Herpes virusu demensiya riskini iki dəfə artırır

Herpes simplex virusu (HSV) ilə yoluxmuş insanlarda demensiyanın inkişaf etdirmək ehtimalı heç vaxt infeksiya keçirməyənlərlə müqayisədə iki dəfə yüksəkdir. İsveçin Uppsala Universiteti tərəfindən aparılan yeni araşdırmanın nəticələri Journal of Alzheimer’s Disease jurnalınının 01.02.2024 buraxılışında dərc edilmişdir.

Herpes simplex virusu əhali arasında çox yaygındır – böyüklərin 80% -ə qədəri ona yoluxa bilər. Virus bədəndə davamlı olaraq qalır, lakin herpes virus infeksiyasının simptomları həyatın müxtəlif dövrlərində özünü büruzə verə və yox ola bilər. Dünyada 55 milyon insan demensiyadan əziyyət çəkir. Yaşlılıq və APOE ε4 geninin olması məlum risk faktorlarındandır. İsveç alimlərinin araşdırması daha bir əhəmiyyətli amili – herpes simplex virusunu təsdiq etdi.

Alimlər 2001-2005-ci illərdə İsveçdə yaşayan 70 yaşlı 1002 nəfərdə herpes virusuna qarşı anticisimlərin mövcudluğundan asılı olaraq Alzheimer xəstəliyi (AD) və demensiya risklərini tədqiq ediblər. Tədqiqatın əvvəlində subyektlərin heç birində demensiya yox idi. Müşahidə müddəti 15 ili əhatə etmişdir. HSV-1 (anti-HSV) qarşı IgG və IgM, sitomeqalovirusa (anti-CMV) qarşı IgG səviyyələrini müəyyən etmək üçün bütün tədqiqat iştirakçılarından serum nümunələri götürülmüşdür. Diaqnozlar və müalicə məlumatları pasiyentlərin tibbi kartlarından toplanmışdır.

Bütün səbəblərdən AD və demensiyanın kumulyativ tezliyi müvafiq olaraq 4% və 7% təşkil etmişdir. İştirakçıların 82%-i anti-HSV IgG daşıyıcıları idi, onlardan 6%-i anti-herpes müalicəsi alırdı. Anti-HSV IgG-nin olması demensiyanın inkişaf riskinin iki dəfədən çox artması ilə əlaqələndirildi. Anti-HSV IgM və anti-CMV IgG yayılması və herpes müalicəsi AD və ya demensiya ilə əlaqəli deyildi.

Tədqiqat müəlliflərinin fikrincə, herpes simplex virusuna qarşı artıq məlum olan dərmanların demensiyanın inkişaf riskini azalda biləcəyini müəyyən etmək üçün əlavə araşdırmaya ehtiyac vardır.

Mənbə: JAD

error: Content is protected !!