Gözün hemangioması

Gözün hemangioması – goz qapağının dərisində və ya konyunktivada yerləşən xoşxassəli damar şişidir. Hemangioma patoloji damar kələflərindən ibarətdir. Xəstəliyin yaranma səbəbləri dəqiq məlum deyil. Onun kapilyar, kavernoz və qarışıq variantları ayırd edilir. Klinik təzahürlər hemangiomanın formasından asılıdır. Diaqnoz vizual baxış və biomikroskopiyanın köməyilə qoyulur. Əlavə üsullar qismində gözün USM, göz yuvasının MRT və ya KT, angioqrafiyadan istifadə olunur. Hemangiomanın ölçüsü və lokalizasiyasından asılı olaraq, müalicə konservativ və ya cərrahi yolla aparılır. Patologiya erkən mərhələdə aşkarlandıqda və düzgün müalicə edildikdə proqnoz qənaətbəxş olur.

Gözün hemangioması barədə ümumi məlumat

Gözün hemangioması – qan damarlarının hiperplaziyaya uğrayan endotel qatından inkişaf edən xoşxassəli damar törəməsidir. Xəstəlik əsasən uşaqlıq dövründə aşkarlanılır. Neoplaziya sürətli böyümə və ətraf toxumalara yayılma ilə xarakterizə olunur. Gözün hemangioması uşaq oftalmologiyasında ən çox rast gəlinən xoşxassəli şişlərdən sayılır. Patologiyaya neonatal dövrdə, xüsusən vaxtından əvvəl doğulan körpələrdə rast gəlinir. Damar törəməsi uşaq doğulduqdan sonra ilk günlərdə və ya aylarda təzahür edir. Oglanlarla müqayisədə qızlarda gözün hemangiomasına daha çox təsadüf olunur. Uşağın gözündə hemangioma yarandıqda həyatın ilk 6 ayında bədənin digər nahiyələrində bu damar şişinin formalaşması mümkündür. Hemangioma xoşxassəli törəmə olsa da, qeyri-qənaətbəxş gediş və aqressiv infiltrativ böyümə ilə səciyyələnir. Patologiya doğuşdan sonra ilk həftə və ya aylarda maksimal ölçüyə çatır.

Gözün hemangiomasının yaranma səbəbləri

Gözün hemangiomasının yaranma səbəbləri barədə yekdil fikir yoxdur. Patalogiyanın inkişafına cavabdehlik daşıyan spesifik gen mutasiyaları hələlik aşkarlanmamışdır. İrsiyyət risk amili sayılmır. Angiogenezin (yeni damarların inkişafı) pozulmasının dəqiq mexanizmi məlum deyil. Yenidoğulmuşlarda gözün hemangiomasının angioblastların (damar divarının hüceyrələri) zədələnməsi nəticəsində formalaşmasına dair təsdiq olunmuş məlumatlar mövcuddur. Bu proseslər hamiləliyin I trimestrində 7-10-cu həftələrdə baş verir. Damarların bəntdaxili inkişaf prosesi çox mürəkəb olduğundan sona qədər öyrənilməmişdir. Angiogenezin pozulması damarların spontan böyüməsinə gətirib çıxara bilir.

Gözün hemangiomasının əlamətləri

Gözün hemangioması 3 formaya bölünür: kapilyar, kavernoz və qarışıq. Kapilyar hemangioma və ya çiyələyəbənzər nevus yenidoğulmuşlarda al-qırmızı rəngli məhdud törəmə şəklində özünü büruzə verir. Damar şişi dəri səthindən qabarır, üzərindən basdıqda avazıyır, uşaq ağladıqda ölçüləri böyüyür. Əsasən yuxarı göz qapağında lokalizasiya olunur. Xoşxassəli törəmə göz yuvasına yayıla bilər. Hemangiomanın bu forması həyatın ilk ilində aktiv şəkildə böyüyür. Bu proses uşağın 2 yaşı tamam olana qədər davam edir. Sonra isə şiş geriyə inkişaf edərək, 5-6 yaşlarda tamamən itir. Nadir hallarda gözün hemangiomasına Kazabax-Merrit (trombositopeniya, anemiya və qanın laxtalanmasının pozulması ilə xarakterizə olunur) və Maffuççi (əl və ayaqların xondromatozu, borulu sümüklərin əyilməsi ilə müşayiət edilir) sindromları şəklində digər orqan və sistemlərin zədələnmələri ilə birgə rast gəlinir.

