Hamilələrdə hipovitaminoz
Hamilələrdə hipovitaminoz – kiçik molekulyar üzvi birləşmələrin (vitaminlər) çatışmazlığı ilə xarakterizə olunan patoloji vəziyyətdir. Vitaminlər ana və döl orqanizmində mübadilə funksiyalarının reallaşması, eləcə də uşağın normal bətndaxili inkişafı üçün vacib maddələrdir. Hipovitaminoz erkən toksikoz əlamətləri, halsızlıq, tez yorulma, dəri örtüklərinin quruluğu, ödem, nevroloji pozğunluqlar, qanaxma ilə təzahür edə bilir. Diaqnoz fiziki baxış, anamnez, laborator analizlər əsasında qoyulur. Müalicə konservativ yolla aparılır: qida rasionu korreksiya olunur, vitamin tərkibli preparatlar qəbul edilir.
Hamilələrdə hipovitaminoz haqqında ümumi məlumat
Hamilələrdə hipovitaminoz – ana orqanizmində mayalanmadan əvvəl və yaxud hamiləlik dövründə formalaşan vitamin çatışmazlığıdır. Bu maddələrin defisiti ana və gələcək uşağın sağlamlığına mənfi təsir göstərir. Hipovitaminoz bir sıra hallarda dölün anadangəlmə anomaliyalarına səbəb olur.
Karotinoidlərin (A provitamini) – 25-94% qadınlarda, B qrup vitaminlər (B1 – tiamin, B2 – riboflavin, B3–PP, və ya nikotin turşusu, B6 – piridoksin, B9 – fol turşusu, B12 – sianokobalamin) – у 20-100%, C vitamini (askorbin turşusu) – 13-50% qadınlarda müşahidə olunur. Əksər hallarda yanaşı olaraq, D vitamini (kalsiferol), bəzən isə hətta E vitamininin (tokoferol) də defisiti qeydə alınır.
Fəsil, yaşayış yeri (şəhər, rayon, kənd), yaş qrupu və peşə fəaliyyətindən asılı olmayaraq, 70-80% hamilələrdə polihipovitaminoz (3 və daha çox vitaminin çatışmazlığı) müəyyən edilir.
Hamilələrdə hipovitaminozun səbəbləri
Hamiləlik dövründə hipovitaminozun başlıca səbəbi orqanizmin vitaminlərə tələbatının artmasıdır. Belə ki, hamilələrdə erqokalsiferola (kalsiferolun bir forması) sutkalıq tələbat 5 dəfə, fol turşusuna – 2 dəfə, digər vitaminlərə isə 10-50% artır. Lakin hipovitaminoz hələ mayalanmadan əvvəl yarana bilər. Bu zaman hamiləlik dövründə vitamin çatışmazlığının əlavə səbəbləri meydana çıxır:
- Qida ilə vitaminlərin kifayət miqdarda qəbul olunmaması. Bilərəkdən və ya məcburi qaydada (kökəlməmək üçün) az qidalanma, monodietalar (tiamin defisitinə gətirib çıxaran düyü pəhrizi, nikotin turşusunun çatışmazlığı ilə nəticələnən qarğıdalı dietası), gündəlik rasionda vitaminlər arasındakı optimal nisbətin pozulması alimentar vitamin çatlşmazlığına səbəb olur. Qida məhsullarının tərkibində vitaminlərin miqdarını azaldan amillərə termiki işlənmə, uzunmüddətli saxlanma, qeyri-rasional istifadə (məsələn, A, E və D vitaminlərinin sorulması üçün rasionda kifayət qədər yağ olmalıdır) aiddir.
- Tələbatın yüksəlməsi. Çox erkən (18 yaşa qədər) və yaxud gecikmiş hamiləlik (35 yaşdan sonra), intensiv fiziki və psixoemosional yüklənmələr zamanı vitaminlərin gündəlik norması artır.
- Assimilyasiyanın pozulması. Bəzi dərman preparatlarının (antibiotiklər, kalsium kanallarının blokatorları, antidepressantlar, salisilatlar, neyroleptiklər, qlükokortikosteroidlər), işlədici vasitələrin və mineral yağların mütəmadi qəbulu vitaminlərin parçalanma, sorulma və metabolizm proseslərini pozur.
- Xəstəliklər. Müxtəlif patologiyalarda vitaminlərin mənimsənilməsi zəifləyə, onların orqanizmdə sintezi pozula bilər. Hipovitaminoz riskini artıran xəstəliklərə şəkərli diabet, infeksiyalar, intoksikasiya, hepatobiliar sistemin, qalxanabənzər vəzin patologiyaları, vitamin metabolizminin genetik pozğunluqları aiddir.
