İkincili katarakta

İkincili katarakta – kataraktanın ekstraksiyasının fəsadı olub, arxa kapsuloreksis nahiyəsinin birləşdirici toxuma tərəfindən ikincili örtülməsi ilə xarakterizə edilir. Xəstəlik klinik olaraq, görmə itiliyinin proqressiv şəkildə azalması, rəng qavrayışının zəifləməsi, qaranlığa adaptasiyanın pozulması, diplopiya, dumanlı görmə ilə təzahür edir. Diaqnozun dəqiqləşdirilməsi üçün vizometriya, gözün biomikroskopiyası, USM, OKT aparılır. Əlavə olaraq, laborator diaqnostika həyata keçirilir. İkincili kataraktanın klinik simptomatikasını aradan qaldırmaq üçün avtomatlaşdırılmış aspirasiya-irriqasiya sistemindən və ya lazer dissiziya üsulundan istifadə edilir.

İkincili katarakta barədə ümumi məlumat

İkincili katarakta – kataraktanın bütün formalarının cərrahi müalicəsinin ən çox rast gəlinən fəsadıdır. Statistik məlumatlara əsasən patologiyanın inkişaf tezliyi 0,5-95% arasında dəyişir. Diapazonun geniş olması əməliyyatların növü, xəstənin yaşı, yanaşı gedən xəstəliklərlə bağlıdır. İkincili katarakta hər iki nümayəndələri arasında eyni dərəcədə yayılmışdır. Uşaqlarda büllura qarşı anticisimlərin titrinin artması ekstraksiyadan və ya fakoemulsifikasiyadan sonra ikincili kataraktanın yüksək yaranma riski (75%) ilə əlaqəlidir.

İkincili kataraktanın yaranma səbəbləri

Oftalmopatologiya cərrahi müdaxilədən bir neçə ay və ya il keçdikdən sonra formalaşır. İkincili katarakta büllurun arxa kapsulunun fibroz dəyişiklikləri ilə təzahür edir. Xəstəliyin etiopatogenezi kifayət qədər öyrənilməmişdir. Onun başlıca səbəbləri aşağıdakılardır:

  • Arxa kapsulun fibrozu. Fibroz ətraf toxumalarda gedən iltihabi proseslərdən sonra inkişaf etdiyindən ikincili kataraktanın risk amillərinə uveit və metabolik pozğunluqlar (şəkərli diabet) aid edilir.
  • Hiperplastik epiteliositlərin miqrasiyası. Büllurun kapsulunda kürəşəkilli Adamyuk-Elşniq hüceyrə konqlomeratlarının yaranmasına kataraktanın ekstraksiyasından sonra epitelin izafi regenerasiyası səbəb olur.
  • İntraokulyar linzanın (İOL) qeyri-rasional implantasiyası. İkincili katarakta çox vaxt ön kameraya İOL-nın yeridilməsi, onun optik hissəsinin diametrinin normadan artıq olması (>7mm) və ya linzanın siliar şırım zonasında fiksasiyası ilə əlaqədar baş verir.

İkincili kataraktanın patogenezi

İkincili kataraktanın patogenezinin əsasını iltihabi proseslər təşkil edir. Bu zaman ifraz olunan mediatorlar hematooftalmik baryerdən keçə bilir. Onların sintezinə cavab reaksiyası olaraq, hüceyrə proliferasiyası güclənir. İltihabönü sitokinlər və bir sıra hüceyrəxarici zülallar böyümə faktoru rolunu oynayır. Postoperasion dövrün patoloji gedişi və orqanizmin rezistentliyinin azalması fonunda infeksion agentlərin yüksək aktivləşmə riski qeydə alınır. Bu da öz növbəsində arxa kapsul sonasında reparativ proseslərin həddindən artıq stimulyasiyasına və birləşdirici toxumanın sintezinə gətirib çıxarır. Fibroz transformasiya immunitetdən asılı xarakter daşıyır. Büllurun antigenlərinin sintezinə orqanizm spesifik immun cavab verir.

