İrinli mastit

İrinli mastit — süd vəzilərinin vəzili və/və ya intersitisial toxumasının infeksion-iltihabi xəstəliyidir. Patologiya hipertermiya, titrəmə, toxuma ödemi və ağrı, süd vəzində bir, bir neçə və ya çoxsaylı irinliklərin əmələ gəlməsi ilə təzahür edir. Diaqnostika məqsədilə süd vəzilərinin palpasiyası, USM-i aparılır, laborator metodlardan istifadə edilir. Müalicəsi cərrahidir – irinlik yarılır və drenə olunur; sektoral rezeksiya icra olunur; ehtiyac yarandıqda daha radikal müdaxilə həyata keçirilir. Cərrahi müalicədən sonra antibiotiklər və dezintoksikasion terapiya təyin olunur.

İrinli mastit barədə ümumi məlumat

Süd vəzilərinin irinli iltihabı, adətən, reproduktiv dövrdə olan qadınlarda meydana çıxır. 80% hallarda o, laktasiya, 20% hallarda isə başqa səbəblərlə əlaqəli olur. İrinli mastit daha çox ilk dəfə uşaq dünyaya gətirən qadınlarda doğuşdan sonra 2-3 həftədə diaqnostika olunur; xəstəliyin uşaq doğulduqdan 10 ay sonra inkişaf etməsinə dair klinik hallar da qeydə alınmışdır. Statistik məlumatlara əsasən iltihabın irinli formaları uşaq dünyaya gətirmiş qadınların 0,2-2,1%-ində aşkarlanır və doğuşdan sonrakı mastitlərin təxm. 10-19%-ini təşkil edir. Xəstəliyin inkişafında xəstəxanadaxili infeksiyalar birinci dərəcəli rol oynayır və hospital ştammların əsas mənbəyi tibbi personal, rezervuarı isə palatalar və sarğı otaqlarıdır.

İrinli mastitin səbəbləri

Xəstəlik mikroorqanizmlərin süd vəzi toxumasında intensiv çoxalması nəticəsində yaranır. İltihabın laktasion formalarının 9/10-u qızılı stafilokoklar tərəfindən törədilir. Törədici həm də streptokoklar, bağırsaq və göy-yaşıl irin çöpləri, enterobakteriyalar, vərəm mikobakteriyaları ola bilər. Son illər mikrob assosiasiyaları (daha çox – qızılı stafilokoklarla qram-mənfi eşerixiyaların kombinasiyası) tərəfindən törədilən mastitlər daha tez-tez qeyd olunur. İrinli prosesin inkişafı üçün mühüm şərait rəvac verici faktorların olmasıdır. Bu faktorlardan laktasiyada olan qadınlarda daha çox rastlananlar aşağıdakılardır:

  • Südün vəzidə durğunluğu. Süd mikroorqanizmlər üçün qidalı mühitdir. Uşağın döşə qeyri-müntəzəm qoyulması və vəzin kifayət qədər sağılmaması zamanı süd durğunluğu müşahidə olunur. Laktostaz nazik, qıvrılmış süd axarlarına malik analarda daha çox müşahidə olunur.
  • Süd vəzisinin zədələnməsi. Vəzili toxuma kobud sıxıldıqda (süd sağma zamanı) mümkündür. Uşaq döş giləsini düzgün tutmadıqda, xüsusən gigiyenik qaydalara əməl olunmadıqda döş giləsi çatları əmələ gəlir. Döş giləsi sıx-elastik konsistensiyalı olduqda onun zədələnmə ehtimalı yüksəlir.
  • Süd vəzilərinin patologiyası. Süd sekresiyası mastopatiyalı, həcmli proseslərdən əziyyət çəkən və cərrahi əməliyyat keçirmiş pasientlərdə pisləşir. Belə hallarda süd axarları hipertrofiyalaşmış vəzili toxuma tərəfindən və birləşdirici toxuma ilə – çapıqla sıxılır.
  • İnfeksiya ocaqlarının olması. Badamcıqlar, limfa düyünləri və s. nahiyələrin xroniki iltihabi proseslərində doğuşdan sonra mastitin yaranma riski artır. Laktasiyada olan analarda doğuşdan sonrakı dövrdə inkişaf etmiş endometrit və başqa irinli-iltihabi ağırlaşmalar mühüm rol oynayır.

