Kəskin kolit
Kəskin kolit – yoğun bağırsağın selikli qişasının infeksion, toksiki, farmakoloji və ya endogen amillərin təsirinə qarşı kəskin iltihabi cavab reaksiyasıdır. Patologiya qarnın sol hissəsində ağrılar, selik, qan və irin qarışıqlı duru nəcis ifrazı, yüksək temperatur və dehidratasiya əlamətləri ilə təzahür edir. Diaqnoz şikayətlər, anamnestik məlumatlar, yoğun bağırsağın palpasiyası, kolonoskopiya, rektoromanoskopiya, qanın ümumi müayinəsi, nəcisin klinik və mikrobioloji analizi əsasında qoyulur. Kolitin kəskin formasını müalicə etmək üçün antibakterial vasitələr, eubiotiklər, spazmolitiklər təyin edilir, rehidratasion terapiya aparılır.
Kəskin kolit barədə ümumi məlumat
Kəskin kolit yoğun bağırsağın selikli qişasının iltihabı və funksional pozğunluğu ilə xarakterizə olunur. Bu nozoloji forma əksər hallarda 15-40 yaş arasında müşahidə edilir. Kəskin kolitin ikinci pik dövrü 60-80 yaşlara təsadüf edir. Hər iki cinsin nümayəndələri arasında xəstəliyin yayılma tezliyi demək olar ki, eynidir.
Xəstəliyin etiologiyasında infeksion agentlər, dərman preparatlarının qəbulu və mezenterial ateroskleroz səbəbindən yoğun bağırsağın işemiyası başlıca rol oynayır. Müalicə vaxtında və düzgün şəkildə aparıldıqda proses adətən sağalma ilə nəticələnir. Lakin bəzən yoğun bağırsağın kəskin iltihabı xroniki formaya keçir.
Kəskin kolitin yaranma səbəbləri
Kəskin kolit polietioloji xəstəlikdir. Onun əsas səbəbi orqanizmə infeskion amillərin daxil olmasıdır. Xəstəlik virus, bakteriya, göbələk və ibtidailər tərəfindən törədilə bilər. Çox zaman kəskin kolit dizenteriya, salmonellyoz və qida toksikoinfeksiyaları kimi fonunda inkişaf edir. Bu patoloji prosesin formalaşmasında həmçinin qeyri-spesifik törədicilər: streptokokk və ya stafilokokklar iştirak edir. İnfeksion amil orqanizmə çirkli su və ya yuyulmamış meyvə və tərəvəzlərlə daxil olur. Patogen mikroorqanizmlərin təsirindən bağırsağın selikli qişasında iltihab – kolit yaranır. İnfeksion törədicilərin toksinləri qanla yayılaraq, orqanizmin ümumi intoksikasiyasına səbəb olur.
Bundan əlavə kəskin kolit antibakterial preparatların və digər dərman vasitələrinin, məsələn, işlədicilərin qəbulu ilə assosiasiyalı ola bilər. Yaşlı şəxslərdə kəskin kolit müsariqə damarlarının aterosklerozu nəticəsində yoğun bağırsağın işemiyası zaman inkişaf edir. Xəstəliyin nadir rast gəlinən səbəblərinə radiasion zədələnmə, qida allergiyası və kimyəvi maddələrlə intoksikasiya aiddir. Bəzi hallarda kəskin kolitin səbəbini dəqiq müəyyənləşdirmək mümkün olmur.
Kəskin kolitin təsnifatı
Kəskin kolit prosesin etiologiya və lokalizasiyasına görə təsnif edilir. Etioloji səbəblərdən asılı olaraq, kolit aşağıdakı formalara ayırd edilir: bakterial, parazitar və virus mənşəli, toksiki, işemik, radiasion, antibiotik assosiasiyalı, autoimmun. Patoloji prosesin lokalizasiyasına əsasən kəskin kolit bər sıra formalara bölünür: siqmoidit, transverzit, soltərəfli, sağ tərəfli, total.
Kəskin kolitin əlamətləri
Yaranma səbəblərindən asılı olmayaraq, xəstəlik meteorizm, yoğun bağırsaq boyunca spastik ağrılar, tenezmlər, ifadəli ishalla müşayiət edilir. Defekasiyanın tezliyi gün ərzində 20-25 dəfəyə qədər arta bilər. Nəcisdə çox zaman selik, irin, hətta qan qarışığına rast gəlinir. Patoloji prosesin erkən mərhələlərində nəcis üfunətli olur. Bağırsaqda mayenin sorulmasının pozulması hesabına ifrazatlar tədricən duru forma alır.
Yerli təzahürlərdən əlavə xəstələrdə müxtəlif ifadə dərəcəsinə malik ümumi simptomatika müşahidə edilir. Bədən hərarəti əksər hallarda 38˚C-dən yüksək olur. Hipertermiya toksinlərin qana keçməsi ilə bağlıdır. İfadəli maye itkisi fonunda dəri quruyur, dil boz ərplə örtülür. İntoksikasiya nəticəsində ümumi halsızlıq proqressivləşir, iştah itir. Patologiya sürətli gedişə malikdir. Lakin müalicə düzgün aparıldıqda bir neçə gün ərzində xəstənin normal vəziyyəti bərpa olunur. Ağır formalarda kəskin kolit lənggedişli, xroniki xarakter alır. Bir sıra hallarda xəstəlik dehidratasion şok, qaraciyəraltı abses, peritonit, pielit, sepsislə fəsadlaşır.
