxili xəstəlikdən xəbər verə bilər. Bu səbəbdən tibbi diaqnostikanın aparılması tələb olunur. Gözaltı kölgə problemi kompleks şəklində həll edilir: əsas səbəb aradan qaldırılır, kosmetik prosedurlar (mezoterapiya, biorevitalizasiya, maska, mikrocərəyan terapiyası və s.) icra olunur.
Gözaltı kölgələr barədə ümumi məlumat
Keçən əsrin 20-ci illərində göz altı kölgələr dəb sayılırdı. «Dramatik baxışlar» xüsusi makiyaj – göz kölgələri və qələmlə əldə edilirdi. Lakin dəb dəyişkən və ötüb-keçən olduğundan hazırda qara kölgələr gözəllik idealı hesab olunmur. Gözaltı kölgələr kosmetik qüsur və ya daxili orqanların patologiyaları ilə bağlı ola bilər – hər bir halda bu problem diqqətdən kənarda qalmamalıdır.
Gözətrafı dəri çox nazik və həssasdır. İlk qırışların məhz bu nahiyədə yaranması, tünd kölgələr, torbacıqlar göz ətrafı dərinin özünəməxsus quruluş xüsusiyyətləri ilə bağlıdır: paraorbital nahiyə üçün az sayda hüceyrələrdən təşkil olunmuş epidermis, nazik buynuz qat xarakterikdir, burada dənəli qata, piy vəzilərinə ümumiyyətlə rast gəlinmir. Göz ətrafı nahiyənin dərisi boyun və çənə nahiyəsinin dərisi ilə müqayisədə 5 dəfə nazikdir. Dərialtı piy qatı zəif inkişaf etmişdir, kollagen və elastin lifləri azlıq təşkil edir – bütün bunlar dərinin quruması, tonusun itməsi və erkən yaşlanmaya gətirib çıxarır. Periorbital nahiyənin məruz qaldığı mimik yüklənmə – gün ərzində gözlərin 40 000 -100 000 dəfə qırpılması əlavə risk amili sayılır. Bu zonada damar şəbəkəsi səthi yerləşir, əksər hallarda nazik, dartılmış dəridən nəzərə çarpmaqla tünd kölgə effekti yaradır. Bu səbəbdən həm estetik kosmetologiyada, həm də ev şəraitində gündəlik qulluq zamanı göz ətrafı dəriyə xüsusi diqqət yetirilir.
Gözaltı kölgələrin yaranma səbəbləri
Gözaltı kölgələrin ən çox rast gəlinən səbəbi xroniki yorğunluq və yuxusuzluqdur. Yuxu azlığı ilə əlaqədar dərinin rəngini solğunlaşır, damarlar daha tez nəzərə çarpır, göz altında bənövşəyi kölgələr əmələ gəlir. Göz ətrafına qeyri-adekvat qulluq, düzgün seçilməyən kosmetika, gözləri ovuşdurmaq adəti tünd kölgələrin formalaşmasına gətirib çıxarır.
Əksər insanlarda göz altı kölgələr genetik xarakter daşıyır. Bu, irsən ötürülən xüsusiyyətlərlə – paraorbital nahiyənin dərisinin nazik və açıq rəngli olması, damarların səthi yerləşməsi, dərinin izafi piqmentasiyası ilə bağlı ola bilər. İrsi meylliklə xarici amillər: kompüterdə uzun müddət işləmək, zərərli vərdişlər (alkoqol, siqaretdən istifadə, həddindən artıq qaralma), qeyri-düzgün qidalanmanın (kəskin ədavalar, konservləşdirilmiş məhsullar, kofeinin izafi qəbulu) birgə təsiri bu problemi daha da ağırlaşdırır. Göz ətrafı kölgələrin daha bir yaranma səbəbi dərinin təbii yaşlanmasıdır: yaş artdıqca dəri nazilir və boşalır, damarlar isə aydın nəzərə çarpır.
Gözaltı kölgələr orqanizmin dehidratasiyası, ağır pəhrizlə əlaqədar hipovitaminoz fonunda yarana bilər. Bəzən tünd kölgələr kəskin arıqlama nəticəsində meydana çıxır – belə hallarda qaraltıların formalaşması həm dəri tonusunun itirilməsi, həm də maddələr mübadiləsinin pozulması ilə bağlı olur.
Çox zaman göz altı kölgələr xroniki patologiyalar: qaraciyər, böyrəküstü vəzi və ürək çatışmazlığı, xolesistit, öd daşı xəstəliyi, helmintoz, lyamblioz, anemiya, hipotireoz, sinir sisteminin xəstəlikləri zamanı müşahidə edilir. Uşaqlarda tünd kölgələr burun-udlaq (xroniki tonzillit), diş və damaq xəstəlikləri, vegetativ-damar distoniyası fonunda yaranır. Həmçinin damarların genişlənməsi və keçiriciliyinin artması ilə müşayiət edilən allergik reaksiyalar (allergik rinit, konyuktivit, pollinoz) göz ətrafı qaraltılara səbəb olur.
