Hemorroidal düyünlərin sallanması

Hemorroidal düyünlərin sallanması xroniki babasilin proqressivləşməsi nəticəsində varikoz damar düyünlərinin anal kanalın hüdudlarından kənara çıxması ilə səciyyələnir. Bu patoloji vəziyyət anus nahiyəsində kiçik ölçülü düyünlərin olması, anal kanalda yad cisim hissi ilə təzahür edir. Diaqnoz xarici baxış, anoskopiya və rektoromanoskopiyanın nəticələrinə əsasən qoyulur. Bəzi hallarda düz bağırsaq və anal kanalın endorektal ultrasonoqrafiyasından istifadə olunur, laborator müayinələr təyin edilir. Əlamətlər konservativ yolla aradan qaldırıldıqdan sonra əsas xəstəliyin müalicəsi aparılır.

Hemorroidal düyünlərin sallanması barədə ümumi məlumat

Hemorroidal düyünlərin sallanması – gücənmə və ya fiziki gərginlik zamanı genişlənmiş venoz kələflərin anal kanaldan xaricə çıxması ilə xarakterizə olunur. Patologiya olduqca geniş yayılmışdır. Hər 1000 nəfər arasında 130–145 xəstələnmə halları qeydə alınır. Çox zaman babasilli xəstələr erkən əlamətlərə fikir verməyərək, həkimə yalnız hemorroidal düyünlərin sallanması zamanı müraciət edir. Hər iki cinsin nümayəndələrində xəstəliyin rastgəlmə tezliyi eynidir. Qadınlarda hamiləlik və doğuşdan sonra proses proqressivləşə bilər. Hemorroidal düyünlərin sallanmasından adətən oturaq, hipodinamik həyat tərzi keçirən insanlar əziyyət çəkir. Müasir cəmiyyətimizdə belə şəxslərin sayı artdığından problemin aktuallığı yüksəlməkdə davam edir. Xəstəliyin diaqnostika və müalicəsi proktoloq tərəfindən həyata keçirilir.

Hemorroidal düyünlərin sallanmasının səbəbləri

Hemorroidal düyünlərin sallanması fibroz-əzələ toxumasında gedən bir sıra distrofik patoloji proseslərlə bağlıdır. Onlar da öz növbəsində qan dövranının pozulmasına, durğunluğa və damar divarlarının gərilməsinə gətirib çıxarır. Sadalanan dəyişikliklərə aşağı fiziki aktivlik, oturaq iş, daimi qəbizlik, alqoqolizm, qeyri-düzgün qidalanma, hamiləlik, doğuş travmaları səbəb olur.

Hemorroidal düyünlərin sallanmasının patogenezi

Düyünlərin ölçüləri artdıqca onlar düz bağırsağın aşağı hissəsinə enirlər. Düyünlərin divarları nazilir, özləri isə qanayır və iltihablaşır. Distrofik dəyişikliklər bağırsağın selikli qişasına və saxlayıcı aparatına yayılır. Sfinktorlar kavernoz sinusları fiksə edə bilmədiyindən hemorroidal düyünlərin anal kanaldan xaricə cıxması baş verir. Göy rəngli, kürə formalı damar törəməsi saya əzələlər və birləşdirici toxyma ilə ayrılan çoxsaylı boşluqlardan ibarət olur. Hemorroidal düyünlərin sallanması zamanı kavernoz törəmələrin divarlarında distrofiya, iltihab əlamətləri, boşluq daxilində qan yığını, bəzən isə tək və ya çoxsaylı tromblar yaranır.

Hemorroidal düyünlərin sallanmasının əlamətləri

Hemorroidal düyünlərin sallanmasına xroniki babasilin ilkin əlamətlərindən təxminən 5 il sonra rast gəlinir. Bu əlamət xəstəliyin birinci mərhələdən ikinci dövrə keçməsini xarakterizə edir. Əvvəlcə düyünlər yalnız defekasiya, güclü fiziki gərginlik, öskürək, asqırma zamanı anal dəlikdən xaricə çıxır. Bu mərhələdə sfinkterlərin və fibroz-əzələ toxumasının funksiyası itirilmədiyindən düyünlər sərbəst şəkildə düz bağırsağa qayıdır. Pasiyent anal kanalda yad cisim hissindən şikayət edir. Bəzən hemorroidal düyünlərin sallanmasını aradan qaldırmaq üçün sfinkteri gərginləşdirmək lazım gəlir. Belə hallarda iltihablaşma, düyünün zədələnməsi riski artır, qanaxma sürətlənir.

