İnfeksion-allergik miokardit
İnfeksion-allergik miokardit – ürək əzələsinin iltihabi zədələnməsi olub, infeksiyaya qarşı immunopatoloji reaksiyaların yaranması nəticəsində inkişaf edir. Xəstəliyin əlamətlərinə təngnəfəslik, əzginlik, ürək və oynaqlar ağrılar aiddir. Diaqnoz anamnestik məlumatlar, fizikal, laborator və instrumental müayinələrin (döş qəfəsinin rentgenoqrafiyası, EKQ, FKQ, ExoKQ, MRT, sintiqrafiya, miokardın biopsiyası) nəticələrinə əsasən qoyulur. İnfeksion-allergik miokarditin müalicəsi virus əleyhinə, antibakterial, antihistamin, iltihab əleyhinə vasitələr, metabolik təsirli preparatların təyinindən ibarətdir.
İnfeksion-allergik miokardit barədə ümumi məlumat
İnfeksion-allergik miokardit – qeyri-revmatik etiologiyalı miokarditin ən çox rast gəlinən formasıdır, əsasən uşaqlar və 20-40 yaş arası şəxslərdə inkişaf edir. Bir sıra müəlliflərin fikrincə infeksion-allergik miokarditin ən ağır forması idiopatik Abramov-Fidler miokarditidir. İnfeksion-allergik miokardit ürəyin digər qişalarının zədələnmələri –perikardit və endokarditlə müştərək şəkildə müşahidə oluna bilər.
İnfeksion-allergik miokarditin yaranma səbəbləri
İnfeksion-allergik miokarditin inkişafına orqanizmin virus və ya mikrob florasına qarşı sensibilizasiyası səbəb olur. İnfeksion-allergik miokarditli pasiyentlərin əksəriyyətində (təxminən 70%-də) yüksək infeksion indeks və xroniki infeksiyalar (sinusit, otit, tonzillit, prostatit, adneksit, periodontit, karies və s.) aşkarlanır. 50% hallarda xəstələrin anamnezində müxtəlif allergik patologiyalar – eksudativ diatez, övrə, astmatik bronxit və s. qeyd olunur; çox vaxt infeksion-allergik miokardit, dermatoallergiya, bronxial astma, revmatizm üzrə ağırlaşmış irsiyyət müəyyən edilir.
İnfeksion-allergik miokarditin inkişafına birbaşa təkanverici amillərinə respirator virus, az hallarda isə bakterial (streptokokk və ya stafilokokk) infeksiyalar aiddir. Koksaki A virusu, A və B tipli qrip, paraqrip, adenovirus infeksiyası, difteriya, xroniki aktiv hepatit və s. ilə assosiasiyalı infeksion- allergik miokarditlərə də rast gəlinir.
İnfeksion-allergik proses kəskin və ya xroniki infeksiyanın kəskinləşməsi fonunda inkişaf etdikdə erkən; xəstəlik keçirilmiş infeksiyadan bir neçə həftə keçdikdən sonra manifestasiya etdikdə isə gecikmiş miokardit adlanır.
İnfeksion-allergik miokarditin patogenezinin əsasını infeksion və immunopatoloji komponentlər təşkil edir. Mikrob və virus agentləri miokardın antigen quruluşunu pozaraq, antikardial anticisimlərin yaranmasına və immun komplekslərin ürək əzələsində fiksasiyasına səbəb olur. İmmun reaksiyalar çoxsaylı bioloji aktiv maddələrin (prostaqlandinlər, lizosomal enzimlər, kininlər, histamin, serotonin, asetilxolin və s.) ifrazı ilə müşayiət olunur, bu da damar keçiriciliyinin artması, ödemlər, miokardın hemorragiyası və hipoksiyası, hüceyrədaxili və hüceyrədən kənar zədələnmələrə gətirib çıxarır.
İnfeksion-allergik miokarditin əlamətləri
Xəstəliyin əvvəlində əzginlik, subfebrilitet, mialgiya, artralgiya müşahidə olunur. İnfeksion-allergik miokarditin xarakterik klinik əlamətləri ürək nahiyəsində küt, sızıltılı və ya sıxıcı ağrılar (62-80%), təngnəfəslik (50-60%), taxikardiya (45-80%), ürəkdöyünmədir (23-48%). İnfeksion-allergik miokarditin müvəqqəti, lakin mühüm əlamətlərinə mülayim arterial hipotoniya, ektopik aritmiya, bradikardiya, ürəkdaxili ötürücülüyün pozulması, presistolik və ya protodiastolik qalop ritmi aiddir. Ürək çatışmazlığının əlamətlərinə əksər hallarda rast gəlinmir. Pasiyentlərin təxminən 1/3 hissəsində infeksion-allergik miokarditin simptomsuz və ya latent gedişə malik olur.
