Hamilələrdə simptomsuz bakteriuriya
Hamilələrdə simptomsuz bakteriuriya — hestasiya dövründə laborator üsulla təyin olunan patoloji vəziyyətdir, bu zaman 24 saat və daha artıq fasilə ilə aparılan sidiyin təkrar müayinəsi titri 100 000 KƏV/ml-dən çox olan eyni mikroorqanizmin aşkarlanmasına imkan verir. Klinik simptomatika qeyd olunmur. Pozğunluq sidiyin ümumi analizi, bakterioloji əkilmə, skrininq fotokolorimetrik TTX-testinin köməyilə aşkarlanır. Müalicə fosfomisinlər, polusintetik penisillinlər, sefalosporinlər, sintetik nitrofuranlar, bitki tərkibli uroantiseptiklərin təyini ilə aparılır.
Hamilələrdə simptomsuz bakteriuriya barədə ümumi məlumat
Simptomsuz bakteriuriyaya (asimptomatik və ya gizli xroniki bakteriuriya) 2,5-26% hamilələrdə rast gəlinir. Aşağı sosial-ekonomik statuslu xəstələrdə bu sindrom 5 dəfə çox inkişaf edir. Əksər hallarda sidik-ifrazat traktının qeyri-iltihabi bakterial kolonizasiyası hamiləlikdən əvvəl qeyd olunur. Hamilələrin 52,3%-də simptomsuz bakteriuriya I, 35,4%-də -II, 12,3% isə III trimestrdə aşkarlanır. ÜST-nin tövsiyələrinə əsasən bakterial agentlərin miqdarının 100 000 və daha artıq KƏV/ml olması klinik əhəmiyyətli hesab olunur. Lakin urologiya, mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin müşahidələrinə əsasən hestasiyanın gedişinin ağırlaşması riski hətta 100-10 000 KƏV/ml zamanı yaranır.
Hamilələrdə simptomsuz bakteriuriyanın səbəbləri
Patologiya normada periuretral və perianal sahələrdə kolonizasiyalaşan kommensal mikroorqanizmlər tərəfindən törədilir. 95% xəstələrdə monoinfeksiya izlənilir. Təxminən 2/3 hallarda qram-mənfi bakteriyalar aşkar edilir: simptomsuz bakteriuriyalı xəstələrin 51,7%-də analizlərdə bağırsaq çöpü, az hallarda isə protey, klebsiella, enterobakter, sitrobakter, psevdomonad, fermentləşdirməyən bakteriyalar müəyyən olunur. Qram-müsbət mikrofloranı stafilokokk (epidermal, hemolitik, saprofit), piogen streptokokk, fekal enterokokklar təmsil edir.
Bakterial vaginoz, keçirilmiş urogenital infeksiyalar, nefrolitiaz, sidik-ifrazat sisteminin anadangəlmə inkişaf anomaliyaları, uzunmüddətli siqaret çəkmə, şəkərli diabet, tez-tez təkrarlanan angina və KRX patoloji vəziyyətin inkişaf riskini yüksəldir. Hestasiya dövründə gizli xroniki bakteriuriyanın inkişafına səbəb olan xüsusi amillərə xarakterik metabolik, urodinamik dəyişikliklər və mexaniki təsirlər aiddir:
- Sidiyin durğunluğu və geriyə axını. Hamilələrdə progesteronun yüksək səviyyəsinə saya əzələ liflərinin reaksiyası nəticəsində kasa-ləyən sisteminin genişlənməsi, sidik axarlarının və sidik kisəsinin hipotoniyası, uretranın sfinkterinin boşalması müşahidə olunur. Xəstələrin bir qismində sidik kisəsi-sidik axarı və sidik axarı-ləyən reflüksü yaranır. Yumaqcıq filtrasiyasının 1,5 dəfə artması və böyüyən uşaqlıq tərəfindən sidik-ifrazat orqanlarının mexaniki sıxılması vəziyyəti daha da ağırlaşdırır.
- Sidiyin kimyəvi tərkibinin dəyişməsi. Kontrinsulyar hormonların (kortizol, plasentar laktogen, xorionik qonadotropin) təsirindən hamilələrdə fizioloji insulinorezistentlik inkişaf edir. Bu prosesin qaraciyərdə qlükozanın sintezinin artması ilə müştərəkliyi tranzitor qlükozuriyaya, kompensator mexanizmlərin çatışmazlığı zamanı isə hestasion diabetə gətirib çıxarır. Qlükoza keçid epiteli – urotelə düşən mikroorqanizmlərin qidalanması və böyüməsi üçün əlverişli substrat hesab olunur.
