Hamilələrdə sitomeqalovirus infeksiyası

Hamilələrdə sitomeqalovirus infeksiyası — mayalanmadan əvvəl və ya hestasiya dövründə sitomeqalovirus tərəfindən törədilən klinik manifest və yaxud latent gedişli infeksion xəstəlikdir. Hipertermiya, kataral əlamətlər, boyun və çənəaltı limfadenit, sialoadenit, ümumi intoksikasiya, ağımtıl-mavi ifrazatlar, bəzən – hepatomeqaliya, splenomeqaliya, generalizəolunmuş limfadenopatiya ilə təzahür edir. Diaqnostika prosesində seroloji və molekulyar laborator üsullardan istifadə olunur. Müalicə insan immunoqlobulini, rekombinant alfa-2-interferon, ağır gedişlərdə isə nukleozidlərin sintetik analoqları ilə aparılır.

Hamilələrdə sitomeqalovirus infeksiyası barədə ümumi məlumat

Sitomeqalovirus infeksiyası (sitomeqaliya, SMVİ) — dölün zədələnməsi və müxtəlif anadangəlmə anomaliyaların inkişafına səbəb olan ən geniş yayılmış infeksion xəstəliklərdən biridir. Regiondan asılı olaraq, sitomeqalovirusa qarşı anticisimlər 40-98% pasiyetlərdə aşkarlanır. Sitomeqaliyaya  sosial və ekonomik inkişafı aşağı səviyyədə olan əhali qruplarında  daha çox rast gəlinir. Avropa ölkələrində hər 1000 doğuşdan 3-5-də anadangəlmə sitomeqaliya qeydə alınır, digər ölkələrdə bu göstərici  0,2 -2,2% təşkil edir.

Hamilələrdə sitomeqalovirus infeksiyasının səbəbləri

Xəstəlik herpes virus ailəsinə məxsus iri ölçülü DNT-genom sitomeqaloviruslar tərəfindən törədilir. Mütəxəssislər törədicinin 3 stammını ayırd edirlər, onların hər biri sərbəst şəkildə eyni adamı yoluxdura bilər. Yoluxma mayalanmadan əvvəl və ya hamiləlik dövründə baş verir. Viruslar orqanizmdə ömürlük persistə olunaraq, demək olar ki, bütün növ toxumaları zədələyir. İnfeksionistlərin bir qismi SMV-nin şərti-patogen mikroorqanizm olduğunu və onun reaktivliyinin yalnız immunitetin kifayət qədər zəiflədiyi hallarda müşahidə edildiyini hesab edir.

Hestasiya dövründə sitomeqalovirusun patogenliyinin güclənməsi orqanizm tərəfindən yad cisim kimi qəbul olunan dölün müdafiəsinə yönələn fizioloji immunosupressiya ilə bağlıdır. Estrogen, progesteron, kortizolun təsirindən virus və zədələnmiş hüceyrələrin eliminasiyasında birbaşa iştirak edən T-limfositlərinin mütləq və nisbi miqdarı azalır, sitotoksikliyi zəifləyir. Nəticədə sitomeqalovirusların replikasiyası sürətlənir, onlar orqanizmə daha sürətlə  yayılır və qoruyucu anticisimlərin sayı kifayət qədər olmadıqda plasentar baryeri dəf edir.

Hamilələrdə sitomeqalovirus infeksiyasının patogenezi

Sitomeqalovirus infeksiyası yoluxma yollarının müxtəlifliyi ilə səciyyələnir. Virus aerogen, təmas, fekal-oral, hemotransfuzion, cinsi, vetrikal üsullarla, eləcə də hamilədən dölə transplasentar yolla yayılır.  Nisbətən aşağı virulentliklə əlaqədar yoluxmuş şəxslə sıx təmasın olması mütləqdir. SMVİ törədicisi demək olar ki, bütün bioloji mühitlərdə: tüpürcək, qan, sidik, göz yaşı mayesi, likvor, ana südü, servikal, vaginal, uretral sekret, sperma, düz bağırsaqdan selik, dölyanı mayelərdə müəyyən edilir.  Sitomeqaloviruslar orqanizmə daxil olduqdan sonra hüceyrələrin səthində adsorbsiya olunur, onlara nüfuz edir, DNT tam şəkildə replikasiyaya uğrayır, formalaşmış virionlar qonşu hüceyrələrə keçərək, qanla bütün orqanizmə yayılır. Tüpürcək vəzilərinin, ilk növbədə qulaqətrafı, digər ekzokrin vəzilərin axacaqlarının epiteli virionlara daha həssasdır.

