Hepatit

Hepatit – toksiki, infeksion və ya autoimmun proseslər nəticəsində qaraciyər toxumasının duffuz iltihabı ilə xarakterizə olunur. Onun ümumi əlamətlərinə sağ qabırğaaltı nahiyədə ağırlıq və ağrı, ürəkbulanma, ağızda quruluq və acılıq hissi, iştahsızlıq, gəyirmə aiddir. Ağır hallarda sarılıq, çəki itkisi, dəridə səpki müşahidə edilir. Hepatit qaraciyər koması, sirroz və xərçənglə nəticələnə bilər. Hepatitlərin diaqnostikasında qanın biokimyəvi sınaqları, qaraciyərin USM,  hepatoxolesistosintioqrafiya, punksion biopsiyadan istifadə edilir. Müalicə məqsədilə pəhriz, hepatoprotektorlar təyin olunur, dezintoksikasion, spesifik etiotrop və patogenetik terapiya aparılır.

Hepatit barədə ümumi məlumat

Hepatit – qaraciyərin iltihabi xəstəliyidir. Gediş xüsusiyyətlərinə görə hepatit kəskin və xroniki formalara bölünür. Kəskin hepatit ifadəli simptomatika ilə gedir. Hepatitin bu forması tam sağala və ya xroniki fazaya keçə bilər. Hepatitlərin əksəriyyəti (90%) alkoqol, virus və ya dərman mənşəli olur. Xəstəliyin müxtəlif qrup insanlar arasında yayılma tezliyi onun forma və yaranma səbəbindən asılıdır.

6 aydan çox davam edən hepatit xroniki forma kimi qiymətləndirilir. Xroniki prosesin morfoloji şəkli qaraciyər toxumasında iltihab xarakterli distrofik dəyişikliklərdən ibarətdir. Bu pozğunluqlar onun paycıqlı quruluşunu zədələmir. Birincili xroniki hepatitlər başlanğıcda simptomsuz və ya minimal əlamətlərlə gedir. Xəstəlik bir çox hallarda digər patologiyaların müayinəsi zamanı təsadüfən aşkarlanır. Hepatitə çox vaxt kişilərdə rast gəlinir, lakin bəzi spesifik hepatitlərə qadınlar daha meylli olur. Kəskin hepatit keçirən və Avstraliya antigeninin daşıyıcısı olan, spirtli içkilərdən sui istifadə edən və ya hepatotoksik preparatlarla müalicə alan xəstələrdə qaraciyərin vəziyyətinə xüsusi diqqət yetirilməlidir.

Hepatitin patogenezi

Kəskin hepatit qarciyərin hepatotoksik faktorlar, virus infeksiyası ilə bilavasitə zədələnməsi və yaxud autoimmun reaksiya – orqanizmin öz toxumalarına qarşı anticisim sintez etməsi nəticəsində inkişaf edir. Hər 2 halda qarciyər toxumasında kəskin iltihab və ödem yaranır, hepatositlər zədələnir və dağılır, orqanın fəaliyyəti pozulur. Qaraciyərin sekretor funksiyasının (öd ifrazı) zəifləməsi bilirubinemiyaya və sarılığa gətirib çıxarır. Qaraciyər toxumalarında ağrı reseptorları olmadığından ağrı sindromu nadir hallarda müşahidə edilir. Ağrı adətən qarciyərin böyüməsi, onun kapsulunun  gərilməsi və öd kisəsinin iltihabı ilə bağlı olur.

Kəskin hepatit müalicə olunmadıqda xroniki formaya keçir. Hepatitin sarılıqsız və simptomsuz formaları adətən gec aşkarlanır, iltihabi proses xroniki xarakter alır, distrofiya ocaqları əmələ gəlir. Qaraciyərin fəaliyyəti daha da zəifləyir. Xroniki hepatit tədricən qaraciyər sirrozu ilə əvəz olunur.

Hepatitin təsnifatı

Hepatitlər aşağıdakı meyarlar üzrə təsnif edilir:

  • yaranma səbəbinə görə – virus, alkoqol və dərman mənşəli, autoimmun, spesifik (vərəm, opistorxoz, exinokokk və s. etiologiyalı), kriptogen (naməlum mənşəli) hepatitlər;
  • gedişinə əsasən (kəskin, xroniki);
  • klinik təzahürlərə görə (sarılıqlı, sarılıqsız, subklinik formalar).

Virus hepatitləri kəskin (hepatit A və B) və xroniki (hepatit B, D, C) olur. Hepatit həmçinin qaraciyər üçün spesifik olmayan virus və virusabənzər infeksiyalar – mononukleoz, sitomeqalovirus, herpes, sarı qızdırma tərəfindən törədilə bilər. Autoimmun hepatitlər anticisimlərin hədəfindən asılı olaraq, tiplərə bölünür (I, II, III tip).