- İmmunitetin zəifləməsi. Hamilələrin immun sistemində baş verən dəyişikliklər hestasiyanın qorunmasına yönəlmişdir. Genetik baxımdan ana orqanizmi üçün yad cisim sayılan dölün qovulmasının qarşısını almaq üçün hamilə qadında T-supressorların aktivliyi 2 dəfə yüksəlir, T-killerlər, faqositar neytrofillər, makrofaqlar, immunoqlobulin G-nin konsentrasiyası azalır. Nəticədə В xəstənin bakterial infeksiyaya qarşı həssaslığı artır, bu da kommensal mikroorqanizmlərin simptomsuz aktivasiyasına səbəb olur.
Hamilələrdə simptomsuz bakteriuriyanın patogenezi
Hamilələrdə simptomsuz bakteriuriyanın inkişaf mexanizmi kommensal mikroorqanizmlərin sidik-ifrazat traktı boyunca qalxan yolla yayılmasına əsaslanır. Çox nadir hallarda infeksiyalaşma hematogen yolla gedir. Periuretral sahənin selikli qişalarında persistə edən etiopatogenlər adətən sidik kanalının boşalmış sfinkterindən sidik-ifrazat sisteminə daxil olur. Zəif immun cavab bakteriyaların tam eliminasiyasını təmin etmir, lakin onların konsentrasiyası klassik iltihabi reaksiyanın yaranmasına kifayət etmir. Adhezinlər, hemolizin və digər virulentlik amillərinin hesabına infeksion amillər uroteldə kolonizasiyalaşır. Bakteriyaların sürətli çoxalmasına sidiyin pH-nın fizioloji artması və qlükozuriya səbəb olur.
Hamilələrdə simptomsuz bakteriuriya zamanı baş verən ağırlaşmalar
Kliniki latent bakteriuriya heç bir əlamətlə təzahür etmir, lakin mikroorqanizmlərin hətta ən aşağı titrində (100-10 000 KƏV/ml) hamiləliyin ağırlaşmış gedişi tez-tez müşahidə olunur. 20-40% hallarda simptomsuz bakteriuriya fonunda hamilələrdə kəskin hestasion pielonefrit inkişaf edir. Miometriumun stimulyatorları sayılan prostaqlandinlərin yerli və sistemli sintezinin güclənməsi vaxtından qabaq doğuşa gətirib çıxarır. Hestoz, hamiləlik anemiyası, fetoplasentar çatışmazlıq, dölün hipoksiyası, onun inkişafının ləngiməsi, infeksion ağırlaşmaların (xorioamnionit, doğuşdan sonrakı endometrit) yaranma riski artır. Simptomsuz bakteriuriya zamanı vaxtından əvvəl doğuş və neonatal ölümün göstəriciləri 2-2,9 dəfə yüksəlir. Sübut olunmuşdur ki, vaxtında aşkarlanan simptomsuz bakteriuriyanın müalicəsi ağırlaşmaların ehtimalının əhəmiyyətli dərəcədə azaldır.
Hamilələrdə simptomsuz bakteriuriyanın diaqnostikası
Sindromun diaqnostikasının çətinliyi simptomatikanın və patoqnomik şikayətlərin olmaması ilə əlaqədardır. Hamilələrdə simptomsuz bakteriuriya laborator yolla aşkar olunur. İnfeksion-iltihabi prosesin olmasından xəbər verən pozğunluqlar- tranzitor və ya daimi qlükozuriya, vaginal ifrazatlar, xarici cinsiyyət orqanları nahiyəsində kəskin ağrı, göynəmə, diskomfort hissi diaqnostik müayinələrin aparılmasına əsas verir.
Ağırlaşmaların riskini nəzərə alaraq, qadın məsləhətxanasında qeydiyyətdən keçən hər bir hamilədə mikrobioloji skrininqin aparılması göstəriş hesab olunur. Simptomsuz uroinfeksiyaların diaqnozu sidikdə bakteriyaların aşkarlanması zamanı sidik-ifrazat orqanlarının infeksion-iltihabi xəstəliklərinin kliniki, laborator və instrumental əlamətlərinin müşahidə olunmadığı hallarda təsdiqlənir. Adətən müayinə planı aşağıdakı üsullardan ibarət olur:
- Sidiyin ümumi analizi. Təsadüfi çirklənmənin istisna edilməsi məqsədilə səhər sidiyinin orta porsiyası müayinə edilir. Analizdə bakteriyalar, bəzi hamilələrdə leykositlər aşkarlanır. Eləcə də sidikdə pH səviyyəsinin yüksəlməsi və qlükoza təyin oluna bilər.
- Sidiyin mikrofloraya görə əkilməsi. Analiz aralarındakı interval 24 saatdan az olmamaqla 2 dəfə aparılır. 100 000 KƏV/ml konsentrasiyalı eyni mikroorqanizmin təkrar aşkarlanması bakteriuriya dəlalət edir.
