Günvurma

Günvurma – günəş şüalarının təsirindən baş verən istilik zərbəsinin bir növüdür. Belə hallar qızmar günəş altında uzunmüddət qaldıqda baş verir. Günvurma halsızlıq, yuxululuq, baş ağrıları, başgicəllənmə, göz önündə qara nöqtələrin uçması, ürəkbulanma, AT-nin dəyişməsi, bədən temperaturunun yüksəlməsi, ürək fəaliyyətinin pozulması ilə müşayiət olunur. Diaqnoz anamnez və klinik əlamətlər əsasında qoyulur. Müalicə konservativ yolla (bədənin soyudulması, su itkisinin bərpası) aparılır.  Ağır vəziyyətlərdə təcili medikamentoz terapiya tələb olunur.  

Günvurma haqqında ümumi məlumat

Günvurma – birbaşa günəş şüalarının təsirindən baş verən patoloji haldır. Ona adətən istənilən yaş dövründə rast gəlinir. Lakin günvurma uşaqlar, yaşlılar və bəzi xroniki somatik xəstəlikləri olan insanlar üçün daha təhlükəlidir.

Günəş zərbəsinin təsirindən qan dövranı və tər ifrazı pozulur, eləcə də toxumalarda oksigen çatışmazlığı yaranır. İlk növbədə mərkəzi sinir sistemi əziyyət çəkir, ağır hallarda isə bütün orqan və sistemlərin fəaliyyəti ciddi formada pozulur. Günəş şüalarının neqativ təsiri koma və ölümlə nəticələnə bilər.   

Günvurmanın səbəbləri

Günvurma – zenitdə olan günəşin təsirindən baş verir. Günəş zenitdə olarkən onun şüaları minimal bucaq altında maksimum sahəni qızdırır. Günvurmanın birbaşa səbəbləri günün 11.00-16.00 saatlarında işdə, təbiət qoynunda və yaxud çimərlikdə vaxt keçirməkdir. Provokasiyaedici amillərə küləksiz, boğanaq hava, baş örtüyünün geyinilməməsi, izafi qidalanma, qeyri-düzgün su rejimi, spirtli içkilərin və orqanizmin termorequlyasiya qabiliyyətini aşağı salan dərman preparatlarının (məsələn, antidepressantlar) qəbulu aiddir. Hipertoniya xəstəliyi, vegetativ damar distoniyası, ürək xəstəlikləri və piylənmə bu patologiyanın yaranma ehtimalını artırır.  

Günvurmanın patogenezi

Birbaşa günəş şüaları başı qızdırır. Nəticədə baş beynin bütün şöbələrinin hipertermiyası inkişaf edir. Beyin qişaları ödemləşir, mədəciklər likvorla dolur. Arterial təzyiq yüksəlir. Baş beyindəki arteriyalar genişlənir. Xırda damarların partlaması da mümkündür. Həyati vacib funksiyalara cavabdehlik daşıyan sinir mərkəzlərinin (damar, tənəffüs və s.) fəaliyyəti pozulur.  

Ağır hallarda asfiksiya, beyinə qansızma, kəskin ürək-damar çatışmazlığı və ürəyin dayanması baş verir. Gecikmiş fəsadlara baş beynin reflektor, sensor və ötürücü funksiyalarının pozulmasını misal göstərmək olar. Uzaq dövrlərdə baş ağrıları, nevroloji simptomatika, hərəkətlərinin koordinasiyasının çətinləşməsi, görmənin pozulması və ürək-damar sisteminin xəstəlikləri yarana bilər.  

Günvurmanın əlamətləri

Əlamətlərin ifadəliliyi günəş altında qalma müddətindən, şüalanmanın intensivliyindən, zərərçəkənin yaşından və sağlamlıq vəziyyətindən asılıdır. Belə vəziyyətlərdə əzginlik, yorğunluq, susuzluq, ağızda quruluq, tənəffüsün tezləşməsi, başgicəllənmə və artan baş ağrıları meydana çıxır. Həmçinin oftalmoloji pozğunluqlar (göz önündə qaraltı, əşyaların ikiləşməsi) formalaşır. Bədən temperaturu qalxır, üz dərisi qızarır. Arterial təzyiq artır və yaxud əksinə azalır. AT yüksəldikdə ürəkbulanma və qusma olur. Yardım göstərilmədikdə vəziyyət daha da pisləşir, ürək fəaliyyəti pozulur, bəzən bayılma baş verir.   

Günvurmanın 3 dərəcəsi ayırd edilir: Yüngül formada ümimi halsızlıq, ürəkbulanma, baş ağrısı, bəbəklərin genişlənməsi, ürək döyüntülərinin artması (taxikardiya) və tənəffüsün tezləşməsi müşahidə edilir. Orta dərəcəli günvurma üçün karlıq vəziyyəti, kəskin adinamiya, yerişin səndəlləməsi, nəbz və tənəffüsün tezləşməsi, güclü baş ağrısı, ürəkbulanma, qusma xarakterikdir. Bayılma və burun qanaxması mümkündür. Bədən temperaturu 38-40 dərəcəyə qədər yüksəlir. Ağır dərəcəli günəş zərbəsi üçün huşun qəfil pozulması (bəzən koma halı), hallüsinasiya, sayıqlama, klonik və tonik qıcolmalar, qeyri-iradi sidik, eləcə də nəcis ifrazı, bədən hərarətinin 41-42 dərəcəyə qalxması səciyyəvidir.

