Hipermetropik astiqmatizm
Hipermetropik astiqmatizm – gözün optik sistemlərinin fərqli əyrilik radiusu səbəbindən torlu qişada işıq şüalarının vahid fokusunun olmaması ilə səciyyələnən xəstəlikdir. Patologiyanın əsas əlamətlərinə görmə itiliyinin azalması, diskomfort, gözlərin həddindən artıq yorulması, baxılan obyektin təhrif olunması aiddir. Diaqnostika kompleksinə vizometriya, biomikroskopiya, duoxrom testi, paximetriya, keratotopoqrafiya, Raubiçek və Snellen fiqurları ilə testlər, keratotopoqrafiya, fuziya ehtiyatlarının ölçülməsi daxildir. Konservativ müalicə eynək və ya kontakt linzaların taxılmasından ibarətdir. Cərrahi müdaxilə buynuz qişa və büllurun əyriliyinin bərpasına yönəldilir.
Hipermetropik astiqmatizm barədə ümumi məlumat
Hipermetropik astiqmatizm – korreksiyaya çətin tabe olan anadangəlmə və ya qazanılma xarakterli refraksiya anomaliyasıdır. Xəstəlik ilk dəfə 1670-ci ildə ingilis alimi İ.Nyuton tərəfindən təsvir olunmuşdur. 1869-cu ildə hollandiyalı oftalmoloq F.Donders «astiqmatizm» terminini təklif etmişdir. Statistik məlumatlara əsasən əhalinin 48-58%-də astiqmatik qüsurlara rast gəlinir. Ametropiyaların təxminən 3%-i hipermetropik formanın payına düşür. Son 10 il ərzində uşaqlar arasında patologiyanın yayılması 3,5 dəfə artmışdır.
Hipermetropik astiqmatizmin yaranma səbəbləri
Anadangəlmə forma genetik determinəolunmuş xəstəlik olub, autosom-dominant tip üzrə irsən ötürülür. Bəzən gözün ön seqmentinin quruluş defektləri uşaqlıq dövründə görmə oxlarının konvergensiyası zamanı göz almasının ekstraokulyar əzələlərinin təsirindən yaranır. Hipermetropik astiqmatizmin qazanılmış formasının əsas səbəbləri aşağıdakılardır:
- Buynuz qişanın xəstəlikləri. Hüdudi membranın zədələndiyi xəstəliklər, o cümlədən belmo, xora, endotelial distrofiya hipermetropik astiqmatizmə gətirib çıxarırlar. Dərin keratit istisna olmaqla, iltihabi proses bu cür ağırlaşmalarla müşayiət edilmir.
- Büllurun patologiyaları. Refraksiya anomaliyaları büllurun üzvi zədələnmələrinə səbəb olur. Ən geniş yayılmış etioloji amil kataraktadır. Koloboma və psevdoeksfoliativ sindromda oxun astiqmatik dəyişikliyi müşahidə olunur.
- Yatrogen müdaxilələr. Refraksiya anomaliyası buynuz qişada və ya büllurda aparılan cərrahi müdaxilələrdən sonra uzaq postoperasion dövrdə inkişaf edir. Əsas trigger faktor tikişlərin qeyri-bərabər dartılmasıdır.
- Göz almasının travmaları. Gözün nüfuzedici yaralanmaları buynuz qişa və bülluru deformasiya edən sinexiyalar, sərt çapıqların formalaşması ilə nəticələnir. Optik mühitlərin üzərində yaranan üzvi qüsurlar işıq şüalarının ötürülməsinə maneə törədir.
Hipermetropik astiqmatizmin patogenezi
Xəstəliyin hipermetropik formasının əsasında əsas optik meridianlarda işıq şüalarının sındırılma prosesinin pozulması dayanır. Adətən buna buynuz qişanın əyrilik radiusunun dəyişməsi səbəb olur. Ön hüdudi membrana çatan patoloji proseslər nəticəsində buynuz qişa qeyri-düzgün forma alır. Boumen membranı regenerasiya qabiliyyətinə malik olmadığından onun geridönməyən zədələnmələri çapıq izləri ilə sonlanır. Az hallarda hipermetropik astiqmatizmin patogenezində büllurun patoloji quruluşu aparıcı rol oynayır.