Digər patogenetik nəzəriyyəyə əsasən ikincili katarakta göz almasının intraokulyar linzanın implantasiyasına uyğunlaşma reaksiyasıdır. Linzanın fiksasiyası zamanı monositar/makrofaq sistemi aktivləşir. Çünki orqanizm implantatı yad cisim kimi qəbul edir. Fibroblastların İOL-nın səthinə çökməsi qalın birləşdirici toxuma qişasının formalaşmasına gətirib çıxarır. Qüzehli qişanın intraoperasion zədələnməsi piqment hüceyrələrinin linza nahiyəsinə miqrasiyasını stimulə edir. Hüceyrə komponentləri (xüsusən protein) prelental membranın yaranmasında və arxa kapsulun bulanmasında böyük rol oynayır.

İkincili kataraktanın təsnifatı

İkincili katarakta formalaşmış qatın hüceyrə tərkibi və onun xəstəliyin klinik gedişinə təsirinə əsasən təsnif edilir. Morfoloji nöqteyi nəzərdən patologiyanın aşağıdakı növləri ayırd edilir:

  • Fibroz. Arxa kapsulun fibroz transformasiyası ilə xarakterizə olunur. Qatın tərkibində birləçdirici toxuma elementləri üstünlük təşkil edir. Fibroz tip kataraktanın yarandığı andan ilk 3 ay ərzində aşkarlanır.
  • Proliferativ. Pasiyentlərdə kürəşəkilli Adamyuk-Elşniq hüceyrələri, Zemmerrinq həlqələri müəyyən edilir. Bu da xəstəliyin uzunmüddətli gedişinsən (3 aydan çox) xəbər verir.
  • Büllurun kapsulunun qalınlaşması. İkincili qlaukomanın bu forması sərbəst nozoloji vahid kimi qəbul edilir. Belə ki, digər variantlardan fərqli olaraq, kapsulun qalınlaşması onun şəffaflığının pozulması ilə müşayiət olunmur. Nadir hallarda müşahidə edilir, etiologiya və patogenezi məlum deyil.

İkincili kataraktanın əlamətləri

Pasiyentlər adətən postoperasion dövrdə görmə itiliyinin proqressiv şəkildə azalmasından şikayət edirlər. Normal görmə itiliyi bərpa edildikdən sonra get-gedə artan görmə disfunksiyasını klassik korreksiya üsulları ilə aradan qaldırmaq mümkün olmur. Xəstələr eyni zamanda həm yaxını, həm də uzağı pis görürlər. Patologiyanın proqressivləşməsi qaranlığa adaptasiyanın pozulmasına, kontrast həssaslığın və rəng qavrayışının zəifləməsinə (parlaqlığın azalmasına) gətirib çıxarır.

Vizual yüklənmə zamanı astenopik şikayətlər meydana çıxır. Lakin ağrı sindromuna rast gəlinmir.  Patologiyanın əsas təzahürlərinə görmənin ikiləşməsi, əşyaların formasının təhrif olunması aiddir. Bu əlamətlər binokulyar görmənin pozulması nəticəsində yaranır. İkincili katarakta üçün göz önündə «pərdə» və ya «dumanın» formalaşması xarakterikdir. Xəstəliyin simptomları kontakt linza və ya eynək vasitəsilə aradan qalxmır. Bundan əlavə işıq mənbəyinə baxdıqda rəngli dairələr, qığılcımlar əmələ gələ bilər. Görmə orqanında vizual dəyişikliklər nəzərə çarpmır. İlkin əlamətlər əməliyyatdan ən azı 3 ay sonra inkişaf edir.

İkincili kataraktanın ağırlaşmaları

İkincili kataraktanın uzunmüddətli gedişi görmənin geridönməyən itirilməsi ilə nəticələnir. Bu hal klassik üsulla korreksiyaya tabe olmur. Buynuz qişanın intraoperasion zədələnməsi nəinki əsas patologiyanın gedişini ağırlaşdırır, həm də dispers sindrom və piqmentli qlaukomanın yüksək yaranma ehtimalı ilə assosiasiya olunur. Xəstəliyin patogenezinin əsasını təşkil edən iltihabi proses əksərən uveit, sklerit, endoftalmitə gətirib çıxarır. İkincili kataraktanın proliferativ forması və büllurun kapsulunun qalınlaşması gözdaxili təzyiqin yüksəlməsini stimulə edir – oftalmohipertenziyanın klinikası formalaşır.

