İrinli perikardit

İrinli perikardit – ürəyin seroz qişasının infeksion iltihabı olub, ürəkətrafı kisədə irinli eksudatın yaranması ilə müşayiət edilir. Xəstəlik ifadəli intoksikasiya əlamətləri (titrəmə, qızdırma, güclü tərləmə, iştahsızlıq) və hemodinamik pozğunluqlarla (təngnəfəslik, sianoz, ürəkdöyünmə, ürək nahiyəsində ağrılar) təzahür edir. Diaqnoz rentgenoloji müayinələr, exokardioqrafiya, perikardın punksiyasının nəticələrinə əsasən qoyulur. İrinli perikarditin müalicəsinə antibiotikoterapiya, perikard boşluğunun drenajlanması və ya perikardektomiya daxildir.

İrinli perikardit barədə ümumi məlumat

İrinli perikardit –perikard kisəsində irinli eksudatın toplanması ilə xarakterizə olunan bakterial eksudativ perikarditdir.  Xəstəlik adətən ikincili xarakter daşıyır və bir sıra  kardioloji, pulmonoloji, qastroenteroloji, travmatoloji patologiyaların gedişini ağırlaşdırır. Perikarditlərin ümumi sayının 7,4-8,8% irinli perikarditlərin payına düşür. Hazırda antibiotiklərin geniş tətbiqi ilə əlaqədar bu xəstəliyin inkişaf tezliyi xeyli azalmışdır. Buna baxmayaraq, irinli perikarditlərdə letallıq çox yüksək olaraq qalır.

İrinli perikardit zamanı eksudat bütün perikard boşluğunu tuta bilər, lakin əksər hallarda o, bir və ya bir neçə sinuslarda toplanır. İrinli ekssudatın həcmi 100 ml – 1 litr arasında dəyişir.

İrinli perikarditin yaranma səbəbləri

İrinli perikardit bir qayda olaraq, ikincili xarakterli olur – istənilən lokalizasiyalı birincili infeksiyanın yayılması nəticəsində yaranır. Əksər hallarda irinli perikardit plevranın empieması, mediastinit, pnevmoniya, ağciyər absesi, subdiafraqmal abses, miokardit, infeksion endokarditli pasiyentlərdə inkişaf edir. Bu zaman perikarda infeksiya qonşu nahiyələrdən kontakt yolu ilə yayılır.

Metastatik (hematogen və limfogen) irinli perikarditlər osteomielit, peritonit, qızılyel, angina, difteriya, ağız boşluğunun odontogen fleqmonası, peritonzillyar abses, parodontoz, yumşaq toxumaların absesi, sepsis fonunda müşahidə edilir. Bəzi virus infeksiyalarında (qrip, su çiçəyi, qızılça) orqanizmin immunobioloji reaktivliyinin azalması bakterial infeksiyanın qoşulmasına və kokk mənşəli irinli perikarditin inkişafına gətirib çıxarır.

İrinli perikardit perikardın punksiyası, torakal və kardiocərrahi əməliyyatlar, ürəyin odlu silah və bıçaq yaralanmalarının fəsadı ola bilər. Tibb ədəbiyyatında bakterial perikarditlərin qarın aortasının mikotik etiologiyalı anevrizması, qida borusunun xərçəngi, Nissen üsulu ilə fundoplikasiya, mədənin rezeksiyası və s. ilə əlaqədar yaranması barədə məlumatlar mövcuddur.

Qızılı stafilokokk irinli perikarditlərin ən geniş yayılmış törədicisidir (22–31% hallarda). Streptokokk, pnevmokokk, protey, enterokokk, klebsiella, mikoplazma, vərəm mikobakteriyaları, qonokokk tərəfindən törədilən irinli perikarditlərə daha az rast gəlinir. Anaerob törədicilərə prevotella, peptostreptokokk, propionibacterium acnes və s. aiddir.

İrinli perikarditin patogenezi

Perikarditlərdə  patomorfoloji dəyişikliklər 3 mərhələdə baş verir: fibrinoz, seroz və irinli. Mülayim eksudasiya zamanı perikard səhifələrinin sorucu xüsusiyyətləri saxlanılır, perikardda gedən dəyişikliklər mezotelin hiperemiyası, şişkinliyi və deskvamasiyası, fibrinin perikard səhifələri arasına toplanması ilə xarakterizə olunur. Perikardı epikarddan ayırmağa cəhd göstərdikdə fibrinoz qalınlaşmalar  «tüklü» və ya «xovlu» ürək fenomeni yaradır.

