Hemoperikard

Hemoperikard – ürək damarları və ya ürəyin travmatik, neoplastik və yaxud idiopatik mənşəli zədələnmələri nəticəsində perikard boşluğuna qanın yığılmasıdır. Ürək tamponadası əlamətləri: döş sümüyü arxasında ağrı, zəiflik və tərləmə, ölüm qorxusu, sianoz, boyun venalarının qabarması, arterial hipotoniya, ürək fəaliyyətinin zəifləməsi ilə təzahür edir. Hemoperikardın diaqnozu döş qəfəsinin rentgenoqrafiyası, EKQ və ExoKQ, perikardiosentezin nəticələrinə əsasən təsdiqlənir. Müalicə ürək yaralanmalarında təcili cərrahi müdaxilə və qanaxmanın dayandırılması; ürək tamponadası inkişaf etdikdə isə perikardiosentez və ya cərrahi drenajlamadan ibarətdir.

Hemoperikard barədə ümumi məlumat

Hemoperikard – ürəkətrafı kisədə qanın toplanması ilə əlaqədar ürəyin tamponadası, hemodinamika və ürək fəaliyyətinin kəskin pozulmalarına səbəb olan təhlükəli haldır. Kəskin massiv hemoperikard kəskin ürək çatışmazlığı və xəstənin ölümünə gətirib çıxara bilər. Kardiologiyada hemoperikard perikarditin xüsusilə də hidroperikardın ağırlaşması kimi qiymətləndirilir.

Perikard boşluğu ürəyin xarici toxuma qişasının parietal və visseral səhifələri arasındakı yarığabənzər sahədir. Burada bir sıra izoləolunmuş ciblər (sinuslar) mövcuddur: ön aşağı (perikardın döş sümüyü-qabırğa və diafraqmal hissələri araslnda), köndələn (perikardın ön və arxa hissələrini birləşdirən) və çəp (perikardın arxa aşağı hissəsində aşağı boş və ağciyər venaları arasında). Hemoperikard zamanı qan ön-aşağı cibdə toplanır.

Hemoperikardın yaranma səbəbləri

Perikard boşluğa qanaxmanın səbəblərinə əsasən hemoperikard travmatik və qeyri-travmatik mənşəli olur. Əksər hallarda hemoperikard döş qəfəsinin küt (zərbə, yıxılma) və ya dəlib-keçən zəədlənmələri, perikardın yaralanmaları (izoləolunmuş və ya ürək yaralanması ilə müştərək), ürək və iri damarların qapalı zədələnməsi nəticəsində baş verir. Perikard boşluğuna qanın sirayət etməsi ürək və damarlarda aparılan cərrahi əməliyyatlardan sonra (əsasən ürək əzələsinə qoyulan tikişlərin aralanması zamanı) müşahidə edilə bilər.

Ürək əməliyyatı zamanı plevranın açılmaması ilə yerinə yetirilən transsternal müdaxilədə plevra boşluğuna qan axını süni dayandırıldığından hemoperikardın inkişaf ehtimalı artır. Ürəyin perforasiyası və hemoperikardın inkişafına aşağıdakı müalicəvi-diaqnostik manipulyasiyalar səbəb olur: ürək boşluğunun zondlanması, angioqrafiya, miokard  və perikardın biopsiyası, aparıcı ritmin implantasiyası, əlavə aparıcı yolların kateter ablasyası, ürəkdaxili inyeksiyalar, mərkəzi venanın kateterizasiyası, sternal punksiya.

Qeyri-travmatik genezli hemoperikardın inkişafına koronar və perikardial damarların, ürəyin kəskin və ya xroniki postinfarkt anevrizmalarının cırılmaları, aorta anevrizmasının perikard boşluğuna partlaması gətirib çıxara bilər. Miokard exinokokkozu, hummoz miokardit və miokard absesi zamanı yaranan hemoperikard ürəyin ölümcül tamponadası ilə nəticələnə bilər.

Həmçinin hemoperikard perikard və ya miokardın birincili şişləri (hemangioma, angiosarkoma), hemofiliya, hemorragik diatezlərdə müşahidə olunur.

Hemoperikardın əlamətləri

Hemoperikardın klinik simptomatikasının ifadəliliyi perikard yarığına sızan qanın həcmindən asılıdır. Perikarda tökülən qanın miqdarının az olduğu hallarda ürək funskiyası pozulmur, xəstəlik simptomsuz gedişə malik olur. Qan 150-200ml həcmində toplandıqda perikarddaxili təzyiq yüksələrək, ürək tamponadasının inkişafına səbəb olur. Hemoperikard zamanı ürəyin kompressiyası sol mədəciyin dolmasının və ürək atımının azalmasına, qanın sağ qulaqcığa axının pozulmasına gətirib çıxara bilər. Hemoperikard tərəfindən koronar arteriyaların sıxılması miokardın işemiyasını daha da artırır. Arterial hipotoniya və qan cərəyanının pozulması ilə əlaqədar anemiya və  daxili  orqanların, ilk növbədə beynin hipoksiyası yaranır.

