Həssas dəri
Həssas dəri – adi endogen və ekzogen amillərə (fiziki, kimyəvi, hormonal və s.) həddindən artıq reaksiya verən dəri tipidir. Həssas dəri üçün qıcıqlanma əlamətləri, qızartı, qabıqlanma, səpkilər xarakterikdir. Subyektiv əlamətlərə göynəmə, iynəbatırma hissi, ağrı aiddir. Həssas dərinin səbəbini müəyyən etmək üçün dermatokosmetoloqa müraciət etmək lazımdır. Yalnız təcrübəli mütəxəssis həssas dəriyə düzgün qulluq qaydalarını başa sala və lazımi salon prosedurları, kosmetik vasitələri təyin edə bilər.
Həssas dəri barədə ümumi məlumat
Kosmetologiyada «həssas dəri» dedikdə adi daxili və xarici agentlərə qarşı yüksək həssaslıq və gözlənilməz reaksiya ilə səciyyələnən dəri tipi nəzərdə tutulur. Həssas dəri yorğunluq, stress, yuxu azlığı, soyuq külək, su və dekorativ kosmetikaya qızartı, qabıqlanma, dartılma, kiçik ölçülü qaşınan səpkilərlə reaksiya verir.
Dərinin yüksək həssaslığından əsasən sarı və ya kürən saçlı, mavi, boz və ya yaşıl gözlü qadınlar əziyyət çəkir. Bu tip dəri buynuz qatın nazikliyi, piqment azlığı, piy ifrazının kifayət qədər olmaması ilə xaraketrizə olunur. Bu xüsusiyyətlər dərini daxili stresslər və xarici qıcıqlandırıcılara qarşı həssas edir. Statistik məlumatlara əsasən Mərkəzi Avropa əhalisinin 2/3 hissəsi həssas dəri problemi ilə üzləşir.
Dərinin müxtəlif qıcıqlandırıcılara (kosmetik vasitə, iqlim şəraiti, neyro-psixi yüklənmələr) qarşı həssaslığını çox zaman allergik mənşəli və ya dəri xəstəlikləri, məsələn, rozasea və ya seboreyalı dermatitlə səhv salırlar. Lakin, əgər dərinin reaktivliyi əsaslı səbəb olmadan qəfil baş verirsə bu, dərinin həssaslığından xəbər verir.
Həssas dərinin tipləri
Dərinin yüksək həssaslığına səbəb olan amillər onun tiplərinin sistemləşdirilməsinin əsasını təşkil edir.
- Qəfil yaranan, bir müddət davam etdikdən sonra ani şəkildə keçib gedən hiperhəssaslıq. Neyro-psixi travmalar, ağır xəstəliklər, dərman vasitələrinin qəbulundan sonra yaranan reaktiv vəziyyətlə bağlı olur.
- Dərinin həssaslığı daxili orqanların (əsasən mədə-bağırsaq traktı) xəstəlikləri, infeksion, allergik, dəri və ya endokrin xəstəliklər, immun pozğunluqlar fonunda baş verir. Dərinin reaktivliyi əsas xəstəliyin aradan qaldırılmasından sonra azalır.
- Dərinin yüksək həssaslığına qeyri-düzgün qulluq, keyfiyyətsız kosmetik vasitələrin istifadəsi səbəb olur.
- Dərinin həssaslığı onun anadangəlmə xüsusiyyətləri – quruluq, naziklik, zəiflik, qoruyucu piqmentasiyanın çatışmazlığı ilə bağlı olur. Belə dəri demək olar ki, bütün xarici qıcıqlandırıcılara (isti və soyuq, su və ya günəş, külək və ya toz və s.) reaksiya verir. Bu tip həssas dərinin qidalandırıcı və qoruyucu kremlərdən istifadə edilməklə xüsusi qulluğa ehtiyacı olur.
III və IV tiplərdə sadəcə adekvat qulluq, I və II variantlarda isə həm də dərinin həssaslığını artıran amilin aradan qaldırılması tələb olunur.
Həssas dərinin xüsusiyyətləri
Epidermisin üst qatı dərini zərərli agentlərdən qoruyan baryer sayılır. Dərinin yüksək həssaslığı epidermisin buynuz qatının nazilməsi və onun baryer funksiyasının azalması ilə əlaqədardır. Əlverişsiz ekzogen təsirlərdən zəif müdafiə müxtəlif xarici qıcıqlandırıcıların heç bir maneəyə rast gəlmədən dəriyə daxil olması ilə nəticələnir. Dərinin müdafiə funksiyası həm də immun hüceyrələr, piy və tər vəzilərinin normal fəaliyyəti hesabına təmin olunur.
