Hamilələrdə babasil xəstəliyi

Hamilələrdə babasil xəstəliyi — hemorroidal kələfin damarlarının hamiləlik zamanı yaranan və ya kəskinləşən varikoz genişlənməsidir. Xəstəlik anus nahiyəsində qaşınma, göynəmə, diskomfort, ağrı, anusdan axan qanlı və selikli ifrazat, düyünlərin sallanması ilə təzahür edir. Diaqnoz barmaqla rektal müayinə, anoskopiya, rektoromanoskopiyanın nəticələrinə əsasən qoyulur. Müalicə məqsədilə dietoterapiya, bitki tərkibli işlədici, flebotoniklər, iltihabəleyhinə, analgetik, qandayandırıcı təsirli şam və məlhəmlər, az invaziv müdaxilələr, radikal hemorroidektomiyadan istifadə olunur.

Hamilələrdə babasil xəstəliyi barədə ümumi məlumat

Babasil – hamiləlik zamanı aşkarlanan ekstragenital xəstəliklərin ən çox rast gəlinən formalarından biridir.  I trimestrdə 33%, II trimestrdə —35%, III trimestrdə isə —42% xəstələrdə aşkarlanır. Xəstəlik zahıların 41%-də qeyd olunur. Patologiyanın yayılması ümumilikdə cinsdən asılı olmasa da, əksər hallarda onun yaranması məhz hestasiya ilə bağlıdır. Proktologiya sahəsində aparılan tədqiqatların nəticələrinə görə ən azı 1 dəfə doğan qadınlarda babasilin yayılma tezliyi doğmayan xəstələrə nisbətən 5 dəfə çox olur, bununla yanaşı pozğunluq adətən hamiləliyin II yarısında və ya doğuş zamanı inkişaf edir. Hestasiya dövründə hemorroidal damarların zədələnmə ehtimalı qadının yaşına mütənasib olaraq artır.

Hamilələrdə babasilin yaranma səbəbləri

Hestasiya hemorroidal venalarda patoloji dəyişikliklər yaradan əsas etioloji amillərdən sayılır. Çox zaman xəstəlik hamiləlik zamanı yaranır, az hallarda isə mövcud patologiya orqanizmdə baş verən fizioloji dəyişikliklər fonunda klinki təzahür edir və ya kəskinləşir. Hamilələrdə babasilin inkişafına səbəb olan  amillər aşağıdakılardır:

  • Progesteronun təsiri. Hormonun təsirindən saya əzələ liflərinin tonusu azalır, birləşdirici toxuma kövşəkləşir. Venoz divarların boşalması və elastik lifli komponentlərin zəifləməsi nəticəsində hemorroidal kələfdə qan depolaşır, tipik kavernoz cisimciklər əmələ gəlir. Peristaltikanın zəifləməsi ilə proses daha da ağırlaşır, qəbizlik yaranır.
  • Durğunluq halları. Hamiləlik inkişaf etdikcə qarındaxili təzyiqin səviyyəsi tədricən artır, bu da həzm sistemi orqanlarının fəaliyyətinin və qanın axımının pozulmasına səbəb olur. Böyüyən uşaqlıq aşağı qapı venasını sıxaraq, aşağı ətraflar, cinsiyyət orqanları, hemorroidal kələfdə qan durğunluğu yaradır. Yüksək təzyiqin təsirindən venozdamarlar genişlənir.
  • Həyat tərzinin dəyişməsi. Qadınların bir qismi hamiləliyi xəstəlik kimi qəbul edərək, fiziki aktivliyi azaldır. Hipodinamiya fonunda ümumi tonus azalır və bağırsağın motorikası zəifləyir, buda progesteronun təsirindən yaranan qəbizlik güclənməsi ilə nəticələnir. Güc vermə zamanı qarındaxili təzyiq daha da artır, düz bağırsağın kavernoz cibləri qanla dolur.
  • Doğuş. Doğuş fəaliyyəti zamanı gücvermələr babasilin təzahürünün təkanverici anı hesab olunur. Gücvermələr zamanı qarındaxili təzyiq artır, dölün başının kiçik çanağa düşməsi düz bağırsaq venalarının sıxılmasına səbəb olur. Damar divarlarının zəifləmiş sahələri qabarır. Bundan əlavə dölün doğulması mövcud hemorroidal düyünlərin xaricə yerdəyişməsi və partlaması ilə nəticələnə bilər.

