Kəskin ishal
Kəskin ishal – infeksion və qeyri-infeksion xəstəliklərin gedişini müşayiət edən polietioloji sindrom olub, duru nəcis ifrazının tez-tez təkrarlanması ilə səciyyələnir. Kəskin ishal zamanı defekasiya aktının tezliyi gün ərzində 3 dəfədən çox olur. Nəcisin tərkibində həzm olunmamış qida qalıqları və seliyə rast gəlmək mümkündür. Pozğunluğun səbəblərini aydınlaşdırmaq üçün şikayətlər dinlənilir, anamnez toplanılır, qan və sidiyin ümumi analizi aparılır. İfrazatların bakterioloji əkilməsi yerinə yetirilir, bundan əlavə instrumental müayinələr: kolonoskopiya və irriqoskopiya icra olunur. Müalicə məqsədilə pəhriz, antibakterial preparatlar, ishal əleyhinə vasitələr, eubiotiklər və rehidratasion terapiya təyin edilir.
Kəskin ishal barədə ümumi məlumat
Kəskin ishal – klinik olaraq gün ərzində formalaşmamış və ya duru nəcis ifrazının 3 dəfədən artıq baş verməsi ilə təzahür edən patoloji sindromdur. İshalın 21 gündən çox davam etməsi onun xroniki formaya keçməsindən xəbər verir. Diareya adətən bakteriya, virus və parazitlər tərəfindən törədilir. Hər il dünya üzrə kəskin ishalla müşayiət olunan 2 milyarddan çox yeni xəstələnmə halları qeydə alınır. Diareya klinik infektologiya, qastroenterologiya və proktologiyada müşahidə olunan müxtəlif patoloji proseslərin geniş yayılmış təzahürlərindən sayılır. Buna baxmayaraq, ishal qənaətbəxş gedişə malik olub, heç bir zaman letal sonluqla nəticələnmir. Diareya kəskin bağırsaq infeksiyası ilə assosiasiyalı olduqda, belə xəstələrin müalicəsi infeksion stasionarda aparılmalıdır.
Kəskin ishalın yaranma səbəbləri
Kəskin ishal müxtəlif patoloji proseslər fonunda çoxsaylı etioamillərin təsirindən yaranır. Bu vəziyyətin başlıca səbəblərinə infeksion agentlər, toksinlər, dərman vasitələri, bağırsağın işemik və ya iltihabi patologiyaları, kiçik çanaq orqanlarının kəskin xəstəlikləri aiddir. İnkişaf etmiş ölkələrdə kəskin diareya adətən rotavirus və adenovirus mənşəli infeksiyalar zamanı baş verir. Bu viruslardan əlavə sindromun inkişafı enterotoksin hasil edən müxtəlif bakteriya ştammları: salmonella, bağırsaq çöpləri, şigella, kampilobakter və s. ilə bağlı ola bilər. Bəzi hallarda ishala ibtidailər (lyambliya, blastosista və s.) və bağırsaq helmintləri (strongiloidoz, şistosomoz və angiostrongilyoz törədiciləri) səbəb olur.
Bəzən diareya müxtəlif dərman preparatları: antibiotik, maqnezium tərkibli vasitələr, antiserotonin preparatları, digitalis, antikoaqulyantlar və xenodezoksixol turşusu ilə müalicənin yan təsiri kimi meydana çıxır. Bundan əlavə kəskin ishal işlədici vasitələrin doza həddinin aşılması və ya düzgün istifadə olunmaması nəticəsində yarana bilər.
Sindromun ayrıca forması – “səyahətçilərin diareyası” yüksək sanitar şəraitli ərazidən aşağı sanitar şəraitli ölkəyə səfər edən insanlarda rast gəlinir. Belə hallarda diareya sindromu bağırsaq çöpünün enteropatogen ştammları tərəfindən törədilir. Həmçinin kəskin ishal QİÇS və immun çatışmazlığının digər variantlarından əziyyət çəkən insanlarda inkişaf edə bilir. Patogenezdən asılı olaraq, sekretor, osmolyar və eksudativ; hiperkinetik və hipokinetik formalar ayırd edilir.
