Hamilələrdə bronxial astma

Hamilələrdə bronxial astma — tənəffüs orqanlarının hestasiya dövründə və ya ondan əvvəl yaranan atopik, bronxospastik xəstəliyidir. Bronxial astma hamiləliyin gedişinə təsir edərək, xarakterik boğulma, az produktiv öskürək, təngnəfəslik, küylü fitvari tənəffüs müşahidə olunur. Xəstəliyin diaqnozu fizikal müayinə üsülları, allergik reaksiyaların markerlərinin laborator təyini, spiroqrafiya, pikfloumetriyanın köməyilə qoyulur. Bazis müalicə üçün inhalyasion qlükokortikoidlər, antileykotrienlər, beta-aqonistlərin kombinasiyasından, tutmaları aradan qaldırmaq üçün qısa təsirli bronxodilatatorlardan istifadə olunur.

Hamilələrdə bronxial astma barədə ümumi məlumat

Bronxial astma (BA) — hamilələrdə tənəffüs sisteminin ən çox rast gəlinən patologiyası olub, xəstələrin 2-9%-də rast gəlinir.  Mama-ginekoloq və pulmonoloqların müşahidələrinə əsasən 33-69% hamilələrdə xəstəliyin proqressivləşməsi qeyd olunur. Bununla yanaşı qadınların bir qisminin vəziyyəti stabil qalır, hətta yaxşılaşır. Bronxial astmanın yüngül formaları – 62%, orta ağırlıqlı – 30%, ağır formaları isə 8% xəstələrdə müşahidə olunur. Patologiyanın ağırlaşmalarına hamiləliyin istənilən dövrlərində rast gəlmək olar, lakin çox hallarda II trimestrdə inkişaf edir, son 4 həftə müddətində sərbəst kortizolun miqdarının artması nəticəsində spontan remissiya başlayır.  Bronxial astmanın müasir diaqnostikasının aktuallığı düzgün medikamentoz nəzarət zamanı ağırlaşmaların olmaması ilə bağlıdır.

Hamilələrdə bronxial astmanın yaranma səbəbləri

Hamilə qadınlarda xəstəliyin yaranma faktorları hamilə olmayan qadınlarda  rast gəlinən amillərlə eynidir. Bronxial astmanın inkişafında atopiya (immunoqlobulinin (IgE) sintezinin artması ilə orqanizmin hipersensibilizasiyası nəticəsində allergik xəstəliklərə qarşı irsi meyllik) böyük rol oynayır. Bronxospastik vəziyyətlərin yaranmasına xarici triggerlərin-məişət allergenlərinin (boya maddələrinin, tikinti materiallarının toz və buxarı), bitki tozcuqları,  heyvanların tükləri, qida məhsulları, farmasevtik preparatlar, siqaret tüstüsü, peşə zərərləri və s. təsiri təkan verir. Xəstəliyə meyllli hamilələrdə əlamətlər respirator virus infeksiyaları, xlamidiya, vərəm mikobakteriyaları, bağırsaq və digər parazitlər fonunda inkişaf edə bilər.

Hamilələrdə bronxial astmanın yaranması və onun gedişinə təsir edən amillər tam öyrənilməmişdir. Mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin fikrincə bir sira hallarda xəstəliyin yaranması məhz hamiləliklə bağlı olur və doğuşdan sonra əlamətlər davam edə və ya tamamilə itə bilər.  Hestasiya dövründə bronxospazmın inkişafına, xəstəliyin kəskinləşməsinə və onu simptomatikasının ağırlaşmasına səbəb olan bir sıra neyroendokrin, immun və mexaniki amilllər aşkar olunmuşdur:

  • Endogen bronxokonstriktorların sekresiyasının güclənməsi. Ciftin ana hissəsi və uşaqlığın toxumaları saya əzələlərin yığılmasını stimulyasiya edən prostaqlandin F2α sintez edir. Onun konsentrasiyası hestasiya dövrünün sonunda artaraq, doğuşun vaxtında başlamasını təmin edir. Eləcə də bu maddə bronxların saya əzələ liflərinin spazmına səbəb olaraq tənəffüs yollarının obstruksiyasına gətirib çıxarır.
  • İmmunoqlobulin E –nin konsentrasiyasının yüksəlməsi. IgE-nin yüksək səviyyəsi — sensibiləedici amillərin təsirinə qarşı yaranan atopik reaksiyaların patogenezinin əsas mərhələsi hesab olunur. Dölün antigenlərinin davamlı təsirinə cavab olaraq inkişaf edən immun dəyişikliklər hamilə qadının qanında bu immunoqlobulinin səviyyyəsinin artmasına səbəb olur və bronxospazm və astmanın yaranma ehtimalını yüksəldir.
  • α-adrenoreseptorların miqdarının artması. Hamiləliyin sonlarında baş verən hormonal dəyişikliklər adekvat doğuş fəaliyyətinin təmininə yönəlir. α-adrenoreseptorların stimulyasiyası miometriumun yığılma aktivliyinin güclənməsi ilə müşayiət olunur. Bronxlarda bu reseptorların sayının artması bronxospazmın yaranmasına təkan verir.
  • Kortizola qarşı həssaslığın azalması. Qlükokortikoidlər xəstəliyin patogenezinin müxtəlif mərhələlərinə təsir edən astmaəleyhinə kompleks xüsusiyyətlərə malikdir. Hamiləlik zamanı digər hormonlarla rəqabət səbəbindən ağciyər reseptorlarının kortizola qarşı həssaslığı azalır. Nəticədə bronxların spazmının yaranma ehtimalı yüksəlir.
  • Tənəffüs hərəkətlərinin dəyişiklikləri. Progesteronun stimulyasiyaedici təsiri I trimestrdə hipervensilyasiyanın yaranmasına və karbon qazının parsial təyziqinin artmasına səbəb olur. II-III trimestrlərdə böyüyən uşaqlığın təyziqi və kiçik qan dövranı damarlarının müqavimətinin artması təngnəfəsliyin yaranmasını sürətləndirir.  Belə hallarda bronxospazmın inkişafı asanlaşır.

Hamilələrdə bronxial astmanın yaranma ehtimalını artıran digər amil progestoronun təsirindən ilk növbədə tənəffüs yollarının selikli qişalarında ödemin əmələ gəlməsidir. Bundan əlavə hamilələrdə yemək borusu-mədə sfinkterinin saya əzələlərinin boşalması ilə əlaqədar əksər hallarda bronxospazmın inkişafında trigger amil sayılan qastroezofageal reflüks formalaşır. Bəzi hallarda bronxial astmalı qadınlar qlükokortikoidlərlə dəstəkləyici terapiyanın dölə verə biləcəyi zərərdən ehtiyat edərək, həmin preparatların qəbulunu saxlayır, bu da xəstəliyin kəskinləşməsinə səbəb olur.

Hamilələrdə bronxial astmanın patogenezi

Hamiləlik zamanı bronxial astmanın inkişafının əsas mərhələsi vegetativ sinir sisteminin spesifik dəyişiklikləri, siklik nukleotidlərin (siklik AMF) azalması, tosqun hüceyrələrin deqranulyasiyası, histamin, leykotrien, sitokin, hemokin və digər iltihab mediatorlarının təsirindən bronxial ağacın reaktivliyinin artması hesab olunur. Trigger allergenlərinin təsirindən tənəffüs yollarının müqavimətinin artması, alveol toxumasının gərilməsi, ağciyərlərin ventilyasiyası ilə onların perfuziyası arasında uyğunsuzluqla müşayiət olunan bronxların geridönən obstruksiyası baş verir. Tənəffüs çatışmazlığın son mərhələsi hipoksemiya, hipoksiya, metabolizmin pozulması ilə müşahidə olunur.

Hamilələrdə bronxial astmanın təsnifatı

Bronxial astmadan əziyyət çəkən hamilələrin aparılması zamanı xəstəliklərin formalarının ağırlıq dərəcəsi nəzərə alınmaqla tərtib olunmuş kliniki sistemləşməsindən istifadə olunur.  Bu yanaşma zamanı təsnifatın əsas kriteriyaları boğulma tutmalarının yaranma tezliyi, onların davam etmə müddəti, xarici tənəffüsün göstəricilərinin dəyişməsi hesab olunur. Hamiləlik zamanı bronxial astmanın aşağıdakı formalarına rast gəlinir:

  • Epizodik (intermittə edici). Boğulma tutmalarına həftədə 1 dəfədən çox olmamaqla, gecə vaxtlarında ayda 2 dəfədən çox olmamaqla rast gəlinir. Kəskinləşmə dövrü bir neçə saatdan bir neçə günə kimi davam edir. Kəskinləşmələr müşahidə olunmadıqda xarici tənəffüsün funksiyaları pozulmur.
  • Yüngül persistəedən. Xarakterik əlamətlərə gün ərzində 1 dəfədən çox olmamaqla, həftə ərzində bir neçə dəfə rast gəlinir. Kəskinləşmə zamanı yuxu və fiziki aktivliyin pozulmasına rast gəlmək olar. Nəfəs vermənin zirvə sürəti və forsirəolunmuş nəfəsvermə həcmi gün ərzində 20-30% dəyişir.
  • Orta ağırlıqlı persistəedən. Gündəlik tutmalar müşahidə olunur. Gecə boğulmalarına həftədə 1 dəfədən çox rast gəlinir. Fiziki aktivlik və yuxu pozulur. Nəfəs vermənin zirvə sürəti və forsirəolunmuş nəfəsvermə həcmi 20-40% azalır, onların sutkalıq variasiyaları 30%-dən çox olur
  • Ağır persistəedən. Hamilələri gecə yaranan və tez-tez kəskinləşən tutmalar narahat edir. Fiziki aktivliyin məhdüdlaşması müşahidə olunur. Xarici tənəffüsün əsas göstəriciləri 40% azalır, onların sutkalıq variasiyaları 30%-dən yüksək olur.

Hamilələrdə bronxial astmanın əlamətləri

Xəstəliyin xarakterik əlaməti qısa nəfəsalma və uzun çətinləşmiş nəfəsvermə ilə müşayiət olunan boğulmalardır. Hamilələrin bir qismində klassik simptomatikadan əvvəl aura – burun tutulması, asqırma, öskürək, dəridə güclü qaşınma ilə müşayiət olunan urtikar səpki müşahidə olunur. Tənəffüsün asanlaşması ücün xəstə xarakter vəziyyət – ortopnoe alır: ciyinləri qaldırıb önə əyilərək oturur və ya ayaq üstə dayanır.  Tutmalar zamanı fasiləli nitq, şüşəyəbənzər bəlğəmli azproduktiv öskürək, uzaqdan eşidilən fitvari xırıltılar  müşahidə olunur, ürək ritmləri artır, dəri və görünən selikli qişalarda sianozuna rast gəlinir.

Tənəffüsdə adətən köməkçi əzələlər – çiyin qurşağı, qarın əzələləri iştirak edir. Qabırgaarası sahələr genişlənir, içəri dartılır və döş qəfəsi silindrik forma alır.  Nəfəs alma zamanı burun qanadları qabarır. Boğulmalar müəyyən aeroallergen, qeyri-spesifik irritant (siqaret tüstüsü, qaz və kəskin iyli ətirlər) və  fiziki gərginliyin təsirindən yaranır. Vaxtaşırı simptomatika gecələr inkişaf edərək, yuxunun pozulmasına səbəb olur.  Xəstəliyin üzünmüddətli gedişi zamanı  döş qəfəsinin aşağı hissəsində diafraqmanın gərilməsi ilə əlaqədar ağrə müşahidə olunur. Tutmalar öz-özunə və ya bronxodilatatorların istifadəsindən sonra keçir. Tutmalar arası dövrdə kliniki əlamətlərə adətən rast gəlinmir.

Hamilələrdə bronxial astmanın ağırlaşmaları

Bronxial astmalı xəstələrdə lazimi medikamentoz müalicə aparılmadıqda tənəffüs çatışmazlığı, arterial hipoksemiya inkişaf edir, periferik mikrosirkulyasiya pozulur. Nəticədə xəstələrin 37%-də erkən toksikoz, 43%-də – hestoz, 26%-də – düşük təhlükəsi, 14,2 %-də isə vaxtından əvvəl doğuş halları qeyd olunur. Dölün əsas orqanları və sistemlərinin təməli qoyulduğu dövrdə hpoksiyanın yaranması anadangəlmə inkişaf anomaliyalarının formalaşmasına gətirib çıxarır. Tədqiqatların nəticələrinə əsasən I trimestrdə boğulma tutmaları və kəskinləşmələr müşahidə olunan qadınların dünyaya gətirdiyi uşaqların 13%-də ürək qüsurları, MBS, onurğa sütunu, sinir sisteminin inkişaf pozğunluqlarına rats gəlinir.

