Kardionevroz

Kardionevroz — xarici amillərin təsirindən vegetativ sinir sisteminin fəaliyyətinin pozulması fonunda yaranan psixosomatik xəstəlikdir. Üzvi dəyişikliklərin olmadığı halda ürək-damar sisteminin funksional pozulmaları ilə təzahür edir. Pasiyentlər kardial ağrılar, taxikardiya, əsəbilik, yuxu pozğunluğundan şikayətlənir. Kardionevrozun diaqnostikası klinik fonu və digər patologiyaları inkar edən instrumental, laborator müayinələrin nəticələrinə əsaslanır. Müalicə kompleks şəklində aparılaraq, psixoloji vəziyyətin korreksiyasına və provokasiyaedici amillərin aradan qaldırılmasına yönəldilir. Göstərişlərə əsasən medikamentoz terapiya təyin edilir.

Kardionevroz barədə ümumi məlumat

Kardionevroz — ürək-damar, tənəffüs, sinir sistemlərinin funksional pozğunluqları, orqanizmin fiziki yüklənmələr və stresslərə qarşı rezistentliyinin azalması ilə müşayiət olunan xroniki xəstəlikdir. Kardial pozğunluqlar üçün xarakterik simptomatikalı pasiyentlərin 30-40%-də, miokard infarktı və oxşar klinik şəkilə malik həyati təhlükəli vəziyyətlərdən şübhələnərək, təxirəsalınmaz yardım şöbəsinə daxil olan xəstələrin 70%-də kardionevroza rast gəlinir. Xəstəliyin geniş yayılmasına baxmayaraq, onun rastgəlmə tezliyi barədə dəqiq məlumat yoxdur, bu da pasiyentlərin əksər hallarda yanlış olaraq digər nevroloji və ya kardioloji patologiyalardan müalicə olunması ilə izah edilir. Xəstələr arasında yaşı 40-dan az olan şəxslər, xüsusən qadın cinsinin nümayəndələri üstünlük təşkil edir.

Kardionevrozun yaranma səbəbləri

Patologiya polietioloji xəstəliklərə aid edildiyindən onun aparıcı əlamətini təyin etmək çətinlik törədir. Cavanlarda sinir sisteminin labilliyi, hiperhəssaslıq, isteriya və ya depressiyaya meyillik, yaşlılarda isə qeyri-stabil psixoemosional reaksiyalara səbəb olan MSS xəstəlikləri kardiosklerozun inkişafı üçün qənaətbəxş fon hesab olunur. İrsi meyillik, orqanizmin funksional və morfoloji xüsusiyyətlərinin: beynin bəzi şöbələrinin fəaliyyətinin çatışmazlığının, metabolizmin individual fərqliliyinin rolu istisna olunmur. Yuxarıda sadalanan hallarda xəstəlik aşağıdakı səbəblərdən yarana bilər:

  • Psixogen amillər. İfadəli neqativ emosional çalarlı hadisələr və ya vəziyyətlər patologiyanın inkişafına təkan verir. Onlara nevrotik səviyyəli bəzi psixi pozğunluqlar (nevroz, fobiya), ağır sarsıntılar (təbii fəlakət, yaxınlarının itkisi), kəskin və xroniki stresslər, qeyri-qənaətbəxş sosial-ekonomik həyat tərzi aiddir.
  • Qeyri-stabil hormonal fon. Cinsi hormonların: estrogen, progesteronun disbalansı ilə əlaqədar bu xəstəlikdən əsasən qadınlar əziyyət çəkir. Cinsi yetişkənlik, klimaks, hamiləlik dövrü, doğuş prosesi, hormonal preparatların (xüsusən oral kontraseptivlər) qəbulu, hormonal hasil edən şişlərin yaranması zamanı simptomların yaranma ehtimalı yüksəlir. Kişilərdə kardionevroz pubertat dövrdə, endokrin pozğunluqlarda aşkarlana bilər.
  • Fiziki, kimyəvi təsirlər. Xəstəlik xroniki yorğunluq nəticəsində, o cümlədən hipodinaniya fonunda zehni işlə məşğul olan şəxslərdə inkişaf edə bilər. Provokasiyaedici amillər sırasına vibrasiya, səs, günəş şüalarının davamlı təsiri, temperaturun enməsi, eləcə də məişət zəhərləri, ağır metalların duzları, narkotik vasitələr və bəzi dərman qrupları ilə xroniki intoksikasiya, alkoqol və kofein tərkibli içkilərdən sui-istifadə daxildir.
  • İnfeksion proseslər. Kardionevroza əsasən yuxarı tənəffüs yolları və sisnir sisteminin ocaqlı infeksiyaları: xroniki tonzillit, sinusit, rinosinusit, faringit, traxeit, kəskin respirator xəstəliklər, meningit, ensefalit, neyrosifilis, müxtəlif lokalizasiyalı nevritlər səbəb olur. İnfeksiyalar virus, bakteriya, göbələk, ibtidailər tərəfindən törədilir.

