Virus hepatiti A (Botkin xəstəliyi)- qaraciyərin kəskin infeksion zədələnməsi olub, hepatositlərin nekrozu ilə müşayiət olunan xoşxassəli gedişlə xarakterizə olunur. A virus hepatiti bağırsaq infeksiyaları qrupuna daxildir və fekal-oral mexanizmilə yoluxur. Kliniki gedişində sarılıqönü, və sarılıq dövrləri, həmçinin rekonvalessensiya mərhələsi ayırd edilir. Diaqnoz qanın biokimyəvi göstəricilərinə RİA (radioimmun analiz) və İFA (immunoferment analiz) nəticələrinə əsasən qoyulur. Virus hepatiti A xəstələri yalnız ağır hallarda hospitalizasiya olunur. Ambulator müalicəyə pəhriz və simptomatik terapiya məsləhətdir.
Ümumi məlumat
Virus hepatiti A (Botkin xəstəliyi)- qaraciyərin kəskin infeksion zədələnməsi olub, hepatositlərin nekrozu ilə müşayiət olunan xoşxassəli gedişlə xarakterizə olunur. Fekal-oral yolla ötürülən xəstəliklərdən olub, ən geniş yayılmış bağırsaq infeksiyalarından biridir.
Törədicinin xarakteri
A virus hepatiti Hepatoviruslar nəslinə aiddir. RNT genomlu virusdur. Virus ətraf mühitə kifayət qədər davamlıdır. Belə ki, 4 °С temperaturda bir neçə ay, -20 °С temperaturda isə illərlə sağ qala bilir. Otaq temperaturunda həyat fəaliyyətini bir neçə həftə qoruya bilir, qaynadıldıqda isə 5 dəqiqəyə məhv olur. Ultrabənövşəyi şüalar törədicini 1 dəqiqəyə məhv edir. Xlorlanmış su hövzələrində bir müddət həyatını qoruyub saxlaya bilir.
Hepatiti A -fekal-oral mexanizmlə yayılaraq, əsasən su və alimentar yolla yoluxur. Bəzi hallarda ümumi qulluq vasitələrindən, əşyalardan da, kontakt-məişət yolu ilə yoluxma mümkündür. Hepatit A-ya yoluxma hallarının yaranması çirkli suyun ictimai su rezervuarlarına qarışması, eləcə də çirklənmiş meyvə və tərəvəzlər, çiy molyuskalar yeməklə əlaqədar olur. Kontakt-məişət yolu ilə yoluxmaya sanitar-gigiyenik tədbirlərə yetərincə diqqət edilməmiş uşaq kollektivlərində rast gəlinir.
İnsanların, xüsusilə pubertat dövrünədək uşaqların A virus hepatitinə yüksək təbii həssaslığı səbəbindən postinfeksion immunitetin gərgin (subkliniki gedişdə daha gərgin) və uzunmüddətli yaranır. Hepatit A-ya yoluxma daha çox uşaq kollektivlərində rast gəlinir. Böyüklər arasında risk qrupuna məktəbəqədər müəssisələrdə və məktəblərdə qida blokunda çalışanlar, eləcə də müalicə-profilaktika və sanator-kurort mərkəzlərinin, qida müəssisələrinin işçiləri addirlər. Hal-hazırda narkomanlar və homoseksuallar arasında kütləvi yoluxma halları getdikcə artmaqdadır.
Hepatit A-nın əlamətləri
Xəstəliyin inkubasion dövrü 3-4 həftə təşkil edir. Xəstəliyin başlanğıcı adətən kəskindir, mərhələli gedişlə: sarılıqönü dövr, sarılıq və rekonvalessensiya mərhələləri ilə xarakterizə olunur. Sarılıqönü dövr müxtəlif klini formalarda: qızdırmalı, dispeptik, astenovegetativ şəkillərdə keçə bilər.