İrinli mastitin qeyri-laktasion formaları xarici faktorlar – süd vəzilərinin travmaları və yanıqları, dəri və dərialtı toxumanın irinli-iltihabi prosesləri (furunkullar, karbunkullar) zamanı daha çox aşkar olunur. Xəstəlik süd vəzilərinin formasının korreksiyası və vəzilərin böyüdülməsi məqsədilə implantatın qoyulması məqsədilə aparılmış cərrahi əməliyyatdan sonra da inkişaf edə bilər. Bəzən süd vəzilərinin xoşxassəli və bədxassəli şişləri irinləyir.

İrinli mastitin patogenezi

İnfeksion agentlər süd vəzi toxumasına süd axarlarının ağzından, yumşaq toxuma çatlarından (xüsusən döş giləsi və areola nahiyəsində), başqa kəskin və xroniki infeksiya ocaqlarından limfa və qan vasitəsilə daxil olur. İltihab ocağında iltihab mərhələlərini – eksudasiya, infiltrasiya və irinləmə ardıcıllıqla keçir. Laktostaz doğuşdan sonra inkişaf etmiş laktasion mastitin patogenezində mühüm həlqədir. Xəstəliyin başlanğıc mərhələlərində südə və onun fermentasiya məhsullarına pirogen təsir nəticəsində temperatur reaksiyası əmələ gəlir. Patogen və şərti-patogen mikroorqanizmlərin südə düşməsi və orada çoxalması fermentasiya proseslərinin güclənməsi ilə müşayiət olunur. Südün laxtalanması nəticəsində onun axını pisləşir və durğunluq güclənir. Beləliklə, patoloji dövran baş verir və dövranın fonunda xəstəlik sürətlə irinli fazaya keçir.

İrinli mastitin təsnifatı

Patologiya etiologiya, lokalizasiya, iltihabi prosesin forma və fazasına, onun yaranma müddətinə görə təsnif olunur. Mammologiya sahəsində çalışan mütəxəsislər irinli mastitin aşağıdakı variantlarını ayırd edirlər:

Səbəbinə görə:

  • Laktasion — laktasiya fonunda yaranmış.
  • Qeyri-laktasion — başqa faktorlarla əlaqəli.

İltihabın lokalizasiyasına görə:

  • Qalaktoforit— süd axarında inkişaf edən.
  • Dərialtı — süd vəzinin dərisi altında yerləşmiş.
  • Subareolyar — döş giləsində lokalizasiya olunmuş.
  • İntramammar — parenximanı və/ və ya interstisial toxumanı əhatə edən.
  • Retromammar — süd vəzi ətrafı toxumaya yayılmış.
  • Total — süd vəzilərini və ətraf toxumaları zədələyən.

Klinik formasına görə:

  • İrinli absesləşən (məhdud) — apostematoz (çoxsaylı kiçik irinliklərlə), süd vəzilərinin solitar və ya çoxboşluqlu absesləri və qarışıq şəkildə.
  • Fleqmonoz — irinli-iltihabi prosesin bütünlüklə süd vəzisinə, həmçinin ətraf toxumalara diffuz yayılması ilə.
  • Qanqrenoz (nekrotik) — damarların tromblaşması; dərinin, dərialtı piy toxumasının, vəzili parenximanın və interstisial toxumanın destruksiyası ilə.

Yaranma vaxtına görə:

  • Epidemik — mamalıq stasionarında olduğu müddətdə diaqnostika olunmuş.
  • Endemik — doğuşdan 2-3 həftə sonra, ev şəraitində yaranmış.

İrinli mastitin inkişafı bir neçə fazadan ibarətdir. İrinləmə prosesinə qədər toxumalarda seroz və infiltrativ proseslər baş verir; sonra isə abses əmələ gəlir. Xəstəlik adekvat müalicə olunmadıqda ağırlaşmış formalara (fleqmonoz və qanqrenoz) keçir.

İrinli mastitin simptomları

Xəstəliyin ilk günündə qadın zədələnmiş süd vəzisində ağırlıq hissi və ağrıdan şikayətlənir. Bədən temperaturu +38° С-yə qədər yüksəlir, titrəmə meydana çıxır. Süd vəzi böyümüş görünür. Sıxdıqda südün miqdarının azalması qeyd olunur. Süd vəzisinin iltihaba cəlb olunmuş nahiyəsi 2-3-cü gün qalınlaşır. 3-4 gün sonra mastitin absesləşməsi baş verir: infiltrat ətraf toxumadan aydın hüdudları ilə ayrılır; ağrılar kəskin güclənir; yumşalma hissəsi (irinli abses) palpasiya olunur və ya çoxsaylı kiçik abseslər (apostematoz mastit) əmələ gəlir.

