İİV-in oftalmoloji təzahürləri
İİV-in oftalmoloji təzahürləri – İİV infeksiyalı pasiyentlərdə opportunist infeksiyanın qoşulması nəticəsində görmə orqanında gedən spesifik dəyişikliklərdir. Klinik şəkil zədələnmənin xarakterindən asılıdır. Əksər formaların ümumi əlamətlərinə görmə itiliyinin zəifləməsi, skotoma, fotopsiya, rəng qavrayışının pozulması, fotofobiya, gözlərin yaşarması aiddir. Diaqnoz PZR, İFA, instrumental müayinələrin (vizometriya, oftalmoskopiya, perimetriya, tonometriya, biomikroskopiya, gözün USM, başın KT-si) nəticələri əsasında qoyulur. Müalicə məqsədilə antiretrovirus və simptomatik terapiya aparılır.
İİV-in oftalmoloji təzahürləri barədə ümumi məlumat
İİV infeksiyalı xəstələrin 70-80%-də oftalmoloji təzahürlərə rast gəlinir. Təxminən 50% pasiyentlərdə hər iki göz almasının patoloji prosesə qoşulduğu aşkarlanır. İmmunçatışmazlıq virusuna yoluxmuş insanlarda sitomeqalovirus mənşəli retinopatiyanın yayılması 30-40% təşkil edir. 5% hallarda görmə sinirinin geridönməyən zədələnməsi müşahidə edilir. Bu patologiyalı şəxslərin 30-35%-də görmənin tam itirilmə riski yüksək olur. 30-50% xəstələrdə intraorbital təzahürlər sinir sisteminin zədələnməsi ilə ağırlaşır. Oftalmoloji təzahürlər həm qadınlar, həm də kişilər arasında eyni tezlikdə yayılır.
İİV-in oftalmoloji təzahürlərinin yaranma səbəbləri
Gözlərin zədələnməsinin əsas səbəbi insanın retrovirus ailəsindən olan immunçatışmazlığı virusuna yoluxması və opportunist infeksiyanın qoşulmasıdır. Yoluxma mənbəyi xəstə insan hesab olunur. Virus orqanizmin bioloji mühitlərində (qan, sperma, ana südü, vaginal ifrazatlar, onurğa beyni mayesi) toplanır. İnfeksiyalaşdırıcı doza 10 000 virus hissəcikləridir. İnfeksiya cinsi, hematogen və vertikal (anadan uşağa) yolla ötürülür. Gözlər infeksiyalaşmış qanın açıq selikli qişalara (konyunktiva) düşməsi və ya virusun hematooftalmoloji baryerdən keçməsi zamanı zədələnir.
İİV-in oftalmoloji təzahürlərinin patogenezi
İmmunçatışmazlıq virusu göz qişalarında və gözdaxili mayedə identifikasiya olunur. Lakin patoloji dəyişikliklər İİV deyil, digər mikroorqanizmlərin assosiasiyaları tərəfindən törədilir. Opportunist infeksiyanın aktivləşməsi görmə orqanında residivləşən iltihabi proseslərə gətirib çıxarır. Sitomeqalovirusa yoluxma zamanı hüceyrələr lizisə uğrayır, qranulositar reaksiyalar baş verir. Qanın reoloji xüsusiyyətlərinin dəyişməsi ilə əlaqədar okklüziv arteriit, periflebit yaranır. Bu da işemik təzahürlərin inkişafına səbəb olur. Gözün əlavə aparatı (göz qapaqları, göz yaşı axarları) adətən kəmərləyici herpes virusu, Kapoşi sarkoması, az hallarda isə kontagioz mollyusk ilə zədələnir.
Toksoplazmozun mərkəzi forması nekrozlaşan ocaqlı xorioretinitlə müşayiət edilir. Göz travmalarında aspergilyozun yaranma ehtimalı yüksək olur. Triqliseridlərin səviyyəsinin artması sitokinlərin sintezinin sürətlənməsinə təkan verir. Torlu qişanın lipemiyasının əsasında məhz bu mexanizm dayanır. Proteaza inhibitorlarının qəbulu lipid mübadiləsinin pozulmasını daha da dərinləşdirir. Üzərində CD4 reseptorlarının yerləşdiyi hüceyrələrin intensiv zədələnməsi patoloji dəyişikliklərin proqressivləşməsinə gətirib çıxarır.
