Hipersomniya
Hipersomniya- yuxu müddətinin uzanması və əsasən gündüz yuxululuğu ilə müşayiət olunur. Hipersomniyanın əsas əlamətləri: gecə yuxusunun 10 saatdan uzun olması, davamlı və ya tutmaşəkilli gündüz yuxululuğu, gündüz yuxusundan sonra əhvalda yetərli yaxşılaşmanın olmaması, oyanmanın çətinləşmiş və uzunsürən olması, çox vaxt “yuxu sərsəmi” simptomu ilə müşayiət olunmasıdır. Hipersomniya diaqnozu kliniki məlumatlar, testin və polisomnoqrafiyanın nəticələrinə əsasən qoyulur. Hipersomniyanın müalicəsi xüsusi yuxu rejiminə riayət, səbəb olan xəstəliyin müalicəsi və stimuləedici preparatların təyinatından ibarətdir.
Hipersomniya haqqında ümumi məlumat
Hipersomniya yuxu pozğunluğunun bir forması olub, olun davametmə müddətinin uzanması və artan yuxululuqla özünü büruzə verir. Qeyd etmək lazımdır ki, yuxununun normal davametmə müddəti böyük fərqlə variasiya edə və müxtəlif şəxslərdə 5-12 saatadək ola bilər. Buna görə, hipersomniyadan danışdıqda yuxu problemi olan dövrədək yuxunun davametmə müddəti ilə individual olaraq qiymətləndirilmə aparılır. Hipersomniyanı hər hansı səbəb və ya yuxusuzluq səbəbindən gecə yuxusunun yetərsiz olduğu zamanlarda gündüz yuxululuğunun artması ilə fərqləndirmək lazımdır.
Kliniki praktikada hipersomniya insomniya (yuxusuzluq) ilə müqayisədə daha az hallarda rast gəlinir. O, heç də həmişə pasiyentin özü tərəfindən aşkarlanmır, xüsusi test vasitəsilə üzə çıxır. Hipersomniya yetərincə yatmamaq və hədsiz yorğunluq zamanı müşahidə olunur; bir çox dərman preparatlarının əlavə təsiri kimi, narkolepsiya və psixi pozğunluqların klinikasına daxil ola bilər; yuxu apnesi sindromu, baş beyinin üzvi zədələnmələri və travmaları, somatik xəstəlikləri müşayiət edə bilər.
Hipersomniyanın klassifikasiyası
Kliniki nevrologiyada hipersomniya etiologiyasına əsasən təsnif olunur. Hipersomniya baş vermə səbəbinə görə psixofizioloji, posttravmatik, narkoleptik, psixopatik, idiopatik, yuxuda tənəffüs pozğunluqları və somatik xəstəliklərlə əlaqədar ola bilər.
Özünü büruzəetmə xüsusiyyətinə görə permanent və paroksizmal hipersomniya ayırd edilir. Permanent hipersomniya gün ərzində davamlı yuxululuq və mürgülü vəziyyətlə müşayiət olunur. Paroksizmal hipersomniya qəfil meydana çıxan, uyğun olmayan hallarda belə yuxuya getməyə səbəb olan dözülməz yuxu istəyi ilə xarakterizə olunur. Paroksizmal hipersomniya narkolepsiya və katapleksiya zamanı müşahidə olunur.
Hipersomniyanın yaranma səbəbləri
İnsan orqanizmində yuxu və oyaqlıq rejimi beyin qabığı, qabıqaltı strukturlar, limbik sistem və retikulyar formasiya arasında baş verən qarşılıqlı aktivləşdirici və tormozlayıcı təsirlərin mürəkkəb sistemi ilə tənzimlənir. Hipersomniya bir çox amillər səbəbindən meydana çıxan bu sistemin funksiyasının pozulması nəticəsində inkişaf edir.
Psixofizioloji hipersomniya sağlam şəxslərdə uzunmüddət davam edən az yuxu, fiziki və psixi yorğunluq, keçirilmiş streslə əlaqədar meydana çıxa bilər. Hipersomniyanın bu növü bəzi dərman preparatlarının, məsələn, neyroleptiklərin, trankvilizatorların, anhistamin, şəkərsalıcı və hipotenziv vasitələrin qəbulu zamanı da meydana çıxır.
Posttravmatik hipersomniya keçirilmiş kəllə-beyin travmalarından sonra meydana çıxan MSS-nin funksional pozğunluqları ilə əlaqədar ola bilər. Travma ilə yanaşı, hipersomniyaya beynin üzvi zədələnmələri: beyindaxili şişlər, baş beynin absesi, beyindaxili hematoma, infeksion xəstəliklər (neyrosifilis, meningit, ensefalit), damar pozğunluqları (hemorragik insult, xroniki işemiya, işemik insult) səbəb ola bilər. Yuxuda tənəffüs pozğunluqları olan şəxslərdə hipersomniyanın səbəbinin baş beyin toxumasının hipoksiyası olduğu ehtimal olunur.