Kardionevrozun patogenezi

Ekzogen və endogen amillərin davamlı təsiri ürək və damar fəaliyyətinin mürəkkəb damar mexanizmində disbalansa gətirib çıxarır. Koordinasiya rolunu hipotalamus yerinə yetirdiyindən patologiyanın ilkin həlqəsini hipotalamik zona və baş beynin qabıq maddəsinin siqnallarının ahəngliyinin pozulması təşkil edir. Tənzimin pozulması simpatik-adrenal sistemin aktivliyinin yüksəlməsinə, periferik reseptorların həssaslığının artmasına səbəb olur. Nəticədə orqanizmin MSS siqnallarına izafi reaksiyası, metabolik dəyişikliklər yaranır, bu da vəziyyətə adekvat olmayan reaksiyalarla: sakit halda taxipnoe, taxikardiya, ürəyin qeyri-effektiv yığılmaları, damar tonusunun pozulması (periferik spazma qədər), AT-nin yüksəlməsi ilə təzahür edir. Neyrohumoral tənzimin pozulması adətən fiziki və ya emosional yüklənmə fonunda baş verir.

Kardionevrozun təsnifatı

Kardionevrozun ümumqəbul olunmuş təsnifatı mövcud deyil. Klinik təcrübələrdə bir sıra kriteriyalar: ürək yığılmalarının tezliyi, vegetativ-damar krizlərinin olması və periodikliyi, ağrı sindromunun lokalizasiya və intensivliyi, simptomatikanın ifadəliliyinin fiziki yüklənmələrdən asılılığı nəzərə alınmaqla xəstəliyin gedişinin ağırlıq dərəcəsi üzrə bölünməsindən istifadə edilir. Patologiyanın 3 ağırlıq dərəcəsi ayırd olunur:

  • Yüngül gediş. Pasiyentin əmək qabiliyyəti və sosial aktivliyi tam şəkildə saxlanılır, ağır işləri yerinə yetirmək qabiliyyəti cüzi azalır. Döş sümüyü arxasında ağrı mülayim xarakterli olub, psixoemosional və ya fiziki yüklənmələrdən sonra yaranır. Paroksizmlər müşahidə edilmir. Respirator pozğunluqlar xəstənin ümumi vəziyyətinə demək olar ki, təsir etmir, EKQ-də dəyişikliklər aşkarlanmır. Adətən dərman terapiyası tələb olunmur.
  • Orta ağrı gediş. Əlamətlər çox vaxt izlənilmir və ya zəif ifadə olunur, kəskinləşmə dövründə əmək qabiliyyəti onun müvəqqəti itirilməsinə qədər azala bilər. Ağrı sindromu ifadəlidir, yüklənmələrlə əlaqəsi olmur. Damar krizləri mümkündür. Taxikardiya qəfil yaranır, nəbz tezliyi dəqiqədə 100 vurğudan çox olur. Medikamentoz terapiyanın aparılması məsləhət görülür.
  • Ağır gediş. Bir neçə orqan və sistemlərin zədələnməsi nəticəsində yaranan çoxformalı davamlı simptomatika xarakterikdir. Əmək qabiliyyəti kritik azalır və ya tamamilə itir, daimi taxikardiya, ritm pozğunluğu, yüksək arterial təzyiq qeydə alınır. İfadəli təngnəfəslik, aşağı ətrafların ödemi, yuxusuzluq müşahidə edilir. Dərman preparatlarının sistematik qəbulu mütləqdir.