İkincili kataraktanın diaqnostikası

İkincili katarakta çətin təyin olunan patologiyadır. Onun diaqnostikasında instrumental və laborator üsullardan istifadə edilir:

  • Bu üsulla görmə itiliyinin azalma dərəcəsi müəyyən edilir.
  • Gözün biomikroskopiyası. Onun köməyilə optik mühitlərin bulanması, gözün ön şöbələrinin degenerativ-distrofik dəyişiklikləri vizualizasiya olunur.
  • Gözün A və B-rejimli USM. Ultrasəs müayinəsi görmə orqanının quruluşunun anatomo-fiizoloji xüsusiyyətlərini, İOL-nın vəziyyətini qiymətləndirməyə imkan verir.
  • Optik kogerent tomoqrafiya(ОКТ). Bu metoddan göz almasının və intraorbital strukturların topoqrafiyasının daha ətraflı öyrənilməsi üçün istifadə olunur. Onun köməyilə arxa kameranın patoloji dəyişiklikləri (qalın birləşdirici toxumadan ibarət qat, Zemmerrinq həlqələri, Adamyuk-Elşniq hüceyrələri) aşkar edilir.

İnstrumental diaqnostika yalnız büllurun kapsulunun ifadəli dəyişikliklərində informativ olur. Laborator metodlar ilkin mərhələlərdə və ya nozologiyanın inkişaf riskini proqnozlaşdırılmaq məqsədilə icra olunur. İkincili katarakta zamanı əlavə olaraq aşağıdakı müayinələr aparılır:

  • İltihabəleyhinə sitokinlərin səviyyəsinin ölçülməsi. Müayinə hibridizasiya və immunofluoressensiya üsulları ilə yerinə yetirilir. Qan zərdabında sitokinlərin titrinin yüksəlməsi postoperasion mərhələdə iltihabın ağırlığı ilə bağlıdır.
  • Büllura qarşı anticisimlərin titrinin təyini. Qanda və ya göz yaşı mayesində anticisimlərin titrinin artması ikincili kataraktanın yüksək formalaşma riski ilə assosiasiya olunur.
  • Birləşdirici toxuma qatının sitoloji müayinəsi. Adamyuk-Elşniq hüceyrələri və Zemmerrinq həlqələri əməliyyatdan minimum 3 ay keçdikdən sonra aşkarlanır. Bu da xəstəliyin uzunmüddətli gedişinə dəlalət edir.

İkincili kataraktanın müalicəsi

Müalicə vaxtında aparıldıqda patologiyanın klinik təzahürlərini aradan qaldırmaq və görmə funksiyasını bərpa etmək mümkün olur. Konservativ terapiya işlənilib hazırlanmamışdır. Patologiyanın  müalicəsində aşağıdakı cərrahi üsullar tətbiq edilir:

  • İkincili kataraktanın lazer dissiziyası. Lazer kapsulotomiya zamanı kiçik perforasion dəliklər açılır, birləşdirici toxuma qatı kəsilib götürülür. Cərrahi müdaxilə regionar anesteziya altında aparılır və pasiyentin əmək qabiliyyətini məhdudlaşdırmır.
  • Kataraktanın aspirasion-irriqasion sistemi ilə xaric edilməsi. Avtomatlaşdırılmış bimanual aspirasiya-irriqasiya sistemi buynuz qişada iki parasentezin formalaşdırılması, viskoelastikin yeridilməsi və İOL-nın mobilizasiyası ilə proliferasiya olunmuş epitelin aradan qaldırılmasına imkan verir. Əlavə olaraq, intraokulyar linzanın altında kapsuloreksis və ya kapsulyar həlqənin implantasiyası aparıla bilər.

İkincili kataraktanın proqnoz və profilaktikası

İkincili kataraktanın müalicəsi vaxtında aparıldıqda proqnoz qənaətbəxş olur. Əks halda residivlər yaranır, görmə funksiyasının geridönməyən itirilməsi müşahidə olunur.

Cərrahi profilaktika gözün quruluşunun anatomo-fizioloji xüsusiyyətləri nəzərə alınmaqla intraokulyar linzanın model, material və dizaynının fərdi şəkildə seçilməsinə əsaslanılır. Medikamentoz preventiv tədbirlər pred və postoperasion dövrdə qeyri-steroid iltihabəleyhinə vasitələrin yerli və peroral tətbiqindən ibarətdir. Bundan əlavə fotodinamik terapiyadan və büllurun epiteliositlərinə qarşı monoklonal anticisimlərdən istifadə olunması məsləhət görülür.

error: Content is protected !!