Hipersomniya narkolepsiyanın əsas kliniki simptomudur və katapleksiya zamanı da çox rast gəlinir. Hipersomniya həmçinin psixi pozğunluqlar (nevrasteniya, isteriya, şizofreniya) və somatikxəstəliklər (hipotireoz, şəkərli diabet, ürək çatışmazlığı, xroniki qaraciyər çatışmazlığı) zamanı da müşahidə oluna bilər. Artmış yuxululuq səbəbsiz meydana çıxdığı və hər hansı xəstəliklə əlaqədar olmadığı hallarda, onu idiopatik hipersomniyaya aid edirlər.
Hipersomniyanın kliniki əlamətləri
Hipersomniyanın əsas əlaməti uzun gecə yuxusundan sonra meydana çıxan dövri və ya davamlı gündüz yuxululuğudur. Çox vaxt hipersomniya gecə yuxu müddətinin 12-14 saatadək uzanması ilə müşayiət olunur. Çətinliklə oyanmaq, zəngli saatın səsinə dura bilməmək, yuxudan oyanma dövrünə keçid müddətinin uzanması xarakterikdir. Hipersomniyalı xəstələr oyandıqdan sonra bir müddət tormozlanmış şəkildə qalırlar və tam oyanmış olmurlar. Onların ümumi vəziyyəti sərxoşluğu xatırladır və bu hal “yuxu sərsəmi” adlandırılır.
Gündüz yuxululuğu hipersomniyanın bəzi formalarında daimi və ya tutmaşəkilli xarakter daşıya bilər. O diqqət və iş qabiliyyətini azaldır, iş keyfiyyətini zəiflədir, normal həyat ritmini pozur və pasiyentləri fasilələr etməyə və gündüz yatmağa vadar edir. Bəzi hallarda pasiyent gündüz yuxusundan sonra yüngüllük hiss edir, lakin çox vaxt yuxululuq halı uzun müddətli və ya bir neçə dəfə təkrarlanan gündüz yuxusundan sonra da saxlanılır.
Narkoleptik hipersomniya məcburi yuxulamaq tutmaları ilə xarakterikdir və bu zaman yuxu istəyi o qədər dözülməz olur ki, xəstələr uyğunsuz yerlərdə və pozalarda yuxuya gedirlər. Zamanla narkolepsiyalı xəstələrdə tutmanın öncədən hiss olunması formalaşır və onlar yuxu üçün uyğun vəziyyət almağa hazır olurlar. Narkolepsik hipersomniyalı xəstələrdə yuxuya getmə və oyanma dövrləri hallüsinasiyalarla, eləcə də oyanıqlıq katapleksiyası – yuxudan oyanmanın ilk dəqiqələrində iradi heç bir hərəkət edə bilməyəcək dərəcədə əzələ tonusunun zəifləməsi ilə müşayiət oluna bilər.
Psixopatik hipersomniya gündüz yuxululuğunun gözlənilməz kliniki şəkli ilə xarakterikdir. Məsələn, isteriyalı pasiyentlərdə psixotravmatik vəziyyətlərdən sonra bir neçə gün davam edən “yuxu” müşahidə oluna bilər. Lakin, gündüz vaxtı aparılmış polisomnoqrafiya onlarda yuxu əlamətlərini aşkar edə bilmir, əksinə EEQ gərgin oyanıqlıq halını nümayiş etdirir. Adətən, məlum olur ki, pasiyent sadəcə gözlərini bağlayaraq uzanmış olur.
Posttravmatik hipersomniya çox vaxt baş beyin toxumasının əhəmiyyətli zədələnməsi ilə deyil, güman ki, keçirilmiş stresslə əlaqədar meydana çıxır. Belə hallarda onun kliniki şəkli psixopatik hipersomniya ilə oxşar ola bilər.
İdiopatik hipersomniya adətən gənc yaşlı (15-30 yaş) şəxslərdə rast gəlinir. Pasiyentlər davamlı yuxululuq, yuxudan oyanmanın çətin olması, gecə yetərli qədər yatmalarına baxmayaraq səhərlər yuxudan doymamaq hissindən şikayət edirlər. “Yuxu sərsəmi” simptomu müşahidə oluna bilər. Belə pasiyentlərdə gündüz yuxusu müəyyən qədər rahatlıq verir, lakin yuxululuqdan tam azad edmir. Bəzi hallarda idiopatik hipersomniya bir neçə saniyə davam edən ambulator avtomatizm epizodları ilə müşayiət oluna bilər. Çox vaxt bu simptoma gündüz yuxusundan imtina edən şəxlərdə rast gəlinir.