Bir-birinə perpendikulyar yerləşmiş 2 əsas meridianda astiqmatizm zamanı sındırma qabiliyyəti arasındakı fərq maksimal həddə çatır. İşıq şüaları gözün daxili qişasında bir nöqtədə toplana bilmir. Baş verən dəyişikliklərlə əlaqədar obyektin torlu qişada təsviri təhrif olunur, onun dəqiqliyi itir. Patologiyanın anadangəlmə formasının inkişafında PDGFRA, SHH, VAX2 genlərinin mutasiyalarının rolu sübut olunmuşdur. Lakin qeyd olunan dəyişikliklər yalnız buynuz formaya aiddir. Qazanılmış astiqmatizm göz almasının üzvi zədələnmələrinin ağırlaşması kimi formalaşır.
Hipermetropik astiqmatizmin təsnifatı
Xəstəlik anadangəlmə və qazanılmış formalara bölünür. Hipermetropik astiqmatizm 3 dərəcəyə təsnif edilir. Zəif dərəcə 3 dioptriyaya qədər, orta – 3-6 dptr, yüksək dərəcə isə 6 dioptriyadan artıq görmə disfunksiyasına uyğundur. 0,5 dioptriya hüdudlarında dəyişikliklər əhəmiyyətli diaqnostik rol oynamır. Klinik nöqteyi nəzərdən astiqmatizmin aşağıdakı tipləri ayırd edilir:
- Sadə. Xəstəliyin bu formasında fokal xətlərdən biri torlu qişa ilə üst-üstə düşür, digəri isə gözün daxili qişasından arxada yerləşir. Aparıcı meridianların birində emmetropik refraksiya saxlanılır.
- Mürəkkəb. Belə hallarda torlu qişa fokal xətlərdən öndə olur. 2 əsas meridian üçün eyni tip refraksiya xarakterikdir. Lakin onların ifadə dərəcəsi müxtəlif olur.
- Qarışıq.Hipermetropik astiqmatizmin ən mürəkkəb formasıdır. Fokal xətlərdən biri gözün daxili qişasından öndə, digəri isə arxada lokalizasiya olunur. Əsas meridianlardan birində miopiya, ikincisində isə hipermetropiya müşahidə edilir.
Hipermetropik astiqmatizmin əlamətləri
Əksər hallarda xəstəliyin ilkin əlamətləri erkən yaşlarda izlənilir. Çox vaxt patologiya uzaqdan görmə ilə birgə inkişaf edir. Hipermetropik astiqmatizmin klinik təzahürləri onun ifadə dərəcəsindən asılıdır. 0,5 dioptriyadan aşağı olan anadangəlmə astiqmatizm görmə disfunksiyası ilə müşayiət olunmur. Zəif dərəcəli formaların klinik şəklində hipermetropiyanın əlamətləri üstünlük təşkil edir. Korreksiya məqsədilə qabarıq və ya batıq şüşələrin istifadəsi lazımı effekt vermir.
Pasiyentlər əsasən görmənin pisləşməsindən, gözlərdə yanğı və «qum dənələri» hissinin yaranmasından şikayət edirlər. Vizual yüklənmə (kitab oxumaq, televizora baxmaq, kompüterdə işləmək) zamanı xəstələr həddindən artıq yorulur. Onlar tez-tez təkrarlanan baş ağrılarından əziyyət çəkirlər. Ağrılar axşama doğru daha da güclənirlər. Xoşagəlməz hisslər qaşüstü qövsdə lokalizasiya edilir. İfadəli astiqmatizm zamanı baxılan obyektin təsviri təhrif olunur. Periorbital nahiyədə ağrı və diplopiya meydana çıxa bilər.