İİV-in oftalmoloji əlamətləri
Patologiyanın inkişafının erkən mərhələlərində oftalmoloji təzahürlərə rast gəlinmir. Gözdə baş verən pozğunluqlar simtpomsuz gedişə malik olur. Torlu qişa və görmə sinirinin dəyişiklikləri proqressivləşdikdə pasiyentlər görmə sahəsinin ayrı-ayrı hissələrinin itirilməsindən, rəng qavrayışının və kontrast həssaslığın pozulmasından şikayət edirlər. Sitomeqalovirus mənşəli retinopatiya fotopsiyaya, göz önündə uçuşan ləkələr və «dumanın» yaranmasına, görmə disfunksiyasına səbəb olur. Adətən hər 2 göz alması zədələnir. Xəstəlik herpes infeksiya ilə assosiasiyalı olduqda ifadəli ağrı sindromu müşahidə edilir. Belə hallarda gözətrafı nahiyədə və göz qapaqlarında seroz möhtəviyyatlı kiçik qovuqcuqlar əmələ gəlir. Bu da vezikolobulyoz dermatitin inkişafından xəbər verir.
Nevroloji simptomatika fotofobiya (işıqdan qorxma), görmənin ikiləşməsi, baxışları fiksasiya etməyə çalışdıqda göz almalarının kiçik amplitudlu hərəkətindən ibarətdir. Bir sıra xəstələrdə kəllə sinirlərinin iflici ilə əlaqədar blefarospazm baş verir. Dölün bətndaxili infeksiyalaşması görmə orqanının inkişaf anomaliyalarının (anoftalm, buynuz qişanın koloboması) yaranma riskini artırır. Göz qapaqlarında və ya orbital konyunktivada lokalizasiya olunan Kapoşi sarkoması simptomsuz gedişlə xarakterizə edilir. Törəmə böyüdükcə gözlərin qapanması çətinləşir, yerli iltihabi reaksiyalar – gözün ön seqmentinin qişalarının hiperemiyası və ödemi inkişaf edir.
İİV-in oftalmoloji təzahürlərinin ağırlaşmaları
Şüşəyəbənzər cismə qansızma total hemoftalm dərəcəsinə çata bilər. Bəzən hipopion, hifema izlənilir. Uzun müddət davam edən aspergilyoz belmonun və buynuz qişanın çoxsaylı eroziv defektlərinin formalaşmasına gətirib çıxarır. Gözün ön şöbələri bakterial və infeksion zədələnmələrə (konyunktivit, keratit) meylli olur. Bir sıra pasiyentlərdə ikincili dakriosistitə rast gəlinir. Nadir hallarda patoloji proses kəllə sümüklərinə və beyin toxumalarına yayılır. Xəstələrin 20%-də gözün daxili qişasının ayrı-ayrı hissələrinin nekrozu səbəbindən torlu qişanın ayrılması müşahidə edilir. Sinir sistemi tərəfindən kriptokokk mənşəli meningit, beyin qişalarının limfoması, neyrosifilis kimi ağırlaşmalar qeydə alınır.
İİV-in oftalmoloji təzahürlərinin diaqnostikası
İİV-infeksiyanın diaqnostikasına polimeraz zəncirvari reaksiya (PZR) aparılılır. Onun köməyilə virusun DNT və ya RNT fraqmentləri aşkar edilir. İmmunoferment analiz (İFA) virusa qarşı spesifik anticisimləri təyin etməyə imkan verir. İmmunçatışmazlığın ağırlıq dərəcəsini qiymətləndirmək üçün CD4-limfositlərinin miqdarı yoxlanılır. Spesifik oftalmoloji müayinə kompleksinə aşağıdakı üsullar daxildir:
- Oftalmoskopiya. Göz dibinə baxış keçirərkən torlu qişanın mikroangiopatiyaları, anevrizmalar müəyyən edilir. Gözün daxili qişasında pambığabənzər ləkələr, qansızma sahələri, görmə sinirinin atrofiyasının əlamətləri izlənilir. Retinal damarlar süd rəngində olur. Toksoplazmoz mənşəli retinoxoriodit zamanı torlu qişada piqmentli çapıqlar vizualizasiya edilir.
