İmmunologiya

Immunologiya- tibbin Immun sistem xəstəliklərini öyrənən bölümüdür. Bu termin elmə ilk dəfə İ.İ.Meçnikov tərəfindən gətirilib. Bu kəşfə görə Meçnikov 1908-ci ildə fiziologiya və tibb sahəsi üzrə Nobel mükafatı laureatı olmuşdur.

İmmunoloji xəstəliklər dedikdə immunitetin effektor mexanizmlərinin pozulması fonunda inkişaf edən patoloji vəziyyətlər nəzərdə tutulur. Bu patologiyalar immun reaksiyaların aktivliyinə əsasən təsnif edilir. Belə ki, orqanizmin xarici allergenlərə hiperreaksiyası allergik xəstəlikləri formalaşdırır. Orqanizmin öz toxuma antigenlərinə həssaslığı isə autoimmun xəstəliklərin yaranmasına səbəb olur.

İmmun sistemin hiporeaktivliyi immunodefisit hallar törədir. İmmunodefisit olan şəxslərin müxtəlif növ infeksiyalara qarşı müqaviməti aşağı olur.

İmmun sistemin formalaşmasında immun orqanlarımız aktif iştirak edir. Əsas İmmun orqanlara- sümük iliyi, timus, dalaq, badamcıqlar, limfa düyünləri və selikli qişaların limfa toxumaları daxildir.

İmmun sistem xəstəlikləri birincili (irsi) və ikincili (qazanılmış) ola bilər. İrsi xəstəliklərə aqammaqlobulinemiya, limfositar disgeneziya, Lui-Bar sindromu və s daxildir. İkincili və ya qazanılmış immunodefisit hallar infeksion, limfoproliferativ, metabolik xəstəliklər, intoksikasiya, şüalanma, dərman prepartalarının (immunodepressantlar, kortikosteroidlər) qəbulu fonunda inkişaf edə bilər. Bu zaman hüceyrə və/və ya humoral immunitet, faqositoz sistemi zədələnə bilər. Qazanılmış immun defisit xəstəliklərindən ən çox bilinəni QİÇS (İİV infeksiyası) xəstəliyidir.

İmmun defisit hallar üçün infeksion xəstəliklərin residivləşən gedişi xarakterikdir. Pnevmoniya, sidik-ifrazat siteminin infeksiyaları, meningit, herpes, generalizə olunmuş kandidoz (göbələk) bu qrup xəstəliklərdəndir.

İmmundefisit hallar adətən allergik xəstəliklərlə- ekzema, Kvinke ödemi və s.lə müşayiət oluna bilər.

İmmun xəstəliklərin diaqnostikası laborator müayinələr- limfositlərin say və morfologiyasının, qar zərdabında immunoqlobulinlərin miqdarının, spesifik anticisimlərin təyini və s. aparlır. Ehtiyac yaranarsa limfa düyünlərinin biopsiyası, timus və dalağın USM aparılır.

İmmunodefisit hallarda əvəzedici terapiya (immunoqlobulinlərin yeridilməsi, sümük iliyinin transplantasiyası), immunokorreksiya, immunomodulyasiya həyata keçirilir.

Autoimmun xəstəliklər

İmmun sistem xəstəlikləri arasında autoimmun xəstəliklər xüsusi yer tutur. Bu xəstəliklər zamanı immun hüceyrələr orqanizmin öz toxumalarına qarşı autoaqressiya nümayiş etdirir. Statistik məlumatlara görə dünya əhalisinin 5-7%-i autoimmun xəstəliklərdən əziyyət çəkirlər. Autoimmun xəstəliklər orqanospesifik (autoimmun qastrit, autoimmun tireodit, autoimmun hepatit), sistem (sklerodermiya, revmatoid artrit və s) və qarışıq xarakterli ola bilər. Orqanospesifik autoimmun xəstəliklər zamanı autoanticisimlər konkret bir orqana yönəlmiş olduğu halda, sistem xəstəliklər zamanı isə eyni vaxtda müxtəlif orqan və toxumalar autoanticisimlərin

hədəfinə çevrilmiş olur. Bir çox autoimmun xəstəliklər irsi olur və bu xəstəliklər üçün oynaq və əzələ ağrıları, müxtəlif xarakterli səpkilər, yorğunluq, qızdırma, qanaxma və ya tromboza meyllik xarakterikdir. Əksər hallarda autoimmun xəstəliklər proqressiv gedişə malik olur və müalicə aparılmadıqda əlilliklə nəticələnə bilir.

Autoimmun xəstəliklərin müayinə metodu qanda autoanticisimlərin, kəskin faza zülallarının, komplement sisteminin komponentlərinin, genetik markerlərin təyinindən ibarətdir. Həmçinin diaqnozun təsdiqlənməsi üçün instrumal müayinə üsulları (USM, endoskopiya, sintiqrafiya, biopsiya) mühüm əhəmiyyətə malikdir.

Müalicə zamanı immunosupressor terapiya, kortikosteroidlərlə iltihabəleyhinə müalicə, efferent terapiya (hemodializ, plazmafarez, hemosorbsiya) təyin edilir. Göstərişə uyğun olaraq cərrahi müdaxilə ( hemolitik anemiya zamanı splenektomiya, autoimmun perikarditdə perikardektomiya, autoimmun tireoditdə tireoidektomiya və s.) də təyin edilə bilər.

İmmunoloji xəstəliklərin diaqnostika və müalicəsi ilə müxtəlif ixtisas həkimləri məşğul olur. Allergik patologiyalar və immun çatışmazlıq zamanı allerqoloq-immunoloqlar, autoimmun xəstəliklər zamanı isə aparıcı sindromdan asılı olaraq revmatoloq, endokrinoloq, nevroloq, qastroenteroloq, kardioloq və digər mütəxəssislər tərəfindən mülicə oluna bilərlər.

error: Content is protected !!