Limfogen və hematogen generalizasiyadan sonra adətən qeyri-produktiv infeksiya fazası (gizli daşıyıcılıq) başlanır, bu mərhələ virus hissəciklərinin yoluxmuş hüceyrə daxilində uzun müddət qalması və  bölünmə zamanı onların qız hüceyrələrinə ötürülməsi ilə xarakterizə edilir. Normal immunitetli qadınlarda klinik manifestasiya baş vermir, xəstəlik dərhal daşıyıcılıq xarakteri alır. Sitomeqalovirus həssas hüceyrələrdə uzun müddət qeyri-aktiv formada persistə oluna bilər. SMV-nin limfosit və mononuklearlara keçməsi onun virusəleyhinə anticimlərdən müdafiəsini təmin edir.

Hamilələrdə immunitetin zəiflədikdə sitomeqalovirus infeksiyasının reaktivasiyası – virusun persistə olunduğu hüceyrələrin nüvəsinin dağılması, hematogen disseminasiya, vəzili orqanların zədələnməsi, vaskulitlərin inkişafı, müxtəlif toxuma hüceyrələrinin spesifik sitomeqalik metamorfozunun induksiyası mümkündür. Hestasiya dövründə viruslar xovlararası sahədən hematogen yolla  dölü dölü yoluxdurur. SMV trofoblastın membranı zədələmə qabiliyyətinə malikdir.

Hamilələrdə sitomeqalovirus infeksiyasının təsnifatı

Hamilələrdə sitomeqalovirus infeksiyasının əsas formalarının sistemləşdirilməsi patoloji prosesin klinik şəkli və manifestasiya müddəti nəzərə alınmaqla aparılır. Belə yanaşma xəstəliyin ağırlaşmalarının proqnozlaşdırılması və hamiləliyin optimal aparılma taktikasının seçilməsi baxımından daha əlverişlidir. Mamalıq və ginekologiya sahəsinin mütəxəssisləri tərəfindən infeksiyasnın aşağıdakı formaları ayırd edilir:

  • Birincili-manifest SMVİ. Patologiyanın ən qeyri-qənaətbəxş variantıdır. Spesifik IgG-nin olmadığı hamilələrdə birincil infeksiyalaşma nəticəsində baş verir. Virusun transplasentar yolla ötürülməsi (30-75%) və dölün bətndaxili zədələnmə ehtimalının yüksək olması ilə seçilir. Hestasiya dövründə 4%-dən az pasiyentlərdə aşkarlanır. I trimestrdə kəskin simptomatikalı yoluxma hallarında hamiləliyin süni yolla dayandırılması məsləhət görülür.
  • Daşıyıcılıq. Hamilələrdə sitomeqalovirus xəstəliyinin ən geniş yayılmış formasıdır. Daşıyıcı qismində mayalanmadan əvvəl xəstəliyin aktiv formasının rast gəlindiyi və ya infeksiyanın güclü immunitet fonunda dərhal qeyri-produktiv formaya keçdiyi qadınlar iştirak edir. Pasiyentin qanında sirkulyasiya edən G-immunoqlobulinlər dölü SMV ilə yoluxmadan qoruyur. İmmunosupressor təsirlərin istisna olunduğu hallarda hestasiyanın patoloji gediş riski minimaldır.
  • Latent infeksiyanın reaktivasiyası. Sitomeqalovirus daşıyıcılarında immunitet kifayət qədər zəiflədikdə xəstəliyin klinik şəkli inkişaf edir. 40-50% seropozitiv hamilələrdə xəstəlik bu və ya digər dərəcədə kəskinləşir. 0,15-0,36% hallarda virus transplasentar yolla uşağa ötürülür. Anadangəlmə anomaliyaların ən yüksək yaranam riski sitomeqalovirus xəstəliyinin hestasiyanın 7-12-ci həftəsində kəskinləşməsi zamanı müşahidə edilir.