Qızdırmalı (qripəbənzər) gediş qəfil meydana çıxan yüksək hərarət və intoksikasiya ilə (ümumi intoksikasiya əlamətlərinin təzahür dərəcəsi xəstəliyin gedişinin ağırlığından asılıdır) xarakterizə olunur. Pasiyent ümumi zəiflik, mialgiya, baş ağrısı, quru öskürək, boğazda qıcıqlanma, rinitdən şikayət edir. Kataral əlamətlər nəzərəçarpandır. Adətən əsnəkdə qızartı olmur. Dispepsiya əlamətləri (ürəkbulanma, iştahanın pozulması, qıcqırma) də müşahidə edilə bilər.
Dispeptik variantda kataral əlamətlər olmur, zəif intoksikasiya müşahidə edilə bilər. Pasiyentlər daha çox həzm pozğunluğu, ürəkbulanma, qusma, ağızda acılıq, hıçqırmadan əziyyət çəkirlər. Bəzən sağ qabırğaaltı nahiyyədə, epiqastriyada küt ağrı müşahidə edilə bilər. Defekasiya pozğunluqları (diareya, qəbizlik və ya onların bir-birini əvəz etməsi) mümkündür.
Astenovegetativ şəkildə keçən sarılıqönü dövr az spesifikdir. Pasiyentlər əzgin, apatiyalı olur, zəiflikdən, yuxu pozğunluğundan əziyyət çəkir. Bəzən prodromal əlamətlər hiss olunmur (latent gedişli sarılıqönü dövr), xəstəlik birbaşa sarılıqla özünü göstərir. Bir neçə kliniki sindromun müşahidə edildiyi hallarda sarılıqönü dövrün qarışıq variantda gedişi qeyd edilir. Bu fazanın davametmə müddəti 2-10 gün, orta hesabla 1 həftədir. Xəstəlik tədricən növbəti mərhələyə- sarılıq dövrünə keçid edir.
Sarılıq dövründə intoksikasiya əlamətləri itir, qızdırma düşür, xəstənin ümumi vəziyyəti yaxşılaşır. Lakin dispepsiya əlamətləri saxlanılır və daha da dərinləşir. Sarılıq tədricən yaranır. Əvvəlcə sidik tündləşir, sklera, dilin və damağın selikli qişası saralır. Daha sonra dəri saralır, intensiv zəfəran rəngini alır (qaraciyər sarılığı). Xəstəliyin ağırlıq dərəcəsi sarılığın intensivliyi ilə korrelyasiya edə bilər, lakin daha çox dispepsik və intoksikasion simptomatikaya diqqət etmək lazımdır.
Xəstəliyin ağır gedişi zamanı hemorragik sindrom (petexiyalar, selikli qişalara və dəriyə qansızmalar, burun qanaxmaları) müşahidə edilə bilər. Fizikal müayinədə dildə, sişlərdə sarımtıl ərp müçahidə edilir. Nəbz nisbətən azalır (bradikardiya), arterial təzyiq düşür. Nəcisin rəngi xəstəliyin zirvəsinə doğru açılır. Dispepsiya ilə yanaşı pasiyentdə astenovegetativ simptomlar da müşahidə edilir.
Sarılıq dövrünün müddəti adətən 1 aydan uzun çəkmir, orta hesabla 2 həftə olur. Daha sonra rekonvalessensiya dövrü başlayır. Tədricən xəstəliyin kliniki və laborator reqressiyası, sarılığın və intoksikasiyanın azalması, qaraciyər ölçülərinin normaya qayıtması baş verir. Bu dövr kifayət qədər uzun sürə bilər və adətən rekonvalessensiya mərhələsi 3-6 ay çəkir. Hepatit A-nın gedişi adətən adətən yüngül və ya orta ağır olur, lakin nadir hallarda ağır gediş də müşahidə edilə bilər. Virus daşıyıcılığı və xroniki gediş xarakterik deyildir.
Hepatit A-nın ağırlaşmaları
Xəstəlik adətən ağırlaşmalar olmadan keçir. Nadir hallarda biliar sistemdə iltihabi proseslərə (xolangit, xolesistit, ödçıxarıcı yolların və öd kisəsinin diskineziyası) təkan verə bilər. Bəzən xəstəlik ikincili infeksiyanın qoşulması ilə ağırlaşa bilər. Qaraciyər tərəfindən ağır fəsadlar (kəskin qaraciyər ensefalopatiyası) çox nadir hallarda rast gəlinir.
