Hamiləlik zamanı KRVİ
Hamiləlik zamanı KRVİ — hestasiya dövründə pnevmotrop viruslar tərəfindən törədilən, oxşar klinik əlamətlərlə təzahür edən kəskin respirator infeksiyalardır. KRVİ sürətlə artan kataral sindromla: zökəm, quru öskürək, boğazda ağrı və gicişmə, səsin dəyişməsi ilə müşahidə olunur. Ümumi intoksikasiyanın əlamətləri: qızdırma, zəiflik, əzginlik, mialgiya, artralgiya izlənilir. Diaqnostika İFA, PZR, qanın ümumi analizinə əsaslanır. Müalicə prosesində hərarətsalıcı, bəlğəmgətirici, öskürək əleyhinə, mukolitik, iltihabəleyhinə, antiobstruktiv preparatlardan, ağır hallarda isə donor immunoqlobulini, interferon və onun induktorları, immunomodulyatorlardan istifadə olunur.
Hamiləlik zamanı KRVİ haqqında ümumi məlumat
İnfeksion xəstəliklər, mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin məlumatlarına əsasən hamiləlik dövründə KRVİ-nın yayılması 55-82% təşkil edir. Qrip və digər kəskin respirator infeksiyalara yoluxma ümumi populyasiya ilə müqayisədə hamilələrdə daha çox rast gəlinir, xəstəliklər daha uzunmüddətli, ağır gedişə malik olub, çoxsaylı ağırlaşmalarla müşayiət edilir. Hamiləlik dövründə KRVİ, xüsusən qrip perinatal və ana ölümü riskini artırdığından adətən belə hallarda xəstə hospizalizasiya olunmalıdır. Respirator infeksiyalar üçün dekabr-mart aylarında ən yüksək səviyyəyə çatan epidemik gediş xarakterikdir.
Hamiləlik zamanı KRVİ-nin yaranma səbəbləri
Kəskin respirator virus infeksiyalarının törədiciləri hava-damcı yolu ilə keçən pnevmotrop viruslar sayılır. Bu günə qədər hestasiya dövründə soyuqdəyməyə səbəb olan 300-dən çox hüceyrəsiz infeksion agent aşkar edimişdir. Hamilələrin təxminən 50%-də xəstəlik paraqrip virusları, 15%-də — A və B tipli viruslar, 5%-də — adenoviruslar, 4%-də — respirator-sinisitial infeksiyalar törədiciləri, 1,2%-də — enteroviruslar, 1%-dən hallarda isə — rinoviruslar, кoronaviruslar, reoviruslara yoluxma nəticəsində inkişaf edir. 23% hamilələrdə KRVİ qarışıq etiologiyaya malik olur. Hestasiya dövründə respiratər infeksiyaların tez-tez baş verməsi və onların uzunmüddətli, ağırlaşmış gedişi hamilə qadının orqanizmində yaranan fizioloji dəyişikliklərlə əlaqədardır. Əksər mama-ginekoloqların fikrincə hamilələrdə KRVİ-nin inkişafına təsir edən spesifik hestasion amillər aşağıdakılardır:
- İmmunitetin zəifləməsi. Hamiləlik zamanı immun dəyişikliklər qadın orqanizmi üçün yad cisim hesab olunan dölün qovulmasının qarşısını almağa yönəldilir. Progesteron və kortizolun səviyyələrinin artması immunosupressiyaya səbəb olur. Törədicinin sürətli eliminasiyasında əsas rol oynayan hüceyrə immuniteti daha çox zəifləyir.
- Ağciyərlərin hiperventilyasiyası. Ana və döl toxumalarının oksigenizasiyasını təmin etmək üçün bronx-ağciyər sistemi tədricən tənəffüsün diafraqma tipinə keçir. Diafraqmanın ekskursiyasının güclənməsi sayəsində alveolların daha keyfiyyətli ventilyasiyası təmin olunur. Bu zaman tənəffüs sisteminin aşağı şöbələrinə virusların keçməsi üçün optimal şərait yaranır.