İnfeksion-allergik miokarditin diaqnostikası
İnfeksion-allergik miokarditin diaqnozu qoyularkən xəstəliyin keçirillmiş infeksiyalarla əlaqəsi, fizikal, laborator və instrumental müayinələrin nəticələri nəzərə alınır. Obyektiv müayinələrdə ürəyin sərhədlərinin bir qədər sola dəyişməsi, zirvə nahiyəsində sistolik küy, qalop ritmi, I tonun zəifləməsi müəyyən edilir.
İnfeksion-allergik miokarditdə EKQ-dəyişikliklər qeyri-spesifik olub, digər ürək xəstəlikləri ilə analojidir: repolyarizasiyanın, ritm və ötürücülüyün pozulması, iki fazalılıq, T dişciyinin enməsi və ya innervasiyası, ST seqmentinin yerdəyişməsi. FKQ-də sistolik küy, tonların amplitudu və intensivliyinin dəyişməsi qeydə alınır. Döş qəfəsinin rentgenoqrafiaysı və ExoKQ kardiomeqaliyanı (ilk növbədə sol mədəcik hesabına) aşkar edir.
Qan zərdabında miokarda qarşı anticisimlər, C-reaktiv zülalın yaranması, a- və γ-qlobulinlərin, sial turşularının miqdarının artması, kardiospesifik fermentlər və zülalların (kreatinfosfokinaza, troponin T və I, laktatdehidrogenaza və s.) aktivliyinin yüksəlməsi müşahidə olunur.
İnfeksion-allergik miokarditin klinik diaqnozu instrimental üsullarla: miokardın bioptatlarının histoloji müayinəsi, ürəyin sintiqrafiyası və kontrastlaşdırma ilə aparılan MRT ilə təsdiqlənməlidir. Adekvat terapiyanın təyini məqsədilə infeksion-allergik miokarditi olan pasiyentlərin müayinə prosesində etioloji diaqnostika aparılmalı, infeksiya ocaqları üzə çıxarılmalıdır.
İnfeksion-allergik miokarditin müalicəsi
İnfeksion-allergik miokarditin kəskin mərhələsində yataq rejiminə və ürək əzələsində anabolik proseslərin stimulyasiyası üçün zəruri olan zülal, vitamin, mikroelementlərlə zəngin pəhrizə riayət olunmalıdır. Xəstəliyin müalicəsi etioloji, patogenetik, metabolik və simptomatik terapiyanın tətbiqindən ibarətdir.
Etioloji müalicə törədici nəzərə alınmaqla təyin olunur: miokarditlə ağırlaşan virus infeksiyalarında virus əleyhinə preparatlardan; bakterial infeksiyalarda isə antibiotiklərdən istifadə edilir. Müalicənin vacib komponenti xroniki infeksiya ocaqlarının aşkarlanması və sanasiyasıdır. Antimikrob və virusəleyhinə terapiya kursundan sonra mikrobioloji nəzarət aparılır.
İnfeksion-allergik miokarditin patogenetik müalicəsi antihistaminlər (xloropiramin, difenhidramin, klemastin, prometazin), immunosupressiv (kortikosteroidlər), iltihab əleyhinə (QSİƏP) preparatlarla həyata keçirilir.
İnfeksion-allergik miokarditin kompleks müalicəsinə kalium, vitaminlər, inozin, ATF, kokarboksilazanın yeridilməsinə əsaslanan metabolik terapiya daxildir. Ürək ritminin pozğunluqları, ürək çatışmazlığı əlamətləri, arterial hipertenziya, tromboembolik ağırlaşmaların yüksək yaranma ehtimalı simptomatik terapiyaya göstəriş sayılır.
İnfeksion-allergik miokarditin proqnozu
İnfeksion-allergik miokarditin gedişi qənaətbəxşdir. Əksər hallarda yüngül və ya orta-ağır formada gedərək, sağalma ilə nəticələnir. Letal sonluq çox nadir hallarda müşahidə edilir. Buna baxmayaraq, infeksion-allergik miokarditin əlamətləri dərhal itmir; qalıq əlamətlər bir neçə ay müddətində saxlanılır
İnfeksion-allergik miokardit soyuqlama, respirator xəstəliklərlə əlaqədar residivləşə bilər. İnfeksion-allergik miokardit keçirən xəstələr kardioloqun müşahidəsi altında olmalı, periodik şəkildə residiv əleyhinə müalicə almalıdır.