Hamilələrdə hipovitaminozun patogenezi
Vitaminlər bütün həyati proseslərin normal gedişi üçün zəruri maddələrdir. Onların çatışmazlığı ana və dölün sinir, immun, qanyaradıcı və digər sistemlərinin funksional pozğunluqları, eləcə də üzvi zədələnmələri ilə nəticələnir. Suda həll olan vitaminlərin (C və B qrupu) törəmələri zülal, karbohidrat və yağ mübadiləsinin katalizində iştirak edir. Askorbin turşusu çatışmadıqda damar divarlarının keçiriciliyi və kövrəkliyi artır. B3 defisiti hüceyrə tənəffüsünü, oksidləşmə-bərpa proseslərini, lipid mübadiləsini, zülal sintezini pozur.
Tiamin və piridoksin çatışmazlığı nəticəsində sinir impulslarının ötürülməsi pozulur. Riboflavin defisiti mərkəzi və vegetativ sinir sisteminin funksiyalarına, toxuma tənəffüsünə, eritropoezin tənzimlənməsinə mənfi təsir göstərir, hemoqlobin sintezini zəiflədir. Fol turşusu və sianokobalaminin çatışmazlığı qanyaranma, regenerasiya və böyümə proseslərini korlayır, sinir sisteminin normal fəaliyyətinə mane olur. B5 hipovitaminozu ilə əlaqəli olan zülal və nuklein turşularının zəif sintezi döl hüceyrələrinin böyüməsini tormozlayır, anadangəlmə inkişaf qüsurlarının yaranma ehtimalını xeyli artırır. B6, B9 və B12 hipovitaminozu zamanı qan plazmasında homosistein amin turşusu artır. Bu maddə sito və neyrotoksiki təsir göstərdiyindən hestoz və düşük riski ilə müşayiət olunur.
Yağda həll olan vitaminlər – A və E antioksidant sayılırlar. Bundan əlavə retinol həm də kalsiferol hormonabənzər təsirə malikdir. Retinolun çatışmazlığı epitel toxumasının yenilənməsini ləngidir, gecə görməsini təmin edən rodopsin piqmentinin sintezini zəiflədir. Kalsiferol defisiti kalsiumun sorulmasını və hüceyrələrin böyüməsini pozur. Tokoferol çatışmazlığı nəticəsində kollagen və elastan sintezi azalır, eritrositlər parçalanır.
Hamilələrdə hipovitaminozun təsnifatı
Mənşəyinə görə hipovitaminoz ekzogen və ya alimentar (vitamin qəbulunun azlığı ilə əlaqədar) və endogen (vitaminlərin sorulmasının zəifləməsi və yaxud yüksək sərfiyyat zamanı) olur. Hamilələrdə əksər vitaminlərin çatışmazlığı endogen mənşəlidir. Vitamin defisiti tədricən inkişaf edir. Onun ifadə dərəcəsindən asılı olaraq, 3 ardıcıl mərhələ qeydə alınır:
- I mərhələ – prehipovitaminoz (subnormal vitamin təminatı). Xaricdən ümumi əlamətlərlə xarakterizə olunur, spesifik simptomlara rast gəlinmir. Bu mərhələdə hipovitaminoz yalnız laborator üsullarla aşkarlana bilər.
- II mərhələ – hipovitaminoz. Vitamin çatışmazlığının spesifik əlamətləri meydana çıxır. Bu hal qanın laborator analizində təsdiqlənir.
- III mərhələ – avitaminoz. Vitamin çatışmazlığının son mərhələsidir. Orqanizmin maye və toxumalarında vitaminin demək olar ki, yoxluğu, eləcə də parlaq spesifik simptomatika ilə xarakterizə edilir. Belə vəziyyət ya qadınların maddi cəhətdən zəif şəraitdə yaşaması, ya da onlarda vitaminlərin mənimsənilməsinə mane olan ağır xəstəliklərin formalaşması ilə əlaqəlidir. Tibbdə C vitamininin çatışmazlığı – sinqa, B1 defisiti – beri-beri, nikotin turşusunun avitaminozu isə pellaqra xəstəliyi kimi qiymətləndirilir.
Hamilələrdə hipovitaminozun simptomları
İlkin mərhələdə vitamin defisiti qeyri-müəyyən ümumi simptomatika: iştahsızlıq, halsızlıq, apatiya, əmək qabiliyyətinin azalması, diqqət zəifliyi ilə özünü büruzə verir. Orqanizmin müqaviməti zəiflədiyindən soyuqdəymə hallarına tez-tez rast gəlinir, həmçinin yaraların sağalması ləngiyir.