- Gözün USM. Optik mühitlərin bulanması ultrasəs müayinəyə göstəriş sayılır. Görmə sinirinin patoloji dəyişiklikləri onun fizioloji ekskavasiyasının dərinliyinin artması ilə ifadə olunur.
- Başın KT-si. Göz daxilində lokalizasiya olunan törəmələrin (Kapoşi sarkoması, limfoma) aşkarlanması məqsədilə icra edilir.
- Torlu qişanın angioqrafiyası. Formalı elementlərin aqreqasiyası ilə əlaqədar regional qan dövranının pozulması müşahidə edilir.
- Gözün biomikroskopiyası. Gözün aspergilyozunda buynuz qişada ağ və ya sarımtıl rəngə, quru səthə malik zədələnmə zonasına rast gəlinir. Ocaq infiltrasiya valı ilə əhatə olunur.
- Perimetriya. Görmə sahəsinin konsentrik daralması, çoxsaylı skotomalar aşkarlanır.
- Vizometriya. Görmə itiliyinin zəifləmə dərəcəsi torlu qişanın və optik sinir liflərinin zədələnmələrinin xarakterindən asılı olub, cüzi disfunksiya ilə tam korluq arasında variasiya edir.
- Təmassız tonometriya. Gözün həcmli törəmələri gözdaxili təzyiqin yüksəlməsinə səbəb olur.
İİV-in göz təzahürlərinin müalicəsi
İİV infeksiyasının etiotrop terapiyası işlənilib hazırlanmamışdır. Lakin antiretrovirus vasitələrin tətbiqi xəstəliyin proqressivləşməsini ləngitməyə imkan verir. Virusun orqanizmdə persistensiyasını zəiflədən virusəleyhinə preparatlar görmə pozğunluqlarının simptomatik müalicəsinin effektivliyini yüksəldir. Kəmərləyici herpesin səbəb olduğu vezikulobulyoz dermatit və ya infeksion keratit, retinit zamanı asiklovir, famsiklovir vena daxilinə yeridilir. Kseroftalmiya ilə müşayiət olunan quru keratokonyunktivit hallarında süni göz qaşı preparatları, nəmləndirici məlhəmlərdən istifadə edilir.
Toksoplazmoz mənşəli retinoxorioditin müalicəsi pirimetamin, sulfanilamid, klindamisin vasitəsilə aparılır. İİV infeksiyalı xəstələrdə iridosiklitin kəskin gedişi qlükokortikosteroid instillyasiyalarını, qisa kurslarla antibakterial terapiyanı tələb edir. Sitomeqalovirus genezli retinitdə sidofovir, foskarnet, qansiklovir təyin olunur. Kapoşi sarkomalı pasiyentlərin müalicə taktikası kimya və ya krioterapiyadan, törəmənin cərrahi yolla kəsilməsindən, şişin daxilinə sitostatiklərin yeridilmsindən ibarətdir. Göz almasının aspergilyozunda antifunqal terapiya göstəriş sayılır. Amfoterisin B, itrakonazolun venadaxili yeridilməsinin effektivliyi sübut olunmuşdur.
İİV-in oftalmoloji təzahürlərinin proqnoz və profilaktikası
Xəstəliyin proqnozu virus yüklənməsindən, gözlərin zədələnməsinin xüsusiyyətlərindən və əsas patologiyanın gedişindən asılıdır. Statistik məlumatlara əsasən görmənin tam itirilmə riski 40% təşkil edir.
Qeyri-spesifik preventiv tədbirlər immun çatışmazlığı virusuna yoluxmanın qarşısının alınmasına (kontrasepsiyanın istifadəsi, tibbi alətlərin sterilizasiyası, narkomaniya ilə mübarizə) yönəldilir. Görmə itiliyinin kontakt linza deyil, eynəklə korreksiyası məsləhət görülür.
Spesifik profilaktika mövcud deyil. Lakin antiretrovirus terapiyanın tətbiqi proqnozu xeyli yaxşılaşdırır.