Qanda sirkulyasiya edən immun komplekslər uşaqlıq-cift damarlarının endotel qişasının zədələnməsinə səbəb olur ki, bu da bronxial astmalı hamilələrin 29%-də fetoplasentar çatışmazlıqla nəticələnir. Dölün inkişafdan qalmasına – 27%, hipotrofiya – 28%, hipoksiya və yenidoğulmuşun asfiksiyasına isə 33% hallarda rast gəlinir. Bronxial astmalı qadınların dünyaya gətirdiyi hər 3-cü uşaqda çəki azlığı müşahidə olunur. Bu göstərici xəstəliyin steroiddən asılı formasında daha yüksək olur. Ananın antigenləri ilə daimi qarşılıqlı təsir uşağın allergenlərə qarşı sensibilizasiyasına səbəb olur. Bu uşaqların 45-58%-də allergik xəstəliklərin yaranma riski yüksək olur və onlar KRVİ, bronxit və prevmoniyalarla daha tez yoluxurlar.

Hamilələrdə bronxial astmanın diaqnostikası

Hamilələrdə təkrarlanan boğulma tutmaları və qəflətən yaranan az produktiv öskürəyin olması bronxial astma diaqnozunun təsdiqi və ya inkar edilməsi məqsədilə kompleks müayinələrin aparılması üçün ciddi səbəb hesab olunur. Hestasiya dövründə diaqnostik testlərin aparılmasında bəzi məhdudiyyətlər mövcuddur. Allergik reaksiyanın generalizasıyasının mümkünlüyünü nəzərə alaraq, hamilələrə ehtimal olunan allergenlər provokasion və skarifikasion testlər, histamin, metaxolin, asetilxolin və digər mediatorların provokasion inhalyasiyaları təyin olunmur. Hamiləlik zamanı bronxial astma diaqnozunun qoyulmasında aşağıdakı üsullar daha informativ sayılır:

  • Ağciyərlərin perkussiya və auskultasiyası. Tutmalar zamanı ağciyər nahiyəsində qutu səsi aşkarlanır. Ağciyərlərin aşağı sərhəddi aşağıya doğru yerdəyişmiş olur, onların ekskursiyası demək olar ki, müşahidə olunmur. Quru xışıltılarla müşayıət olunan zəifləmiş tənəffüs qeyd olunur.  Adətən öskürəkdən sonra ağciyərlərin arxa-aşağı hissələrində xəstələrin əksəriyyətində tutmalar arası intervalda saxlanıla bilən fitvari xırıltıların güclənməsi müşahidə olunur.
  • Allergik reaksiyaların markerləri. Bronxial astma üçün histamin, imunoqlobulin E, eozinofil kation zülalının (ECP) səviyyəsinin yüksəlməsi xarakterikdir. Histamin və IgE-nin miqdarı adətən kəskinləşmə zamanı və tutmalar arası dövrdə çoxalır. ECP konsentrasiyasının artması  eozinofillərin «allergen+ immunoqlobulin E» kompleksinə qarşı spesifik immun reaksiyasından xəbər verir.
  • Spiroqrafiya və pikfloumetriya. Spiroqrafik müayinələr forsirəolunmuş nəfəsvermə həcminin (FNH1) əsasında xarici tənəffüsün obstruktiv və ya qarışıq tipli funksional pozğunluqlarını müəyyən etməyə imkan verir. Fikfloumetriya zamanı gizli bronxospazm aşkar edilir, onun ağırlıq dərəcəsi və nəfəsvermənin zirvə sürətinin (NZS) sutkalıq variasiyaları təyin olunur.

Diaqnostikanın əlavə kriteriyalarına qanın ümumi analizində eozinofillərin miqdarının artması, bəlğəmin analizində eozinofil hüceyrələri, Şarko-Leyden kristalları və Kurşman spirallarının aşkar olunması, EKQ-də sinus taxikardiyası, sağ qulaqcıq və mədəciyin yüklənmə əlamətləri  aiddir. Differensial diaqnostika ağciyərlərin xroniki obstruktiv xəstəlikləri, mukovissidov, traxeobronxial diskineziya, konstriktiv bronxiolit, fibrozlaşmış və allergik alveolit, ağciyər və bronxların şiş xəstəlikləri, tənəffüs orqanlarının peşə xəstəlikləri, urək-damar sisteminin ürək çatışmazlığı ilə müşayiət olunan patologiyaları arasında aparılır. Göstərişdən asılı olaraq xəstə pulmonoloq, allerqoloq, kardioloq, onkoloq müayinəsinə göndərilir.