- Traxeo-bronxial ağacın selikli qişasının şişkinliyi. Sirkulyasiya edən qanın həcminin fizioloji artması və arteriolodilatasiya nəticəsində hamilələrdə kapilyarların qanla dolması güclənir, bu da selikli qişaların şişkinliyinə gətirib çıxarır. Bu dəyişikliklər iltihabi ödemlərlə oxşar olduğundan, infeksiyanın qoşulması klinik simptomatikanı ifadəliliyini daha da artırır.
Hamiləlik zamanı KRVİ-nin patogenezi
Viruslar tərəfindən törənən əksər kataral infeksiyalar antroponoz sayılır, bəzən xəstəlik məməlilər və quşlar (donuz qripi, quş qripi) vasitəsilə yayılır. Hamiləlik zamanı KRVİ törədicinin daşıyıcı, xəstə insandan, nadir hallarda isə rekonvalessentdən hava-damcı yolu ilə sağlam şəxsə keçməsi nəticəsində inkişaf edir. Viruslara məişət-təmas yolu ilə (əllə görüşmə, əşyalar) də yoluxma mümkündür. Adətən infeksiyanın giriş qapısı burun, burun-udlaq, qırtlaq, traxeya, bronxların epitel qatı hesab olunur, bəzən viruslar gözün və MBT-nın selikli qişasından da insan orqanizminə daxil ola bilir. Əvvəlcə infeksion agent epitel hüceyrəsinə yapışır, sonra isə onun daxilinə keçərək, replikasiya edir. Epiteliositlərin dağılması virus hissəciklərinin selikli qişa boyunca yayılması, lokal iltihabi reaksiyanın inkişafı ilə müşayiət edilir.
KRVİ-nin törədicisinin qana keçməsi ümumi intoksikasiyanın yaranmasına səbəb olur. Orqanizm virus antigenlərinə qarşı cavab reaksiyası limfositlərin proliferasiyası (əsasən T tipli) və interferonun sintezinin artması ilə ifadə olunur. Virusun tam eliminasiyasından sonra soyuqdəymənin ağırlaşmamış gedişi zamanı tənəffüs yolları epitelin zədələnmiş qatlarından təmizlənir. İmmunitet zəif olduqda ağciyərlərin alveolları, burunətrafı ciblərin, təbil boşluğunun selikli qişaları prosesə qoşulur. Ağır hallarda cift infeksiyalaşır, bu da fetoplasentar qan dövranının pozulması, dölün inkişafının ləngiməsi və ölümü ilə nəticələnir.
Hamiləlik zamanı KRVİ-nin əlamətləri
Hamilələrdə immunitet zəifliyi ilə əlaqədar inkubasion dövr qısa (2-3 gün) olur. Törədicinin yüksək virulentliyi zamanı infeksiyanın ilkin əlamətləri yoluxmadan bir neçə saat sonra yarana bilər. Əksər kataral virus infeksiyalarının klinik şəkli oxşardır. Hamiləlik zamanı kataral simptomatika adətən tədricən, lakin hestasiyadan kənar dövrlə müqayisədə daha sürətlə inkişaf edir: qadın zökəm, boğazda ağrı və gicişmə, quru öskürək, səsin xırıltılı olmasından şikayət edir.
Qrip zamanı intoksikasiya əlamətləri (başgicəllənmə, baş ağrısı, əzginlik, zəiflik, əzələ və oynaq ağrıları) ağır, digər respirator infeksiyalarda isə mülayim olur. Çox zaman xəstələrdə iştah azalır. Bəzən ürəkbulanma, qusma, adenovirus infeksiyası zamanı fotofobiya, gözlərdə ağrı, boyun və çənəaltı limfa düyünlərinin böyüməsi müşahidə edilir. 3-5 müddətində hərarətin 38°С-yə, qrip infeksiyasında isə 39-40°С-yə qədər yüksəlməsi qeyd olunur. Eləcə də qrip zamanı üz, boyun, selikli qişaların hiperemiyası, skleraya qansızma xarakterikdir. Kəskin dövr orta hesabla 7-10 gün davam edir. Rekonvalessensiya dövründə selikli bəlğəmlə müşayiət olunan bəlğəmli öskürək aşkarlanır.