Gözaltı kölgələrin rənginə əsasən hansı orqanda patoloji prosesin getməsi barədə mülahizə yürütmək olar. Belə ki, göyümtül-bənövşəyi kölgələr qan dövranı pozğunluqları, qırmızı – allergik mənşəli və qaraciyər xəstəlikləri, sarı – qaraciyər və öd kisəsinin patologiyaları, qəhvəyi kölgələr isə xroniki intoksikasiya, qurd invaziyaları zamanı formalaşır.
Gözaltı kölgələrin diaqnostikası
Paraorbital nahiyənin rəngi dəyişdikdən onu dekorativ kosmetika ilə gizlətməklə problem həll olunmur, əksinə qüsur daha da dərinləşir. Gözaltı kölgələri aradan qaldırmaq üçün ilk növbədə onun səbəbini aydınlaşdırmaq lazımdır. Həyat tərzinin korreksiyası paraorbital nahiyənin dərisinin vəziyyətini yaxşılaşdırmadıqda həkimə müraciət etmək lazımdır.
Diaqnostika prosesində qanın ümumi və biokimyəvi analizi, sidik analizi, qanın mikroelementlərə görə spektral analizi, qalxanabənzər vəzi hormonlarının təyini, nəcisin helmint və lyambliya yumurtalarına görə analizinin aparılması məqsədəuyğundur. Əlavə olaraq, elektrokardioqramma, qarın boşluğu orqanları, böyrəklər və retroperitoneal sahənin USM icra oluna bilər. Müayinə prosesində sağlamlıqla bağlı heç bir problem aşkar edilmədikdə tünd kölgələr kosmetik qüsur kimi qiymətləndirilir.
Gözaltı kölgələrin aradan qaldırılma üsulları
Dərinin yaşlanmasının ilkin əlamətləri göz ətrafında təzahür edir: mimik qırışlar («qaz ayağı»), göz qapaqlarının piy yırtıqları, tünd kölgələr, göz yaşı çuxurunun deformasiyası üzü yorğun və yaşlı göstərir. Göz ətrafı kölgələrdən azad olmaq üçün paraorbital nahiyəyə düzgün qulluq olunmalıdır. İlk növbədə gündəlik rejim normaya salınmalı, gecə yuxusuna ən azı 8 saat vaxt ayrılmalı, zərərli vərdişlərdən imtina edilməli, qida rasionu meyvə-tərəvəzlə zənginləşdirilməli, stress vəziyyətləri uzaqlaşdırılmalıdır.
Ev şəriaitində bitki dəmləmələri ilə kontrast kompresslər, qidalandırıcı maskalar, barmaq ucları ilə göz ətrafı dərinin yüngül masajı, göz qapaqları üçün gimnastika müsbət nəticə verir. Kollagen, hialuron turşusu, yaşıl çay ekstaktından ibarət krem və ya zərdabın göz ətrafı nahiyəyə gündəlik çəkilməsi, 30-dan az olmayan SPF kremin istifadəsi mütləqdir. Xüsusi kosmetik transdermal plastır vasitəsilə tünd kölgələri və şişkinliyi azaltmaq, dərini hamarlaşdırmaq mümkündür. Kosmetik qüsuru tez və effektiv şəkildə gizlətmək üçün yüngül kremşəkilli teksturalı konsiler (korrektor) məsləhət görülür.
Paraorbital nahiyəyə ev şəraitində qulluq kosmetoloji prosedurlar: xüsusi proqramlar, üzün masajı, kimyəvi pilinq, aparat kosmetologiyası (mikrocərəyanlı terapiya, ionoforez) ilə tamamlanmalıdır. Gözaltı kölgələr problemində mezoterapiya, inyeksion biorevitalizasiya, lazer hialuronoplastika, karboksiterapiya, göz yaşı çuxurunun kontur plastikası aktualdır. Lazer çavanlaşdırma və termoliftinq yaşla bağlı müxtəlif qüsurları: hiperpiqmentasiya, gözaltı torbacıqlar və qırışları kompleks şəkildə aradan qaldırmağa imkan verir. Plastik cərrahiyyə gözaltı kölgələrə qarşı radikal üsul – lipofilinq təklif edir. Bu üsulun mahiyyəti dərialtı piyin donor zonadan periorbital nahiyəyə köçürülməsidir. Göz ətrafı dərinin ifadəli dəyişikliklərində blefaroplastikaya üstünlük verilir.
Peşəkarlar tərəfindən aparılan prosedurlarla ev şəraitində göz ətrafı nahiyəyə qulluğun müştərəkliyi estetik nəticənin uzunmüddətli olmasına, dərinin elastikliyinin yüksəlməsinə və cavanlaşmasına səbəb olur.