- ТТХ-testi. Diaqnostikanın fotokolorimetrik skrininq üsulu 4 saat ərzində sınaqda yüksək titrli bakteriyaları aşkar etməyə imkan verir. Trifeniltetrazol xloridlə aparılan reaksiyaların həssaslığı 90%-ə çatır.
İltihabi uroloji xəstəliklərin istisna olunması və böyrəklərin funksional qabiliyyətinin qiymətləndirilməsi üçün əlavə müayinələr – Neçiporenko üsulu ilə sidik analizi, böyrək sınaqları (nefroloji kompleks), qanın ümumi və biokimyəvi analizi, böyrəklərin USM, böyrək damarlarının USDQ məsləhət görülür. Ana və dölə neqativ təsirləri ilə əlaqədar rentgenoloji və ya endoskopik üsullar yalnız çətin diaqnostik hallarda tətbiq olunur. Həqiqi simptomsuz uroinfeksiya materialın çirklənməsi nəticəsində yalançı bakteriuriya, pielonefrit, sistit, uretritlə differensiasiya edilir. Mama-ginekoloqdan əlavə xəstəni terapevt, uroloq, nefroloq müayinə edir.
Hamilələrdə simptomsuz bakteriuriya zamanı müalicə taktikası
Hamiləlik dövründə sidikdə mikroorqanizmlərin aşkarlanması zamanı klinik simptomatika və iltihabın digər əlamətləri olmadıqda belə antibakterial terapiyanın tətbiqi mütləqdir. Bir qayda olaraq, müalicə məsləhət görülən sxemlərin birinin empirik seçilməsi ilə ambulator şəraitdə aparılır:
- Bir günlük kurs. Fosfomisin qrupundan olan geniş təsir spektrli antibiotikin birdəfəlik qəbulu sidik-ifrazat sistemində kolonozasiyalaşan əksər bakteriyaları eliminasiya etməyə imkan verir. İstifadəsinin sadəliyi, yüksək effektivlik və təhlükəsizliyinə görə bü üsula hamilələrdə daha çox üstünlük verilir.
- Üç günlük kurs. Antibakterial monopreparat qismində polusintetik β-laktam penisillinlər, II-III nəsilsefalosporinlər təyin olunur. I-II trimestrdə sintetik nitrofuranların tətbiqinə icazə verilir, III trimestrdə isə onlar dölün hemolitik xəstəliyinə səbəb ola bilir.
Antibiotiklərin qəbulunun bitməsindən 14 gün sonra sidiyin təkrar bakterioloji müayinəsi aparılır. Bakteriuriya izlənilmədikdə hamilə qadının dinamik müşahidəsi davam etdirilir. Terapevtik effektin möhkəmləndirilməsi məqsədilə qeyri-medikamentoz üsullardan: çoxlu miqdarda maye qəbul etməklə sidik ifrazının gücləndirilməsi, turş içkilərin (quşüzümü şərbəti) köməyilə pH səviyyəsinin azaldılmasından istifadə olunur. Simptomsuz uroinfeksiyanın inkişaf riskini yüksəldən amillər müəyyən olunduqda kompleks təsirli bitki tərkibli antiseptiklərin istifadəsi ilə fitoterapiya göstəriş sayılır. Latent bakteriuriyanın təkrar aşkarlanması zamanı digər antibakterial sxem və ya mikroorqanizmlərin həssaslığı nəzərə alınmaqla seçilmiş preparat təyin olunur. Simptomsuz bakteriuriya keçirən hamilələrdə doğuş üsulu olaraq fizioloji doğuşa üstünlük verilir. Qeysəriyyə əməliyyatı yalnız mamalıq və ya ekstragenital göstərişlər olduqda aparılır.
Hamilələrdə simptomsuz bakteriuriyanın proqnoz və profilaktikası
Simptomsuz bakteriuriyanın müalicəsi zamanı qisa antibakterial kursların effektivliyi 79-90%. Təşkil edir. Sindromun vaxtında aşkar olunması və adekvat terapiyası zamanı hamiləlik və doğuşun proqnozu qənaətbəxş olur: simptomsuz bakteriuriyalı hamilələrin 70-80%-də pielonefritin inkişafını, 5-10%-də yarımçıq doğulmanın qarşısını almaq mümkün olur.
Simptomsuz uroinfeksiyanın birincili profilaktikası bakteriuriyanın inkişafına səbəb olan amillərin aradan qaldırılmasından ibarətdir: urogenital orqanların preqravidar sanasiyası, siqaretdən imtina, insulinorezistentliyin inkişaf ehtimalını azaltmaq üçün çəkinin korreksiyası, risk qrupuna daxil olan hamilələr tərəfindən uroseptiklərin preventiv qəbulu, sidiyi turşulaşdırmaq üçün şərbətlərdən istifadə.