Hamiləlik çatları
Hamiləlik çatları — hestasiya amillərinin təsirindən birləşdirici toxumanın destruksiyası ilə əlaqədar dərinin spesifik atrofik dəyişikliyidir. Sinə və qarın nahiyəsində radial və ya paralel yerləşən yumşaq göy-qırmızı rəngli zolaqlar şəklində olur. Baxış zamanı aşkarlanır. Ehtiyac yarandıqda qanda hormonların səviyyəsi və qüsur nahiyəsindən bioptatın histoloji analizi aparılır. Hamiləlik dövründə effektiv müalicə üsulları mövcud deyil. Profilaktik tədbirlər pəhrizin korreksiyası, multivitaminlər kompleksinin qəbulu, dəri yüklənmələrinin azaldılması, mikrosirkulyasiya proseslərinin yaxşılaşdırılmasından ibarətdir.
Hamiləlik çatları barədə ümumi məlumat
Hamiləlik çatları (striyalar, dərinin xətli atrofiyası, zolağabənzər atrofodermiya) 50-90% pasiyentlərdə əmələ gəlir. Belə atrofik pozulmalar ikincili fizioloji dəyişikliklər kateqoriyasına aiddir. Hamiləlik çatları hələ qədim Misir papiruslarında öz əksini tapmışdır, zolağabənzər atrofiya ilk dəfə XVIII əsrdə alman anatomu İohann Rederer tərəfindən ətraflı izah olunmuşdur. Dermatoloqların – Ferdinand Hebra və Moritsa Kapoşinin rəhbərliyi ilə aparılan tədqiqatların nəticələri sübut etmişdir ki, pozğunluğun inkişafında dərinin dərin qatları və dərialtı toxumada baş verən dəyişikliklər əsas rol oynayır. Hazırda mamalıq və ginekologiya sahəsinin mütəxəssisləri hamiləlik striyalarını xəstəlik kimi deyil, kosmetik qüsur kimi qəbul edirlər.
Hamiləlik çatlarının yaranma səbəbləri
Hamiləlik çatlarının etiologiyası tam müəyyən edilməmişdir. Ehtimal olunur ki, onların yaranmasının başlıca səbəbi birləşdirici toxumanın genetik zəif liflərinə düşən yüklənmənin artmasıdır. Qüsur adətən yaxın qohumlarında hamiləlik çatları olan qadınlarda aşkarlanır. Kollagen sintezinin pozulması, onun həddindən artıq deqradasiyası, müxtəlif kollagenlər arasında nisbətin pozulması- daha az sərtliyə malik III-IV tiplərin üstünlük təşkil etməsi, elastinin analoji anomaliyaları nəticəsində birləşdirici toxumanın displaziyasının subklinik formaları striyaların formalaşmasına təkan verə bilər. Hamiləlik dövründə çatların yaranmasına gətirib çıxaran əlavə amillər meydana çıxır:
- Hormonal dəyişikliklər. Hestasiya müddətinin sonunda kortizolun səviyyəsi 200-230 nmol/l-dən 850-1140 nmol/l-ə kimi yüksəlir. Bu hormon fibroblastların proliferasiyasını və onlar tərəfindən kollagen liflərinin sintezini tormozlayır. Hestasiyanın 34-40-cı həftələrində progesteronun konsentrasiyası 10 dəfədən çox artaraq, analoji, lakin daha az ifadəli təsirlə özünü büruzə verir. Estrogenin miqdarının artması zamanı dəri hüceyrələrində kollagen və elastinin sintezi üçün zəruri olan amin turşularının sayı azalır.
- Dərinin mexaniki dartılması. Striyalar əsasən sinə və qarın nahyəsində yaranır. Dölün inkişafı qarın dairəsinin böyüməsinə səbəb olur. Bu göstərici hestasiya müddətinin 16-18-ci həftəsindən sonra daha çox dəyişir. Böyüyən uşaqlığın təsirindən qarnın dərisi gərilir, bu da zəifləmiş birləşdirici toxuma liflərinin cırılması ilə müşayiət olunur. Polihidramnion və çoxdöllülük zamanı striyaların yaranma ehtimalı daha da yüksəlir. Süd vəzilərinin həcminin artması alveolyar toxumanın inkişafı, doğuşdan sonra isə laktasiya prosesi ilə əlaqədardır.
Həmçinin çatların formalaşmasında hamiləlik zamanı çəki artıqlığı müəyyən rol oynayır. Piylənmə birləşdirici toxuma liflərinin daha güclü dartılmasına və zədələnməsinə səbəb olur. Bundan əlavə piy toxuması estrogen sintezində aktiv şəkildə iştirak edərək, hormonun hamilə qadının dərisinə təsirini gücləndirir.