Digər əlavə amillərə sirkulyasiya edən qanın həcminin artması, qanın laxtalanma və laxtalanma əleyhinə sistemlərində dəyişikliklər, müxtəlif mediatorların sintezinin artması aiddir. Hestasiya dövründə yaranan babasil doğuşdan sonra involyusiyaya uğrayır və ya proqressivləşir. Hamiləlikdən sonra xəstəliyin inkişafında konsitutsional meyllik (kollagenin strukturunun dəyişməsi və venoz damarların orta qişasının çatışmazlığı ilə müşayiət olunan birləşdirici toxumanın innervasiya və subklinik displaziyasının pozğunluqları) böyük rol oynayır.

Hamilələrdə babasil xəstəliyinin patogenezi

Hamiləlik zamanı babasilin birbaşa etioloji amillərdən asılı olmayan, rektal kavernoz cisimlərin anatomik xüsusiyyətlərinə əsaslanan universal inkişaf mexanizmi mövcuddur. Adi düz bağırsaq venalarından fərqli olaraq hemorroidal kələfin damarları qıvrım arteriyaları və kavernoz venaları birləşdirən birbaşa arteriovenoz anastomoza malikdir. Kavernoz cisimlərin hiperplaziyası qarındaxili təzyiqin səviyyəsinin artması və böyümüş uşaqlıq tərəfindən aşağı boş və qapı venasının sıxılması nəticəsində venoz axının pozulması fonunda arterial qan axarının güclənməsi zamanı müşahidə olunur.

Hamiləik zamanı progesteronun təsirindən venoz divarın saya əzələ qatının boşalması və birləşdirici toxuma liflərinin yumşalması tez bir zamanda kisəşəkilli (düyünlü) törəmələrin formalaşmasına səbəb olur. İrsi kollagenopatiyaları olan qadınlarda varikoz daha güclü inkişaf edir. Prosesin daxili hemorroidal kələfi fiksasiya edən Parks bağları və Treyts əzələlərinin cırılması ilə müşayiət olunan proressivləşməsi zamanı yaranan düyünlər şişir, sonra isə iltihablaşır və boğulur. Onların divarının bürüyən selikli qişa zədələnir, xoralaşır və qanayır.

Hamilələrdə babasil xəstəliyinin təsnifatı

Düz bağırsağın dişli xəttinə görə lokalizasiyasından asılı olaraq düyünlər xarici (dərialti), daxili (submikoz) və kombinəolunmuş olur. Adətən hamiləlikdə babasil xroniki gedişə malik olur, az ifadəli ağrı sindromu ilə müşayiət olunur. Nadir hallarda intensiz ağrı hissi, ətraf toxumaların iltihablaşması və tromblaşmış sahələrin nekrozu ilə gedən kəskin prosesə rast gəlinir. Anorektal pozğunluqların inkişafının 4 mərhələsi qeyd olunur (hamilələrdə adətən I və II mərhələ müşahidə olunur):

  • I mərhələ. Hemorroidal düyünlərin anatomik lokalizasiyası pozulmur. Anus nahiyəsində göynəmə, qaşınma, diskomfort hissi yaranır, qarın boşluğunda təzyiqin artması zamanı periodik olaraq az miqdarda al qan aşkarlanır.
  • II mərhələ. Defekasiya aktı, güc vermə, ağır fiziki yüklənmə zamanı şişmiş kavernoz cisimciklər anal dəlikdən xaricə çıxır, sonra isə spontan şəkildə geri qayıdırlar. Qanlı və selikli rektal ifrazat müşahidə olunur.
  • III mərhələ. Böyümüş düyünlər hətta yüngül yüklənmələr zamanı xaricə çıxır. Spontan qayıtma mümkün olmadığından yalnız əl ilə yerinə qaytarılır. Selikli qişa xoralaşa bilər. Defekasiya zamanı və ondan sonra qanaxma müşahidə olunur.
  • IV mərhələ. Düyünlərin qonşu selikli qişalarla birgə sallanması sakitlik halında da qeyd olunur, onların əllə geri qaytarılması mümkün olmur. Sfinkterin boşalmasına rast gəlmək olar. Epitel qatda distrofik və eroziv proseslər baş verir.