Hepatitin əlamətləri

Hepatitin gedişi və simptomatikası qaraciyər toxumasının zədələnmə dərəcəsindən asılıdır. Kəskin hepatitin yüngül forması simptomsuz gedə bilər. Xəstəlik vaxtında aşkarlanmadıqda xroniki formaya transformasiya edir. Ağır hallarda əlamətlər ifadəli şəkil alaraq, orqanizmin ümumi intoksikasiyası, qızdırma, orqan və sistemlərin toksiki zədələnmələri ilə müşayiət edilir.

Həm kəskin hepatit, həm də xroniki formanın kəskinləşməsi üçün dəri örtükləri və skleranın zəfəran rəngində saralması xarakterikdir. Lakin xəstəliyin sarılıqsız formaları da müşahidə edilir. Skleranın, eləcə də damağın selikli qişasının sarılığına hətta yüngül formalarda rast gəlinə bilər. Xəstələrin sidiyi tündləşir, öd turşularının sintezi əhəmiyyətli dərəcədə pozulduqda nəcis rəngini itirərək, ağımtıl çalar alır.

Dəridə qırmızı nöqtələr (petexiya), qaşınma, bradikardiya, nevrotik simptomlar yaranır. Palpasiya zamanı qaraciyərdə ağrı əmələ gəlir. Qaraciyərlə yanaşı dalaq da böyüyə bilər. Xroniki hepatit aşağıdakı klinik sindromların tədricən inkişafı ilə xarakterizə edilir:

  • astenovegetativ (zəiflik, yorğunluq, yuxu pozğunluğu, psixi labillik, baş ağrıları) – artan qaraciyər çatışmazlığı ilə əlaqədar orqanizmin intoksikasiyası nəticəsində inkişaf edir;
  • dispeptik (ürəkbulanma, bəzən isə qusma, iştahın azalması, meteorizm, qəbizliklə növbələnən ishal, acı gəyirmə, ağızda xoşagəlməz dad) qaraciyərdə həzm fermentlərinin və öd turşularının kifayət qədər sintez olunmaması səbəbindən həzm prosesinin pozulması ilə bağlı olur;
  • ağrı sindromu (daimi, sızıltılı xarakterli ağrılar sağ qabırğaaltı nahiyədə lokalizasiya olunur, fiziki yüklənmələr və pəhrizin pozulması zamanı güclənir). Ağrı sindromu müşahidə edilməyə və ya epiqastral nahiyədə mülayim ağırlıq hissi kimi ifadə oluna bilər;
  • subfebrilitet (bədən temperaturu 37,3–37,5˚C-yə qədər yüksələrək, bir neçə həftə müddətində davam edə bilər);
  • ovucların qızarması (palmar eritema), boyun, üz və çiyin nahiyəsində teleangiektaziyalar (dəridə damar ulduzcuqları);
  • hemorragik (petexiyalar, göyərmə və qançırların yaranmasına meyllik, hemorroidal, burun və uşaqlıq qanaxmaları) qaraciyər hüceyrələrində laxtalanma amillərinin lazımi səviyyədə sintez olunmaması nəticəsində qanın laxtalanmasının zəifləməsi ilə əlaqədar formalaşır;
  • sarılıq (dəri örtükləri və selikli qişaların saralması). Bilirubinin qaraciyərdə utilizasiyasının pozulması onun qanda səviyyəsinin yüksəlməsinə və bunun nəticəsində sarılığa səbəb olur;
  • hepatomeqaliya – qaraciyərin böyüməsi splenomeqaliya ilə birgə müşahidə oluna bilər.

Hepatitin diaqnostikası

Diaqnoz klinik təzahürlər, fizikal baxış, funksional və laborator müayinələrin nəticələri əsasında qoyulur. Laborator üsullar sırasına qaraciyərin biokimyəvi sınaqları, bilirubinemiyanın, zərdab fermentlərinin aktivliyinin azalmasının, albuminin miqdarının aşağı endiyi halda qamma-albuminlərin səviyyəsinin yüksəlməsinin təyini aiddir. Xəstələrdə protrombin, VII və V laxtalanma faktorları, fibrinogenin azalması qeydə alınır. Timol və sulem sınaqlarının göstəricilərinin dəyişməsi izlənilir.

Qarın boşluğu orqanlarının ultrasəs müayinəsində qaraciyərin böyüməsi, onun səs keçiriciliyinin dəyişməsi, splenomeqaliya müşahidə edilir. Xəstələrdə qapı venası genişlənə bilər. Hepatitin diaqnostikasında həmçinin reohepatoqrafiya (qarciyərin qan dövranının təyini), hepatoxolesistosintioqrafiya (öd yollarının radioizotoplarla müayinəsi) qaraciyərin punksion biopsiyası informativ sayılır.