İrinləmə ümumi vəziyyətin xeyli pisləşməsi ilə müşayiət olunur. Qadın titrəmə, zəiflik, əzginlik hiss edir; bədən temperaturu +39,0°С-ə qalxır və hətta daha yüksək olur. İltihabın sonrakı yayılması zamanı süd vəzilərinin güclü ödemi, onun ölçülərinin kəskin böyüməsi, dərinin göyümtüllüyü və döş giləsinin gərginliyi ilə müşayiət olunan fleqmona yarana bilər. Gecikmiş hallarda patoloji prosesə damarların da cəlb olunması ilə yanaşı gedən toxumaların nekrozlaşması baş verir: dəri tünd qırmızı-göy rəng alır, üzərində qara ocaqlar və bulanıq-qanlı möhtəviyyata malik qovuqlar əmələ gəlir.

Qeyri-laktasion mastitlər nisbətən silinmiş klinik mənzərəsi ilə fərqlənir. Əsas xəstəliyin simptomatikası fonunda döş nahiyəsi toxumalarının iltihab əlamətləri təzahür edir. Bədən temperaturu subfebril göstəricilərə qədər yüksəlir; süd vəzilərinin ölçüləri bir qədər böyüyür, zəif və ya mülayim ağrı sindromu meydana çıxır. Sonra infiltrat əmələ gəlir; həmin infiltrat absesləşərək içərisi irinli möhtəviyyatla dolu boşluğa çevrilir. İntoksikasiya simptomları artır, ağrı güclənir. Qadınlarda irinli mastit neoplaziyalarla yanaşı inkişaf etdikdə şiş üzərindəki dəri qızarır, törəmə ağrılı xarakter alır; onun üzərində yumşalma hissələri müəyyən olunur. Ümumi simptomatika mülayim təzahür edir.

İrinli mastitin ağırlaşmaları

İrinli mastitin vaxtında aparılmamış diaqnostikası və müalicəsi iltihabi prosesin generalizasiyası ilə ağırlaşır. İltihab orqanın yanında yerləşmiş əzələləri və dərialtı toxumanı zədələyə və ya bütün orqanizmə yayılır. Daha ağır hallarda septik endokardit, sepsis və infeksion-toksik şok inkişaf edir. Süd vəzilərinin irinli iltihabının uzaq nəticələri orqanın çapıq deformasiyası, postoperativ yaraların irinləməsi, süd fistullarının formalaşmasıdır. Pasientlərdə növbəti doğuşlardan sonra mastit və laktostazın əmələ gəlmə riski yüksəlir.

İrinli mastitin diaqnostikası

Xəstəliyin klinik simptomatikasının kifayət qədər spesifik olmasına baxmayaraq, diaqnozun təsdiqlənməsi üçün əlavə obyektiv, laborator və instrumental müayinə metodları tətbiq olunur. Apostematoz və qeyri-laktasion mastitə şübhə olduqda onların əhəmiyyəti artır. Diaqnostikada aşağıdakı metodlar daha informativdir:

  • Süd vəzilərinin palpasiyası. Süd vəziləri iltihabi prosesinin fazasından asılı olaraq gərgin və ya infiltrativ ola bilər. Süd vəzi toxumasında yumşalmış, fluktuasiya edən hissənin aşkarlanması xəstəliyin irinli təbiətindən xəbər verir.
  • Qanın ümumi analizi. İrinli mastit üçün güclü iltihabi dəyişikliklər xarakterikdir. Adətən, güclü leykositoz, leykositar formulanın sola meyilliyi, EÇS-in yüksəlməsi qeyd olunur. Neytrofillərin toksik qranulyarlığı mümkündür.
  • Süd vəzilərinin USM-i. Exogenlik azalmışdır. Süd axarları genişlənmiş, toxuma infiltrativdir. İrin toplanan nahiyə hipoexogen görünür. Müayinə irin ocaqlarının miqdarını və ölçülərini, həmçinin prosesin yayılma miqyasını müəyyənləşdirməyə imkan verir.
  • Süd vəzilərinin biopsiyası. Bu metod mürəkkəb diaqnostik hallarda, bir qayda olaraq, USM-in kontrolu altında tətbiq edilir. Punktat sitoloji və bakterioloji müayinəyə göndərilir.

Xəstəlik kəskin laktostaz, müxtəlif formalı mastopatiyalar və süd vəzilərinin şişləri ilə differensiasiya olunur. Ehtiyac olduqda süd vəzilərinin MRT-i və KT-i, elektroimpedans mammoqrafiya təyin olunur. Pasienti cərrah aparır, diaqnostikaya və müalicəyə mammoloq və onkomammoloq da cəlb oluna bilər.