Hamiləlik çatlarının patogenezi
Hamiləlik çatlarının yaranma mexanizmi dermanın birləşdirici toxuma liflərinin sintez və deqradasiya proseslərinin disbalansı ilə bağlıdır. Qlükokortikosteroidlər və progestinlərin təsirindən fibroblastların elastin və kollagen sintezi dayanır, lakin fibroklastların kollagenaza və elastaza hasil etmə qabiliyyəti saxlanılır. Estrogenlərin konsntrasiyasının artması ilə əlaqədar amin turşuların nisbi çatışmazlığı şəraitində dermanın torlu qatı zəifləyir. Nəticədə dərinin elastikliyi və sərtliyi azalır, onun mexaniki dartılması zamanı kollagen və elastin lifləri cırılır, qüsurlar formalaşır. Fibrillyar zülalların deqradasiya məhsulları fibrinogen təsir göstəridiyindən destruksiya orqanizasiya və sklerozlaşma prosesləri ilə əvəz olunur, çapıq toxuması yaranır.
Zədələnmə sahəsində iltihababənzər reaksiyalar baş verir- damarlar paretik olaraq genişlənir, onların ətrafında limfositar infiltrasiya əmələ gəlir. Qüsurun bərpası üçün firboblastlar birləşdirici toxuma lifləri sintez edir, lakin striyaların altında onların mikroarxitektonikası pozulmuş olur-kollagen fibrilər xeyli miqdarda tam formalaşmayan elastinlə qarışaraq, epidermisə paralel dəstə şəklində yerləşir. Sonralar çatların əmələ gəldiyi nahiyədə damarlar, fibroblastların sayı azalır, fibroz toxuma üstünlük təşkil edir. Ocağın mərkəzində elastin liflərinə rast gəlinmir, onlar qıvrımlar və sərt qalaqlarla periferiyada lokalizasiya olunur. Epidermis və derma nazilir, bu da atrofiya üçün xaraketrikdir.
Hamiləlik çatlarının əlamətləri
Hestasiya zamanı zolağabənzər atrofodermiyanın spesifik əlaməti qarın divarı və sinədə göy-qırmızı rəngdə zolaqların yaranmasıdır. Yeni striyalar adətən hamiləliyin 25-ci həftəsindən sonra, bəzən isə qarnın həcminin kəskin böyüməsi ilə əlaqədar daha erkən vaxtlarda əmələ gəlir. Yumşaq zolaqlar bir-radial və ya paralel istiqamətdə, dəri ilə eyni səviyyədə yerləşir. Az hallarda qabarıq relyefə malik olur. Çatların eni 1-5mm, uzunluğu isə 0,8-10 sm təşkil edir. Hamiləlikdən sonra zədələnmiş ocaq köhnəldikcə ağ, ağımtıl-sarı, ağımtıl-mavi rəng alır. Striyalar gün şüalarının təsirindən qaralmır. Onlar tədricən içəri batır. Dərinin xətlli atrofiyasının ağırlaşmamış gedişi zamanı adətən hər hansı bir subyektiv əlamətlər müşahidə edilmir.
Hamiləlik çatlarının ağırlaşmaları
Əksər hallarda hamiləlik çatları ana və döl üçün heç bir təhlükə daşımır, lakin onun yaranması hamiələrdə natamamlıq kompleksinin formalaşmasına təkan verə bilər. 0,41-0,83% hallarda zülal fibrillərinin destruksiyası hamiləliyin III trimestrində qaşınan səpkilərlə müşayiət olunan polimorf dermatozların inkişafına səbəb olur. Hamiləlik striyalarının uzaq nəticələrinə geridönməyən kosmetik qüsur aiddir, bu da bəzi qadınlarda nevroz, subdepressiya, sayrışan hallara gətirib çıxarır.
Hamiləlik çatlarının diaqnostikası
Hamiləliyin II yarısında sinə və qarın nahiyəsində qırmızı-göy rəngli zolaqların əmələ gəldiyi və digər simptomatikanın olmadığı hallarda diaqnozun qoyulması heç bir çətinlik törətmir. Endokrin patologiyaya və ya neoplastik proseslərin başlanmasına şübhə yarandıqda daha ətraflı müayinələr tələb olunur:
- Hormonların səviyyəsinin təyini. Çatlar adətən kortizol, AKTH, somatotrop hormonun səviyyəsinin artması, tiroksin və triyodtironin sintezinin pozulması zamanı formalaşır. Bəzi hamilələrdə qanda estradiol, progesteronun yüksək konsentrasiyası qeyd olunur.