Dərinin həssaslığı hər zaman onun anadangəlmə quruluş xüsusiyyətləri ilə bağlı olmur. Gözəllik naminə aparılan bəzi prosedurlar dərinin hiperhəssaslığına səbəb olur. Məsələn, qabıqlandırırcı skrablar, kimyəvi pilinq, turşu və retinoidlərlə krem və maskalar buynuz qatın vəziyyətinə mənfi təsir göstərir, dərini daha da nazildir. Beləliklə, gözlənilən nəticənin əvəzində dəridə qızartı və qıcıqlanma müşahidə edilir.
Üzün ən həssas nahiyələri göz ətrafı zona və burun-dodaq üçbucağıdır. Bu sahələrdə dəri daha nazik, lipid baryeri isə aşağı olur.
Dərinin daxili müdafiə mexanizmləri
Dəri baryeri
Epidermisin buynuz qatı suyun dəri səthindən buxarlanmasının tənzimlənməsində iştirak edir. Məhz bu qat dərinin həddindən artıq qurumasının qarşısını alır. Quru dəri baryer funksiyanın azalmasına və dərinin həssaslığının artmasına səbəb olur. Bu dəri tipi əlverişsiz xarici qıcıqlandırıcıların (travma, kimyəvi maddələr, infeksion agentlər) təsirinə daha çox məruz qalır və onlara qarşı yüksək həssaslıq göstərir.
Dəri piyi
Digər mühum müdafiə amili piy vəzilərinin ifraz etdiyi sebumdur (dəri piyi). Dəri səthində formalaşan lipid qat dərini yumşaldır, zədələnmə və infeksiyalardan müdafiə edir. Dəri piyinin az miqdarda ifraz olunması dərinin quruluğuna və müdafiə funksiyasının zəifləməsinə gətirib çıxarır. Həmçinin sebumun izafi sintezi də həssaslığın artması ilə nəticələnir, bu da dəri piyinin tərkib hissələrinin (yağ turşuları, skvalen) qıcıqlanmaya səbəb olması ilə bağlıdır.
Dərinin turşuluq səviyyəsi
Dərinin optimal turşu-qələvi balansı pH = 5,5. Turşuluğun bu səviyyəsi tər vəzilərinin normal fəaliyyəti hesabına tənzimlənir. Bundan əlavə tər müdafiə rolunu oynayır – dərinin mexaniki, kimyəvi və mikroblarla çirklənməsini neytrallaşdırır. pH indeksinin turşuluğa doğru dəyişməsi epidermisin kövşəkləşməsinə və dərinin hiperhəssaslığına səbəb olur.
Dərinin hiperhəssaslığının xarici amilləri
Kosmetik prosedurlarda tez-tez tətbiq olunan və ya kosmetik vasitələrin tərkibinə daxil olan bəzi maddələr dərinin həssaslığını artıra bilər. Onlara retinoidlər – A vitamininin törəmələri aiddir. Retinoidlərdən dermatokosmetologiyada dərinin vəziyyətini yaxşılaşdırmaq və bəzi dermatozları müalicə etmək məqsədilə istifadə olunur. Retionoidlər ən çox rast gəlinən yan təsirlərinə dərinin quruluğu, qabıqlanması və qızarmasını misal göstərmək olar. Dərinin hiperhəssaslığına səbəb olan maddələr sırasına həm də salisil turşusu və alfa-hidroksi turşular (AHA) daxildir.
Kosmetik vasitələrin bioloji və sintetik mənşəli bəzi inqrediyentləri dəri örtüklərinin allergizasiyasına və kontakt dermatitin inkişafına gətirib çıxarır. Bu da öz növbəsində dərinin həssaslığının artması ilə müşayiət olunur. Bitki tərkibli komponentlər arasında allergik kontakt dermatitə daha çox öküzotu, rozmarin, gülümbahar çiçəyinin ekstraktı səbəb olur. Dərinin allergik reaksiyalarının yaranmasında iştirak edən sintetik vasitələrə konservantlar, aromatizatorlar, lanolin, E vitamini, propilenqlikol və s. aiddir.
Həssas dəriyə sahib olan insanlara tövsiyyələr
Həssas dəri xüsusi qulluq tələb edir. Həssas dəriyə sahib olan insanlarda kosmetik problem müxtəlif dermatozların inkişaf təhlükəsi ilə müşayiət edilir.
Həssas dərinin daimi müdafiə və nəmlənməyə ehtiyacı var, bu da xüsusi kosmetik vasitələrlə həyata keçirilir. Qulluq vasitələrini seçərkən keyfiyyəti bəlli olan ticarət markalarına üstünlük verilməlidir. Pilinq, mezoterapiya, maskalar və dərini qıcıqlandıran digər prosedurların tətbiqi qəti qadağandır.