Kolit

Kolit –  yoğun bağırsağın iltihabi xəstəliyi olub, infeksion, işemik, dərman və digər zədələnmələr nəticəsində yaranır. Patologiya ağrı sindromu, həzm pozğunluğu (qəbizlik, ishal), meteorizm, tenezmlə özünü büruzə verir. Diaqnostika nəcisin müayinəsi (koproqramma, bakterioloji əkilmə, helmint və ibtidailərin yoxlanılması), irriqoskopiya, kolonoskopiya və yoğun bağırsağın selikli qişasının biopsiyasının nəticələrinə əsaslanır. Müalicə xəstəliyin etioloji forması nəzərə alınmaqla təyin edilir, pəhriz, etiotrop terapiya (antibakterial, helmint əleyhinə və s.), ferment və eubiotiklərin qəbulu, fitoterapiya, fizio- və balneoterapiya ilə aparılır.

Kolit barədə ümumi məlumat

Kolit yoğun bağırsağın selikli qişasının iltihabı ilə xarakterizə olunur. Onun 2 forması mövcuddur: kəskin və xroniki. Kəskin kolit qarında ağrı, meteorizm, nəcisdə selik və qan izləri, ürəkbulanma, defekasiya aktına çağırışlarla təzahür edir. Xroniki formaya transformasiya, bağırsaq xorası, bəzən isə kanserofobiyanın yaranması mümkündür.

Xroniki kolit uzunmüddətli iltihabi proses və zədələnmiş toxumaların distrofiyası nəticəsində selikli qişanın quruluşunun patoloji dəyişikliyi ilə səciyyələnir. Bu proseslərlə əlaqədar yoğun bağırsağın motor və sekretor funksiyası pozulur. Xroniki kolit həzm traktının ən çox rast gəlinən xəstəliklərindəndir. Patologiya çox zaman nazik bağırsağın iltihabı ilə birgə müşahidə edilir.

Xroniki kolitdən əziyyət çəkən pasiyentlərin 1/3 hissəsi xəstəliyin yaranmasını müxtəlif bağırsaq infeksiyaları (əsasən dizenteriya və salmonellyoz) ilə əlaqələndirir. Bir çox hallarda xroniki kolit disbakterioz (məsələn, uzun müddət davam edən antibiotikoterapiyadan sonra), qeyri-düzgün qidalanma, hipodinamiyaya meyllik, spirtli içkilərdən sui-istifadə nəticəsində inkişaf edir.

Kolitin yaranma səbəbləri

Patologiyaya qidalanma rejiminin və xarakterinin pozulması (qeyri-rasional, müntəzəm olmayan, keyfiyyətsiz qidalanma, yanlış qida vərdişləri, spirtli içkilərin həddindən artıq qəbulu) səbəb olur. Kolit həzm sistemi xəstəliklərinin (xroniki qastrit, pankreatit, hepatit) ağırlaşması, eləcə də qida zəhərlənmələri və bağırsaq infeksiyalarına yoluxma zamanı yarana bilər.

Bir sıra dərman vasitələrinin qəbulu bağırsaq florasına neqativ təsir göstərir, yatrogen disbakterioz isə öz növbəsində yoğun bağırsaqda iltihabi proseslər törədir. Bundan əlavə bağırsağın turşu-qələvi balansını pozan preparatlar kolitin formalaşmasına təkan verə bilər. Bəzən bağırsağın iltihabi proseslərinin yaranması anadangəlmə inkişaf pozğunluqları və funksional çatışmazlıqla bağlı olur.

Kolitin təsnifatı

Kolitlərin aşağıdakı formaları ayırd edilir: infeksion (şigellyoz, salmonellyoz, mikobakterioz, vərəm mənşəli kolit və s.), alimentar (qidalanma pozğunluğu ilə assosiasiyalı), toksiki ekzogen (civə buxarları, fosfor, arsen birləşmələri ilə davamlı intoksikasiya zamanı) və endogen (katabolizm məhsulları ilə intoksikasiya – məsələn, podaqra zamanı uratlarla), medikamentoz (dərman preparatlarının: işlədici, aminoqlikozidlər, antibiotiklərin istifadəsindən sonra).

Həmçinin allergik (qida komponentləri, dərman vasitələri, bəzi bakteriyalar və ya onların metabolizm məhsullarına qarşı allergik reaksiya) və mexaniki (xroniki qəbizlik, imalə, rektal şamlardan sui-istifadə zamanı selikli qişanın müntəzəm mexaniki zədələnməsi nəticəsində) kolitlər qeyd olunur. Yoğun bağırsaqda iltihabi proses bir neçə etioloji amillərin təsirindən yarandıqda bu hal kombinəolunmuş kolit kimi qiymətləndirilir.

Kolitin əlamətləri

Xroniki iltihab üçün qarında ağrı, defekasiya pozğunluğu, tenezmlər xarakterikdir. Xəstələrdə ağrı küt və sızıltılı olub, qarnın aşağı, yan hissələrində (adətən sol tərəfədə) lokalizasiyalaşır. Bəzən ağrı qarnın bütün sahələrinə yayılır. Ağrı sindromu qida qəbulundan sonra güclənir, defekasiya aktı və qazların çıxarılmasından sonra isə zəifləyir. Həmçinin yerimə, silkələnmə, təmizləyici imalə ağrının artmasına səbəb ola bilir. Bir sıra hallarda qarında ağırlıq hissi və köp əmələ gəlir.