II mərhələdə vitamin çatışmazlığına xas əlamətlər müşahidə olunur. Əvvəlcə onlar silinmiş xarakter daşısalar da, vitamin defisiti artdıqca parlaq şəkil alırlar.
B1 hipovitaminozu nevroloji simptomatikaya malikdir. Xəstələrdə aşağı ətraflarda zəiflik, yeriyərkən səndələmə, ayaqlarda «qarışqa gəzməsi» hissi, yüngül toxunuşda ağrı yaranır. B2 çatışmazlığı perikorenal hiperemiya (qüzehli qişa ətrafında qırmızı-bənövşəyi rəngli, enli haşiyə), xeyloz, anqulyar stomatit, qlossit ilə müşayiət olunur. Dil ödemləşir, üzərində hipertrofiyalaşmış məməciklər izlənilir.
B6 vitamininin defisiti qıcıqlanma və ya əksinə, tormozlanma, qıcolma, ödem, erkən toksikoz törədir. B12 və B9 hipovitaminozlarının müştərəkliyi zamanı əlamətlər daha da güclənir.
B3 vitamininin çatışmazlığı dəri təzahürləri (qarın, yan hissələrin, əl və ayaqların bükücü səthlərinin dərisinin quruması, qabıqlanması, bədənin açıq nahiyələrində hiperpiqmentasiya, qızartı, dilin qalınlaşması və nahamarlığı), ishal ilə təzahür edir. Bir sıra hallarda nevroloji və psixi pozğunluqlar – periferik sinir sistemi tərəfindən (B1 hipovitaminozuna analoji), baş ağrıları, başgicəllənmə, demensiya inkişaf edir.
B9 hipovitaminozu parlaq simptomatika ilə getmir. Bəzi pasiyentlərdə zəiflik, yuxusuzluq, ağızda quruluq, dilin qızarması meydana çıxır. Lakin onu da qeyd etmək lazımdır ki, bu vitaminin çatışmazlığı dölün inkişafına daha çox zərər vurir. B9 və b12 vitaminlərinin birgə defisiti xarici təzahürləri ağırlaşdırır və teratogen effekti artırır.
Askorbin turşusunun çatışmazlığı diş ətinin qanaması, tez-tez təkrarlanan burun qanaxmaları ilə müşayiət olunur. Sağrı, bud, baldır nahiyəsinin dərisində və qolun daxili səthində tük follikullarının yerləşdiyi hissədə boz və yaxud qırmızı-göyümtül düyünlər əmələ gələ bilər. Yüngül fiziki təsir nəticəsində dərialtı qansızma və əzələdaxili hematomalar (göy rəngli şişkinlik) yaranır. Onlar əsasən aşağı ətraflarda formalaşaraq, güclü ağrı ilə müşayiət olunurlar. Həmçinin hamilələrdə oynağa qansızma baş verə bilər. Belə hallarda bədən temperaturu yüksəlir, hərəkət məhdudlaşır, zədə sahəsində ağrı və şişkinlik müşahidə olunur.
A vitamininin defisiti dərinin qurumasına, buynuzlaşmasına səbəb olur. Qabıqlanma əsasən dirsək oynağının bükücü hissəsində meydana çıxır. Eləcə də xəstələrdə sızanaqlar, kseroftalmiya (görmə funksiyası gərginləşdikdə və parlaq işıqda gözlərin yaşarması, kəskin ağrı ilə gedir), diş minasının yüksək həssaslığı, son mərhələdə hemeralopiya müşahidə olunur.
D vitamininin çatışmazlığı yuxunun pozulması, ağızda quruluq və göynəmə hissi ilə özünü büruzə verir. Zamanla sümüklərin spontan sınıqlarına meyillik yaranır.
E vitamininin defisiti əzələ zəifliyinə, nitq pozğunluğuna, görmə və koordinasiyanın pozulmasına səbəb olur.
Hamilələrdə hipovitaminozun ağırlaşmaları
B1 avitaminozlu analarda hətta müalicədən sonra uzun illər ərzində polinevritin qalıq əlamətlərinə rast gəlinə bilər. Hipovitaminozların ən ağır fəsadı hamiləliyin gedişinə və dölə mənfi təsirdir. E, A, B qrup vitaminlərinin qanda kifayət qədər olmaması embrionun böyüməsinin ləngiməsi, bətndaxili ölüm, düşük və vaxtından əvvəl doğuşla nəticələnə bilər.
