İdmançı ürəyi sindromu
İdmançı ürəyi sindromu — sistematik şəkildə intensiv fiziki yüklənmələrə məruz qalan şəxşlərdə miokardın struktur dəyişikliklərinin ümumiləşdirilmiş adıdır. Əksər hallarda simptomsuz və ya qeyri-spesifik simptomatika ilə gedir. Dekompensasiya ritm pozğunluğuna, tromboemboliya və ürək çatışmazlığının inkişafına səbəb ola bilər. Diaqnostika EKQ, Exo-KQ və yüklənmə testlərinin aparılmasını nəzərdə tutur. Müalicə yalnız ifadəli struktur və funksional pozğunluqlar zamanı tələb olunur, bu məqsədlə qeyri-medikamentoz, medikamentoz və cərrahi üsullar tətbiq edilir.
İdmançı ürəyi sindromu barədə ümumi məlumat
«İdmançı ürəyi sindromu» ilk dəfə 1899-cu ildə isveç alimi Salamon Henşen tərəfindən istifadə edilmişdir. Patologiya adətən idman həkimləri və kardioloqlar tərəfindən aşkarlanır, əksər hallarda həyat üçün təhlükə daşımır. Bəzən yanlış olaraq, hər hansı bir ağır xəstəlik kimi qeydə alınır. İdmançılar arasında bu sindromun yayılması barədə dəqiq məlumatlar mövcud deyil. Fiziki yüklənmələr fonunda dekompensasiyaya irsi meyllik istisna olunmur. İdmançı ürəyi sindromuna kişilərdə daha çox təsadüf edilir. Dekompensasiyanın yekun mərhələsində inkişaf edən ağırlaşmalar idmanla məşğul olan 35 yaşdan kiçik şəxslərin ölümünün ən geniş yayılmış səbəbidir. Adətən bradikardiya və struktur dəyişiklikləri məşqlər kəsildikdən sonra reqresə uğrayır.
İdmançı ürəyi sindromunun yaranma səbəbləri
İdmançı ürəyi sindromu intensiv fiziki yüklənmələrə cavab reaksiyası olaraq, miokardın quruluş pozğunluqları ilə səciyyələnən adaptasiya prosesidir. Əsasən uzun illər ərzində hər gün bir saatdan çox məşq edən peşəkar idmançılarda, xüsüsən ağır atletlərdə müşahidə edilir. Fizioloji adaptasiyanın patoloji vəziyyətə keçid həddi hələlik müəyyənləşdirilməmişdir.
İdmançı ürəyi sindromunun inkişaf mexanizmi
İdmançı ürəyi sindromunda miokardda gedən dəyişikliklərin əsasında patoloji formaya keçə bilən bir neçə fizioloji proses dayanır. Uzunmüddətli intensiv yüklənmələr zamanı parasimpatik sinir sisteminin funksiyası və azan sinirin tonusu artır, bu da əsas aparıcı ritmin avtomatizminin tormozlanmasına səbəb olur, morfoloji strukturun ekssentrik və ya konsentrik hipertrofiya şəklində remodelləşməsi baş verir. Ürək kameralarının həcmi, divarlarının qalınlığı dəyişir. Dəqiqəlik həcm və ürək atımı yüksəlir. Bu 2 mexanizmin müştərəkliyi ötürücü sistemin funksional pozğunluqlarına, sakitlik halında nəbz tezliyinin azalmasına və diastola müddətinin yüksəlməsinə gətirib çıxarır.
Miokardın kütləsinə proporsional olaraq onu qanla təmin edən koronar damarların sayı artır. Hər bir kompensator prosesin müəyyən bir həddi vardır, bu limiti keçdikdən sonra yeni kapilyarlar formalaşmağa imkan tapmır. Nəticədə oksigen və qida maddələri ilə lazımi qaydada təmin olunmayan kardiomiositlər məhv olur, çapıqlar əmələ gəlir, impulsların aparıcı ritmdən əzələlərə yayılması zəifləyir. Sindrom ritm pozğunluqları, ürək kameralarının patoloji genişlənməsi, ürək fəaliyyətinin xroniki çatışmazlığı ilə ağırlaşır.
İdmançı ürəyi sindromunun təsnifatı
İdmançı ürəyi sindromu şəxsi sistematizasiyaya malik nozoloji vahid kimi qəbul edilmişdir. Sindrom miokardın morfoloji və funksional dəyişikliklərinin ardıcıl inkişaf mərhələsi sayılan 2 formaya təsnif edilir:
- Fizioloji idmançı ürəyi. Sakit vəziyyətdə nəbz 1 dəqiqədə 60 yığılmadan az olur. PQ intervalının uzanması, əlavə aparmalarda ST seqmnetinin izoxəttdən yuxarıya doğru bir neçə millimetr yerdəyişməsi qeydə alınır. T dişciyinin amplitudu artır (xüsusən döş aparmalarında). Spesifik simptomatika müşahidə edilmir. Sol mədəcik divarının qalınlığı 13mm-dən çox olmur.
