İİV infeksiyası
İİV infeksiyası – insanın immunodefisit virusu tərəfindən törədilən, qazanılmış immun defisit sindromu ilə xarakterizə olunan xəstəlikdir. Patologiya zamanı orqanizmin müdafiə xüsusiyyətlərinin dərin pozulması ikincili infeksiyaların və bədxassəli törəmələrin yaranmasına səbəb olur. İİV infeksiyasının müxtəlif gedişli formaları var. Xəstəlik bir neçə ay davam edə və ya 20 ilə qədər uzana bilər. İİV infeksiyasının əsas diaqnostik üsulu virus əleyhinə spesifik antitellərin, həmçinin virus RNT-nin aşkarlanmasıdır. Hazırda İİV infeksiyalı pasientlərin müalicəsi virusun reproduksiyasını zəiflədən antivirus preparatlarla aparılır.
İİV infeksiyası barədə ümumi məlumat
İİV infeksiyası insanın immunodefisit virusu tərəfindən törədilən, orqanizmin müdafiə xüsusiyyətlərinin dərin pozulması nəticəsində ikincili infeksiyaların və bədxassəli törəmələrin yaranmasına səbəb olan qazanılmış immun defisit sindromu ilə xarakterizə olunan xəstəlikdir. Bu gün dünyada İİV infeksiyasının pandemiyası qeyd olunur. Planetin, xüsusən Şərqi Avropa ölkələrinin əhalisinin xəstələnməsi davamlı olaraq artır.
Törədicinin xarakteristikası
DNT tərkibli insanın immun defisit virusu Lentiviruslar cinsi, Retroviridae ailəsinə məxsusdur. Virusun iki tipi ayırd edilir: İİV-1 İİV infeksiyanın əsas törədicisi, panedmiyanın və QİÇS-in səbəbidir. İİV-2 az yayılmış tipdir; patologiyaya əsasən Qərbi Afrikada rast gəlinir. İİV davamsız virusdur. Törədici orqanizmində qısa zamanda məhv olur; temperatura həssasdır (56 °С-də infeksion xüsusiyyətləri zəifləyir, temperatur 70-80 °С-ə qədər yüksəldikdə 10 dəqiqə sonra məhv olur); qanda və onun transfuziya üçün hazırlanmış preparatlarında yaxşı saxlanır. Virusun antigen strukturu çox dəyişkəndir.
İİV infeksiyanın rezervuarı və mənbəyi QİÇS-dən əziyyət çəkən və daşıyıcı insandır. İİV-1-in təbii rezervuarı müəyyənləşdirilməyib; təbiətdə təbii sahibinin şimpanze olduğu düşünülür. İİV-2 Afrika meymunları tərəfindən ötürülür. Başqa növ heyvanların İİV-ə meyilliyi təyin olunmayıb. Virus qanda, spermada, vaginal vəzilərin sekretində və menstrual ifrazatda yüksək konsentrasiyada saxlanır. Ana südündə, tüpürcəkdə, gözyaşında və likvorda da ola bilər. Lakin bu bioloji mayelər daha zəif epidemioloji təhlükə daşıyır.
İİV infeksiyasının ötürülmə ehtimalı dəri və selikli qişaların zədələnmələri (travmalar, sıyrıqlar, uşaqlıq boynunun eroziyası, stomatit, paradontoz və s.) olduqda yüksəlir. İİV infeksiyası hemokontakt və biokontakt mexanizmlə təbii (cinsi əlaqə zamanı və qalxan yolla – anadan dölə) və süni (ötürülmə əsasən hemoperkutan mexanizm zamanı baş verir: transfuziya, preparatların parenteral yeridilməsi, travmatik tibbi prosedurlar) yolla ötürülür.
Daşıyıcı ilə tək-tək kontakt zamanı İİV ilə yoluxma riski azdır, infeksiyaya yoluxmuş şəxslərlə müntəzəm cinsi əlaqə bu riski xeyli yüksəldir. İnfeksiyanın bətndaxili dövrdə qalxan yolla anadan dölə (plasentar baryerin defektindən) ötürülməsi, həmçinin doğuş zamanı uşağın ananın qanı ilə kontaktı nəticəsində yoluxması mümkündür. Nadir hallarda ana südü ilə postnatal ötürülmə qeydə alınır. Xəstə anaların uşaqlarının xəstələnməsi 25-30%-ə çatır.