Diaqnostikası
Qanın ümumi analizində leykositlərin konsentrasiyasının azalması, limfositoz, EÇS-in artması müşahidə edilir. Qanın biokimyəvi analizində aminotransferazaların aktivliyinin kəskin artması, bilirubinemiya (əsasən birləşmiş bilirubin hesabına), albumin səviyyəsinin azalması, aşağı protrombin indeks, sulem sınağının artması və timol sınağının azalması nəzərə çarpır.
Spesifik diaqnostika seroloji müayinələrə (İFA, RİA) əsasən qoyulur. Sarılıq dövründə İgM-in, rekonvalessensiya dövründə isə İgG-nin səviyyəsi artır. Daha dəqiq və spesifik diaqnostika üsulu PZR-lə qanda virusun RNT-nin təyinidir. Törədicinin aşkarlanması və virusoloji müayinə də mümkündür, lakin bu üsul çətin olduğundan qeyri-məqsədyönlü hesab olunur.
Hepatit A-nın müalicəsi
Botkin xəstəliyi ambulator müalicə oluna bilər, hospitalizasiya ağır formalarda, eləcə də epidemioloji göstərişlərə əsasən aparılır. Aşkar nəzərəçarpan intoksikasiyalarda yataq rejimi, 5 №-li pəhriz (kəskin gediş zamanı) vitaminoterapiya təyin edilir. Qidalanma tez-tez, kiçik porsiyalarla olmalı, yağlı qidalar, öd ifrazını artıran məhsullar menyudan çıxarılmalıdır. Üstünlük süd məhsullarına və bitki tərkibli qidalara verilməlidir.
Alkoqol qəbulu təmamilə dayandırılmalıdır. Xəstəliyin etiotrop müalicə üsulları mövcud deyildir. Kompleks müalicə tədbirləri simptomların yüngülləşdirilməsi və patogenetik korreksiya məqsədilə aparılır. Dezintoksikasiya məqsədilə bol maye qəbulu, ehtiyac olarsa kristalloidlərlə infuziya təyin edilir. Həzm prosesini normallaşdırmaq və bağırsaq biosenozunu bərpa etmək üçün laktuloza təyin edilir. Spazmolitiklər xolestazın qarşısını almaq məqsədilə verilir. Ehtiyac olduqda ursodezoksixol turşusu təyin edilir. Kliniki sağalmadan 3-6 ay sonrayadək pasiyentlər qastroenteroloqun dispanser nəzarətində qalır.
Əksər hallarda proqnoz qənaətbəxşdir. Ödşıxarıcı yollar tərəfindən ağırlaşmalarda sağalma prosesi uzanır, lakin düzgün olmayan müalicə də proqnozu pisləşdirmir.
Hepatit A-nın profilaktikası
Ümumi profilaktik tədbirlərə içməli su hövzələrinin keyfiyyətli təmizlənməsi, quyu sularına ciddi nəzarət, qida bloklarında və müalicə müəssisələrində sanitar-gigiyenik tədbirlərə ciddi riayət aiddir. Qida maddələrinin istehsalı, saxlanma şəraiti, transportuna ciddi nəzarət, xəstəliyin yayıldığı dövrlərdə isə kollektivlərdə (həm uşaq, həm böyük) karantin tədbirlərinə riayət edilməlidir. Xəstələr 2 həftə izolə olunur, sarılıq dövrünün birinci həftəsindən sonra yoluxuculuq yox səviyyəsindədir. Təhsil müəssisəsinə və ya işə qayıtma kliniki sağalmadan sonra mümkündür. Kontaktda olanlar 35 gün nəzarətdə saxlanılır. Uşaq kollektivləri bu dövrdə karantində olurlar. İnfeksiya ocaqlarında zəruri dezinfeksiya tədbirləri görülür.
Hepatit A-ya qarşı vaksinasiya 1 yaşadək uşaqlara və xəstəliyin yayıldığı zonalarda olan yaşlılara məsləhət olunur.