1 sutkadan artıq davam edən fasiləsiz yuxu halı letargik yuxu adlanır. Belə hipersomniya epidemik letargik ensefalitin və ya retikulyar formasiyanın müxtəlif zədələnmələrinin təzahür şəkli ola bilər.
Hipersomniyanın diaqnostikası
Pasiyent özü yuxu problemi olduğunu obyektiv qiymətləndirə bilmədiyindən, hipersomniyanın diaqnostikası üçün ümumi qəbulolunmuş testlər: yuxululuğun stenford şkalası və yuxunun latensiya testi təyin olunur.
Polisomnoqrafiya müayinəsi diaqnostik əhəmiyyətə malikdir. Narkoleptik hipersomniya zamanı polisomnoqrafiya yuxuya getmə müddətinin qısa olmasını, gecə tez-tez oyanmalar və tez yuxu fazasının erkən başlamasını aşkar edir ki, normada tez yuxu fazası yuxuya getmədən orta hesabla 80 dəq sonra baş verir. Oxşar yuxu şəkli yuxu apnesi sindromlu xəstələrdə də qeyd edilir. Bu halda polisomnoqrafiya zamanı tənəffüs pozğunluğu əlamətlərinin də aşkarlanması düzgün diaqnozun qoyulmasına imkan yaradır. İdiopatik hipersomniya zamanı, narkoleptik hipersomniyada olduğu kimi yuxuya getmə müddətinin qısa olması xarakterikdir, lakin yuxu fazalarının nisbəti normaldır və gecə yuxusu tez-tez oyanmalarsız keçir.
Hipersomniyanı asteniyadan, depressiv vəziyyətlərdən, xroniki yorğunluq sindromundan differensiasiya etmək lazımdır. Patoloji yuxululuğun üzvi səbəblərdən yaranmasını inkar etmək üçün ətraflı nevroloji müayinə, oftalmoloqun oftalmoskopla baxışı, Exo-EQ, beynin MRT və ya KT-si aparılır. Hipersomniyanın somatik xəstəliklə əlaqəsi aşkarlanarsa, əlavə olaraq terapevt, endokrinoloq, kardioloq, qastroenteroloq və nefroloqun baxışı tələb oluna bilər.
Hipersomniyanın diaqnozu- əgər şikayətlər ən azı 1 aydır müşahidə olunursa və gecə yuxusunun pozulması və ya dərman preparatlarının qəbulu ilə əlaqədar deyilsə, bir qayda olaraq, nevroloq tərəfindən qoyulur. Əgər hipersomniya halı müalicə olunduqdan sonra 2 il ərzində təkrarlanarsa, bu xəstəlyin residivləşən formasına işarədir.
Hipersomniyanın müalicəsi
Hipersomniyanın müalicəsi onu yaradan əsas xəstəliyin effektiv müalicəsi ilə sıx əlaqədardır. Əsas xəstəliyin təmamilə müalicəsi mümkün deyilsə (məsələn, narkolepsiya zamanı), hipersomniyanın müalicəsi maksimal dərəcədə xəstənin həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönləndirirlir.
Hipersomniyanın müalicəsində yuxu rejiminə riayət mühüm əhəmiyyət kəsb edir. Pasiyentə axşam və gecə növbələrindən imtina, hər axşam eyni saatda yuxuya hazırlaşmaq, 1-2 saatlıq gündüz yuxusunu günlük həyat ritminə daxil etmək tapşırılır. Gecə yuxusunun 9 saatdan uzun olmaması tövsiyə olunur. İdiopatik hipersomniya zamanı gündüz yuxusunun müddətinin 45 dəqiqədən çox olmaması məsləhətdir. Yuxu gigiyenası ilə yanaşı alkoqol içkilərin istifadəsi və ağır qidaların qəbulu, həmçinin yuxudan öncə qidalanmaq olmaz.
Hipersomniya zamanı gündüz yuxululuğunun aradan qaldırılması üçün stimuləedici vasitələr: pemolin, deksamfetamin, modafinil, mazindol, propranol təyin olunur. Katapleksiya varsa antidepressantlar: protriptilin, imipramin, klomipramin, fluoksetin, viloksazin göstərişdir. Qeyd olunan preparatların dozalanması individual olaraq seçilir və minimal əlavə təsirlər fonunda maksimal terapevtik effekt göstərən doza təyin olunur.
Hipersomniyanın proqnozu
Posttravmatik hipersomniyanın əlamətləri adətən geridönən xarakter daşıyır. Narkolepsiya və ya baş beynin üzvi zədələnmələri fonunda inkişaf edən hipersomniya zamanı vəziyyət daha ağır olur. Hipersomniya ayrılıqda, həyat üçün təhlükəli bir hal olmasa da məişətdə və ya sükan arxasında olarkən bədbəxt hadisələrdən ölüm riskini əhəmiyyətli dərəcədə artırır.