Hamiləlik zamanı KRVİ-nin ağırlaşmaları
KRVİ-nin törətdiyi intensiv öskürək və asqırma qarın boşluğunda təzyiqin artması ilə müşayiət edilir, bu da uşaqlığın tonusunun artmasına və nəticədə erkən düşük və ya vaxtından qabaq doğuş riskinin 25-50%-ə qədər yüksəlməsinə səbəb olur. Selikli qişanın ödemi ilə əlaqədar burun tutulması və ventilyasiyanın pisləşməsi səbəbindən ağciyərlərdə qaz mübadiləsi pozulur, qanın oksigenlə doyması azalır. Bu hal dölün hipoksiyasına gətirib çıxara bilər. Cift toxumasının virus mənşəli zədələnməsi zamanı fetoplasentar çatışmazlıq, ciftin vaxtından əvvəl qocalması müşahidə olunur. Keçirilmiş kataral infeksiyalardan sonra 3,2% hamilələrdə ciftin vaxtından əvvəl ayrılması qeyd edilir, əksər hallarda doğuş fəaliyyətinin zəifliyi, doğuş prosesində qanaxmalar izlənilir.
Hamiləliyin I trimestrində virusun transplasentar ötürülməsi hüceyrə səviyyəsində zədələnmələrə səbəb olur, həqiqi inkişaf qüsurlarının formalaşması, dölün ölümü, inkişafdan qalmış hamiləliklə nəticələnir. Qrip infeksiyasında teratogenez riski daha yüksək olur (10%). II-III trimestrdə bətndaxili infeksiyalaşma zamanı ayrı-ayrı orqanların iltihabi zədələnməsi (meningit, ensefalit, pnevmoniya), iltihabın generalizasiyası, çoxsaylı anomaliyaların formalaşması, dölün ölümü və ya inkişafdan qalması ilə müşahidə edilən erkən və gecikmiş fetopatiyalar aşkarlanır. Doğuşdan sonra uşaqlar adətən qeyri-aktiv, halsız olur, onlarda müxtəlif tənəffüs pozğunluqları baş verir.
Hamiləlik zamanı KRVİ erkən toksikoz, hestozların gedişini ağırlaşdırır, immunosupressiya fonunda şərti-patogen mikrofloranın aktivləşməsi səbəbindən yaranan ikincili infeksiyalarla fəsadlaşa bilər. Əksər hallarda kəskin sinusit, orta irinli otit, bronxit, bakterial pnevmoniya inkişaf edir. Xroniki infeksiyalar və somatik xəstəliklərin – revmatizm, pankreatit, xolesistit, pielonefrit, qlomerulonefritin kəskinləşməsi mümkündür. KRVİ-nin nadir, lakin ağır fəsadlarına ikincili miokardit, perikardit, miozit, meninqoensefalit, polinevrit, nevralgiya, Reye sindromu, toksiko-allergik şok aiddir.
Hamiləlik zamanı KRVİ-nin diaqnostikası
Epidemiya zamanı hamilələrdə kəskin respirator virus infeksiyasının diaqnozunun qoyulması heç bir çətinlik törətmir. Belə hallarda diaqnostika kataral əlamətlər və intoksikasiyadan ibarət xarakterik klinik şəkil əsasında aparılır. Epidemiya dövründən xaric xəstəliyin sporadik formalarında aşağıdakı müayinələrin aparılması məsləhət görülür:
- Qanın ümumi analizi. Adətən KRVİ zamanı leykopeniya, normal və ya azalmış EÇS izlənilir. Limfositlərin miqdarı əsasən T-fraksiyası hesabına çoxalır. Leykositoz və EÇS-nin kəskin artması əksər hallarda ikincili bakterial infeksiyanın qoşulmasından xəbər verir.