Hipermetropik astiqmatizmin ağırlaşmaları
Astiqmatizmin korreksiyası gecikdirildikdə çəpgözlük və astenopiya formalaşır. Uşaqlarda astiqmatik dəyişikliklər meridional ambliopiyaya gətirib çıxarır. Belə vəziyyətlərdə vizometrik pozğunluqlar yalnız müəyyən meridianlarda qeydə alınır. Yaş artdıqca hipermetropiyanın ifadə dərəcəsi yüksəlir. Ağır hallarda görmə disfunksiyasının proqressivləşməsi görmə itiliyinin total azalması ilə nəticələnir. Kontakt linzalardan düzgün istifadə etmədikdə epitel toxumasında əvvəlcə nöqtəvi defektlər, bir müddətdən sonra isə xoralaşma sahələri əmələ gəlir. Pasiyentlər kseroftalmiyanın inkişafına meylli olur.
Hipermetropik astiqmatizmin diaqnostikası
Diaqnoz anamnestik məlumatlar, fizikal baxış və spesifik müayinələrin nəticələri əsasında qoyulur. İlk növbədə binokulyar görmənin vəziyyəti qiymətləndirilir. Ortoforiyadan fərqli olaraq, astiqmatizmdə göz almalarının hərəkəti göz qapaqlarının yuxarı qalxdığı anda aydın nəzərə çarpır. 4 nöqtəli Uors testi aparıldıqda 4 dairənin görülməsi streoskopik görməyə dəlalət edir. Hipermetropik astiqmatizmin əsas müayinə üsulları aşağıdakılardır:
- Vizometriya. Müayinə əvvəlcə korreksiyasız, monokulyar aparılır. Sonra isə müxtəlif optik qüvvəyə malik eynək və ya xüsusi xətkeşdən istifadə etməklə görmə disfunksiyasının xarakteri öyrənilir.
- Duoxrom testi. Bu üsul xromatik aberrasiyaya əsaslanır. Hipermetropik tipli pasiyentlər yaşıl işıqda daha aydın gördüklərini qeyd edirlər. Bu da qısa dalğaların (göy-yaşıl) daha çox sınması ilə izah olunur.
- Yarıqlı lampanın köməyilə baxış.Biomikroskopiya vasitəsilə göz almasının ön qütbünün patoloji dəyişiklikləri inkar edilir. Göz qapaqlarının kənarlarında qabıqların aşkarlanması, meybom vəzilərinin axacaqlarının zədələnməsi kontakt yolla korreksiyanın davam etdirilməsinə əks-göstəriş sayılır.
- Astiqmatik fiqurlarla testlər. Müayinə Snellen və Raubiçek fiqurları ilə aparılır. Xəstədə astiqmatik defektlər olduqda ulduzşəkilli fiqurdan istifadə edərkən əks istiqamətli şüalar daha aydın görünür. Raubiçek testi ilə nəinki əsas meridianlar, həm də xəstəliyin dərəcəsi təyin edilir.
- Keratotopoqrafiya. Kompüter keratotopoqrafiya qeyri-invaziv üsul olub, buynuz qişanın ön və arxa səthlərinin əyriliyinin xarakteristikasının öyrənilməsinə imkan verir. Buynuz qişanın dəyişiklikləri ilə bağlı astiqmatizmdə aşağı, yüksək və normal sferikliyə malik sahələrin kombinasiyası aşkar edilir.
- Paximetriya. Onun köməyilə buynuz qişanın qalınlığı ölçülür. Optik paximetriyadan kontakt linzaların seçilməsində istifadə olunur. Sonra isə linza taxılmış gözdə ultrasəs paximetrlə keratotopoqafik parametrlər müəyyən edilir.
- Fuziya ehtiyatlarının ölçülməsi. Müayinə sinoptofor və ya gözün prizmalı kompensatorlarla dozalanmış yüklənməsi ilə icra olunur. Pasiyentlər ağ ekrandakı qara xətləri müxtəlif deformasiya dərəcəsinə malik əyriliklər kimi görürlər.
