Hipoqalaktiya

Hipoqalaktiya — doğuşdan sonrakı dövrün ağırlaşmasıdır. Bu zaman süd uşağı normal inkişaf üçün lazım olan qidalı maddələrlə təmin edə bilmir. Laktasiyanın azalması körpənin narahat davranışlları, çəki artımının zəifləməsi ilə təzahür edir. Diaqnozun qoyulması üçün qidalanmadan sonra körpənin çəkisi təyin edilir; süd vəzilərinin USM-i aparılır, cinsiyyət hormonlarının və prolaktinin səviyyəsi müəyyənləşdirilir. Laktogenezin bərpası məqsədilə qidalanma rejimi optimallaşdırılır, laktoqon preparatlar və laktogenezi gücləndirən fizioterapevtik metodlar təyin edilir; yanaşı gedən patologiyalar müalicə olunur.

Hipoqalaktiya barədə ümumi məlumat

Döşlə qidalanmanın uşağın fiziki və psixi inkişafında, onun immunitetinin formalaşmasında xüsusi əhəmiyyətinə görə süd verən qadınlarda normal laktasiyanın saxlanması müasir təbabətdə həkimin əsas öhdəliklərindən biridir. Müxtəlif araşdırmaların nəticələri göstərir ki, hipoqalaktiya anaların 26-80%-ində müşahidə olunur. Süd sekresiyanın azalması 35 yaşa çatmış pasientlərdə daha çox qeyd olunur; yaş artdıqca pozulma dərəcəsi də yüksəlir. İlk dəfə uşaq dünyaya gətirən qadınlarda laktogenezin pozulmasına təkrari  uşaq dünyaya gətirənlərlə müqayisədə 2,1—2,5 dəfə çox rast gəlinir. Hipoqalaktiyanın yaranma ehtimalı tənha qadınlarda daha yüksəkdir; bu, yenidoğulmuşa müstəqil qulluqla bağlı fiziki və psixoemosional yüklənmə ilə əlaqəlidir.

Hipoqalaktiyanın səbəbləri

Südün miqdarının azalması və laktasiya müddətinin qısalması polietioloji pozulmadır. Pozulmaların yalnız 2-5%-ində doğuşdan dərha sonra əmələ gəlir, anatomik səbəblər və ya neyrohumoral tənzimləmənin pozulması ilə əlaqəli olur. Laktogenez bir çox hallarda doğuşdan bir müddət sonra xarici faktorların təsiri və laktasiyada olan ananın xəstəlikləri nəticəsində pisləşir. Hipoqalaktiyanın əsas səbəbləri aşağıdakılardır:

  • Anadangəlmə patologiya. Süd vəzilərinin sekretor funksiyaları cinsi infantilizm və hipoqonadizm zamanı vəzi parenximasının natamam inkişafı səbəbindən pozulur. Bir sıra pasientlərdə genetik defektlər laktogenezdə iştirak edən ferment sisteminin pozulmasına gətirib çıxarır və ya prolaktini tənzimləyən membran reseptorlarının miqdarının az olması ilə təzahür edir.
  • Neyroendokrin pozulmalar. Hipoqalaktiya estrogen, hestagen, prolaktin, LH, FSH sekresiyasının pozulması ilə əlaqəli dishormonal vəziyyətlərdə meydana çıxır. Bu pozulma yumurtalıqların (ooforit, adneksit, şişlər) və hipotalamo-hipofizar sistemin patologiyaları, şəkərli diabet, tireotoksikoz, böyrəküstü vəzilərin xəstəlikləri zamanı inkişaf edir.
  • 35-dən yuxarı yaş həddi. Adətən, 35-40 yaşda başlayan süd vəzilərinin involyusiyası vəzi toxumasının tədricən piy toxuması ilə əvəzlənməsi ilə müşayiət olunur. Nəticədə süd vəzilərinin laktasiya qabiliyyəti aktiv laktositlərin miqdarının azalması hesabına zəifləyir. Bundan başqa, belə pasientlərdə endokrin pozulmalar ehtimalı artır.
  • Somatik və infeksion xəstəliklər. Laktogenezin zəifləməsi urogenital infeksiyalar, dəmir defisitli anemiyalarda daha çox aşkarlanır. Laktasiyada olan ananın tranzitor hipovolemiya, hərarət ilə müşayiət olunan kəskin infeksion xəstəlikləri süd sekresiyasını basqılayır və orqanizm üçün stress yüklənməsidir.
  • Patoloji hamiləlik və doğuşlar. Hamiləliyin uzanması, müxtəlif ağırlıq dərəcəli preeklampsiyalar, vaxtından əvvəl doğuşlar, ağır travmalar, çox qanitirmə zamanı hipoqalaktiya riski yüksəlir. Laktasiya həm də hamiləliyin necə sonlanmasından asılıdır. Keysəriyyə əməliyyatı zamanı laktogenezin basqılanması orta hesabla 3-3,2 dəfə artır.
  • Süd vəzilərinin patologiyaları. Döş giləsinin ekzeması və çatları, mastalgiyalar, doğuşdan sonrakı mastitlər qidalanma imkanlarını məhdudlaşdırır. Belə xəstəliklər zamanı qadın, adətən, əmmə zamanı güclənən ağrı hiss edir. Süddə patoloji mikroorqanizmlərin aşkarlanması ana südü ilə qidalanmanın müvəqqəti dayandırılmasına göstərişdir; bu isə süd vəzilərinin kafi boşalmasını çətinləşdirir.
  • Qidalandırma qaydalarının pozulması. Mammoloq və neonatoloqların müşahidələrinə əsasən hipoqalaktiyanı uşağın döşə saatlar üzrə qidalanma rejiminə görə gec qoyulması, əsassız sürətdə süni qidaların istifadəsi və qidalandırmadan sonra vəzin kifayət qədər boşaldılmaması təşviq edir. Sekretor funksiyanın dəstəklənməsi məqsədilə vaxtı-vaxtında uşağın döşə qoyulması tövsiyə olunur.
  • Uşaq faktoru. Süd sekresiyasının azalmasına gətirib çıxaran süd vəzilərinin natamam boşalması vaxtından əvvəl doğulmuş uşaqlar üçün xarakterik olan əmmə refleksinin yetərsizliyi, aerofagiya (qidalanma zamanı hava udulması), bəzi inkişaf anomaliyaları (üst dodaq, yumşaq və sərt damaq defektləri) zamanı yaranır.

Güclü fiziki və psixoemosional yüklənmə; yuxunu almamaq, yenidoğulmuşa davamlı qulluq, vərdiş olunmuş həyat tərzinin dəyişilməsi ilə bağlı yorğunluq tez-tez laktasiyanın pozulmasına gətirib çıxarır. Hipoqalaktiya azkalorili qidalanma, mayenin kifayət qədər qəbul olunmaması və balanslaşdırılmamış qidalanma nəticəsində də inkişaf edə bilər.

Hipoqalaktiyanın patogenezi

Laktogenezin pisləşməsinin konkret mexanizmi patoloji vəziyyətə səbəb olan amillərlə bağlıdır. Parenximatoz toxumanın hipoplaziyası zamanı aktiv vəzi hüceyrələrinin miqdarı uşağa lazım olan həcmdə südün sekresiyası üçün kifayət etmir. Hormonal disbalans, adətən, parenximatoz hüceyrələrin zəif stimulyasiyası ilə müşayiət olunur. Hipoqalaktiya süd vəzilərinin natamam boşalması hesabına yarandıqda laktasiyanın pozulmasının əsasında prolaktin (laktogenezi tənzimləyən əsas hormon) istehsalının azalması ilə müşayiət olunan geri tənzimləmə mexanizmlərinin yaranması durur. Oxşar proseslər müxtəlif xəstəliklər, stress, maye qəbulunun yetərsizliyi və az kalorili qidalanma zamanı da müşahidə olunur. Belə hallarda hipoprolaktinemiya hesabına laktasiyanın basqılanması tez-tez ananın əsas həyat funksiyalarının saxlanmasında qoruyucu rol oynayır.

