Kardiologiya

Kardiologiya – kliniki təbabətin ürək damar sisteminin müxtəlif yaş dövrlərində anatomo-fizioloji  xüsusiyyətlərini, ürək-damar sisteminin xəstəliklərini, onların diaqnostika, müalicə və profilaktika üsullarını öyrənən sahəsidir. 

Kardiologiya –terapevtik kardiologiya və kardiocərrahiyyə olmaqla 2 böyük sahəyə bölünür.

Terapevtik kardiologiya ürək damar xəstəliklərinin  (bradikardiya, taxikardiya, aritmiya, ateroskleroz, stenokardiya, ürəyin işemik xəstəlikləri, mokard infarktı, ürək çatışmazlığı və s.) konservativ yolla (dərman preparatları, sanatoriyalar) müalicəsi ilə məşğul olan bölümüdür.   

Cərrahi kardiologiyada isə anadangəlmə və ya qazanılmış ürək qüsurları, o cümlədən ürək-damar sisteminin digər zədələnmələri cərrahi yolla aradan qaldırılır. Kardiocərrahiyyə bölümündə həmçinin damarların və qapaqların protezlənməsi həyata keçirilir.   

Hazırda erkən ölüm və əlilliyə səbəb olan xəstəliklər arasında ürək-damar xəstəlikləri ön sıralarda dayanır. Statistik məlumatlara əsasən ümumi ölüm hallarının 40-60%-i kardioloji xəstəliklərin payına düşür.  

Kardiologiyada istifadə olunan başlıca diaqnostik üsullara fonokardioqrafiya, elektrokardioqrafiya (EKQ), exokardioqrafiya (ürəyin USM), sutkalıq EKQ-monitorinqi aiddir. Bu prosedurlar ürək əzələsinin yığılma qabiliyyətini, onun və damarların vəziyyətini qiymətləndirməyə imkan verir.

Son illərdə kardiopatologiyalı pasiyentlərin yeni müayinə üsulları: ürək boşluqlarının zondlanması və angiokardioqrafiya aktiv şəkildə inkişaf etməkdədir. Onların köməyilə ürək və tac damarlarda əməliyyatın planlaşdırılması mümkün olur.  

Müasir təbabətin uğurları hesabına əvvəllər sağalmaz sayılan ürək xəstəliklərini artıq sağaltmaq və ya nisbətən yaxşılaşdırmaq mümkündür.

Ürək xəstəliklərinin profilaktik tədbirlərinə ağır fiziki yüklənmələrdən, zərərli vərdişlərdən imtina, stresslərin uzaqlaşdırılması, qidalanma və istirahət rejiminin düzgün tərtibi aiddir. 

error: Content is protected !!