- Patoloji idmançı ürəyi. ÜYT-nin ifadəli tezləşməsi və ya azalması, EKQ-də ürək əzələsinin distrofik dəyişikliklərin əks olunması miokardda patoloji proseslərin inkişafını sübut edir. Ürəyin daxili həcmi və hər iki mədəciyin əzələ divarının qalınlığı artır. V1-V6 aparmalarında T dişciyinin amplitudu daha yüksək olur, bəzən R ilə müqayisə edilir.
İdmançı ürəyi sindromunun əlamətləri
Sindrom qeyri-spesifik, variabelli, miokardın normal uyğunlaşma reaksiyası ilə çətin differensiasiya olunan əlamətlərlə özünü büruzə verir. Fizioloji formada simptomatikaya rast gəlinmir və ya ürək yığılmalarının azalması müşahidə edilir. Patoloji forma üçün sakit vəziyyətdə səbəbsiz taxikardiya və ya ifadəli bradikardiya, intensiv kardioməşqlər və fiziki dözümlülüyün azalması zamanı döş sümüyü arxasında ağrı hissi səciyyəvidir. Arterial təzyiqin xroniki yüksəlməsi, tez-tez təkrarlanan başgicəllənmələr, zirvə təkanının sola doğru dəyişməsi, onun yayılmış xarakterli olması, yuxu arteriyalarında tezləşmiş nəbz, ağır vəziyyətlərdə ritm pozğunluğu mümkündür.
İdmançı ürəyi sindromunun ağırlaşmaları
İdmançı ürəyi sindromunun patoloji formasının gedişi çox zaman əsas prosesi ağırlaşdıran vəziyyətlərin inkişafı ilə müşayiət olunur. Ən çox rast gəlinən fəsadlara ritm və ötürücülüyün pozulması (sinus aritmiyaları, blokadalar, fibrillyasiya) aiddir, onlar tromboz və tromboemboliyalara gətirib çıxara bilər. İmpulsların ötürücü sistem üzrə yayılmasının ləngiməsi bayılma, qəfləti ürək ölümünə səbəb ola bilər. Adətən massiv hipertrofiya fonunda qapaq sisteminin zədələnməsi ilə gedən infeksion endokardit inkişaf edir. Uzün sürən sindrom 50% hallarda xroniki ürək çatışmazlığı ilə nəticələnir.
İdmançı ürəyi sindromunun diaqnostikası
Müasir şəraitdə sindromun diaqnostikası heç bir çətinlik törətmir. Patologiya idmnaçıların böyük əksəriyyətində, xüsusən atletlərdə aşkarlanır. Ağırlaşmalara gətirib çıxara bilən funksional və struktur dəyişikliklərinin qeydə alınması ön plana keçir. Diaqnostik proses anamnezin toplanması və ifadəli dekompensasiyanın yaranmasını sürətləndirən irsi meylliliyin dəqiqləşdirilməsindən başlanır. Palpasiyada zirvə təkanının yayılması, nəbzin tezləşməsi müəyyən edilir. Auskultasiyada sistolik küy eşidilə bilər. İdmançı ürəyi sindromunun diaqnostikasında aşağıdakı instrumental üsullardan istifadə olunur:
- Elektrokardioqrafiya. Patoloji idmançı ürəyinin tipik əlamətlərinə sol mədəciyin yüklənmə və hipertrofiyası, V1-V6 aparmalarında hündür müsbət və ya mənfi T dişciyi, əsas və gücləndirilmiş aparmalarda dərin atipik Q dişciyi aiddir. Ritm pozğunluğu (qulaqcıqların fibrillyasiyası, mədəcik aritmiyası, AV blokadalar, His dəstəsinin ayaqcıqlarının, xüsusən sol ayaqcığının müxtəlif dərəcəli blokadaları, aparıcı ritmin miqrasiyası, atrioventrikulyar dissosiasiya) qeydə alınır. Əksər hallarda paroksizmal aritmiyaların qiymətləndirilməsi və qəfləti ürək ölümünün risk amillərinin analizi məqsədilə EKQ Holter monitorlaşması tətbiq olunur.
- Exo-KQ. İdmançı ürəyi sindromu ilə kardiomiopatiyanın differensial diaqnostikasının əsas üsulu hesab olunur. Ultrasəs müayinədə miokardın struktur dəyişiklikləri, hipertrofiya (xüsusilə ventrikulyar), sol mədəciyin cıxarıcı traktının obstruksiyası aşkarlanır, kardioskleroz ocaqları vizualizasiya olunur.
- Yüklənmə sınaqları. Bəzi kardial fenomenlər yalnız pasiyentin yüksək aktivliyi fonunda müşahidə olunduğundan çox zaman EKQ və Exo-KQ fiziki yüklənmələrlə tamamlanır. Ürək nahiyəsində ağrıların yaranması, dözümlülüyün proqressiv şəkildə azalması, stabil yüksək və ya aşağı arterial təzyiq, başgicəllənmə, ürəkbulanma, ritm pozğunluğu qeydə alınır.