Kəskin ishalın əlamətləri
Xəstəliyin klinik təzahürləri bağırsaq pozğunluğunun bu və ya digər formalarından asılıdır. Sekretor formada patoloji proses çoxlu miqdarda (>1litr/sut.) duru nəcis ifrazı ilə müşayiət olunur. Bu cür simptomatika patogen toksinlərin selikli qişaya təsirindən bağırsaqda su və elektrolitlərin həddindən artıq sekresiyası ilə bağlıdır. Sekretor ishalın əlamətləri qidalanmanın xarakteri ilə assosiasiyalı olmadığından, aclıq fonunda aradan qalxmır.
Kəskin ishalın osmolyar forması nəcisin ümumi miqdarının artması ilə özünü büruzə verir. Bağırsaqda yaranan osmotik aktiv komponentlər su və elektrolitlərin sorulma proseslərini pozduğundan nəcisdə külli miqdarda həzm olunmamış qida qalıqlarına rast gəlinir. Osmolyar ishala işlədici preparatların istifadəsi və ya maldigestiya zamanı təsadüf edilir. Bu səbəbdən aclıq və ya preparatların qəbulunun kəsilməsi əlamətlərin aradan qalxması ilə nəticələnir.
Kəskin ishalın eksudativ forması qan və selik qarışıqlı duru nəcislə səciyyələnir. Əlamətlər yoğun bağırsağın selikli qişasının patologiyalarında və ya qarın boşluğunun limfa damarlarında təzyiqin yüksəldiyi hallarda mikroelementlərin və suyun bağırsağa həddindən artıq daxil olması səbəbindən iltihabi eksudatın formalaşması nəticəsində meydana çıxır. Kəskin ishalın bu formasına qeyri-spesifik xoralı kolit, divertikulit, dizenteriya, Kron xəstəliyində rast gəlinir.
Hiperkinetik forma nevrogen və hormonal amillərin təsirindən yaranır. Kəskin diareyanın hiperkinetik forması nəcisin duru və ya sıyığabənzər formada ifraz olunması ilə təzahür edir. İfrazatın sutkalıq miqdarı 300 qramdan çox olmur. Belə əlamətlər qıcıqlanmış bağırsaq sindromunda müşahidə edilir.
İshalın hipokinetik forması kor bağırsaq sindromu və ya sklerodermiya zamanı inkişaf edir. Belə patologiyalarda bağırsaq möhtəviyyatının tranziti pozulduğundan bakteriyalar həddindən artıq çoxalır. Bu fonda yağların malabsorbsiyası proqressivləşir, bağırsaqda yaranan seliyin miqdarı artır. Hipokinetik kəskin ishalın əsas əlaməti həzm olunmamış yağlardan ibarət üfunətli, duru nəcis ifrazıdır.
Kəskin ishal əksər hallarda qeyri-spesifik, ümumi bağırsaq əlamətləri: qarında ağrı, bədən hərarətinin yüksəlməsi, ürəkbulanma və qusma ilə müşayiət olunur. Həmçinin defekasiya aktının tez-tez təkrarlanması dehidratasiyaya gətirib çıxarır. Orqanizmin susuzlaşması dəri örtüklərinin quruluğu, arterial təzyiqin azalması və taxikardiya ilə özünü büruzə verir. Bundan əlavə nəcisdə bağırsağın müvafiq şöbəsinin zədələnməsi üçün xarakterik olan qarışıqlara rast gəlinə bilər. Məsələn, nazik bağırsaq patologiyalarının əlaməti sayılan kəskin ishal zamanı ifrazatların tərkibində həzm olunmamış qida qalıqları izlənilir. Bu zaman nəcis adətən yaşıl çalarlı və üfunətli olur. Patoloji proses yoğun bağırsaqda inkişaf etdikdə qanlı ifrazatlar və seliyin miqdarının artması müşahidə edilir.
Kəskin ishalın diaqnostikası
Kəskin ishalın xarakterini təyin etmək üçün hərtərəfli anamnez toplanılır. Nəcisin konsistensiyası, qan və selik qarışıqlı olması, defekasiya aktının tezliyi dəqiqləşdirilir. Abdominal ağrı, qusma, dərinin quruluğu və yüksək temperatur patoloji prosesin ağırlığına dəlalət edir. Bu klinik əlamətlər təcili surətdə müvafiq terapiyanın aparılmasını tələb edir. Sorğu zamanı mütəxəssis xəstənin yaxın keçmişdə hansı preparatları qəbul etməsini aydınlaşdırır. Çünki bu amil kəskin ishalın inkişafına gətirib çıxara bilir. Kəskin diareyanın diaqnostik meyarı 3 həftədən çox davam etməyən bağırsaq pozğunluqları fonunda nəcis ifrazı gün ərzində 3 dəfədən artıq baş verməsi sayılır.