Hepatitin müalicəsi

Kəskin hepatitin müalicəsi

Müalicə stasionarda aparılmalıdır. Bundan əlavə:

  • 5A№-li pəhriz, yarımyataq rejimi (ağır hallarda yataq rejimi) təyin edilir;
  • hepatitin bütün formalarında alkoqol və hepatotoksik dərman vasitələri qadağan olunur;
  • qaraciyərin detoksiyasiya funksiyasını kompensə etmək üçün intensiv dezintoksikasion infuzion terapiya yerinə yetirilir;
  • hepatoportektorlar (essensial fosfolipidlər, silimarin, ləkəli alaqanqal ekstraktı) təyin edilir;
  • gündəlik hündür imalə tətbiq edilir;
  • kalium, kalsium, manqan preparatları, vitamin kompleksləri ilə metabolizmin korreksiyası aparılır.

İnfeksion hepatitlərdə iltihab ocağı sanasiya olunmalıdır. Hepatitin kəskin formalarının müalicəsində virusəleyhinə vasitələr və immunomodulyatorlardan hələlik bir o qədər də geniş istifadə olunmur.

İfadəli hipoksiya zamanı oksigen terapiyası, oksigenobaroterapiya ümumi vəziyyətin yaxşılaşmasına kömək edir. Hemorragik diatezə rast gəlindikdə K vitamini (vikasol) venadaxili yeridilir.

Xroniki hepatitin müalicəsi

Xroniki hepatitli xəstələrə müalicəvi dietoterapiya (kəskinləşmə dövründə 5A, kəskinləşmə mərhələsindən kənarda 5№-li pəhriz), spirtli içkilərdən imtina, fiziki yüklənmələrin azaldılması məsləhət görülür. Kəskinləşmə dövründə pasiyent stasionara yerləşdirilməlidir.

Farmakoloji terapiya hepatoprotektorlar, həzm və mübadilə proseslərini yaxşılaşdıran vasitələr, bağırsağın bakterial florasını korreksiya edən bioloji preparatların təyininə əsaslanır.

Hepatoprotektiv terapiya qaraciyər toxumasının regenerasiyasına və qorunmasına səbəb olan preparatlarla (silimarin, essensial fosfolipidlər, tetraoksiflavonol, kalium-oratat) həyata keçirilir. 2-3 aylıq kurslar 6 aylıq fasilə ilə təkrarlanır. Müalicə sxeminə polivitamin kompleksləri, ferment preparatları (pankreatin), probiotiklər əlavə olunur.

Dezintoksikasion tədbirlər qismində 5%-li qlükoza məhlulu ilə C vitaminin qarışığının infuziyası tətbiq edilir. Bağırsaq mühitinin dezintoksikasiyası üçün enterosorbentlərdən (aktivləşmiş kömür, mikrosellüloza, hidroliz liqnin) istifadə edilir.

Virus hepatitinin B, C və D formalarında virusəleyhinə terapiya təyin olunur. Autoimmun hepatitin müalicəsində kortikosteroidlər və immunodepresantlara üstünlük verilir. Müalicə qanın biokimyəvi sınaqlarının (transferazanın aktivliyi, qanda bilirubinin miqdarı, funksional sınaqlar) daimi monitorinqi ilə aparılmalıdır.

Hepatitin profilaktikası və proqnozu

Virus hepatitlərinin birincili profilaktikası gigiyena qaydalarına riayət olunmasından, sanitar-epidemioloji tədbirlərin aparılmasından, vaksinasiyadan ibarətdir. Hepapatitin digər formalarının qarşısını almaq üçün qaraciyəri zədələyən amillər – alkoqol, dərman vasitələri, toksiki maddələr uzaqlaşdırılmalıdır.

Xroniki hepatirin ikincili profilaktik tədbirlərinə pəhriz, həkimin təyinatlarına riayət, müntəzəm müayinələr, qanın klinik göstəricilərinə nəzarət aiddir. Xəstələrə sanator-kurort müalicəsi, hidroterapiya məsləhət görülür.

Kəskin hepatit vaxtında aşkarlandıqda və müalicə olunduqda proqnoz adətən qənaətbəxş olur. Kəskin alkoqol və toksiki hepatitlər 3-10% hallarda ölümlə nəticələnir. Xəstəliyin ağır gedişi çox zaman digər patologiyalarla əlaqədar orqanizmin zəifləməsi ilə bağlı olur. Xroniki hepatitin proqnozu terapevtik tədbirlərin düzgün formada icrasından, pəhriz və qoruyucu rejimə əməl olunmasından asılıdır.

Hepatitin qeyri-qənaətbəxş gedişi sirroz və qaraciyər çatışmazlığı ilə ağırlaşa bilər. Belə hallarda ölüm riski yüksək olur. Xroniki hepatitin çox rast digər fəsadlarına metabolik dəyişikliklər, anemiya, laxtalanmanın pozulması, şəkərli diabet, qaraciyərin xərçəngi aiddir.

error: Content is protected !!