Hepatit С

Hepatit С – qaraciyərin virus mənşəli infeksion xəstəliyidir. Patologiya transfuzion yolla ötürülür, birincili infeksiyalaşma fazasında yüngül, çox zaman subklinik, bəzən isə orta ağır gedişi ilə fərqlənir. Hepatit C xronikləşməyə, qaraciyər sirrozu və xərçənginin inkişafına meylli olur. Xəstəlik illərlə gizli qalaraq, yalnız qaraciyər toxumalarında sirroz inkişaf etdikdə və yaxud hepatosellülyar xərçəngə transformasiya baş verdikdə aşkarlana bilər. Diaqnoz PZR və müxtəlif növ seroloji üsullarla qanda virusun RNT-si və ona qarşı anticisimlər təyin olunduqda təsdiqlənir.

Hepatit C barədə ümimi məlumat

Hepatit С – Flaviviridae ailəsindən olan RNT tərkibli virus tərəfindən törədilir. Bu infeksiyanın xronikləşməyə meylliyi törədicinin intensiv təzahürlərə səbəb olmadan orqanizmdə uzun müddət yaşaması ilə bağlıdır. Hepatit C virusu digər flaviviruslar kimi çoxalaraq, fərqli seroloji variantlara malik kvaziştammlar əmələ gətirir. Bu da insan orqanizmində onlara qarşı adekvat immun cavabın formalaşmasına və effektiv peyvəndin hazırlanmasına mane olur.

Hepatit C virusu hüceyrə kulturalarında çoxalmadığından onun xarici mühitdə dözümlülüyünü ətraflı şəkildə öyrənmək mümkün deyil. Lakin onun İİV-lə müqayisədə daha dözümlü olması, ultrabənövşəyi şüaların təsirindən məhv olması və 50°С-yə qədər temperaturda öz həyat qabiliyyətini saxlaması barədə məlumatlar mövcuddur. İnfeksiya rezervuarı və mənbəyi xəstə insan hesab edilir. Virus qan plazmasında olur.  Kəskin və ya xroniki hepatit C-dən əziyyət çəkən şəxslər, eləcə də infeksiyanın simptomsuz getdiyi insanlar yoluxucu sayılır.

Hepatit C virusu parenteral yolla, xüsusən qan vasitəsilə ötürülür. Bəzən insan digər bioloji mayelərlə: tüpürcək, sidik, sperma ilə təmas zamanı infeksiyalaşır. Yoluxmanın baş verməsi üçün mütləq şərt sağlam insanın qanına virusun kifayət miqdarda daxil olmasıdır.

Müasir dövrdə insanlar hepatitə əksər hallarda narkotiklərin venadaxili birgə istifadəsi zamanı yoluxur. Narkomanlar arasında infeksiyanın yayılması 70-90%-ə çatır. Çoxsaylı qan köçürmələr, steril olmayan alətlərdən istifadə etməklə aparılan cərrahi müdaxilələr, parenteral inyeksiyalar və punksiyalar yoluxma ehtimalını daha da artırır. Həmçinin hepatit C virusu tatu, pirsinq, manikür və pedikür prosedurları, stomatoloji manipulyasiyalar zamanı insan orqanizminə keçə bilər.

40-50% hallarda yoluxma üsulunu təyin etmək mümkün olmur. İnfeksiya anadan uşağa yalnız ananın qanında virusun yüksək konsentrasiyada toplanıldığı və ya onun insan immun çatışmazlığı virusu ilə birgə rast gəlindiyi hallarda ötürülür.

Sağlam insanın qanına az miqdarda virus keçdikdə hepatit C-nin yaranma ehtimalı aşağı olur. Cinsi yolla ötürülmə nadirən baş verir. Bu əsasən İİV-infeksiyalı, cinsi partnyorlarını tez-tez dəyişən insanlarda müşahidə edilir. Postinfeksion immunitet kifayət qədər öyrənilməmişdir.

Hepatit C – əlamətləri 

İnkubasion dövr 2-23, bəzən isə 26 həftəyə qədər davam edir. Bu müddət infeksiyanın yoluxma mexanizmindən asılıdır. İnfeksiyanın kəskin fazası 95% hallarda ifadəli simptomatika ilə təzahür etmədən sarılıqsız subklinik formada gedir. Hepatit C-nin gecikmiş seroloji diaqnostikası «immunoloji pəncərə» – törədiciyə qarşı anticisimlərin yoxluğu və ya onların titrinin çox cüzi olması ilə bağlıdır.  Virus hepatitinin 61%-i ilkin klinik əlamətlərdən minimum 6 ay keçdikdən sonra aşkarlanır.

Hepatit C ilkin olaraq ümumi simptomatika: halsızlıq, apatiya, iştahın zəifləməsi, tez doyma ilə özünü büruzə verir. Xəstələrdə yerli əlamətlər: sağ qabırğaaltı nahiyədə ağırlıq və diskomfort, dispepsiya yarana bilər. Qızdırma və intoksikasiyaya nadir hallarda rast gəlinir. Bədən hərarəti yüksəldikdə subfebril həddən yuxarı qalxmır. Bu və ya digər simptomların intensivliyi adətən virusun qanda konsentrasiyasından, immunitetin ümumi vəziyyətindən asılıdır. Simptomatika zəif ifadə olunduğundan xəstələr ona bir o qədər əhəmiyyət vermirlər.