Kəskin kolitin diaqnostikası
Kəskin kolitin erkən mərhələlərində diaqnozun qoyulması üçün həkim-proktoloq tərəfindən şikayətlər və anamnestik məlumatlar toplanılır. Bu klinik üsullar xəstəliyin səbəblərini təxmin etməyə imkan verir. Yoğun bağırsaq nahiyəsində qarnın palpasiyası zamanı əsasən sol tərəfdə ağrı və qurultu müəyyən edilir.
Kəskin kolitin diaqnostikasında instrumental və laborator üsullardan istifadə olunur. İnstrumental müayinələr arasında endoskopiya, xüsusən kolonoskopiya və rektoromanoskopiya yüksək informativliyi ilə seçilir. Müayinə prosesində bağırsağın selikli qişasının hiperemiyası və ödemi aşkarlanır. Ağır gedişli formalarda endoskopiya zamanı yoğun bağırsağın divarlarında irin, qansızma, eroziya və xora vizualizasiya olunur.
Laborator üsullardan qanın ümumi analizi və nəcisin mikrobioloji müayinəsinə üstünlük verilir. Qanın ümumi analizində leykositlərin, çöpnüvəli formaların miqdarının artması, EÇS-nin yüksəlməsi müşahidə edilir. Bu əlamətlərə əsasən yoğun bağırsaqda iltihabi prosesin ifadəliliyi qiymətləndirilir. Nəcis analizində (koproqramma) çoxlu miqdarda selik və qan elementləri izlənilir. İfrazatlar adətən duru konsistensiyaya malik olur. Nəcisin mikroskopiyasında leykositlərin miqdarının hədsiz dərəcədə artması iltihabın bakterial xarakterindən xəbər verir. Xəstəliyin törədicisini dəqiqləşdirmək məqsədilə nəcisin mikrobioloji müayinəsi aparılır. Onun köməyilə patogen mikroorqanizmin antibiotiklərə həssaslığı müəyyən edilir.
Kəskin kolitin müalicəsi
Xəstələrə bir neçə gün müddətində aclıq və sakitlik rejimi təyin edilir. Yalnız ilıq içkilərin, məsələn çay və ya limon suyunun qəbuluna icazə verilir. Bir neçə gündən sonra qida rasionuna sıyıq, yağsız ət və bulyon əlavə etməklə pəhriz genişləndirilir. Növbəti 2 həftə ərzində kəskin, yağlı və qızardılmış qidalar, eləcə də bağırsağın selikli qişasını qıcıqlandıran tərəvəzlər və spirtli içkilərin istifadəsinə qadağa qoyulur. Bu tip qidalanma 4№-li pəhrizə uyğundur. Xəstəliyə patogen mikroflora və ya toksinlərlə yoluxmuş qidalar səbəb olduqda mədə və yoğun bağırsaq ilıq soda məhlulu ilə yuyulur, işlədici preparatlar təyin edilir.
Bağırsaqda tutmaşəkilli güclü ağrılarla müşayiət olunan kəskin kolit zamanı dəri altına spazmolitiklər: platifillin, papaverin və ya atropin yeridilir. Narkotik analgetiklərin tətbiqi məsləhət görülmür. Bununla yanaşı kəskin kolitin müalicəsində sulfanilamid preparatlar, anestezin və aktivləşmiş kömürdən istifadə olunur.
İlk günlərdən empirik antibiotikoterapiya aparılır. Nəcisin bakterioloji müayinəsinin nəticələri əldə olunduqdan sonra törədicinin həssaslığına əsasən müalicə korreksiya edilir. Bağırsaq mikroflorasını normallaşdırmaq üçün pasiyentlərə antibiotiklərlə paralel eubiotiklər təyin olunur.
Kəskin kolitin ağır formalarında yuxarıda qeyd edilən müalicəvi tədbirlər dehidratasiya və kollapsla mübarizə yönəldilən terapiya ilə tamamlanır. Bu məqsədlə xəstələrə kordiamin və ya natrium-benzoat yeridilir. Orqanizmin susuzlaşması fonunda ürək çatışmazlığının inkişafı zamanı ürək qlikozidləri göstəriş sayılır. Bundan əlavə gün ərzində 2 litrə qədər fizioloji məhlul və ya 5%-li qlükoza ilə infuzion terapiya aparılır. Kəskin kolit intensiv qusma ilə müşayiət olunduqda xəstələrə metoklopramid və ya xlorpromazin yeridilir.
Kəskin kolitin proqnoz və profilaktikası
Kəskin kolitin qarşısını almaq üçün şəxsi gigiyena qaydalarına riayət olunmalı: qida qəbulundan qabaq əllər mütləq yuyulmalıdır. Ət və balığın termiki işlənməsinə, içməli suyun qaynadılmasına fikir verilməli, meyvə və tərəvəzlər yuyulub yeyilməlidir. Kəskin kolitə səbəb ola biləcək virus infeksiyalarının profilaktikası aparılmalıdır.
Kəskin kolitin proqnozu qənaətbəxşdir. Erkən diaqnostika və düzgün müalicə zamanı xəstəlik adətən bir neçə gündən sonra sağalma ilə nəticələnir. Kəskin kolitin ağır formasında və ya adekvat müalicənin aparılmadığı hallarda müəyyən fəsadlar yarana bilər.