İrinli mastitin müalicəsi

Xəstəlik irinləmə fazasına keçdikdə irin ocağının cərrahi işlənməsi göstərişdir. Müdaxilənin həcmi və cərrahi kəsiyin yeri irinli-iltihabi prosesin formasından və yayılmasından asılıdır. Məhdud abses formalaşdıqda o, punksiya olunur, drenaj qoyulur və eyni zamanda antibiotiklərlə yuyulur. Bu metodun mənfi tərəfi nekrozlaşmış toxumanın kənarlaşdırılmasının mümkünsüzlüyü və irinli boşluğun tam boşaldılmasının çətin olmasıdır. Buna görə də əksər hallarda mastit operativ yarılır, həyati əhəmiyyətli olmayan toxumalar kənarlaşdırılır, boşluq antiseptiklərlə yuyulur və ocağın drenajı həyata keçirilir. İrinli iltihabın fibroadenoma və ya fibroz-kistoz mastopatiyalar fonunda əmələ gəlmiş qeyri-laktasion formalarında sektoral rezeksiya mümkündür. Fleqmonoz və qanqrenoz mastitlərin, həmçinin irinləmış bədxassəli törəmələrin cərrahi müalicəsi radikal cərrahi əməliyyatın aparılmasından ibarətdir. Belə əməliyyatlardan sonra, adətən, süd vəzilərinin plastikası tələb olunur.

Pasientin vəziyyəti yaxşılaşana qədər müdaxilədən sonrakı 1-2 həftə ərzində yaraların antiseptiklərlə damcı ilə işlənməsi həyata keçirilir. Yaraların yuyulması axarlarda nekrozlaşmış toxuma fraqmentləri, irin və fibrin liflərinin xaric olması yalnız kəsildikdən sonra dayandırılır. Postoperativ dövrdə həm də aşağıdakılar tövsiyə olunur:

  • Antibiotikoterapiya. Antibakterial preparatların venadaxili və ya əzələdaxili yeridilməsi irinli boşluğun sanasiyasını və ikincili irinləmənin qarşısının alınmasını sürətləndirməyə imkan verir. Törədicinin növünə və həssaslığına əsasən, adətən, I-IV nəsil sefalosporinlər, karbapenemlər, dehidropeptidaza inhibitorları təyin olunur.
  • İnfuzion terapiya. Ümumi vəziyyətin sürətlə stabilləşdirilməsi məqsədilə dezintoksikasion preparatların venadaxili yeridilməsi təyin olunur. Belə preparatlar bakterial və toxuma toksinlərinin təsirini dayandırmağa, onları orqanizmdən sürətlə çıxarmağa imkan verir.

Mastitin irinli formalarında təkcə zədəli deyil, həm də sağlam süd vəziləri ilə qidalanma dayandırılır. Müstəsna hallarda sağlam qadından götürülmüş və pasterizasiya olunmuş süd şüşə qab vasitəsilə uşağa verilir. Belə südün saxlanılması qadağandır. Cərrahi əməliyyatdan sonra vəzin sağılması ağrılı və effektsiz olduğundan mümkün olmur. Buna görə də destruktiv, ağır və residivləşən irinli-iltihabi proseslərdə laktasiya dərmanlar vasitəsilə dayandırılır. Süd sekresiyasının ənənəvi üsullarla (süd vəzilərinin bintlə sıx sarınması və s.) dayandırılması əks göstərişdir.

İrinli mastitin proqnoz və profilaktikası

Adekvat terapiya zamanı irinli mastitin proqnozu kafidir. Həkimə gec müraciət olunduqda xəstəlik nadir hallarda infeksiyanın generalizasiyası və sepsislə ağırlaşır. Doğuşdan sonra inkişaf etmiş mastitlərin profilaktikası laktostazın qarşısının alınmasına yönəlir. Bu məqsədlə doğuşa qədər süd vəzilərinin qidalandırmaya hazırlanması, yenidoğulmuşun döşə doğuşdan sonra erkən qoyulması, döşlə qidalandırma texnikasının mənimsənilməsi, vəzin sağılması və orqana qulluq tövsiyə olunur. Müalicə müəssisələrində xəstəxanadaxili infeksiyalarla mübarizə az əhəmiyyət daşımır. Qeyri-laktasion mastitlərin profilaktikasında xroniki iltihab ocaqlarının sanasiyası, süd vəzilərinin şəxsin özü tərəfindən vaxtında müayinəsi, USM skrininqin aparılması və planlı mammoloq konsultasiyası mühüm rol oynayır.

error: Content is protected !!