Kavernoz hemangioma və ya «alovlanan» nevus aydın sərhədlərə malik, yumşaq konsistensiyalı, çəhrayı ləkə ilə səciyyələnir. Şişin üzərinə təzyiq etdikdə solğunlaşmır. Törəmə yenidoğulmuşlarda yaranır. Uşaq böyüdükcə hemangioma ölçüləri artmır və ləkə öz-özünə aradan qalxmır. Onun rəngi tünd-qırmızı və ya bənövşəyiyə qədər dəyişir. Neoplaziyanın altındakı dəri kobudlaşa, hipertrofiyaya uğraya, qanaya və ya iltihablaşa bilər. Zədələnmə seqmentar xarakter daşıyır, lakin bir sıra hallarda ikitərəfli nevuslara da rast gəlinir.

Qarışıq forma üçlü sinirin şaxələrini əhatə edən geniş sahəli hemangiomalar zamanı müşahidə edilir. Patologiya Şturge-Veber sindromunun (torlu qişanın damarlarının və baş beyin qişalarının inkişafının pozulması) strukturunda  təzahür edir.

Gözün hemangioması mexaniki ptozla (iri ölçülü şişlər göz əzələlərinin normal fəaliyyətinə mane olur)  ağırlaşa bilir. Ptoz nəticəsində obskurasion ambliopiya, çəpgözlük (törəmə göz almasının hər hansı bir tərəfə tam şəkildə hərəkət etməsini çətinləşdirir) inkişaf edir. Geriyə inkişaf edən şişin yerində çapıq və ya hipopiqmentasiya yarana bilər. İri hemangiomalar çox vaxt qanaxma, infeksiyalaşma və ya irinləmə ilə fəsadlaşır.

Gözün hemangiomasının diaqnostikası

Damar şişinin diaqnostikası heç bir çətinlik törətmir. Müayinəyə vizual baxışla başlanılır. Yarıqlı lampanın köməyilə gözün biomikroskopiyası aparılır. Diaqnozu dəqiqləşdirmək və patologiyanı digər damar şişlərindən fərqləndirmək üçün əlavə müayinələrə ehtiyac yaranır. Göz almasının USM vasitəsilə hemangiomanın quruluşu və yayılma dərəcəsi müəyyən edilir. Ultrasəs müayinə ilə tam məlumat əldə edilmədikdə göz yuvasının KT və ya MRT icra olunur. Bu üsullarla törəmənin ölçüləri və qonşu orqanların zədələnmələri aydınlaşdırılır.

Cərrahi müalicədən əvvəl şişin sərhədlərini və patoloji damarların yayılmasını dəqiq təyin etmək üçün angioqrafiya aparılır. Hemangiomanın səthi, rəngi və konsistensiyası dəyişdikdə şişin bədxassələşməsini inkar etmək məqsədilə bioptat götürülür. Bununla yanaşı onkoloq, dermatoloq, hematoloq və ya infeksionistin konsultasiyası tələb oluna bilər.

Gözün hemangiomasının müalicəsi

Hemangiomanın müalicəsində konservativ və ya cərrahi üsullar tətbiq edilir. Konservativ terapiya qlükokortikosteroidlər (xəstəliyin ilkin təzahürlərində preparat peroral qəbul edilir) və interferonların (geniş sahəli hemangiomalarda dəri altına yeridilir) təyininə əsaslanır. Kiçik ölçülü hemangiomaları aradan qaldırmaq üçün kriodestruksiya və ya diatermokoaqulyasiyadan istifadə olunur. Şişə aşağı və ya yuxarı temperaturla təsir göstərilir, nəticədə hemangioma dağılır və qopur. Lazer üsulu yalnız kiçik hemangiomalarda effektiv hesab edilir.

Anatomik nöqteyi-nəzərdən mürəkkəb nahiyələrdə yerləşən iri hemangiomalar cərrahi müalicəyə göstəriş sayılır. Cərrahi metod həmçinin hemangiomaların yerində yaranan kosmetik qüsurları  korreksiya etmək məqsədilə tətbiq olunur.

Hemangiomanın ilkin mərhələsində oftalmoloqa müraciət etdikdə və müalicə düzgün aparıldıqda proqnoz qənaətbəxş olur, törəmə heç bir iz buraxmadan tamamən itir.

Gözün hemangiomasının profilaktikası

Gözün hemangiomasının əsası embrional dövrdə qoyulduğundan xəstəliyin profilaktikası hamiləliyin planlaşdırılması və hestasiya dövründə qadınların ətraflı müayinə olunmasına yönəldilir. Mayalanmadan bir neçə ay əvvəl bütün xroniki infeksiya ocaqları (LOR-orqanları, göz və dişlər) müalicə olunmalıdır.

Yaşı 35-40-dan yuxarı olan qadınlarda eklampsiyanın qarşısını almaq üçün arterial təzyiqə nəzarət edilməlidir. Yenidoğulmuşun gözündə hemangioma aşkarlandıqda vaxt itirmədən oftalmoloqa müraciət olunmalı, həkimin məsləhətlərinə ciddi riayət edilməlidir.

error: Content is protected !!