Haçalanan saçlar
Haçalanan saçlar – saçların uclarının və ya spiralının laylanması ilə təzahür edən vəziyyətdir. Quru saçlar fonunda meydana çıxır; onların laylanması, cansız görünüşü, dolaşıqlığı və zəifliyi ilə müşayiət olunur. Saçların laylanması onların tez qırılmasına, daha sonra tökülməsinə gətirib çıxarır. Saçlara düzgün qulluq və onların tez qırılmasına səbəb olan faktorların (stress, balanslaşdırılmamaış qidalanma, bəzi dərmanların qəbulu, qeyri-düzgün boyama, kimyəvi maddələr vasitəsilə burulma, xlorlaşdırılmış su) aradan qaldırılması problemdən qaçmağa imkan verir.
Haçalanan saçlar (saçqıran) barədə ümumi məlumat
Haçalanan saçlar patologiya deyil, lakin çox vaxt haçalanan saçlar daxili orqanların xəstəliyindən xəbər verir. Daxildən aqressiv təsir saçların uclarının haçalanmasına gətirib çıxarır; follikulun anadangəlmə patologiyalarının payına 3-4% düşür.
Haçalanan saçların əsas səbəbləri
Nazik və quru saçların ucları laylanmağa daha meyillidir. 20-30 sm-dən uzun olan saçlar ilk növbədə həyat tsiklinin xüsusiyyətlərinə görə haçalanmağa meyillidirlər. Öz çəkisinin ağırlığı, follikullara uzunmüddətli zərərli təsir nəticəsində saçlar öz əsasında laylanır və keratin pulcuqların strukturu pozulur. Belə ki, saçların yaşam müddəti orta hesabla 7 ildir; stresslə bir dəfəlik yüklənmə, məsələn, aqressiv rəngləmə nəticəsində haçalanan saçlar uzun müddət narahatlıq verə bilər.
Trixologiya sahəsində aparılan araşdırmaların nəticələrinə əsasən, saçların tez-tez haçalanması, kimyəvi maddələr vasitəsilə burulması, temperatur fərqi, əlverişsiz ekoloji şərait onların haçalanmasına gətirib çıxarır. Xlorlaşdırılmış və ya kobud su, ultrabənövşəyi şüaların təsiri, bəzi dərman maddələrinin qəbulu, balanslaşdırılmamış qidalanma saçların vəziyyətinə mənfi təsir göstərir. Bir neçə səbəbin kombinasiyası saç uclarının haçalanma ehtimalını artırır. Fenlə qurutma zamanı saç təkcə isti havanın təsirinə deyil, həm də darağın isti dişləri ilə travmaya məruz qalır. Buna görə də saçların qeyri-düzgün qurudulması saç spiralının zədələnməsinə gətirib çıxarır və saçlar haçalanmağa başlayır.
Anemiya, parazitar xəstəliklər, xroniki infeksiyalar ilk növbədə saçların haçalanması ilə təzahür edir. A, C, E və B vitaminlərinin çatışmazlığı dəri, dırnaq və saçların vəziyyətinin pisləşməsinə səbəb olur. Buna görə də haçalanan saçlar təkcə estetik qüsur deyil, həm də müxtəlif xəstəliklərin əlamətidir.
Haçalanan saçların təzahürləri və diaqnostikası
Haçalanmış saçın ucları fırça kimi laylanmış görünür. Saçların uzunluğu eyni olmadığından haçalanmış saçlar ümumi saç örtüyü fonunda nəzərə çarpır. Saç kəsimi natəmiz görünür, ucları laylanmış saçlar ümumi kütlədən fərqlənir. Darama zamanı saçlar dolaşır və asanlıqla qırılır. Saçlar haçalandıqda onların daranması ağrılı olur; bu isə mexaniki zədələnməyə və saçların bir qisminin dartılmasına gətirib çıxarır. Saçların bir qismi bir dəstə şəklində toplandıqda haçalanmış saçlar daha çox nəzərə çarpır; bu zaman sağlam saçların ucları haçalanmamış olur.
Haçalanan saçlı bütün pasiyentlərə əlavə müayinələrdən keçmək tövsiyə olunur; belə ki, saç kəsimi və saçların müalicəsi prosedurları əsas xəstəlik korreksiya olunmadıqda yalnız müvəqqəti effekt verir. Əksər hallarda müayinə keçirildikdən sonra süst gedişli xroniki xəstəlik aşkarlanır.
Saç və follikulların mikroskopiyası onların vəziyyətini qiymətləndirməyə və anadangəlmə patologiyanı (əsasında follikulların və piy vəzilərinin irsi hipofunksiyası duran trixoptiloz) istisna etməyə imkan verir. Saçların spektral analizinin aparılması mineral mübadiləsinin pozulması haqda fikir irəli sürməyə imkan verir.
Haçalanan saçların müalicəsi
Saçların haçalanması səbəbinin korreksiyası və xarici defektlərin dəf edilməsinə yönəlmiş kompleks terapiya mütləqdir. Buna görə də haçalanan saçlar probleminin həlli üçün trixoloq konsultasiyasından keçmək vacibdir. Haçalanan saçların müxtəlif müalicəvi saç kəsimi metodlarından istifadə etməklə kəsilməsi onların uclarının lehimlənməyə, laylanmasının qarşısının alınmasına imkan verir. Lakin bu problemi həll etmir; belə ki, qalan saçlar laylanmış qalır. Qida rejimini normallaşdırmağa, saç strukturunun yaxşılaşdırılmasına yönəlmiş kompleks vitaminlər qəbul etmək mühümdür.
Haçalanan saçların laminasiyası onların strukturunu yaxşılaşdırmağa imkan verir. Biolaminasiya effekti 8 həftə ərzində saxlanır. Lakin örtük yuyulduqdan sonra aktiv maddə təsir göstərməyə davam edir. Həm də haçalanan saçların rəngli laminasiya imkanları amonyak tərkibli aqressiv saç boyalarından imtinaya imkan verir.
Saçların uclarına qoruyucu vasitələr sürtməklə onların strukturunun yaxşılaşdırılmasına yönəlmiş müalicə proqramları saçların haçalanmasını azaldır. Follikul zədələndiyindən saçlar laylanırsa, follikulun sağlamlaşdırılması və yenilərinin böyüməsinin stimulyasiyası saçların ümumi miqdarının artmasına imkan verir. Davamlı nəticə almaq və residivlərin istisnası üçün bir neçə il ərzində müntəzəm müalicə keçmək və zədələyici faktorlardan tamamilə imtina etmək lazımdır. Yalnız bu halda yenidən inkişaf etmiş saçlar laylanmaya meyilli olmur.
Kriomassaj, Darsonval üsulu ilə yüksək tezlikli impuls cərəyanı və baş dərisinin mezoterapiyası saçların strukturunu yaxşılaşdırır; onlar daha az elektriklənir, daha az dolaşır və zədələnir. Haçalanan ucların dəf edilməsindən sonra qoruyucu bərbər prosedurları keçmək, UV-filtrlə profilaktik şampunlar istifadə etmək, saçlara və baş dərisinə zərərli təsirlərdən uzaq olmaq vacibdir.