Hipermetropik astiqmatizmin müalicəsi
Müalicə taktikası pasiyentin yaşına və dəyişikliklərin ifadə dərəcəsinə müvafiq şəkildə tərtib olunur. 4 yaşına çatmayan uşaqlarda zəif və orta dərəcəli astiqmatizm eynək vasitəsilə korreksiya edilir. Yüksək dərəcələrdə eynək korreksiyası ağırlaşmaların inkişafına gətirib çıxardığından sərt sferik və torik linzalar məsləhət görülür. Onlar hər bir xəstənin fərdi xüsusiyyətləri nəzərə alınmaqla hazırlanılır. Uşaqlarda astiqmatizm yüksək dərəcəli anizometropiya, miopiya və ya hipermetropiya ilə birgə inkişaf etdikdə yümşaq torik linzalardan istifadə olunur. 14 yaşından yuxarı uşaqlara və böyüklərə həm eynək, həm də kontakt linzalar təyin edilə bilər.
Görmə disfunksiyasının konservativ korreksiya üsulları arzuolunan nəticə vermədikdə cərrahi müalicəyə eytiyac yaranır. Əməliyyatın 18-20 yaşdan tez olmamaqla aparılması məqsədəuyğundur. Belə ki, bu dövrdə görmə sistemi tam formalaşmış olur. Hipermetropik astiqmatizmli xəstələrdə əsasən aşağıdakı cərrahi əməliyyatlar həyata keçirilir:
- Qövsşəkilli keratotomiya. Patoloji dəyişikliyə uğrayan meridiandan əks tərəfdə qövsşəkilli kəsiklər edilir. Bu yolla yastı fokal xəttin qabarması və əksinə, qabaran xəttin yastılanması əldə olunur. Keratotomiyanın effekti kəsiklərin uzunluğu, dərinliyi və onların buynuz qişanın optik mərkəzinə yaxınlığına müvafiq olur.
- Fotorefraksion keratotomiya. Eksimer lazerin köməyilə buynuz qişanın toxumaları əvvəlcədən təyin edilmiş dərinlikdə kəsilib götürülür. Qonşu strukturlar zədələnmir. Bu üsulla 3 dioptriyaya qədər astiqmatizm aradan qaldırlır.
- Lazer keratomilyoz. Cərrahi müdaxilə zamanı mikrokeratomla nazik loskut formalaşdırılır. Əməliyyat sahəsi xüsusi lazerlə işlənildikdən sonra ora loskut yerləşdirilir. Keratomilyozla 5 dioptriyaya qədər astiqmatik dəyişikliklər korreksiya olunur.
- Torik intraokulyar linzanın (İOL) implantasiyası. Kataraktanın ekstrakapsulyar ekstraksiyasından sonra kapsul kisəsinə viskoelastik yeridilir. Ardınca İOL implantasiya edilir. Son mərhələdə viskoelastik aspirasiya edilir, tikiş qoyulur.
Hipermetropik astiqmatizmin proqnoz və profilaktikası
Hipermetropik astiqmatizmin vaxtında korreksiya edildikdə proqnoz qənaətbəxş olur. İtirilmiş funksiyaların tam şəkildə bərpası mümkündür. Müalicə düzgün formada aparılmadıqda görmə disfunksiyasının proqressivləşməsi ilə müşayiət olunan ağır fəsadlar baş verə bilər.
Spesifik preventiv tədbirlər işlənilib hazırlanmamışdır. Qeyri-spesifik profilaktika istehsalat şəraitində qoruyucu eynəklərdən istifadə etməklə gözlərin müdafiəsinə, göz almasının ön şöbələrinin və büllurun xəstəliklərinin müalicəsinə, risk qrupuna daxil olan şəxslərin dispanserizasiyasına yönəldilir.