Hipoqalaktiyanın təsnifatı

Hipoqalaktiyanın müxtəlif formalarının təsnifi pozulmanın yaranma səbəbləri və müddəti, onun ağırlıq dərəcəsinə əsaslanır. Laktasiya pozulmasının təsnifatı süd vəzilərinin normal sekresiya funksiyasını bərpa etməyə imkan verən optimal terapevtik taktikanın seçilməsində əsas rol oynayır. Mammologiya sahəsində çalışan mütəxəssislər hipoqalaktiyanın aşağıdakı formalarını ayırd edirlər:

İnkişaf müddətinə görə:

  • Erkən. Süd vəzilərinin sekretor funksiyaları doğuşdan sonrakı 10 gün ərzində pozulur.
  • Gecikmiş. Laktasiyanın basqılanma əlamətləri doğuşdan 10 gün sonra meydana çıxrır.

Səbəblərinə görə:

  • Birincili. Süd vəzilərinin vəzili toxumasının funksional yetərsizliyi; hamiləliyə qədər mövcud olmuş, hestasiya və doğuş zamanı meydana çıxmış neyroendokrin və başqa pozulmalar nəticəsində yaranır. Nadir hallarda müşahidə olunur.
  • İkincili. Doğuşdan sonra laktogenezi pozan faktorların (qidalandırma qaydalarının pozulması, süd vəzilərinin iltihabi prosesləri, kəskin infeksiyalar, zəhərlənmələr və s.) təsiri altında normal laktasiya dövründən sonra təzahür edir.

Ağırlıq dərəcəsinə görə:

  • Yüngül. Gündəlik süd sekresiyası defisiti 25%-i aşmır.
  • Mülayim. Laktasiyanın sutkalıq azalması 50%-dən çox olmur.
  • Orta. Gün ərzində süd sekresiyası defisiti 50-75%-ə çatır.
  • Ağır. Ana südü ifrazı 75%-dən çox azalır.

Süd vəzilərinin sekretor funksiyasının zəifləməsi nəticəsində meydana çıxan həqiqi hipoqalaktiyadan başqa xəstəliyin yalançı forması da mövcuddur. Bu formada qadın inanır ki, uşağa ana südü kifayət etmir.  Lakin əslində sekresiya olunan südün miqdarı kifayət qədərdir; uşağın narahatlığı isə doymamaq deyil başqa səbəblərlə bağlıdır.

Hipoqalaktiyanın simptomları

Süd sekresiyası zəifləmiş qadınlarda, adətən, dolma-boşalma hissi əmələ gəlmir; əllədikdə süd vəziləri, demək olar ki, həmişə yumşaq olur. Uşaq daim kafi miqdarda qidalı maddə qəbul etmədikdə o, qidalanmalararası dövrdə narahat olur, ağlayır, çox az yatır və aktiv şəkildə döş axtarmağa davam edir. Qidalanma müddəti, adətən, uzanır; uşağı süd vəzisindən ayırmaq çətin olur; belə cəhdlər etdikdə o, ağlamağa başlayır. Güclü hipoqalaktiya zamanı körpə “boş” süd vəzini əmməkdən tamamilə imtina edə bilər. Qidalanmadan sonra süd vəzindən süd sağmak, demək olar ki, mümkün olmur.