Kəskin ishalın diaqnostikasında laborator üsullardan: qan və nəcisin ümumi analizindən istifadə olunur. Bu müayinələr prosesin iltihabi etiologiyanı sübut etməyə imkan verir. Koproqramma vasitəsilə leykosit və eritrositlərin konsentrasiyasının təyini iltihab və qeyri-iltihab mənşəli ishalın differensial diaqnostikasına kömək edir. İltihab əlamətləri müşahidə edilmədikdə nəcisin bakterioloji əkilməsinə ehtiyac olmur. İfrazatlarda külli miqdarda leykosit və eritrosit aşkarlandıqda nəcis kütlələrinin mikrobioloji müayinəsi aparılmalıdır. Bu üsul kəskin diareyanın törədicilərini – patogen bakteriyaları müəyyən edir. İshal digər səbəblərdən yarandıqda mikrobioloji müayinə heç bir nəticə vermir.
Kəskin ishalın səbəbini aydınlaşdırmaq üçün instrumental müayinə üsulu – kolonoskopiya tətbiq edilir. Onun vasitəsilə bağırsağın selikli qişasının iltihabi dəyişiklikləri, xora və eroziyalar aşkarlanır. Endoskopiya kəskin diareya ilə səciyyələnən kolit, Kron xəstəliyi, divertikulit və digər xəstəliklərin diaqnostikasına kömək edir. İshalın informativ instrumental üsulu bağırsağın kontrast rentgenoqrafiyasıdır (irriqoskopiya). Bu müayinə bağırsaq möhtəviyyatının hərəkət sürətini və selikli qişanın iltihabi dəyişikliklərini təyin etməyə imkan verir.
Kəskin ishalın müalicəsi
İshalın səbəbindən asılı olmayaraq, bütün xəstələrə xüsusi pəhriz, eubiotiklər, büzücü və adsorbsiyaedici vasitələr təyin edilir. Dietoterapiya bağırsaq motorikasının zəiflədilməsi və orqanın mənfəzinə ifraz olunan mayenin sekresiyasının azaldılması məqsədini daşıyır. Xəstələrə qida rasionundan selikli qişanın qıcıqlanmasına və zədələnməsinə səbəb ola biləcək məhsulları çıxartmaq məsləhət görülür.
Nəcislə kifayət qədər maye və elektrolit itirildikdə rehidratasion terapiya aparılır. Yüngül dərəcəli dehidratasiya zamanı peroral terapiya – xüsusi duz məhlulları təyin edilir. İshalın ağır formalarında parenteral rehidratasiyaya – balanslaşdırılmış duz məhlullarının venadaxili yeridilməsinə üstünlük verilir.
Diareya sindromu patogen bakteriyalar tərəfindən törədildikdə antibiotikoterapiya tətbiq olunur. Müalicə kursu bir neçə gündən bir aya qədər davam edə bilər.
Kəskin ishalın müalicəsində bağırsaq motorikasını tormozlayan vasitələr mühüm rol oynayır. Bu preparatlar bağırsaq mənfəzinə maye ifrazını azaldaraq, saya əzələlərin yığılmasını ləngidir. İshal əleyhinə effektiv preparat loperamid hesab olunur. Lakin iltihab mənşəli ishal zamanı ondan istifadə etmək məsləhət görülmür. Bundan əlavə xəstələrə bağırsaq florasını bərpa edən eubiotiklər məsləhət görülür.
Kəskin ishalın proqnoz və profilaktikası
Kəskin ishalın profilaktikası şəxsi gigiyena qaydalarına riayət olunmasından və qida məhsullarının saxlanma şəraitinə diqqət yetirilməsindən ibarətdir. Bununla yanaşı ət, balıq və yumurtanın termiki işlənməsi düzgün qaydada icra edilməlidir. Vaxtında kompeks müalicə aparıldıqda bu patoloji vəziyyətin proqnozu qənaətbəxş olur.