İfadəli eksudativ proseslərdə perikard kisəsinə əvvəlcə fibrin lifləri, ayrılmış mezotel, qan hüceyrələrindən ibarət seroz ekssudat toplanır. Ürəkətrafı kisənin möhtəviyyatının irinləməsi – irinli perikardit zamanı ekssudatda əlavə olaraq, patogen mikroorqanizmlər, ibtidailər, göbələklər və s. aşkar edilir.

Eksudatın orqanizasiyası və sonrakı çapıqlaşma mərhələsində kalsinoz və çapıq toxumasının ossifikasiyasına rast gəlinə bilər, bu da ürəyin immobilizasiyasına gətirib çıxarır. Çapıq dəyişiklikləri nəinki perikard və epikardı, bəzən bütün ürəyi əhatə edərək, endokarda qədər yayıla bilər («zirehli ürək»). Epikard və perikard səhifələrinin çapıqlaşması və kalsinozu ürək yığılmalarının gücünü və amplitudunu məhdudlaşdırır;  belə şəraitdə ürəyin nasos funksiyası yalnız mədəcikləraarası çəpərin hərəkəti hesabına yerinə yetirilir (konstriktiv perikardit).

İrinli perikarditin əlamətləri

İrinli perikarditin başlıca sindromları intoksikasiya və ifadəli hemodinamik dəyişikliklərdir. İlkin infeksiya ocaqlarının yaranması ilə xəstənin vəziyyəti  daha da ağırlaşır. İrinli perikarditli pasiyentlərin demək olar ki, hamısında hektik qızdırma, titrəmə, ümumi halsızlıq, adinamiya, güclü tərləmə, iştahsızlıq qeydə alınır. Perikard boşluğunda irinli eksudat toplandıqca ürək fəaliyyətinin çatışmazlığı əlamətləri: sianoz, təngnəfəslik, taxikardiya, ürək nahiyəsində ağırlıq hissi və ağrılar meydana çıxır. Ağrı sol qola irradiasiya edərək, stenokardiyanın klinikasını xatırlada bilər. Yorucu təngnəfəslik pasiyenti tənəffüsü asanlaşdıran yarımoturaq vəziyyət almağa məcbur edir.

Damarların, traxeya və qida borusunun sıxılması nəticəsində yaranan kompression sindrom boyun venalarının şişkinliyi, öskürək, disfagiya ilə təzahür edir. Venoz qan dövranının çətinləşməsi baş, boyun, bədənin yuxarı hissəsi, əllərin soyuması ilə müşayiət olunur.

İrinli perikarditlərdə arterial hipotoniya, venoz təzyiqin artması, ürək və epiqastral nahiyədə sıxıcı ağrıların yaranması, qaraciyərin böyüməsi və kəskin ağrılı olması, ölüm qorxusu ilə xarakterizə olunan ürəyin tamponadası erkən yaranır. Ürəyin tamponadası zamanı ürək atımının kritik azalması beyin qan dövranının pozulmasına gətirib çıxarır; belə vəziyyətlərdə yalnız perikard boşluğunun təcili surətdə ekssudatdan təmizlənməsi xəstənin həyatını xilas edə bilər. İrinli perikarditlərdə ürəyin tamponadasının yaranma tezliyi 42-80% arasında dəyişir.

İrinli perikardit adheziv və ya fibroz perikarditlə nəticələnə bilər, bu zaman perikardektomiyanın aparılması tələb olunur.

İrinli perikarditin diaqnostikası

İrinli perikarditli xəstələrə baxış zamanı prekardial sahənin səthi toxumalarının şişkinliyi, sinə nahiyəsində venoz kollaterallar şəbəkəsi, epiqastral nahiyədə ağrı, böyümüş qaraciyər aşkarlanır. Auskultasiyada perikardın sürtünmə küyü, ürək tonlarının karlığı; perkutor olaraq ürək kütlüyünün sərhədlərinin üçbucaq şəklində genişlənməsi müəyyən edilir. Zəif və tezləşmiş nəbz qeydə alınır. AT səviyyəsi azalmışdır. Qanın ümumi analizində dəyişikliklər ifadəli iltihab əlamətləri –neytrofil leykositoz, yüksək EÇS ilə səciyyələnir.

Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında ürək nahiyəsində intensiv üçbucaq kölgə izlənilir.

İrinli perikarditin diaqnostikasında ExoKQ informativ üsullardan sayılır, bu metod perikard boşluğunda hətta cuzi miqdarda ekssudatı aşkarlamağa, ürəyin tamponadasının əlamətlərini müəyyən etməyə imkan verir. Exokardioqrafiya prosesində hiperexogen əlavələr, qarışıqlar, perikarddaxili liflər, qalınlaşmış perikarda əsasən ekssudatın irinli xarakterli olmasını təyin etmək olar. İrinli perikarditin diaqnostikasında ürəyin kompüter və maqnit rezonans tomoqrafiyası böyük əhəmiyyət kəsb edir.

İrinli perikarditin diaqnozu perikardın punksiyası ilə təsdiqlənir. Ürəyin yaralanmasının profilaktikası məqsədilə punksiya USM və EKQ nəzarəti ilə icra olunur. Dəri səthindən perikardiosentez prosesində çoxsaylı neytrofil leykositlər, fibrin, zülal və əksər hallarda bakteriyalardan ibarət bulanıq qatı ekssudat əldə edilir. İrinli perikarditin etiologiyasının dəqiqləşdirilməsi üçün ekssudatın kultural müayinəsindən istifadə olunur.

İrinli perikardit sol tərəfli ekssudativ plevrit və ürək sərhədlərinin genişlənməsi ilə differensiasiya edilir.

İrinli perikarditin müalicəsi

İrinli perikarditin müalicəsi kardiocərrahi stasionarda həyata keçirilir. Kəskin fazada konservativ tədbirlər aparılır: törədicinin həssaslığı nəzərə alınmaqla antibiotiklər təyin edilir, simptomatik terapiya tətbiq olunur (analgetiklər, ürək preparatları, sidik qovucu vasitələr, oksigenoterapiya).

İrinli perikarditli pasiyentlərdə irinli ekssudatın evakuasiyası məqsədilə perikardın müalicəvi və ya dəri səthindən drenajlama yerinə yetirilir. Sistemli mikroəleyhinə terapiya ilə yanaşı antibiotik və fermentlər (urokinaza, streptokinaza) perikard daxilinə yeridilir.

Konservativ terapiya effekt vermədikdə cərrahi drenajlama – perikard boşluğunu irindən təmizləyən perikardtomiyanın aparılması barədə qərar qəbul edilir. Sərt bitişmələr, lokalizasiya olunmuş irinli ekssudat, təkrarlanan ürək tamponadaları, davam edən infeksiya perikardektomiyaya göstəriş sayılır.

İrinli perikarditin proqnoz və profilaktikası

Xüsusi müalicə aparılmadıqda irinli perikardit ürək tamponadası və intoksikasiya səbəbindən bütün hallarda letal sonluqla nəticələnir. İrinli perikarditin medikamentoz müalicəsi 66-82% hallarda xəstənin ölümü ilə müşayiət olunur. Kardiocərrahi stasionarda irinli perikarditin aparılmasına komleks yanaşma ölüm göstəricilərini 20-36%-ə qədər azaltmağa imkan verir. Əksər pasiyentklərdə konstriktiv perikarditlə əlaqədar gələcəkdə  ürək çatışmazlığı inkişaf edir. İrinli perikardit keçirən şəxslər kardioloq və kardiocərrahın müşahidəsi altında olmalıdır.

İrinli perikarditin profilaktikası perikardın iltihabı ilə ağırlaşan xəstəliklərin (tonzillit, ağciyərlər, plevra, divararalığının irinli patologiyaları) qarşısının alınması və vaxtında müalicəsi, döş boşluğunda əməliyyatlar zamanı cərrahi texnikaya riayət, ürək və perikard yaralarının düzgün işlənməsini tələb edir.

error: Content is protected !!