Növbəti dövr xroniki babasilin III mərhələyə keçməsi ilə səciyyələnir. Hemorroidal düyünlərin sallanması təkcə defekasiya aktı ilə bağlı olmayıb, bədən vəziyyətinin kəskin dəyişməsi, yerimə, ağırlıq qaldırma zamanı da müşahidə edilir. Düyünlər düz bağırsağa sərbəst şəkildə qayıda bilmədiyindən xəstə onları barmaqla yerinə salır. Əlamətlərin güclənməsi aralıq toxumalarında və düz bağırsağın divarlarında gedən distrofik proseslərdən asılıdır. Bu dəyişikliklər sfinkterlərin yığılma funksiyasının əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olur. Hemorroidal düyünlərin sallanmasından əlavə xəstəni daimi anal qaşınma, düz bağırsaq nahiyəsində müxtəlif intensivlikli ağrı, tez-tez baş verən qanaxmalar narahat edir.

Sonuncu mərhələdə anus və aralığın əzələ-bağ sistemi tamamilə dağılaraq, birləşdirici toxuma ilə əvəz olunur. Hemorroidal düyünlərin sallanması daimi xarakter alır, onları əvvəlki kimi əllə geri qaytarmaq qanaxma ilə nəticələnir. Düyünlər yerimə, oturma, defekasiya aktı, anus nahiyəsində gigiyenik prosedurların aparılması zamanı zədələnir. Bu mərhələdə infeksion ağırlaşmaların yaranma ehtimalı yüksəlir. İnfeksiyalaşmanın ilkin əlaməti anus nahiyəsində ağrının yaranmasından ibarətdir; bədən hərarəti febril həddə qədər arta bilər. Xəstəlik adətən hemorroidal düyünlərin trombozu və güclü qanaxmalarla ağırlaşır.

Hemorroidal düyünlərin sallanmasının diaqnostikası

Hemorroidal düyünlərin son mərhələlərinin diaqnostikası çətinlik törətmir. Proktoloqun baxışı zamanı anus ətrafında müxtəlif dərəcəli hərəkətliliyə malik, göy rəngli yumru formalı patoloji  törəmələr aşkarlanır. Onların divarlarından damar toru asanlıqla sezilir. Əksər pasiyentlərdə düyünlərin səthində maserasiya, yara və iltihab əlamətləri müşahidə edilir.

Xəstəliyin ilkin mərhələləri çətin diaqnostika olunur. Proktoloji müayinə zamanı mütəxəssis düyünlərin vəziyyəti qiymətləndirir, anus nahiyəsində çat və maserasiyaların, eləcə də qanaxma əlamətlərinin olmasına diqqət yetirir. Müayinə prosesində hemorroidal düyünlərin sallanma dərəcəsi, onların əllə geriyə qaytarılmasının mümkünlüyü təyin edilir. Anal refleksin gücünü yoxlamaq üçün anal dəlik ətrafındakı dəri xüsusi zondla zəif qıcıqlandırılır. Barmaq müayinəsi ağrılı nöqtələri aşkarlamağa, düz bağırsaqda olan düyünlərin ölçülərini, anal sfinkterin vəziyyətini və onun iradi yığılmalarının gücünü müəyyən etməyə imkan verir.

Hemorroidal düyünlərin sallanmasının diaqnozu əsasən endoskopik müayinələrin köməyilə təsdiqlənir. Ən sadə endoskopik üsul anoskopiyadır. Müayinə prosesində anorektal nahiyə daxil olmaqla düz bağırsaq 8-12 sm uzunluqda vizualizasiya edilir. Pasiyent gücənməyə başladıqda ansokopla hemorroidal düyünlərin sallanmasını aydın şəkildə görmək mümkündür. Bu da xəstəliyin erkən mərhələlərdə diaqnostikasını asanlaşdırır.

Hemorroidal düyünlərin sallanması və babasil zamanı aparılan mütləq diaqnostik prosedurları sırasına rektoromanoskopiya daxildir. Rektoromanoskopla anal dəlikdən 25 sm məsafədə düz bağırsağın yuxarıda yerləşən hissələrini müayinə etmək mümkündür. Rektoromanoskopiya düz bağırsağın proksimal şöbələrində gedən dəyişikliklərin hərtərəfli vizualizasiyasına şərait yaradır.