Ürəyin tamponadasının inkişaf etməsi ilə gedən hemoperikard zamanı xəstələrdə ürək nahiyəsində ağrı, halsızlıq, boyun, yuxarı ətraflar və üz venalarının şişkinliyi, həyəcan və qorxu hissi, tərləmə, dəri örtükləri və selikli qişaların sianozu, bayılmalar qeydə alınır. Zəif nəbzlə taxikardiya  (nəbz təzyiqi 10mm.c.süt-dan aşağı) müşahidə olunur, ürək tonları karlaşmışdır və ya eşidilmir, ürək təkanları müəyyən edilmir, pasiyentin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir.

Perikard boşluğunda qanın 400-500 ml həcmində toplanması xəstənin həyatı üçün təhlükə törədir – ürək fəaliyyətinin dayanması ilə nəticələnir. Perikard boşluğuna qanın sürətlə yığıldığı hallarda tamponada səbəbindən ölüm hemoperikardın inkişaf anından bir neçə saniyə və ya dəqiqə ərzində baş verir.

Hemoperikardın diaqnostikası

Hemoperikardın diaqnozu kardiocərrah tərəfindən xarakterik klinik əlamətlər, xəstəliyin səbəbləri, döş qəfəsinin rentgenoqrafiyası, elektrokardioqrafiya (EKQ), exokardioqrafiya (ExoKQ), perikardiosentezin nəticələrinə əsasən qoyulur.

Əlamətlərin qəfil inkişafı, ürək və damarlarda cərrahi və diaqnostik müdaxilələrin aparılması faktı, döş qəfəsinin travması, divararalığı şişləri, ürək və aorta anevrizması, infeksion miokarditin olma ehtimalı nəzərə alınır. Hemoperikardlı pasiyentlərin müayinəsi auskultasiyada ürək tonlarının karlığı və ya olmamasını, ürəyin mütləq və nisbi kütlüyünün perkutor sərhədlərinin genişlənməsini, palpasiyada zirvə təkanının itməsini aşkar etməyə imkan verir.

Elektrokardioqramma üçün mədəcik komplekslərinin voltajının azalması, ürəyin əsas patologiyasını (miokard infarktı) əks etdirən dəyişikliklərin olması xarakterikdir. Exokardioqrafiya zamanı ürəyin divarları ilə perikard arasında exosiqnalların qırılması hətta kiçik ölçülü hemoperikarddı da təyin etməyə şərait yaradır.

Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında ürəyin kölgəsinin bütün istiqamətlərdə böyüməsi, ürək qövslərinin hamarlaşması, sərhədlərin pulsasiyasının amplitudunun azalması və ya olmaması hemoperikardın diaqnozunu təsdiqləyir. Xəstənin vəziyyəti qənaətbəxş olduqda ürəyin kölgəsinin böyüməsinə əsasən perikardda qanın toplanma sürətini müəyyən edən dinamik rentgenoloji müayinə yerinə yetirilir.

Hemoperikardın etiologiyasını dəqiqləşdirmək məqsədilə əlavə müayinələr: perikardioskopiya, perikardial biopsiya, zərurət olduqda perikardın diaqnostik punksiyası (perikardiosentez), perikardial mayenin sitoloji, bakterioloji analizi aparıla bilər. Ürək tamponadasının proqressivləşməsi əlavə müayinələrin tətbiqini və dəqiq diaqnozun qoyulmasını çətinləşdirir.

Hemoperikard qeyri-iltihabi hidroperikard, hiloperikard, pnevmoperikard, kəskin eksudativ perikardit (seroz-fibroz, hemorragik) və miokarditlər differensiasiya olunmalıdır.

Hemoperikardın müalicəsi

Hemoperikarda şübhə yarandıqda xəstə təcili surətdə kardiocərrahiyyə şöbəsinə hosputalizasiya edilməlidir. Hemoperikardın müalicəsi ürəyə təzyiqin azalmasına, ürək əzələsinin yığılma qabiliyyətinin normallaşmasına və xəstəliyin yaranma səbəblərinin likvidasiyasına yönəldilir.

Ürək fəaliyyətinin pozulmasına səbəb olmayan kiçik ölçülü hemoperikard zamanı konservativ terapiya aparılır: sakitlik rejimi, ürək nahiyəsinə soyuq, hemostatiklər, ağrıkəsici və ürək preparatları təyin olunur.

Ürək və damar yaralanmalarında perikardial yarığa qanın toplanmasının səbəblərini aradan qaldırmaq məqsədilə təcili cərrahi müdaxilə; hemoperikardın artması və ürəyin tamponadasının inkişafının aydın əlamətləri zamanı perikard boşluğunun cərrahi drenajlanması və ya  perikardın punksiyası (perikardiosentez) ilə yığılan qanın aspirasiyası  göstəriş sayılır.  Perikardiosentez EKQ, ExoKQ-nəzarət və hemodinamikanın göstəricilərinin monitorinqi ilə icra edilir.

Eyni zamanda itirilən qanın və homeostazın bərpası məqsədilə  reanimasiya tədbirləri aparılır. Bir müddət sonra hemoperikardın etiologiyasından asılı olaraq, əsas xəstəlik müalicə edilir.

error: Content is protected !!