- Seroloji üsullar. A, B qripi, paraqrip, adenovirus, respirator-sinsitial virusların ekspress-diaqnostikası üçün İFA və PZR tətbiq olunur. İFA epitel hüceyrələrində virus antigenlərini, PZR-diaqnostika isə kliniki sınaqlarda törədicilərin genetik materialını aşkar etməyə imkan verir.
Ağciyərlər, burunətrafı ciblərin rentgenoqrafiyası yalnız həyati göstərişlər üzrə ikincili pnevmoniya və ya sinusitin inkişafına şübhə yarandıqda təyin edilir. Düşük riski və dölün inkişaf qüsurlarının istisna edilməsi məqsədilə hestasiyanın 17-20–ci həftəsində xorionik qonadotropin və alfa-fetoproteinin səviyyəsi müəyyənləşdirilməlidir. KRVİ zamanı vaxtından qabaq doğuş ehtimalının qiymətləndirilməsi fetoplasentar kompleks hormonlarının (plasentar laktogen, progesteron, estriol, kortizol) konsentrasiyasına əsasən aparılır.
III trimestrdə dölün vəziyyətinə nəzarət etmək üçün KTQ, fetometriya, fonokardioqrafiyanın tətbiqi məsləhət görülür. Ciftin ehtimal olunan patologiyaları USM və uşaqlıq-plasentar qan dövranının doppleroqrafiyası vasitəsilə aşkarlanır. KRVİ-nin müxtəlif növləri arasında, kontagioz virus infeksiyaları (məxmərək, qızılca, skarlatina), bakterial xəstəliklər (angina, kəskin faringit, laringit, traxeit, bronxit, ağciyərlərin iltihabı) ilə differensial diaqnostika aparılır. Göstərişlərə əsasən pasiyent infeksionist, pulmonoloq, oftalmoloq, otolarinqoloq, nevropatoloq müayinəsinə yönəldilir.
Hamiləlik zamanı KRVİ-nin müalicəsi
Həkim taktikasının seçilməsi zamanı hestasiya müddəti, törədicinin növü, xəstəliyin gedişi nəzərə alınır. Dölün ehtimal olunan inkişaf anomaliyaları ilə əlaqədar hamiləliyin ilkin mərhələlərdə dayandırılması yalnız seroloji təsdiq olunmuş qrip zamanı məsləhət görülür. Digər hallarda hamiləlik davam etdirilə bilər. Hamilə qadının vəziyyətinin korreksiyasında qeyri-medikamentoz üsullar: fiziki və emosional sakitliyin təmini, ehtiyac olduqda yataq rejimi, 7-8 saatlıq gecə yuxusu, bitki dəmləmələri və ya hazır inhalyasion məhlullarla buxar inhalyasiyaları, aromaterapiya mühüm yer tutur. İntoksikasıyanın daha tez aradan qalxması üçün gün ərzində 1,5-2 l-ə qədər maye, xüsusən turş içkilər qəbul edilməlidir. Qida rasionu zülallar, tərkibində C vitamini (sitrus bitkiləri, kələm, qarağat, alma) və fol turşusu olan məhsullarla (kartof, paxlalı bitkilər) zənginləşdirilməlidir.