Aparılan tədqiqatlarda sübut olunmuşdur ki, dölün sinir borucuğunun inkişaf qüsurlarının (beyin yırtıqları, anensefaliya) ən azı ⅓ hissəsi fol turşusunun defisiti ilə bağlıdır. A hipovitaminozu sidik-cinsiyyət sisteminin və görmə orqanlarının anomaliyalarına, B2 çatışmazlığı anadangəlmə ürək qüsurlarına, ətrafların deformasiyasına, qurdağızlığa, hidronefroza, hidrosefaliyaya, D vitamininin defisiti isə neonatal raxitə, kataraktaya, dis minasının defektlərinə səbəb ola bilər.
Hamilələrdə hipovitaminozun diaqnostikası
Hipovitaminoz zamanı müxtəlif orqan və toxumalar zədələnə bilir. Onun törətdiyi prosesləri digər etiologiyalı pozğunluqlarla (neyrodermit, psoriaz, hepatit, hepatoz, hemorragik vaskulit, infeksion, diabetik və toksiki polineyropatiyalar) differensiyasiya etmək lazım gəldiyindən diaqnostika bir qədər çətinlik törədir. Diaqnostik tədbirlər ginekoloq, terapevt, qastroenteroloq, dermatoveneroloq, nevroloqun iştirakı ilə aparılır və aşağıdakı müayinələrdən ibarət olur:
- Kliniki baxış. Sorğu və baxış əsnasında əldə edilən anamnestik məlumatlara (rasionun tərkibinin qiymətləndirilməsi, mövcud xəstəliklər, aparılan cərrahi əməliyyatlar, qəbul olunan dərman vasitələri və bioloji aktiv əlavələr haqqında informasiya), eləcə də müayinənin nəticəsinə (dərinin xarakterik dəyişiklikləri, sinir reflekslərinin dəyişməsi) əsaslanaraq, mono və yaxud polihipovitaminozdan şübhələnmək olur.
- Qanın laborator analizləri. Ümumi klinik analiz zamanı meqaloblastik anemiya üzə çıxarıla bilər. Bu hal dolayı yolla uzunmüddətli sianokobalamin və fol turşusu defisitinə dəlalət edir. Qanın biokimyəvi müayinəsinidə vitaminlərin miqdarı barədə dəqiq məlumat əldə edilir. Onun köməyilə diaqnoz təsdiqlənilir.
Hamilələrdə hipovitaminozun müalicəsi
Hamiləlik dövründə hipovitaminoz konservativ yolla – dərman preparatlarının qəbulu və qidalanma rasionunun korreksiyası ilə müalicə olunur:
- Medikamentoz müalicə. Hamilələrə müalicəvi dozada, defisitin tam kompensasiyasına qədər vitaminlər (bir və ya bir neçə) təyin edilir. Sonra hamiləlik bitənə qədər fasiləsiz şəkildə dəstəkləyici dozadan (adətən polivitamin komplekslər) istifadə edilir.
- Dietoterapiya. Preparatın müalicəvi dozasını azaltmaq və vitamin təminatını dəstəkləmək məqsədilə medikamentoz terapiyadan sonra optimal rasion seçilir. Hamilə qadının qida rasionu balanslaşdırılmış və rəngarəng (təzə meyvə və tərəvəzlər, ət, balıq, asan həzm olunan yağlar, dənli bitkilər və s.) olmalıdır. Lakin hamiləlik dövründə vitaminlərə olan tələbatı yalnız qida məhsulları ilə ödəmək mümkün deyil. Bu səbəbdən düzgün qidalanma ilə yanaşı polivitamin kompleksi də qəbul olunmalıdır.
Hamilələrdə hipovitaminozun proqnoz və profilaktikası
Ana üçün proqnoz əksər hallarda qənaətbəxşdir: vitamin terapiyası həmin maddələrin çatışmazlığı nəticəsində pozulmuş funksiyaları bərpa edir. Dölün vəziyyəti isə bir o qədər də yaxşı olmur. Belə ki, əsas ağır anomaliyalar hamiləliyin I ayında inkişaf edir. Buna mayalanmadan əvvəl yaranan hipovitaminoz səbəb olur.
Sadalananları nəzərə almaqla qərara gəlinmişdir ki, profilaktika hamiləlikdən 3 ay əvvəl aparılmalıdır. Çünki məhz bu müddət ərzində eritrositlərdə folatların müdafiəedici konsentrasiyası əldə olunur. Profilaktik tədbirlərə hamiləlik planlama dövründən doğuşa qədər vitaminlərlə, makro və mikroelemetlərlə balanslaşdırılmış qidalanma, multivitamin komplekslərinin qəbulu, hər gün 30 dəqiqə günəş altında gəzmək aiddir.