Hamilələrdə babasil xəstəliyinin əlamətləri

Xəstəliyin başlanğıc mərhələləri üçün perianal nahiyədə adətən defekasiya aktından sonra yaranan göynəmə, qaşınma, diskomfort hissi xarakterikdir. Anal dəlik nahiyəsində xarici babasili olan qadınlarda geniş əsaslı ziyil tipli yumşaq sərt elastik törəmə aşkar olunur. Daxili düyünlər əvvəlcə müşahidə olunmur. Patoloji proses proqressivləşdikcə anusdan selik ifraz olunur, defekasiya aktından sonra az miqdarda al qana rast gəlinir. Bəzi hamilələrdə güc vermə zamanı qan sürətlə axır. Daimi qıcıqlanmaların təsirindən dəri qızarır, maserasiyaya uğrayır, qaşınır.

Novbəti mərhələdə düz bağırsağın selikli qişasının büküşlərində yerləşən düyünlərin sallanması qeyd olunur. Onların trombozu və ya boğulması hallarında vertikal vəziyyət və yerimə zamanı güclənən kəskin və intensiv ağrı yaranır. Zədələnmiş düyünlər tünd qırmızı-göyərmiş rəng alır, anoderma ödemləşir, bərkiyir. Sonradan düyünlərin tünd qırmızı selikli qişasında az fibrinoz ərp, xoralar, nekrozlaşmış sahələr əmələ gəlir. Bədən hərarəti yüksəlir. Ümumi intoksikasiya əlamətləri-halsızlıq, əzginlik, baş ağrıları, iştahsızlıq, dəri qaşınmaları müşahidə olunur. Xroniki gedişli ağırlaşmamış babasil zamanı adətən ağrı sindromu qeyd olunmur.

Hamilələrdə babasil xəstəliyinin ağırlaşmaları

Hamiləlik zamanı adekvat tibbi müalicə aparılmadıqda hemorroidal düyünlərin trombozu və boğulması destruktiv-nekrotik proseslərin ətraf toxumalara yayılması və infeksiyalaşma ilə ağırlaşır. Xəstələrdə rektal venanın tromboflebiti, paraproktit inkişaf edir, dölün bətndaxili infeksiyalaşma riski artır. Adətən babasil hestasiyanın gedişinə təsir etmir və mamalıq ağırlaşmalarının yaranmasında iştirak etmir, lakin daimi qanamalar hamiləlik zamanı anemiyanın gedişini gücləndirə bilər. Doğuşun güc vermə dövründə anal qanaxmalar baş verə bilər.

Hamilələrdə babasil xəstəliyinin diaqnostikası

Babasilin simptomsuz gedişli və ya az nəzərəçarpan simptomatikalı formaları təsadüfən planlı müayinə zamanı üzə çıxır və ya doğuş prosesində kliniki təzahür edir. Xarakterik əlamətlər zamanı diaqnozun qoyulması heç bir çətinlik törətmir. Xarici və sallanmış düyünlər vizual müayinə və aralığın palpasiyası zamanı aşkarlanır. Hamiləlik vaxtı daxili babasilin diaqnostikasının ən informativ üsulları aşağıdakılardır:

  • Düz bağırsağın barmaqla müayinəsi. Palpasiya zamanı selikli qişanın relyefi dəyişilməmişdir. Onun büküşlərində geniş əsaslı və hamar səthli sərt elastik törəmələr müşahidə olunur. Bu törəmələr təzyiq zamanı kiçilir, öskürək və ya gücvermə zamanı isə gərginləşir.
  • Anoskopiya. Anoskopla vizual müayinə zamanı daraq xətti, anal kript, epitel qatının vəziyyəti qiymətləndirilir. Daxili düyünlər aşkarlanır, onların lokalizasıyası, ölçü və strukturu müəyyən edilir. Anaskopiya zamanı düz bağırsaq 8-12 sm dərinlikdə olan sahəsi izlənilir.
  • Rektoromanoskopiya. Bu üsul anaskopik müayinənin nəticələrini təsdiqləyir və tamamlayır. Mütləq qaydada S-vari bağırsağın distal hissəsində yerləşən və anal dəlikdən axan qanlı ifrazatla müşayiət olunan proseslərin istisna edilməsi məqsədilə aparılır.

Sfinkterometriya və elektromioqrafiyanın köməyilə anusun qapaq funksiyası qiymətləndirilir. Diaqnostika zamanı əlavə olaraq digər laborator üsullardan – hamiləlik zamanı babasilin anemiyaya təsirini təyin etmək məqsədilə qanın ümumi analizi və koaquloqrammadan (hemorroidal düyünlərin trombozu zamanı onun göstəriciləri dəyişir) da istifadə olunur.  Anal çat, qanayan poliplər, düz bağırsağın xərçəngi, divertikulyoz, yoğun bağırsağın digər hissələrinin xəstəlikləri, anal qaşınma ilə  müşayiət olunan patologiyalarla – şəkərli diabet, helmintoz (enterobioz, askaridoz), kandidozla differensial diaqnostika aparılır. Xəstəyə proktoloq, cərrah, ehtiyac olduqda onkoloq, endokrinoloq və infeksionistin konsultasiyaları məsləhət görülür.

Hamilələrdə babasil xəstəliyinin müalicəsi

Həkim taktikasının seçimi kliniki simptomatikanın olması və ağırlıq dərəcəsi, xəstəliyi gedişindən asılıdır. Hamilələrə pəhrizin korreksiyası, gigiyena qaydalarına əməl etmək, xüsüsi gimnastika, medikamentoz və ya cərrahi müalicə məsləhət görülür. Mamalıq və ginekologiya sahəsinin mütəxəssisləri babasilli xəstələri 3 qrupa bölür: I qrupa simptomsuz gedişli babasili olanlar aiddir. Bu qadınlara dinamik müşahidə və xəstəliyin proqressivləşməsinin profilaktikası tövsiyyə olunur. Dietoterapiyaya üstünlük verilir. Pəhriz və gündəlik su qəbulunun artırılması qəbizliyin qarşısını almağa və nəcis kütlələrinin yumşalmasına səbəb olur.

Süd və süd məhsulları, bitki yağları, yağsız ət, yumurta, dənli bitkilər, meyvə, giləmeyvə, çuğundur, kələm, kök, balqabaq, və qida lifləriylə zəngin digər tərəvəzlərin istifadəsi artırılmalıdır. Təzə çörək, qənnadı məhsulları, yağlı ət, hisə verilmiş məhsullar, şoraba, marinad, göbələk, paxlalı bitkilər, düyü sıyığı, qatı bulyon, büzücü təsirli meyvələr (heyva, armud), qıcqırmanı sürətləndirən məhsüllar (üzüm, turp, sarımsaq, soğan), tünd çay, kofe qadağandır. MBT, dozalanmış yeriş, defekasiyadan sonra perianal sahəyə qulluq effektiv sayılır. İşlədici təsirli bitki tərkibli preparatların təyini mümkündür.

İkinci qrupa babasilin başlanğıc mərhələsində olan konservativ medikamentoz terapiyaya göstərişli  xəstələr daxildir. Konkret preparatın seçimi xəstəliyin kliniki variantı və onun gedişinə uyğun təyin edilir. Yuxarıda qeyd olunan müalicəvi-profilaktik tədbirlərə əlavə olaraq hamilələrə büzücü təsirə malik bitkilərin dəmləmələri ilə oturaq vannalar və aşağıdakı qrup preparatlar təyin edilir:

  • Kombinəolunmuş şamlar, məlhəmlər. Tərkiblərinə daxil olan komponentlər effektli şəkildə ağrı və qaşınmanı aradan qaldırır, toxumaların infeksiyalaşmasının qarşısını alır, ödemin azalması və eroziyaların sağalmasına səbəb olur. Bundan əlavə hemostatik, quruducu, antioksidant, regenerasiyaedici təsir göstərirlər.
  • Flebotonik və fleboprotektorlar. Kavernoz ciblərin saya əzələlərinin tonusunu artırır, damar divarının keçiriciliyini azaldır, mikrosirkulyasiyanı bərpa edir. Hemorroidal venaların yüksək qarındaxili təzyiqə qarşı davamlılığının artması sayəsində düyünlərin ölçüləri kiçilir.
  • Antikoaqulyantlar. Güclü qanaxmalar zamanı məsləhət görülür. Mövcud trombların sorulmasının sürətləndirir, yenilərinin əmələ gəlmısinin qarşısını alır. İltihabəleyhinə, ödeməleyhinə təsirlərə malikdir. Birləçdirici toxumanın regenerasiyasını sürətləndirir. Hamiləliyin sonunda ehtiyyatla istifadə olunur.

Mikrosirkulyasiyanı və qanın reologiyasını yaxşılaşdıran vasitələr, askorbin turşusu və rutinin yüksək miqdarda rast gəlindiyi vitamin-mineral komplekslərinin təyini mümkündür. Nəcis kütlələrini yumşaltmaq, yerli qıcıqlanma və iltihabı aradan qaldırmaq üçün dərman bitkilərinin yağ və dəmləmələri (mayenin həcmi – 40 ml-ə qədər) mikroimalə şəklində istifadə olunur. Ağrı və infeksiyalaşma müşahidə olunduqda antibiotik və QSİƏP qəbul edilir.

Tez-tez təkrarlanan kəskinləşmələr, düyünlərin sallanması, intensiv ağrı sindromu, xəstəliyin ağırlaşmış gedişi zamanı cərrahi müalicə məsləhət görülür. Hamiləlik zamanı az invaziv texnikaya- lateks halqa liqasiyası, düyünlərin radiodalğalarla kəsilməsi, inyeksion skleroterapiya, fotokoaqulyasiya, elektrokoaqulyasiya, genişlənmiş kavernoz ciblərin dezarterizasiyası və ya bu üsulların kombinasiyası  tətbiq edilir. Xarici tromboz zamanı trombektomiya (trombotik laxtanın evakuasiyası) icra edilir. Güclü qanaxmalar, xəstəliyin ağır residivləşən gedişi zamanı radikal müdaxilələrlə (submikoz, açıq, qapalı hemorroidektomiya, Lonqo üsulu ilə selikli qişanın transanal rezeksiyası)  düyünlərin kəsilır. İmkan daxilində əməliyyatlar hamiləliyin erkən dövrlərində və ya doğuşdan sonra aparılır.

Babasilli hamilələr adətən ambulator şəraitdə müayinə olunur. Düyünlərin boğulması və nekrozu, güclü hemorroidal qanaxmalar zamanı xəstə təcili hospitalizasiya olunur. Babasilin olması doğuş üsulunun seçilməsinə təsir etmir. Hamiləlik əksər hallarda təbii doğuşla başa çatır.  Qeysəriyyə əməliyyatı mamalıq göstərişləri olduqda aparılır.

Hamilələrdə babasil xəstəliyinin proqnoz və profilaktikası

Erkən mərhələlərdə babasilin vaxtında aşkar olunması və müalicəsi prosesin stabilləşməsi ilə nəticələnir.  Cərrahi müalicə xəstəliyin tam sağalmasına səbəb olur.

Birləşdirici toxumanın displaziyasının subkliniki əlamətləri olan və qəbizliyə meylli hamilələrə profilaktik məqsədlə müntəzəm olaraq mama-ginekoloqun müayinısindən keçmək, mülayim hərəki aktivlik,  rasionun qida lifləri və bitki yağları ilə zənginləşdirilməsi, su qəbulunun artırılması, qəbizliyi artıran qidaların qəbulunun məhdudlaşdırılması məsləhət görülür.

error: Content is protected !!