Kardionevrozun əlamətləri

Simptomatika variabelli olub, ifadə dərəcəsinə görə kəskin fərqlənir. Xəstəliyin təzahürlərinin qeyri-spesifikliyi diaqnostikanı əhəmiyyətli dərəcədə çətinləşdirir. Kardioskleroz çox sayda simptomlarla qəfil təzahür edir. Əlamətlərin intensivliyi etioloji amil və xəstənin ümumi vəziyyətindən asılıdır. Güclü stressdən sonra kardionevroz kəskin, infeksiya və ya xroniki yorğunluq fonunda isə tədricən inkişaf edir. Pasiyentlər ürək nahiyəsində bir neçə saniyədən başlayaraq, saat və ya günə qədər davam edən müxtəlif xarakterli (deşici, yandırıcı, sızıltılı) ağrılardan şikayət edir.

Ağrı dəqiq lokalizasiyaya malik olmur, kürək, boyun, epiqastral nahiyə, bel, aralığa yayıla bilər. Ağrı sindromu adətən fiziki gərginlik, yorğunluq, emosional sarsıntı, spirtli içkilərin qəbulu fonunda, qadınlarda predmenstrual dövrdə yaranır. İntensiv ağrı həyəcan, qorxu, hava çatışmazlığı hissi, tərləmə ilə müşayiət olunur, nitroqliserinin qəbulu ilə aradan qalxmır. Xəstələrdə tənəffüsün tezləşməsi, onun səthi xarakteri, natamam nəfəsalma hissi, boğazda yad cisim hissiyyatı qeydə alına bilər. Təmiz havaya tələbat yaranır, bu səbəbdən pasiyentlər qapalı yerlərdə pəncərəni açmağa çalışırlar. Tənəffüs pozğunluqları fonunda əksər hallarda taxikardiya, ürək fəaliyyətində fasilələr baş verir, boyun damarlarının pulsasiyası aşkarlanır.

Əmək qabiliyyəti azalır, xroniki halsızlıq, yorğunluq artır. Periferik damar tonusunun tənzminin pozulması baş ağrıları, başgicəllənmə, ətrafların soyuması ilə özünü büruzə verir. Arterial təzyiqin müvəqqəti 160/90 mm.cv.süt-na, bədən hərarətinin 37,5° С-yə qədər yüksəlməsi mümkündür. Vegetativ krizin klinik fonu titrəmə, başgicəllənmə, tərləmə, hava çatışmazlığı və qorxu hissindən təşkil olunmuşdur. Onlar adətən gecə saatlarında inkişaf edərək, 30 dəqiqədən 3 saata qədər davam edir, xeyli miqdarda sidik ifrazı, duru konsistensiyalı nəcislə sonlanır. Krizlərin peirodikliyi – ay ərzində tutmadan ildə 1-2 krizə qədər. Zaman keçdikcə əlamətlərin tezliyi və intensivliyi azalır.

Kardionevrozun ağırlaşmaları

Kardionevroz nadir hallarda ağır fəsadlarla nəticələnir. Uzun sürən xəstəliklər psixi və sosial sferada pozğunluqlara – ipoxondiya, fobiya, depressiv reaksiyalar, həyat keyfiyyətinin azalması, aktivliyin məhdudlaşmasına gətirib çıxarır. Adekvat terapiya aparılmadıqda patologiya ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Hipertoniya və işemiya xəstəliyinin, müxtəlif növ aritmiyaların inkişaf ehtimalını artması barədə məlumatlar mövcuddur. Belə hallarda miokardın oyanıqlığı, ötürücülüyü, avtomatizmi və yığılma qabiliyyəti pozulur, nəticədə infarkt riskini yüksəldən davamlı koronar qan dövranı çatışmazlığı inkişaf edir.