Hamilələrdə sitomeqalovirus infeksiyasının əlamətləri

Latent daşıyıcılıq zamanı klinik simptomatika izlənilmir. SMVİ-li hamilələrin 4-5%-də burundan selikli ifrazatlar, bədən hərarətinin 38-40°С-yə qədər yüksəlməsi, çənəaltı, boyun limfa düyünlərinin, qulaqətrafı tüpürcək vəzilərinin böyüməsi və ağrılı olması şikayətləri ilə müşayiət olunan tipik birincili kəskin və ya reaktivləşmiş latent infeksiya qeydə alınır.  Ümumi intoksiyasiya əlamətləri – halsızlıq, əzginlik, yuxululuq, baş ağrıları, ürəkbulanma müşahidə edilir. Ağımtıl-mavi vaginal ifrazatlar mümkündür. İmmunitetin əhəmiyyətli dərəcədə azalması zamanı qaraciyər, dalağın böyüməsi, sağ və sol qabırğaaltı sahələrdə ağırlıq, diskomfort, ağrı hissi, limfa düyünlərinin generalizasiyalı böyüməsi müəyyən edilir. Kəskin faza adətən 2-3 həftəyə qədər davam edir.

Hamilələrdə sitomeqalovirus infeksiyasının ağırlaşmaları

Hestasiyanın ağırlaşmış gedişi əsasən kəskin və ya reaktivləşmiş infeksiya zamanı qeyd olunur. belə pasiyentlərdə əksər hallarda ağır embio- və fetopatiyalarla əlaqədar spontan düşüklər, uşaqlığın hipertonusu nəticəsində vaxtından əvvəl doğuş, inkişafdan qalmış hamiləlik, ölü doğuşlar baş verir. Trofoblast membranının zədələnməsi zamanı SMVİ ciftin bitişməsi, cift toxumasının hipertrofiyası və vaxtından əvvəl qocalması, fetoplasentar çatışmazlıq, dölün hipoksiyası və inkişafının ləngiməsi ilə ağırlaşa bilər. Doğuşlarda ciftin vaxtından əvvəl ayrılması, atonik qanaxmalarla bağlı massiv qanitirmə mümkündür. Doğuşdan sonrakı dövrdə latent endometritlərə rast gəlinir. Gələcəkdə dismenoreyanın inkişaf ehtimalı yüksəlir.

Kəskin birincili sitomeqalovirus xəstəliyi zamanı dölün transplasentar infeksiyalaşma və polihidramnionun (dölyanı mayenin çoxluğu) yaranma riski xeyli yüksəlir. Uşaqlar çox zaman az çəki ilə doğulur. SMV-yə I trimestrdə yoluxma daha təhlükəlidir, belə hallarda adətən mikrosefaliya, xorioretinit,  neyrosenser eşitmə zəifliyi, inkişafın digır anomaliyaları inkişaf edir. Bətndaxili infeksiyalaşmadan sonra anadangəlmə sitomeqaliya simptomsuz gedə, ağır dərəcəli manifest formalarla və ya ayrı-ayrı orqanların zədələnmələrinin nəticəsi olaraq (hepatomeqaliya, uzunmüddətli sarılıq, əmmə və udqunmanın pozulması, əzələ tonusunun dayanıqlı azalması, tremor, anemiya, trombositopeniya, əqli inkişafın ləngiməsi, pnevmoniya, miokardit, pankreatit, kolit, nefrit) təzahür edə bilər. Uşaqlarda SMVİ-nin uzaq ağırlaşmalarına həyatın 2-5-ci ilində özünü büruzə verən korluq, karlıq, nitq pozğunluğu aiddir.

Güclü  immunosupressiyalı hamilələrdə SMVİ ağır gedişə malik olur, ekstragenital ağırlaşmalar daha tez aşkar edilir. Xəstəliyin qeyri-qənaətbəxş formalarına ağciyərlərin (interstisial pnevmoniya), beynin (meningit, ensefalit), periferik sinir sisteminin (mielit, poliradikulonevrit), ürəyin (miokardit, perikardit), qan yaranmanın (trombositopeniya, hemolitik anemiya) sitomeqalovirus mənşəli zədələnmələri daxildir. İnfeksiyanın sürətli generalizasiyası zamanı sepsis, infeksion-toksiki şok, DDL-sindromunun inkişafı etdiyi hallarda hamilə qadının həyatı ciddi təhlükə altına alınır.