Laktasiyanın basqılanmasından yalnız uşağın davranışları dəyişdikdə deyil, həm də onun inkişafının və həyat fəaliyyətinin bəzi parametrləri pozulduqda da şübhələnmək olar. Kifayət qədər maye qəbul olunmaması sidik əmələgəlmənin azalmasına və sidik ifrazının az olmasına gətirib çıxarır. Uşaq gün ərzində 6-7 dəfədən çox sidiyə çıxmır. Konsentrasiya olunmuş tünd rəngli və kəskin qoxulu sidik xaric olur. Defekasiya nadir hallarda baş verir; nəcisin konsistensiyası bərk olur. Çəki artımı ritmi bərabər deyil; körpənin çəkisi həftəlik ölçmələrdə 125 q-ı aşmır; sutkalıq çəki artımı 15-20 q-dan az olur.

Hipoqalaktiyanın ağırlaşmaları

Uşağı az süd sekresiya edən vəziyə qoyduqda o, daha aktiv əmir və qidalanma müddəti uzanır; bu isə döş giləsi-areola nahiyəsində dərinin qıcıqlanmasına gətirib çıxarır. Hipoqalaktiya nəticəsində dəri asanlıqla masserasiya olunur və döş giləsi çatları meydana çıxır. Oxşar travmalar, immunitetin azalması və xroniki infeksiya ocaqları fonunda allergiyaya meyilli qadınlarda döş giləsi ekzemasının yaranma riski yüksəlir. Uşaq üçün qidalı maddələrin əsas mənbəyi olan ana südünün qeyri-kafi qəbulu yenidoğulmuşların hipotrofiyasının inkişafına gətirib çıxarır. Pozulmuş laktogenezin qeyri-adekvat müalicəsi aqalaktiyanın inkişafını təşviq edir.

Hipoqalaktiyanın diaqnostikası

Hipoqalaktiya zamanı diaqnostika zəifləmiş süd sekresiyasının təsdiqlənməsi, laktasiyanı pozan səbəblərin aşkarlanmasına yönəlmişdir. Sutkalıq laktogenezin səviyyəsinin obyektiv qiymətləndirilməsi məqsədilə körpə qidalanmadan əvvəl və sonra kontrol çəkilir; sonra isə çəki arasındakı fərq sağılmış südün çəkisilə toplanır. Nəticə müxtəlif yaş qruplarına müvafiq qidalanma tələbinin göstəriciləri ilə müqayisə olunur. Süd vəzilərinin sekresiya qabiliyyətinin qiymətləndirilməsi və neyroendokrin tənzimləmənin mümkün pozulmalarını aşkarlamaq üçün pasientə aşağıdakılar təyin olunur:

  • Süd vəzilərinin USM-i.Sonoqrafik müayinə süd vəzinin quruluşunu, parenximanın inkişafını dəyərləndirməyə; mümkün ocaqlı və involyutiv dəyişiklikləri aşkarlamağa imkan verir. USM zamanı süd vəzilərinin ocaqlı patologiyası mammoqrafiyaya və punksion biopsiya ilə əldə olunmuş materialın sitoloji müayinəsinin aparılması üçün əsasdır.
  • Hormonal müayinə. Hipoqalaktiya zamanı qanda prolaktin, estradiol, progesteron, FSH və LH-ın təyini daha böyük diaqnostik əhəmiyyət kəsb edir.
  • Tamamlayıcı diaqnostika. Laktasiyanın serebral strukturların zədələnməsi nəticəsində basqılanmasına şübhə olduqda hipofizin KT-i və MRT-i aparıla bilər. Lakin əksər hallarda diaqnozun təsdiqlənməsi üçün anamnezin hərtərəfli toplanması və kontrol ölçmələrin aparılması kifayət edir.

Hipoqalaktiya laktostaz, yüksək hərəki aktivlik və tükənmə nəticəsində süd sekresiyasının müvəqqəti azalması səbəbindən laktasion kriz və körpənin sürətli inkişafı nəticəsində aclıq krizi ilə differensiasiya olunur. Ehtiyac olduqda pasient endokrinoloq, ginekoloq, cərrah, onkoloq və infeksionist konsultasiyasından keçir.