- Dəri bioptatlarının müayinəsi. Striyalar üçün dermanın orta və dərin qatlarında elastin fibrillərinin deformasiyası xarakterikdir: elastinin qırılmış hissələri izlənilir, bəzi liflər qalınlaşır, nazilir, qıvrılır, ğz aralarında burulur. Damarların ətrafında müxtəlif intensivlikli infiltrasiya aşkarlanır.
Endokrin-asılı şişlərdən şübhələndikdə əlavə olaraq hipotalamo-hipofizar nahiyə, qalxanabənzər vəzi, böyrəküstü vəzilər müayinə edilir. Dərinin zolağabənzər atrofiyası anetodermiya, patomimiya, xətli sklerodermiya, keloid çapıqlar, hiperkortisizm, İtsenko-Kuşinq xəstəliyi, Marfan sindromu, Pazini-Pyerini idiopatik atrofodermiyası, Lorens-Mun-Bard-Bidl sindromu ilə differensiasiya edilir. Müayinə prosesinə dermatoloq, endokrinoloq, nevropatoloq, neyrocərrah, onkoloq cəlb oluna bilər.
Hamiləlik çatlarının profilaktikası
Təzə yaranan hamiləlik striyalarının effektiv müalicə üsulları işlənilib hazırlanmamışdır. Çatların olması doğuş üsulunun seçilməsinə təsir etmir, hamiləlik adətən təbii doğuşla başa çatdırlır. Mamalıq və ekstragenital əks-göstərişlər olduqda Qeysəriyyə əməliyyatı aparılır. Mama-ginekoloq və hamilə qadının bütün səyləri striyaların profilaktikasına yönəldilir. İrsi meyllik, endokrin pozğunluqlar, piylənmə və ya pubertat dəyişikliklərlə əlaqədar zolağabənzər atrofodermiyanın rast gəlindiyi qadınlara xüsusi diqqət yetilir. Striyaların yaranma ehtimalını azaltmaq üçün aşağıdakılar məsləhət görülür:
- Pəhrizin korreksiyası. Hamiləlik zamanı çatların yaranmasının əsas səbəblərindən biri dəridə amin turşularının nisbi qüsuru olduğundan qida rasionu zülal tərkibli məhsullarla zənginləşdirilməlidir. Meylli pasiyentlər bədən çəkisinə nəzarət etməli, yüksək kalorili karbohidratlar və yağlardan imtina etməlidir.
- Vitamin-mineral komplekslərinin qəbulu. Striyaların profilaktikası məqsədilə tərkibində tokoferol, retinol, askorbin turşusu, B qrup vitaminləri olan bioloji aktiv əlavələr və dərman vasitələri təyin edilir. Maqnezium preparatlarının qəbulu kollagenin deqradasiyasını azaltmağa, dermanın sərtliyini gücləndirməyə, birləşdirici toxumanın qranulyarizasiya proseslərini zəiflətməyə imkan verir.
- Dəri yüklənmələrinin azaldılması. Birləşdirici toxuma liflərinin gərilməsinin qarşısını almaq üçün qarın əzələlərini möhkəmləndirən gimnastikalar, hestasiyanın 18-22-ci həftəsindən sonra dəstəkləyici bandajın geyinilməsi məsləhət görülür. Hamiləlik və laktasiya dövrlərində süd vəzilərinin müdafiəsi məqsədilə rahat büstqalterlərdən istifadə etmək tövsiyyə olunur.
- Dəridə mikrosirkulyasiyanın yaxşılaşdırılması. İntensiv qan təhcizatı fonunda zülal liflərinin sintezi güclənir, reparasiya prosesləri sürətlənir və normallaşır. Dəri damarlarında qan cərəyanını yaxşılaşdırmaq üçün kontrast duş, zədələnmiş nahiyənin massajı tətbiq olunur. Qidalandırıcı və nəmləndirici emolentlər həlledici olmasa da, müəyyən qədər təsir göstərir.
Kosmetik qüsurla əlaqədar estetik kosmetologiya və plastik cərrahiyəyənin xidmətlərindən hamiləlik başa çatdıqdan sonra istifadə olunur. Yaranma müddəti 6 aydan az olan çatlar zamanı daha yaxşı nəticələr almaq mümkündür. Əksər hallarda mezoterapiya, lazer üsulu ilə cilalanma, kimyəvi pilinq, hialuron turşusu, kollagenlə fonoforez və ya elektroforez, fermentoterapiya, kosmesevtik vasitələr tətbiq edilir. Dəri relyefinin kifayət qədər dəyişildiyi hallarda plastik əməliyyatlar, kontur plastikası, hialuron turşusu əsaslı preparatların inyeksiyası icra olunur.