İnfeksiya zamanı parenteral yoluxma iynələr, İİV-lə yoluxmuş insanın qanı, yoluxmuş qanlı hemotransfuziyalar, qeyri-steril tibbi manipulyasiyalar (pirsinq, tatuaj, düzgün işlənməmiş alətlərlə həyata keçirilən tibbi və stomatoloji prosedurlar) vasitəsilə baş verir. İİV kontakt-məişət yolu ilə ötürülmür. İnsanın İİV infeksiyasına meyilliyi yüksəkdir. 35 yaşdan yuxarı insanlarda QİÇS-in inkişafı, bir qayda olaraq, yoluxmadan sonra qısa zaman ərzində baş verir. Bəzi kliniki hallarda İİV-ə qarşı immunitet qeyd olunur. Bu, cinsi orqanların selikli qişasındakı spesifik IgA ilə əlaqəlidir.
İİV infeksiyasının patogenezi
İnsanın immun defisit virusu qana düşdükdə orqanizmin immun reaksiyalarının formalaşmasında mühüm əhəmiyyət kəsb edən makrofaqlara, mikroqliyaya və limfositlərə daxil olur. Virus immun cisimciklərin öz antigenlərini yad kimi qəbul etmə qabiliyyətini pozur, hüceyrədə yaşayır və reproduksiyaya başlayır. Çoxalmış virus qana keçdikdən sonra sahib hüceyrə məhv olur, viruslar isə sağlam makrofaqlara daxil olur. Sindrom tədricən (illərlə), dalğavari inkişaf edir.
Başlanğıcda orqanizm immun hüceyrələrin yenilərini sintez etməklə onların massiv məhvini kompensasiya edir; tədricən kompensasiya kifayət etmir, qanda limfositlər və makrofaqların miqdarı xeyli azalır, immun sistem çökür, orqanizm ekzogen infeksiyalara olduğu kimi, orqan və toxumaların normal mikroflorasının bakteriyalarına qarşı da acizləşir. Bu, opportunistik infeksiyalara gətirib çıxarır. Bundan başqa, defektli blastositlərin – bədxassəli hüceyrələrin çoxalmasına qarşı müdafiə mexanizmləri də pozulur.
Virusların immun hüceyrələrə daxil olmasını tez-tez müxtəlif autoimmun vəziyyətlər provokasiya edir; xüsusən neyrositlərin autoimmun zədələnmələr nəticəsində inkişaf etmiş nevroloji pozulmalar xarakterikdir. Sinir sistemi tərəfindən belə dəyişikliklər hətta immun defisitin klinikası meydana çıxmazdan əvvəl inkişaf edir.
İİV infeksiyasının təsnifatı
İİV infeksiyasının kliniki gedişi 5 – inkubasiya, birincili təzahürlər, latent, ikincili xəstəliklər və terminal mərhələlərdən ibarətdir. Birincili təzahürlər mərhələsi simptomsuz, birincili İİV infeksiyası şəklində, həmçinin ikincili xəstəliklərlə yanaşı gedə bilər. Ddördüncü mərhələ ağırlıq dərəcəsindən asılı olaraq bir neçə dövrə bölünür: 4A, 4B, 4V. Dövrlər mövcud antivirus müalicə və ya onun olmamasından asılı olaraq fərqlənən proqressivləşmə və remisiya fazalarına keçir.
İİV infeksiyasının simptomları
- İnkubasiya mərhələsi – 3 həftədən 3 ayadək davam edə bilər; nadir hallarda bir ilə qədər uzanır. Bu dövrdə virusların aktiv çoxalması baş verir, lakin ona immun cavab hələ ki olmur. İİV-nin inkubasiya dövrü ya kəskin İİV infeksiyası, ya da qanda İİV antitellərinin meydana çıxması ilə sonlanır. Bu mərhələdə İİV infeksiyasının diaqnostikası üçün əsas məqam qan serumunda virusun (antigen və ya DNT-nin hissəsi) aşkarlanmasıdır.