Hamilələrdə bronxial astmanın müalicəsi

Bronxial astmalı xəstələrin aparılması zamanı hamilələr və dölün keyfiyyətli monitorinqi, respirator funskiyasının normal səviyyədə saxlanılmasını təmin etmək vacibdir. Xəstəliyin stabil gedişi zamanı hestasiya dövrünün 18-20, 28-30-cu həftələrində və doğuşdan əvvəl qadın pulmoloq tərəfindən müayinə olunmalədır. Xarici tənəffüsün funksiyasına pikfluometriya vasitəsilə nəzarət  olunur. Fetoplasentar çatışmazlığın yaranma ehtimalının yüksək olması nəzərə alınaraq fetometriya və cift qan dövranının doppleroqrafiyası müntəzəm şəkildə aparılır. Müalicə sxemi bronxial astmanın ağırlıq dərəcələrinə əsasən seçilir:

  • Bronxial astmanın intermittə edən formasında bazis dərman vasitələri təyin olunmur. Allergenlə ehtimal olunan təmasdan əvvəl,  bronxospazmın ilkin əlamətləri yaranan zaman və tutma anında β2-aqonist qrupuna aid qısa müddətli təsirli inhalyasion bronxodilatatorlardan  istifadə olunur.
  • Bronxial astmanın persistəedən formalarında B kateqoriyasına aid inhalyasion qlükokortikoidlərdən ibarət basiz terapiya aparılır. Xəstəliyin ağırlığından asılı olaraq qlükortikoidlər antileykotrien, qısa və ya uzunmüddətli təsirli β-aqonistlərlə kombinə edilir. Tutmalar inhalyasion bronxodilatatorlarla aradan qaldırılır.

Hiperqlikemiya, hestasion diabet, eklampsiya, preeklampsiya, körpənin az çəki ilə doğulma riskini artıran sistemli qlükokortikoidlərdən yalnız bazis farmakoterapiyanın kifayət qədər effekt vermədiyi hallarda istifadə olunur. Triamsinolon, deksametazon, depo-formaların istifadəsı əks-göstərişdir. Prednizoloun analoqlarına üstünlük verilir. Kəskinləşmə zamanı dölün hipoksiyanın baş verməsinin qarşısını almaq və ya azaltmaq vacibdir. Bu məqsədlə saturasiyanı normada saxlamaq üçün oksigen və 4-cü nəsil atropin törəmələr ilə inhalyasiya, daha ağır hallarda isə ağciyərlərin süni ventilyasiyası aparılır.

Bronxial astmanın sakit gedişi zamanı təbii doğuş məsləhət görülməsinə baxmayaraq, 28% hallarda mamalıq göstərişləri olars Qeysəriyyə kəsiyi əməliyyatı aparılır. Xəstənin doğuş fəaliyyəti başlandıqdan sonra bazis preparatlar hestasiya dövründə təyin olunan dozalarda davam etdirlir. Ehtiyac yarandıqda uşaqlıq yığılmalarının stimulyasiyası məqsədilə oksitosin təyin edilir. Belə hallarda prostaqlandinin təyini bronxospazm törədə bilər. Laktasiya dövründə antiasnatik bazis dərmanlar xəstəliyin klinik formasına uyğun dozalarda qəbul edilir.

Hamilələrdə bronxial astmanın proqnoz və profilaktikası

Hamilələrdə bronxial astmanın adekvat terapiyası döl və ana üçün yarana biləcək təhlükəni minimuma endirir. Düzgün müalicə zamanı perinatal proqnoz saglam qadınların dünyaya gətirdikləri uşaqların proqnuzndan fərqlənmir. Risk qrupuna daxil olan allergik reaksiyalara meylli və ya atopik xəstəliklərdən əziyyyət çəkən xəstələrə profilaktik məqsədlə siqaretdən imtina etmək, məişət, peşə, qida, bitki, heyvan, ekzoallergenlərlə təması məhdüdlaşdırmaq məsləhət görülür.  Bronxial astmalı xəstələrdə kəskinləşmələrin tezliyini azaltmaq məqsədilə müalicəvi bədən tərbiyəsi (MBT), müalicəvi massaj, xüsusi seçilmiş tənəffüs hərəkətləri kompleksi, speleo– və haloterapiya təyin olunur.

error: Content is protected !!