Hamilələrdə sitomeqalovirus infeksiyasının diaqnostikası

SMVİ-nin vaxtında diaqnostikasının çətinliyi əksər hamilələrdə simptomatikanın izlənilməməsi və manifestasiya zamanı klinik şəklin polimorfluğu ilə bağlıdır. Uşağın sitomeqalovirus infeksiyaya perinatal yolxuma riskinin yüksək olmasını nəzərə alaraq, skrininq qismində TORCH-kompleksinə görə analiz məsləhət görülür. Diaqnostikanın aparıcı üsulları infeksion agentin verifikasiyasına, seroloji markerlərin aşkarlanmasına və prosesin kəskinliyinin müəyyən edilməsinə imkan verən laborator analizlərdir. Sitomeqaliyaya şübhə yarandıqda pasiyentlərin müayinə planına aşağıdakı üsullar daxil edilir:

  • İmmunoferment analiz. İFA sitomeqalovirus xəstəliyinin diaqnostikasının ən dəqiq və informativ üsulu sayılır. IgM-in aşkar edilməsi və IgG titrinin 4 dəfədən çox artması aktiv infeksiyanın olmasına dəlalət edir. İnfeksiyanın müddəti G-immunoqlobulinlərinin aviditeti barədə məlumatlarına (göstəricinin 30%-dən az olduğu hallarda proses birincili hesab olunur) əsasən təyin
  • PZR-diaqnostika. Sitomeqalovirusun nuklein turşuları bioloji sekretlərdə müəyyən olunur. Adətən analiz üçün qan, sidik, servikal sekret, bukkal yaxmalardan istifadə edilir. Virusun DNT-nin aşkarlanması infeksiyalaşmanı sübut edir, kəmiyyət üsulları isə infeksiyanın gedişinə nəzarət etməyə imkan verir.

Sitomeqalovirus infeksiyasının hestasiyanın istənilən mərhələsində reaktivasiya ehtimalını nəzərə alaraq, daşıyıcılara hamiləliyin  8-12, 23-25, 33-35-ci həftələrində planlı virusoloji monitorinq məsləhət görülür. Dölün bətndaxili zədələnməsinə şübhə yarandıqda kordosentez ilə göbək ciyəsi qanında IgM təyini, amniosentez, amnion mayesində törədicinin PZR-diaqnostikası icra olunur. Dölün vəziyyətinin qiymətləndirilməsi, fetoplasentar çatışmazlığın, mümkün anomaliyaların  müəyyən olunması məqsədilə göstərişlər üzrə döl və ciftin USM, uşaqlıq-cift qan dövranının doppleroqrafiyası, fetometriya, KTQ, dölün fonokardioqrafiyası, xorionun biopsiyası aparılır. Sitomeqaliya İİV-infeksiyası, infeksion mononukleoz, toksoplazmoz, listerioz, herpes, virus hepatitləri, bakterial sepsis, limfaqranulomatoz, kəskin leykozla differensiasiya edilir. Zərurət olduqda pasiyent infeksionist, immunoloq, virusoloq, onkoloq, onkohematoloq tərəfindən konsultasiya olunur.

Hamilələrdə sitomeqalovirus infeksiyasının müalicəsi

Hestasiyanın aparılma taktikası SMVİ-nin klinik forması və infeksiyalaşma müddəti nəzərə alınmaqla təyin edilir. I trimestrdə birincili-manifest sitomeqaliya zamanı abortlar məsləhət görülür. Həmçinin klinik və laborator üsullarla təsdiqlənmiş birincili infeksiyalı pasiyentlərdə hestasiyanın 22-ci həftəsinə qədər dölün inkişaf qüsurlarının ultrasəs əlamətlərinin aşkarlanması hamiləliyin süni yolla pozulmasına göstəriş sayılır. Digər hallarda hamiləliyin davam etdirilməsi mümkündür. Daşıyıcı hamilələrə medikamentoz terapiya təyin edilmir. Sitomeqalovirus xəstəliyinin kliniki və laborator əlamətləri izlənilmədikdə güclü immunosupressiyanın qarşısının alınması məqsədilə  həyat tərzinin korreksiyası tələb olunur. Adekvat yuxu və istirahət rejimi, fiziki və psixoloji yüklənmələrin istisna edilməsi, balanslaşdırılmış qidalanma, vitamin-mineral komplekslərinin qəbulu, KRVİ profilaktikası  mütləqdir.