- İlkin təzahürlərin meydana çıxma mərhələsi orqanizmin aktiv virusun replikasiyasına kəskin infeksiya klinikası və immun reaksiyalar (spesifik antitellərin sintezi) şəklində cavab verməsilə xarakterizə olunur. İkinci mərhələ simptomsuz gedə bilər; inkişaf edən İİV infeksiyasının yeganə əlaməti virus antitellərinə qarşı seroloji diaqnostikanın müsbət olmasıdır.
İkinci mərhələnin kliniki təzahürləri kəskin İİV infeksiyası şəklində gedir. Kəskin başlanma 50-90% pasientlərdə yoluxmadan 3 ay sonra, tez-tez İİV antitelləri sintez olunmamışdan əvvəl qeyd olunur. İkincili patologiyasız kəskin infeksiya kifayət qədər rəngarəng gedişə malikdir: hərarət, dəri və görünən selikli qişaların müxtəlif polimorf səpkiləri, polilimfadenit, faringit, lienal sindrom, diareya qeyd oluna bilər.
Xəstələrin 10-15%-də kəskin İİV infeksiyası immunitetin zəifləməsi ilə əlaqəli olaraq ikincili xəstəliyin prosesə qoşulması ilə gedir. Bu ikincili xəstəlik angina, müxtəlif mənşəlli pnevmoniyalar, göbələk infeksiyaları, herpes və s. ola bilər.
Kəskin İİV infeksiyası, adətən, bir neçə gündən bir neçə ayadək, orta hesabla 2-3 həftə davam edir; əksər hallarda latent mərhələyə keçir.
- Latent mərhələ tədricən immunodefisitin inkişafı ilə xarakterizə olunur. Bu mərhələdə immun hüceyrələrin məhvi onların böyük miqdarda sintezi ilə kompensasiya olunur. Bu zaman İİV-i seroloji reaksiyaların (qanda İİV-ə qarşı antitellər olur) köməyilə diaqnostika etmək olar. Kliniki əlamət bir neçə müxtəlif, bir-birilə əlaqəsi olmayan qruplara məxsus (qasıq limfa düyünlərindən başqa) limfa düyünlərinin böyüməsi ola bilər. Bu zaman böyümüş limfa düyünləri tərəfindən başqa patoloji dəyişikliklər (ağrı, ətraf toxumalarda dəyişikliklər) qeyd olunmur. Latent mərhələ 2-3 ildən 20 ilə qədər və daha uzun müddət davam edə bilər. O, orta hesabla 6-7 il davam edir.
- İkincili xəstəlik mərhələsi yanaşı gedən (opportunistik) virus, bakteriya, göbələk, protozoa mənşəlli infeksiyalar, güclü immun defisit fonunda bədxassəli törəmələrin əmələ gəlməsi ilə xarakterizə olunur. İkincili xəstəliyin ifadəliliyindən asılı olaraq bu mərhələnin 3 dövrü ayırd olunur:
- 4a – bədən çəkisi itkisi bədənin ümumi çəkisinin 10%-dən çox olmur, örtük toxumaların (dəri və selikli qişalar) infeksion (bakterial, virus, göbələk) zədələnmələri qeyd olunur. Əmək qabiliyyəti azalır.
- 4b – bədən çəkisi itkisi bədənin ümumi çəkisinin 10%-dən çox olur, temperatur reaksiyası davam edir, uzunmüddətli, üzvi səbəbsiz diareya mümkündür; ağciyərlərin vərəmi prosesə qoşula bilər; infeksion xəstəliklər residivləşir və proqressivləşir, lokalizasiya olunmuş Kapoşi sarkoması, tüklü leykoplakiya meydana çıxa bilər.
- 4c – ümumi kaxeksiya qeyd olunur, ikincili infeksiyalar generalizə olunmuş xarakter alır; həzm traktının, tənəffüs yollarının kandidozu, pnevmosist pnevmoniya, vərəmin ağciyərdaxili forması, disseminə olunmuş Kapoşi sarkoması, nevroloji pozulmalar qeyd oluna bilər.