Kardionevrozun diaqnostikası

Diaqnostik tədbirlər terapevt və kardioloq tərəfindən həyata keçirilir, nevrotik və ya funksional komponent aşkarlandıqda müayinə prosesinə psixiatr, psixoterapevt, nevroloq cəlb edilir. Kardionevrozun simptomatikası kifayət qədər aydın olsa da, onun digər kardial patologiyalarla oxşarlığı ürək və damarların üzvi zədələnmələrinin, digər somatik xəstəliklərin inkar olunmasını tələb edir. Kompleks diaqnostikaya aşağıdakı müayinələr daxildir:

  • Sorğu, baxış. Məlumatlar az və qeyri-spesifikdir. İlkin əlamətlərin cavan yaşda meydana çıxması, onların uzunmüddətli və qıcıqlandırıcılarla əlaqəli olması kardionevroza dəlalət edir. Akrosianoz, barmaqların tremoru, narahatlıq, dəri örtüklərinin avazıması və ya hiperemiyası aşkarlana bilər. Palpasiyada güclü tərləmə, ətrafların soyuması müəyyən edilir. Əksər hallarda yuxu arteriyalarının sürətli pulsasiyası, qabırğaların, qabırğalararası sahələrin ağrılılığı izlənilir. Perkussiyada ürəyin ölçülərinin dəyişmədiyi müşahidə olunur. Auskultasiya ritm pozğunluğunu təyin edir, onun köməyilə yığılmaların tezliyi, əlavə küy və tonlar barədə məlumat əldə olunur. Tonometriyada arterial təzyiqin labilliyi qeyd edilir, sağ və sol əldə asimmetriya mümkündür.
  • Elektrokardioqrafiya. Bu üsul ritmin xarakteri və tezliyini qiymətləndirməyə, ekstrasistoliya, aritmiya, ürəkdaxili ötürücülüyün pozulmasını aşkarlamağa, üzvi zədələnmələri (miokard işemiyası, ürək əzələsinin toksiki ağentlərlə zədələnməsi) inkar etməyə imkan verir. EKQ-nin veloerqometriya ilə aparıldığı hallarda fiksə olunan dəyişikliklər əmək qabiliyyətinin azalması, simptomatikanın artması ilə əlaqəli olur.
  • Exokardioqrafiya. Müayinə qapaq zədələnmələri, ürəyin üzvi anomaliyalarını (əlavə xorda, mədəcik boşluqları) inkar etmək məqsədilə aparılır. Kameraların ölçüləri, divarlarının qalınlığı müəyyənləşdirilir. Kardiosklerozda divarların qalınlığı adətən dəyişmir. Ağır gedişli formalarda ürək atımının, ürək liflərinin fəaliyyətinin ümumi sürətinin azalması mümkündür, bu da miokardın yığılma qabiliyyətinin pozulmasından xəbər verir.
  • Laborator müayinələr. Qanın klinik və biokimyəvi analizində leykositoz, EÇS, C-reaktiv zülal, kəskin faza amillərin səviyyəsinin yüksəlməsinin müşahidə olunmaması revmatoid qızdırma və digər imunopatologiyaları inkar etməyə şərait yaradır. Miokardın zədələnmə markerlərinin – ALT, AST, mioqlobin, troponinlərin miqdarı yoxlanılmalıdır. Elektrolitlərin fizioloji nisbətinin təyini aritmiyaların differensial diaqnostikasında mühüm əhəmiyyət kəsb edir.

Diaqnoz müəyyən kriteriyalar əsasında qoyulur: simptomatikanın davamlılığı, onun xarakterik provokasiyaedici amillə əlaqəsi, psixoemosional komponentin ifadəliliyi, somatik patologiyanın olmaması. Kardionevrozun differensial diaqnostikası aparıcı əlaməti döş sümüyü arxasında ağrı olan, oxşar klinik fona malik patologiyalarla: işemiya xəstəliyi, miokardit, miokard infarktı, aortanın laylanan anevrizması, plevritlə aparılır. Kardionezroz həmçinin əksər hallarda ağrının döş qəfəsinə irradiasiyası ilə müşahidə olunan patologiyalarla: öd sancısı, kəskin pankreatit, mədə xorası ilə differensiasiya edilir. Ürəyin və qapaq sisteminin revmatik zədələnmələrinə xüsusi diqqət yetirilir.