Aktiv formalı infeksiyalarda kəskinləşmələrin aradan qaldırılması və sitomeqalovirusun ekskresiyasının dayandıtılmasına yönəldilmiş müalicə icra olunur. Düzgün medikamentoz terapiyanın seçiminin çətinliyi əksər virusəleyhinə vasitələrin fetotoksikliyi ilə əlaqədardır. Göstərişlər və əks-göstərişlər nəzərə alınmaqla hestasiya dövründə SMVİ-nin müalicəsində aşağıdakı vasitəlrədən istifadə olunur:

  • Antisitomeqalovirus insan immunoqlobulini. Hiperimmun preparatlar spesifik IgG-nin titrini bərpa etməyə, törədicinin replikasiyasını tormozlamağa və onun disseminasiyasını məhdudlaşdırmağa imkan verir. İnsan immunoqlobulinin tətbiqi sitomeqaliya virusu ilə bətndaxili infeksiyalaşma riksini əhəmiyyətli dərəcədə azaldır.
  • Rekombinant α-2-interferon. Preparat T-helper və T-killerləri stimulyasiya edir, T-hüceyrə immunitetinin səviyyəsini yüksəldir. Faqositlərin aktivliyini və B-limfositlərin differensiasiya sürətini artırır. Sitomeqalovirusların replikasiyasını zəiflədir, onların müxtəlif immun agentlər tərəfindən inaktivasiyasına səbəb olur. Rektal şam formasında tətbiqi məsləhət görülür.
  • Nukleozidlərin sintetik analoqları. Sitomeqalovirus infeksiyasının yalnız ağır generalizasiya olunmuş formalarında təyin olunur. Virusəleyhinə preparatlar virus hissəciklərinin DNT-polimerazasını inhibə etməklə sitomeqalovirusların DNT-nin sintezini tormozlayır.

Hestasiyanın vaxtından əvvəl pozulma riski ilə əlaqədar interferonogenezin induktorları, immunomodulyatorlardan çox nadir hallarda istifadə olunur. Qeyri-medikamentoz üsullardan qanın endovaskulyar lazer şüalanması və plazmoferezə üstünlük verilir. Sitomeqaliyalı qadınlarda hamiləlik əsasən təbii doğuşla başa çatdırılır. Qeysəriyyə əməliyyatı mütləq mamalıq və ya ekstragenital və ya nisbi göstərişlərin (sitomeqalovirusla bətndaxili yoluxma, dölün xroniki hipoksiyası, onun inkişafının II-III dərəcəli ləngiməsi, anamnezdə birincili və ikincili sonsuzluq) müştərəkliyi zamanı icra edilir.

Hamilələrdə sitomeqalovirus infeksiyasının proqnoz və profilaktikası

Latent SMVİ-nin vaxtında aşkarlanması və onun aktivləşməsinin profilaktikası hamiləliyin sonluğunu (həm ana, həm də uşaq üçün) əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Birincili sitomeqalovirus infeksiyasının generalizasiyası zamanı proqnoz qeyri-qənaətbəxş olur. Sitomeqaliyanın diaqnozunun təqdiqləndiyi hallarda hamiləliyin mama-ginekoloqun məsləhətləri nəzərə alınmaqla planlaşdırılması, aktiv prosesin aradan qaldırılması, peptid immunostimulyatorlar və rekombinant interferonlardan istifadə edilməklə preqravidar immunokorreksiya tələb olunur. Manifest SMVİ zamanı virusəleyhinə terapiyanın aparılması ağırlaşmaların yaranmasına görə təhlükəli sayılan I trimestrdə infeksiyanın reaktivasiya riskini 75% azaldır. Yoluxmanın ümumi profilaktikasına şəxsi gigiyena qaydalarına riayət – əllərin tez-tez yuyulması, digər insanlarla sıx əlaqədən imtina aiddir.

error: Content is protected !!