İkincili xəstəliklər mərhələsinin yarımmərhələləri virus əleyhinə müalicənin olub-olmamasından asılı olaraq proqressivləşən və remisiya fazaları ilə gedir. İİV infeksiyasının terminal mərhələlərində pasientdə inkişaf etmiş ikincili xəstəliklər geridönməz xarakter alır. Müalicə tədbirləri öz effektivliyini itirir, bir neçə ay sonra letal sonlanma başlayır.
İİV infeksiyasının gedişi kifayət qədər rəngarəngdir, bu və ya digər kliniki əlamətlər bütün mərhələlərdə heç də həmişə meydana çıxmır, bəzən hətta olmaya bilər. Fərdi kliniki mənzərədən asılı olaraq xəstəliyin gedişi bir neçə aydan 15-20 ilə qədər uzana bilər.
Uşaqlarda İİV infeksiyasının kliniki xüsusiyyətləri
Erkən yaşlı uşaqlarda İİV fiziki və psixomotor inkişafın ləngiməsinə səbəb olur. Uşaqlarda bakterial infeksiyalarla residivləşmə böyüklərlə müqayisədə daha çox rastlanır. Tez-tez limfoid pnevmonitlər, ağciyər limfa düyünlərinin böyüməsi, müxtəlif ensefalopatiyalar, anemiya qeyd olunur. İİV infeksiyası zamanı uşaq ölmünün daha çox rastlanan səbəbi güclü trombositopeniya nəticəsində yaranmış hemorragik sindromdur.
Uşaqlarda İİV infeksiyasının daha tez-tez rastlanan kliniki təzahürləri psixomotor və fiziki inkişafın ləngiməsidir. Ante- və perinatal yolla anadan uşağa keçmiş İİV infeksiyası, bir yaşından sonra yoluxmuş uşaqlardakı gedişindən fərqli olaraq xeyli ağır keçir və sürətlə proqressivləşir.
İİV infeksiyasının diaqnostikası
Hazırda İİV infeksiyasının əsas diaqnostik metodu, əsasən, İFA metodu ilə reallaşdırılan virusa qarşı antitellərin aşkarlanmasıdır. Müsbət nəticə zamanı qan serumu immun blottinq metodunun köməyilə analiz olunur. Bu, spesifik İİV antigenlərinə qarşı sintez olunmuş antitelləri identifikasiya etməyə imkan verir və yekun diaqnostika üçün yetərli kriteriya hesab olunur. Xarakterik molekulyar kütləli antitelin blottinq vasitəsilə aşkarlanmaması İİV-i inkar etmir. İnkubasiya dövründə virusun hüceyrələrə daxil olmasına qarşı immun cavab hələ formalaşmır, terminal mərhələdə isə güclü immunodefisit nəticəsində antitellərin sintezi dayanır.
İİV-ə şübhə olduqda və immun blottinqin müsbət nəticələri olmadıqda virus RNT-sinin hissəciklərinin təyini üçün effektiv üsul ZPR-dir. İİV infeksiyasının seroloji və virusoloji metodlarla diaqnostikası immun statusun dinamik müşahidəsinə göstərişdir.
İİV infeksiyasının müalicəsi
İİV infeksiyası ilə yoluxmuş insanların müalicəsi orqanizmin immun statusunun daim kontrolu, ikincili xəstəliklərin profilaktikası və müalicəsi, yenitörəmələrin inkişafının kontrolundan ibarətdir. İİV infeksiyasından əziyyət çəkən insanların psixoloji köməyə və sosial adaptasiyaya tez-tez ehtiyacı olur. Hazırda xəstəliyin geniş yayılması, ölkədə və dünya səviyyəsində yüksək sosial əhəmiyyətinin olması ilə əlaqəli olaraq xəstələrin dəstəklənməsi və reablitasiyası həyata keçirilir, sosial proqramlar genişləndirilir. Bu proqramlar xəstələrə tibbi yardımın təşkili, xəstəliyin gedişinin yüngülləşdirilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmişdir.
Hazırda etiotrop müalicə, əsasən, virusun reproduktiv qabiliyyətini azaldan preparatların təyinindən ibarətdir. Antivirus preparatlara aşağıdakılar aiddir:
- NİOT-nin (transkriptazanın nukleozid inhibitorları) müxtəlif qrupları: zidovudin, stavudin, zalsitabin, didanozin, abakavir, kombinəolunmuş preparatlar;
- NtİOT (əks transkriptazanın nukleozid inhibitorları): nevirapin, efavirenz;
- Proteazaların inhibitorları: ritonavir, sakvinavir, darunavir, nelfinavir və başqaları;
- Birləşmə inhibitorları.