KRVİ-nin etiotrop müalicəsinin imkanları preparatların dar təsir spektri, onların dölə zədələyici təsiri, bəzi yeni dərman vasitələrinin yan təsirlərinin öyrənilməməsi səbəbindən məhduddur. Ağır qrip hallarında qripəleyhinə donor immunoqlobulinindən istifadə edilir. Hamiləlik dövründə xəstəliyin müddətinin və ehtimal olunan ağırlaşmaların azaldılması üçün patogenetik terapiya tətbiq olunur:
- İnterferon və onun induktorları. Hamiləliyin pozulma riski ilə əlaqədar rekombinant insan interferonu yalnız qripin ağır formalarında hestasiyanın 32-ci həftəsindən sonra təyin olunur. İnterferonogenezin müasir stimulyatorlarının orqanizmin virusəleyhinə yüksək aktivliyə malik α- və β-interferonlarının sintezini gücləndirməsinə baxmayaraq, onlardan yalnız zəruri hallarda istifadə edilir, bu da interferon induktorlarının dölə təsirinin kifayət qədər öyrənilməməsi ilə izah olunur.
- İmmunomodulyatorlar. Rezus-münaqişəsiz hamiləliklərdə hestasiya müddətindən asılı olmadan imunofan əsaslı preparatların istifadəsi mümkündür. Bu vasitələr spesifik virusəleyhinə anticisimlərin sintezini artırır, ifadəli detoksikasiyaedici təsir göstərir, epitel membranlarının müqavimətini gücləndirir. Polivitamin kompleksləri və bəzi homeopatik vasitələr mülayim immunostimuləedici təsirə malikdir.
Klinik simptomatikaya əsasən hamiləlikdə istifadəsinə icazə verilən hərarətsalıcı, bəlğəmgətirici, öskürək əleyhinə, mukolitik, iltihabəleyhinə, antiobstruktiv preparatlarla simptomatik terapiya təyin olunur. Antibiotiklər yalnız bakterial ağırlaşmalar zamanı tətbiq edilir.
Hamiləlik əsasən təbii doğuşla başa çatdırılır. KRVİ-nin kəskin mərhələsində anomal doğuş fəaliyyəti, qanaxmalar, doğuşdan sonra yaranan irinli-septiki xəstəliklərin riski əhəmiyyətli dərəcədə artdığından hamiləliyin ifadəli kataral simptomatikanın sönməsinə qədər uzadılması və eyni zamanda dölün hipoksiyasının profilaktikası məsləhət görülür. Doğuş prosesində ağrısızlaşdırılma, doğuşdan sonra isə uterotoniklərin yeridilməsi və profilaktik antibiotikoterapiya göstəriş hesab olunur. Qeysəriyyə əməliyyatı mamalıq göstərişlərinə əsasən icra edilir.
Hamiləlik zamanı KRVİ-nin proqnoz və profilaktikası
Hamiləlik zamanı KRVİ-nin ağırlaşmamış formaları öz-özünə və ya 7-10 gün müddətində aparılan minimal terapiya fonunda sağalır. Ağırlaşmalar zamanı proqnoz ciddiləşir. Epidemiya dövründə profilaktik tədbirlər -ictimai yerlərdən uzaq durmaq, evdən çıxmazdan əvvəl burunun selikli qişasına oksalin mazının çəkilməsi, ağız və burunu bağlayan maskalardan istifadə, gəzintidən gəldikdən sonra burun və boğazın duzlu məhlulla yaxalanması virusların selikli qişalara düşməsinin qarşısını almağa kömək edir. Hamiləliyin planlaşdırılmasından əvvəl və ya I-II trimestrlərdə qrip əleyhinə fəsil immunizasiyasının effektivliyi 55-90%-ə çatır. Ümumi rezistentliyin artırılması məqsədilə istirahət, yuxu, qidalanma rejimi düzgün seçilməli, stresslər istisna edilməli, vitamin-mineral komplekslərindən istifadə olunmalıdır. Ağırlaşmaların ciddiliyini nəzərə alaraq, hamiləlik dövründə KRVİ-nin ilkin əlamətləri müşahidə olunduqda dərhal mama-ginekoloqa müraciət etmək lazımdır.