Kəskin dövrdə qan analizində çox zaman leykositlərin və trombositlərin miqdarının azaldığı müəyyən edilir. 25% hallarda qısa müddətli mülayim sarılıq (əksərən skleranın piqmentasiyası və biokimyəvi təzahürlər) qeydə alınır. İnfeksiya xroniki şəkil aldıqda sarılıq epizodları və qaraciyər transferazasının aktivliyinin yüksəlməsi xəstəliyin kəskinləşmə dövrlərini müşayiət edir.

Hepatit C-nin ağır gedişinə 1%-dən az hallarda təsadüf olunur. Belə vəziyyətlərdə autoimmun dəyişikliklər: aqranulositoz, aplastik anemiya, periferik sinirlərin nevriti inkişaf edə bilər. Ağır formalarda anticisimlərə qədərki mərhələdə letal sonluq mümkündür.

Hepatit C adətən ləng inkişaf edərək, illərlə aşkar olunmaya bilər. Əksər pasiyentlərdə qaraciyər toxuması kifayət qədər dağıldıqda xəstəlik özünü büruzə verir. Çox zaman diaqnoz qoyulduqda artıq sirroz və ya qaraciyərin hepatosellülyar xərçəngi  inkişaf etmiş olur.

Hepatit C – diaqnostika

Diaqnoz seroloji müayinələrin nəticələrinə (virusa qarşı anticisimlər – IgM immunoferment analiz və RIBA vasitəsilə müəyyən edilir), eləcə də PZR ilə qanda virusun RNT-nin təyininə əsasən qoyulur. yanlış müsbət reaksiyanın olma ehtimalı ilə əlaqədar PZR 2 dəfə aparılır.

Anticisimlərin və RNT-nin aşkarlanması hepatit C-yə yoluxmanı təsdiqləyir. Qanda IgG-nin təyini həm orqanizmdə virusun olmasına, həm də keçirilmiş infeksiyaya dəlalət edə bilər. Pasiyentlərə qaraciyərin biokimyəvi sınaqları, koaquloqramma, qaraciyərin USM, mürəkkəb hallarda isə qaraciyərin biopsiyası təyin oluna bilər.

Hepatit C – müalicə

Hepatit C zamanı terapevtik taktika hepatit B ilə analojidir: 5№-li pəhriz (yağların istifadəsinin məhdudlaşdırılması), gündəlik rasiondan öd və qaraciyər fermentlərinin sekresiyasını stimulə edən məhsulların (duzlu, yağlı, konservləşdirilmiş qidalar) çıxarılması, lipolitik aktiv maddələrin (pektin, sellüloza) və mayenin qəbulunun artırılması, spirtli içkilərdən tamamən imtina edilməsi.

Virus hepatitinin spesifik terapiyası interferonla ribavirinin birgə təyininə əsaslanır. Müalicə kursu 25 gün davam edir. Virus terapiyaya çətin tabe olduqda bu müddət 48 günə qədər uzadıla bilər. Xolestazın qarşısını almaq üçün terapevtik tədbirlər kompleksinə ursodezoksixol turşusu əlavə edilir. Xəstənin psixoloji vəziyyəti müalicənin effektivliyinə təsir göstərdiyindən antidepressantlardan (ademetionin) istifadə olunur. Virusəleyhinə terapiyanın təsiri interferonların keyfiyyətindən (təmizləmə dərəcəsindən), müalicənin intensivliyindən və xəstənin ümumi vəziyyətindən asılıdır.

Göstərişlərə əsasən terapiya oral dezintoksikasiya, spazmolitik vasitələr, fermentlər (mezim), antihistamin preparatlar və vitaminlərlə tamamlana bilər. Hepatit C-nin ağır formalarında qlükoza, dekstran, elektrolit məhlulları ilə venadaxili dezintoksikasiya göstəriş sayılır. Ehtiyac yarandıqda prednizalon tətbiq edilir. Ağırlaşmalar baş verdikdə müvafiq tədbirlər (sirroz və qaraciyər xərçənginin müalicəsi) aparılır. Zərurət olduqda plazmoforez həyata keçirilir.

Hepatit C – proqnoz

Müalicə vaxtında və düzgün formada aparıldıqda hepatit C təmamilə sağala bilən xəstəlikdir. Müalicə bir neçə ay ərzində aparılır və tam neqativ nəticə əldə olunur.Bundan sonra ildə 2dəfə aparılan rutin müayinələrlə pasientin vəziyyətinə nəzarət olunur.

Hepatit C – profilaktika

Hepatit C-nin ümumi profilaktik tədbirləri tibb müəssisələrində sanitar rejiminə riayət olunmasından, köçürülən qanın keyfiyyət və sterilliyinə nəzarət edilməsindən, tatuaj, pirsinq prosedurlarını həyata keçirən salonlarda sanitar normalara əməl olunmasından ibarətdir.

error: Content is protected !!