Hipoqalaktiyanın müalicəsi 

Laktogenezin azalması zamanı tibbi taktika süd əmələ gəlməni pozan səbəblərin dəf edilməsinə və süd vəzilərinin sekretor funksiyalarının yüksəlməsinə yönəlir. Hipoqalaktiyanın kompleks müalicəsi farmakoloji preparatlar və instrumental metodların, həmçinin döşlə qidalanma ilə bağlı xüsusi tədbirlərin istifadəsindən ibarətdir. Laktasiyanın bərpa sxemi, adətən, aşağıdakılardan ibarət olur:

  • Döşlə qidalanmanın optimallaşdırılması. Körpənin 1,5-2 saatlıq intervala (uşağın tələblərinə uyğun olaraq daha tez-tez – ümumilikdə gün ərzində 10-12 dəfə) riayət etməklə hər iki süd vəzisinə müntəzəm qoyulması tövsiyə olunur. Bu zaman gecə qidalandırmaları da aparılır və buna cavab olaraq prolaktin daha çox sintez olunur. Hər dəfə qidalandırmadan sonra süd sekresiyasını stimulyasiya etmək məqsədilə vəziləri sağmaq vacibdir.
  • Laktogenezin dərmanlarla stimulyasiyası. Prolaktinin səviyyəsi kifayət qədər olmadıqda o, analoqları (laktin və s.) ilə əvəzlənir; dezaminooksitosin və oksitosinə bənzər təsirli başqa preparatlarla sintezinin stimulyasiyası tətbiq olunur. Bundan başqa, hormonların sekresiyasına təsir göstərən vitamin E və süd vəzilərinin qan təchizatını yaxşılaşdıran nikotin turşusu da laktostimulyasiyaedici effektə malikdir.
  • Fizioterapevtik metodlar. Əks-göstərişlər olmadıqda laktasiyanın yaxşılaşdırılması məqsədilə kompresslər, akupunktura, instrumental fizioterapiya – ultrasəslə təsir, nikotin turşulu elektroforez, ultrabənövşəyi şüalanma, darsonval, maqnitopunktura, vibromassaj, induktotermiya və s. Fizioterapevtik metodların əsas üstünlüyü onların zərərsiz və effektli olmasıdır.

Hipoqalaktiyanın səbəbinin dəqiq müəyyənləşdirilməsində əsas xəstəliyin müalicəsi və mümkün ağırlaşmaların korreksiyası məqsədilə antibakterial və hormonal terapiya, immunkorrektorlar, göbələk əleyhinə preparatlar, eubiotiklər təyin olunur; göstərişlərə əsasən absesin yarılması və drenajı və başqa cərrahi müdaxilələr həyata keçirilir. Laktogenezin normallaşdırılmasında kafi yuxu və istirahət, kalorinin artırılması məqsədilə pəhrizin korreksiyası  böyük əhəmiyyətə malikdir.

Hipoqalaktiyanın proqnoz və profilaktikası

Adekvat etiopatogenetik terapiya zamanı ikincili hipoqalaktiyanın əksər formaları müalicəyə yaxşı tabe olur. ÜST/ UNİCEF-in tövsiyələrinə əsasən döşlə qidalandırmanın pozulmasının profilaktikasında yanaşı gedən xəstəliklərin vaxtında müalicəsi, hamiləlik və doğuş ağırlaşmalarının qarşısının vaxtında alınması məqsədilə hamilələrin mama-ginekoloq müşahidəsində olması mühümdür. Doğuşdan sonra körpənin erkən döşə qoyulması, ana və uşağın bütün gün ərzində birgə olması, qidalandırma rejiminin tələblərə uyğun təşkili göstərişdir. Laktasiyanın dəstəklənməsində laktasiyada olan ananın rasional qidalanması və gün rejimi, süd vəzi imitatorlarına (əmziklər) qadağa qoyulması və süni qidaların əsaslandırılmış qəbulu mühüm rol oynayır.

error: Content is protected !!