Az yaşlı uşaqlarda günvurmanın özünəməxsus xüsusiyyətləri olur. Bu, uşaq orqanizmində termorequlyasiyanın tam formalaşmaması, həmçinin dərinin istiyə qarşı yüksək həssaslığı, müdafiə qabiliyyətinin yetərsizliyi ilə izah olunur. Günvurma əlamətləri uşaqlarda böyüklərə nisbətən daha tez təzahür edir. Uşaq tez-tez əsnəyir, üzünü tər basır, yuxulu və ya əksinə oyanıq olur. Bədən temperaturu yüksəlir, ürəkbulanma və qusma baş verir. Ağır hallarda huş itir, tənəffüs dayanır, ürək fəaliyyəti pozulur.  

Günvurmanın diaqnostikası

Diaqnoz pasiyentin şikayətləri, anamnez (günəş altında çox qalma) və xarici baxışın nəticələrinə əsasən qoyulur. Ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün zərərçəkənin nəbzi yoxlanılır, arterial təzyiqi və bədən hərarəti ölçülür. 

Günvurma zamanı müalicə

İlkin yardım mərhələsində zərərçəkən kölgə və sərin yerə çəkilir, bədənə hava axını təmin edilir. Qusuntu kütlələrinin tənəffüs yoluna düşməməsi üçün baş yana fırladılır. Ənsə, alın və boyun nahiyəsinə sərin, yaş kompress qoyulur. Buz və soyuq su istifadəsi qadağandır. Belə ki, temperatur kontrastı orqanizm üçün əlavə stress olub, damarların reflektor spazmı ilə nəticələnə bilər. Bu isə vəziyyəti daha da ağırlaşdırır.  

Xəstənin huşu itməyibsə, su-duz balansını bərpa etmək məqsədilə ona duzlu su (qazsız mineral su da olar) verilir. Bayılma halında naşatır spirti köməyə gəlir. Zərərçəkənin vəziyyəti normaya düşmədikdə təcili ixtisaslaşdırılmış yardım tələb olunur. Əgər zərərçəkən uşaq, yaşlı şəxs və yaxud ağır somatik xəstəliyi olan insandırsa, bütün hallarda, hətta ümumi vəziyyət yaxşılaşsa belə, təcili yardım çağırılmalıdır. 

Peşəkar tibbi yardım orqanizmin həyati vacib funksiyalarının bərpasından ibarətdir. Ehtiyac yarandıqda süni tənəffüs verilir. Su-duz balansını normallaşdırmaq üçün vena daxilinə natrium xlorid məhlulu yeridilir. Ürək çatışmazlığı və asfiksiya zamanı kofein və yaxud niketamid dərialtı vurulur. Arterial təzyiq diuretik və hipotenziv vasitələrlə bərpa edilir. Ağır dərəcəli günvurma stasionara hospitalizasiya və kompleks şəkilli reanimasiya tədbirləri, o cümlədən venadaxili infuziya, intubasiya, kardiostimulyasiya, diurezin stimulyasiyası, oksigenoterapiya üşün göstərişdir.   

Günvurmanın proqnoz və profilaktikası

Proqnoz adətən qənaətbəxş olur. Profilaktik tədbirlər konkret şərait, insanın yaşı və sağlamlıq vəziyyətinə görə təyin edilir. Ümumi tövsiyələrə başın günəş şüalarından qorunması aiddir. Bunun üçün işığı əks etdirən rəngdə yaylıq və panamalar məsləhət görülür. Eləcə də təbii materialdan hazırlanmış, açıq rəngli paltar geyinilməlidir. Günün 11.00-16.00 radələrində birbaşa günəş şüalarının altında istirahət etmək və yaxud işləmək icazəli deyil.  

Peşə vəzifəsini yerinə yetirərkən arabir fasilə edib, kölgədə dincəlmək lazımdır. Su rejiminə diqqət yetirilməli, hər bir saatda ən azı 100 ml maye qəbul etmək gərəkdir. Şirin, qazlı içkiləri adi və yaxud mineral su ilə əvəzləmək məqsədəuyğundur. tünd çay, kofe və spirtli içkilər qadağandır. Küçəyə çıxmazdan əvvəl çox yemək məsləhət deyil, çünki bu, orqanizmi əlavə yükləyir. İmkan daxilində gün ərzində sərin duş qəbul edilməli, əl, ayaq və üz su ilə yuyulmalıdır.  

İstənilən dərəcəli günvurmadan sonra neqativ təsirləri vaxtında aşkara çıxarmaq məqsədilə həkimə müraciət edilməlidir. Bir neçə gün fiziki gərginlik məhdudlaşdırılmalı, günəş şüalarından uzaq durulmalıdır. Əks təqdirdə təkrar gunvurma riski artır. Mütəxəssislər yataq rejiminə riayət etməyi tövsiyə edirlər. Bu, sinir sisteminin fəaliyyətini, qanın biokimyəvi göstəricilərini və metabolik prosesləri bərpa edir.  

error: Content is protected !!