Pasientlərə antivirus terapiyasının başlanmasına qərar verdikdə xatırlatmaq lazımdır ki, preparatlar uzun illər boyunca, demək olar ki, bütün ömür boyu qəbul olunmalıdır. Müalicənin uğuru həkimin göstərişlərinə – dərman preparatlarının lazımi dozalarda, vaxtında və müntəzəm qəbulu, təyin olunmuş pəhrizə və həyat rejiminə ciddi riayət olunmasından birbaşa asılıdır.
İnkişaf etmiş opportunistik infeksiyalar onun törədicilərinə qarşı yönəlmiş terapevtik üsullarla (antibakterial, antiviral, antifunqal preparatlar) müalicə olunur. İİV infeksiyası zamanı immunostimuləedici terapiya tətbiq olunmur; çünki o, xəstəliyin proqressivləşməsini təşviq edir; bədxassəli törəmələr zamanı təyin olunmuş sitostatiklər immuniteti basqılayır.
İİV ilə yoluxmuş insanların müalicəsi orqanizmi ümumi möhkəmləndirici və dəstəkləyici preparatlar (vitaminlər və bioloji aktiv maddələr) və ikincili xəstəliklərin fizioterapevtik profilaktikası metodlarından ibarətdir. Narkomaniyadan əziyyət çəkən xəstələrə müvafiq dispanserlərdə müalicə tövsiyə olunur. Güclü psixoloji diskomfortla əlaqədar olaraq bir çox pasientlər uzunmüddətli psixoloji adaptasiya keçirlər.
İİV infeksiyasının proqnozu
İİV infeksiyası müalicə olunmur, bir çox hallarda virus əleyhinə müalicə nəticə vermir. Hazırda İİV ilə yoluxmuş insanlar orta hesabla 10-12 il yaşayır; lakin hərtərəfli müalicə və müasir preparatlar pasientlərin ömrünü nəzərə çarpacaq dərəcədə uzadır. İnkişaf edən QİÇS-nin qarşısının alınmasında əsas rolu xəstənin psixoloji vəziyyəti və onun tövsiyə olunmuş rejimə əməl etmək üçün səy göstərməsi oynayır.
İİV infeksiyasının profilaktikası
Hazırda Ümumdünya Səhiyyə Təşkilatı İİV infeksiyası ilə xəstələnmənin azalması məqsədilə 4 əsas istiqamətdə ümumi profilaktik tədbirlər həyata keçirir:
- Qorunmamış cinsi əlaqə ilə bağlı maarifləndirmə, prezervativlərin yayılması, cinsi yolla ötürülən xəstəliklərin müalicəsi, cinsi əlaqə ilə bağlı mədəniyyətin yayılması;
- Donor qanından hazırlanmış preparatların kontrolu;
- İİV yoluxmuş qadının hamiləliyinin aparılması, tibbi yardımla təmini və ona kimyaprofilaktik preparatların (hamiləliyin son trimestrində və doğuş zamanı qadınlara, həmçinin həyatının ilk üç ayında uşaqlara antivirus preparatlar təyin olunur) çatdırılması;
- Psixoloji və sosial yardım, İİV-ə yoluxmuş vətəndaşların dəstəklənməsi, tibbi konsultasiya ilə təmini.
Hazırda bütün dünyada İİV infeksiyası ilə xəstələnmədə mühüm epidemioloji faktorlar olan narkomaniya, qeyri-düzgün cinsi əlaqələrə xüsusi diqqət ayrılır. Bir çox ölkələrdə profilaktik tədbirlər kimi birdəfəlik istifadə üçün nəzərdə tutulmuş iynələrin pulsuz verilməsi, metadon əvəzləyici terapiya aparılır. Cinsi əlaqə ilə bağlı savadsızlığın aradan qaldırılması məqsədilə tədris proqramına cinsi gigiyena kursları əlavə olunur.