Proktologiyada düz bağırsaq və anal  kanalın endorektal ultrasonoqrafiyası son zamanlar geniş tətbiq olunur. Bu üsulla hemorroidal düyünlərdə gedən dəyişiklikləri aşkar etməklə yanaşı, şiş xəstəlikləri, düz bağırsağın polip və kistaları ilə differensial diaqnostika aparmaq mümkündür.

Hemorroidal düyünlərin sallanması əksər hallarda yoğun bağırsağın digər patologiyaları ilə müşayiət olunduğundan göstərişlərə əsasən kolonoskopiya, bəzən isə irriqoskopiya aparılır. Bu müayinələrin köməyilə babasilin əlamətlərini ağırlaşdıran və hemorroidal düyünlərin sallanmasına səbəb olan xəstəliklər aşkarlanır.

Hemorroidal düyünlər düz bağırsaq və anal kanalın şiş xəstəlikləri, düz bağırsağın sallanması, hemangioma, müxtəlif növ poliplər, anal məməciklərin hipertrofiyası ilə differensiasiya edilir.

Hemorroidal düyünlərin sallanmasının müalicəsi

İlkin mərhələlərdə konservativ müalicə təyin edilir. Bu məqsədlə yerli istifadə üçün nəzərdə tutulan şam, krem və gellər tətbiq edilir. Həmin preparatlar iltihab və ağrını aradan qaldırır. Qanaxmalar zamanı adrenalin və ya trombin tərkibli şamlar effektiv sayılır. Lakin konservativ müalicə xəstəliyi tamamən sağaltmır, o yalnız patologiyanın gedişini yüngülləşdirir, proqressivləşməni ləngidir. Düyünlərin quruluşunda baş verən cüzi dəyişikliklər və pasiyentin əməliyyata hazırlanması zamanı konservativ terapiya icra edilir. Cərrahi müalicəyə əks-göstəriş olduqda müalicənin bu növü həmçinin palliativ terapiya qismində aparılır.

Hemorroidal düyünlərin sallanmasını aradan qaldırmaq üçün müasir proktologiyada bir neçə üsullardan istifadə olunur. Xəstəliyin erkən mərhələsində medikamentoz skleroterapiya və ya lazerlə fotokoaqulyasiya, infraqırmızı  şüalarla termokoaqulyasiya həyata keçirilir. Bu prosedurlar ambulator şəraitdə yerinə yetirilir. Babasilin II-III mərhələlərində də tətbiq oluna bilən ən effektiv üsul hemorroidal düyünlərin lateks həlqələrlə liqaturaya alınmasıdır. Düyünlərin davamlı sallanması zamanı Lonqo və ya Milliqan-Morqan üsulu ilə hemorroidektomiya icra olunur. Daha yaxşı nəticələr əldə etmək üçün əksər hallarda müxtəlif müalicə üsulları kombinəolunmuş şəkildə aparılır.

Hemorroidal düyünlərin sallanmasının proqnoz və profilaktikası

Babasilin ilkin mərhələsində bütün pasiyentlərə həyat tərzinin korreksiyası, pəhriz məsləhət görülür. Fiziki yüklənmənin dərəcəsinə nəzarət etməklə idmanla məşğul olmaq, qəbizliyə yol verməmək tövsiyə olunur. Bağırsağın fəaliyyətini tənzimləmək üçün qida lifləri ilə zəngin məhsullar qəbul edilməlidir. Ehtiyac yarandıqda xəstəyə işlədici vasitələr təyin edilir. Həmçinin anal dəlik nahiyəsinin gigiyenasına ciddi riayət olunmalı, onun travmalarının qarşısı alınmalıdır.

Hemorroidal düyünlərin sallanmasının proqnozu dəyişikliklərin ifadəliliyindən və ağırlaşmaların olmasından asılıdır. Erkən diaqnostika zamanı müasir müalicə üsulları ilə davamlı nəticələr əldə edilir. Gecikmiş mərhələlərdə isə proqnoz bir o qədər də qənaətbəxş olmur. İnfeksiyalaşma əlamətləri müşahidə edildikdə müalicə çətinləşir. Trombozlar və güclü qanaxmalar təhlükəli hal hesab olunur.

error: Content is protected !!