İdmançı ürəyi sindromu miokardın, xüsusən sol mədəciyin hipertrofiyası ilə müşayiət olunan xəstəliklərlə: aortal stenoz, arterial hipertenziya və ÜİX fonunda ürəyin kütləsinin artması ilə differensiasiya olunur. Bir sıra hallarda ürək əzələsinin böyüməsinə səbəb olan metabolik xəstəliklər, əsasən amiloidoz inkar edilməlidir.
İdmançı ürəyi sindromunun müalicəsi
Fizioloji adaptasiya mərhələsində müalicə tələb olunmur. Əlamətlər yarandıqda idmançı kompleks müayinə və məşq rejiminin korreksiyası məqsədilə mütəxəssisə müraciət etməlidir. İfadəli simptomatika, instrumental müayinələrin qeyri-qənaətbəxş nəticələri terapiyaya göstəriş sayılır. Müalicənin məqsədi dekompensasiya proseslərinin ləngidilməsi, klinik təzahürlərin ifadəliliyinin azaldılması, tromboemboliya və qəfləti ölümün profilaktikasından ibarətdir. Terapevtik tədbirlər həm ambulator, həm stasionar şəraitdə aparıla bilər. Ürək çatışmazlığı əlamətlərinin artması, ifadəli ritm pozğunluqları, başgicəllənmə, bayılma və döş sümüyü arxasında ağrıların yarandığı hallarda pasiyent hospitalizasiya edilməlidir. Klinik praktikada aşağıdakı üsullardan istifadə olunur:
- Qeyri-medikamentoz terapiya. Ürəyin ümumi yüklənməsi və məşq rejimi azaldılmalıdır. Bəzən idman müvəqqəti dayandırılmalı və ya ondan tamamilə imtina edilməlidir. Qida rasionu meyvə, tərəvəz, vitaminlər, minerallar, zülalla zənginləşdirilməli, xörək düzü və yağlı qidaların qəbulu məhdudlaşdırılmalıdır. Kiçik porsiyalarla tez-tez qidalanma rejiminə riayət olunmalıdır. Adekvat rejim, 8 saatlıq yuxunun təmini, siqaret və spirtli içkilərdən imtina məsləhət görülür.
- Medikamentoz terapiya. İfadəli klinik simptomatika, ritm pozğunluqları müşahidə edildikdə təyin edilir. Sakitlik vəziyyətində obstruktiv halları zəiflədən, ürək atımı, arterial təzyiq və miokardın oksigenə tələbatını azaldan beta-adrenoblkatorlar tətbiq edilir. Diastolik funksiya və işemiyanın ifadəliliyini azaltmaqla miokarda qənaətbəxş təsir göstərən kalsium kanallarının blokatorlarından istifadə olunur. Qulaqcıqların fibrillyasiyası və blokadalar zamanı antiaritmik vasitələr, onların antikoaqulyantlarla kombinasiyası təyin edilir. İfadəli ağrı sindromunda müalicə planına nitratlar və APF inhibitorları əlavə olunur. Diuretiklər, aldosteronun antaqonistləri və ürək qlikozidləri məsləhət görülə bilər.
- Cərrahi müdaxilə. Sol mədəcik miokardının ifadəli hipertrofiyası, medikamentoz terapiyanın aşağı effektivliyi və dekompensasiyanın yekun mərhələsi cərrahi müalicəyə göstəriş sayılır. Mədəciklərarası çəpərin böyümüş hissəsinin rezeksiyası ilə aparılan miektomiyaya üstünlük verilir, bu üsul hemodinamikanın normalizasiyası və əlamətlərin aradan qalxmasını təmin edir. Əzələ toxumasının çoxalma dərəcəsini azaltmaq üçün alkoqol septal ablasiya icra olunur. Ağır hallarda ürək transplantasiyası həyata keçirilir.
İdmançı ürəyi sindromunun proqnoz və profilaktikası
Kompleks terapiyanın aparıldığı hallarda proqnoz adətən qənaətbəxş olur. İfadəli hipertrofiya, sol mədəciyin çıxarıcı traktının obstruksiyası, ağır ürək çatışmazlığı zamanı letallıq 5%-ə çatır. İdmançı ürəyinin formalaşma prosesini dayandıqmaq məqsədilə 3ay-5il müddətinə məşqlərdən imtina etmək tövsiyə olunur. Bu sindromun rast gəlindiyi idmançılar məşqləri davam etdirməyə qərar verdikdə kardiyüklənmələrin azaldılması, məşq proqramının yenidən nəzərdən keçirilməsi məsləhət görülür. ÜYT kritik həddə çatmasının qarşısını almaq üçün müntəzəm şəkildə pulsometrdən istifadə olunmalıdır.