Kardionevrozun müalicəsi

Əlamətlərin müxtəlifliyi və intensivliyinin dəyişkənliyi ilə əlaqədar müalicəvi tədbirlərin düzgün seçilməsi mütəxəssislər üçün çətinlik yaradır. Yüngül və orta ağır gedişli formalarda ambulator müalicə mümkündür, ağır kardionevroz zamanı hospitalizasiya göstəriş sayılır. Etioloji və ya patogenetik terapiyanın simptomatik vasitələr, ümummöhkəmləndirici tədbirlərlə kombinasiyasına üstünlük verilir. Kardionevrozun xüsusiyyətləri nəzərə alınmaqla müalicə aşağıdakı istiqamətlərdə aparılır:

  • Psixoterapiya. Digər provokasiyaedici amillərdən asılı olmayaraq, patologiya psixoloji vəziyyətin korreksiyasını tələb edir. Koqnitiv-davranış terapiyası, hipnoz, relaksasiya üsulları tətbiq edilir. Kompleks tədbirlər qorxu hissi, ümidsizlik, çarəsizliyin aradan qaldırılmasına və xəstənin narahatlığın əsassız olmasına inandırılmasına yönəldilir. Pasiyentə əlamətlərin mahiyyəti, xəstəliyin xoşxassəli olması izah edilir, onun müalicə prosesində fəal iştirak etməsinə kömək edilir.
  • Psixotrop vasitələr. Psixi pozğunluqlar uzun müddət davam etdikdə və qeyri-medikamentoz korreksiyaya tabe olmadıqda stasionar şəraitdə və ya xəstə evə buraxıldıqdan sonra psixotrop preparatlar təyin edilir. İlk növbədə bitki tərkibli medikamentlər (pişikotu, damotu) məsləhət görülür, onlar müsbət nəticə vermədikdə neyroleptiklər, antidepressantlar, trankvilizatorlara keçilir.
  • Medikamentoz terapiya. İnfeksiya aşkarlandıqda antibiotiklər, virus əleyhinə preparatlar, polivitaminlərdən istifadə olunur. Endokrin pozğunluqlarda hormonal vasitələr tətbiq edilir. Xəstəliyin orta ağır gedişli formalarında terapiyaya adrenoblokatorlar, bradikardik preparatlar əlavə olunur.
  • Fizioterapiya. Fizioterapevtik üsullar – MBT, refleksoterapiya, elektrofarez, elektroyuxu, hidromasaj medikamentlərin təsirini gücləndirir, bir sıra hallarda dozanı azaltmağa, sağalma prosesini tezləşdirməyə, MSS-nin fəaliyyətini normallaşdırmağa imkan verir.

Kardionevrozun proqnoz və profilaktikası

Kardionevroz üçün ağır fəsadlar xarakterik deyil. Vaxtında və düzgün müalicə nəticəsində proqnoz qənaətbəxş olur. İfadəli klinik simptomatika pasiyentin həyat keyfiyyətini azaldır, bu da daimi müşahidə və müalicə tədbirlərinin aparılmasını tələb edir.

Kardionevrozun profilaktikası məqsədilə sağlam həyat tərzi, zərərli vərdişlərdən imtina, yaş və sağlamlıq vəziyyətinə müvafiq mülayim fiziki aktivlik, düzgün qidalanma, infeksion xəstəliklərin vaxtında müalicəsi məsləhət görülür. Qadınlarda, xüsusən klimaks dövründə hormonal fonun korreksiyası vacib məqam sayılır. İmkan daxilində həddindən artıq fiziki, psixi və emosional gərginliklər, stress hallarından uzaq durmaq lazımdır.

error: Content is protected !!