Xəstələr adətən qəbizlikdən şikayət edir, lakin bu əlamətin ishalla növbələşməsi də mümkündür. Xroniki kolit selik, bəzən isə qan qarışıqlı, sulu konsistensiyalı nəcislə müşayiət olunur. Tenezmlər – aldadıcı defekasiya çağırışları yarana bilər. Bəzi insanlarda defekasiya çağırışları selik ifrazı ilə sonlanır. Kəskin iltihabi prosesdə sadalanan əlamətlər daha qabarıq ifadə olunur, qəbizliklə müqayisədə ishal üstünlük təşkil edir.

Yoğun bağırsağın iltihabı əsasən onun terminal hissələrində inkişaf edir (proktit və proktosiqmoidit). Belə hallarda kolit kəskin bağırsaq infeksiyası (dizenteriya) və ya xroniki qəbizlik nəticəsində formalaşır. Bundan əlavə proktosiqmoidit təmizləyici və müalicəvi imalələrdən, işlədici vasitələrdən qeyri-rasional istifadə nəticəsində yarana bilər.

Kolitin bu formasında sol qalça nahiyəsində lokalizasiyalaşan ağrı, xüsusən gecə saatlarında meydana çıxan çoxsaylı, ağrılı tenezmlər müşahidə edilir. Nəcis kütləsi küllü miqdarda selik, bəzən isə qan və irin qarışığından ibarət olur. Qarnın palpasiyası zamanı S-vari bağırsağın proyeksiyasında ağrı aşkar edilir. Bir sıra pasiyentlərdə anadangəlmə inkişaf anomaliyası – S-vari bağırsağın əlavə ilgəyi əllənir.

Kolitin diaqnostikası

Kolitə şübhə yarandıqda aparılan mütləq diaqnostik tədbirlər kompleksinə nəcisin makro- və mikroskopiyası, koproqramma, helmint yumurtalarının təyini, nəcis kütləsinin bakterioloji əkilməsi daxildir. İltihab əlamətlərini müəyyən etmək üçün qanın ümumi analizi aparılır.

Kontrast irriqoskopiya zamanı yoğun bağırsağın anatomik və funksional xüsusiyyətləri vizualizasiya olunur. Kolonoskopiya yoğun bağırsağın bütün hissələrində selikli qişanın vəziyyətini dəqiqliklə təhlil etməyə imkan verir. Bu müayinə üsulu həmçinin histoloji analiz üçün bağırsaq divarının selikli qişasından bioptat götürməyə şərait yaradır. Babasil, anal çat, paraproktit və digər patologiyaları inkar etmək məqsədilə proktoloqun barmaqla rektal müayinəsi göstəriş sayılır.

Xroniki kolitlərin differensial diaqnostikası yoğun bağırsağın diskineziyası ilə aparılır. Lakin onu da qeyd etmək lazımdır ki, bağırsağın motor funksiyasının davamlı pozulması iltihabi proseslə ağırlaşa bilər. Əksər hallarda kolitin klinik şəkli yoğun bağırsağın şiş xəstəliklərini müşayiət edə bilər. Bədxassəli törəmələri inkar etmək məqsədilə bağırsaq divarının bütün şübhəli sahələrindən biopsiya götürülür.

Eləcə də kolit enteritlə differensiasiya edilir. Bəzən bağırsağın hər iki şöbəsinin iltihabına birgə rast gəlinir. Xroniki kolit və həzm traktının yuxarı seqmentlərinin xəstəliklərinin differensial diaqnostikasında endoskopik müayinələr (kolonoskopiya, fibroqastroduodenoskopiya), qarın boşluğu orqanlarının USM, mədəaltı vəz və qaraciyər xəstəliklərinin markerlərini təyin edən funksional sınaqlar mühüm əhəmiyyət kəsb edir.

Kolitin ağırlaşmaları

Kolit bağırsaq divarının perforasiyası nəticəsində peritonitə (qeyri-spesifik xoralı kolitin xarakterik ağırlaşması), anemiyaya səbəb olan bağırsaq qanaxmasına, bitişmə və çapıqların formalaşması ilə əlaqədar bağırsaq keçməməzliyinə gətirib çıxara bilər.

Kolitin müalicəsi

Xroniki kolitin kəskinləşmə dövründə müalicənin stasionar şəraitdə, proktologiya şöbəsində aparılması məqsədəuyğundur. İnfeksion mənşəli kolitin aşkarlandığı xəstələr xüsusiləşdirilmiş infeksion şöbədə yerləşdirilir. Xroniki kolitin terapiyasının əsas elementlərindən biri müalicəvi pəhrizə riayət olunmasıdır. Gündəlik rasiondan bağırsağın selikli qişasını mexaniki və ya kimyəvi qıcıqlandıra biləcək bütün qidalar çıxarılır. Qida məhsulları sürtkəcdən keçirilərək, gün ərzində 4-5 dəfədən az olmamaqla qəbul edilir. Süd turşusunun qıcqırmasının qarşısını almaq üçün xəstələrə süddən imtina etmək, köpü azaltmaq məqsədilə isə kələm və paxlalı bitkilərin qəbulunu azaltmaq məsləhət görülür.

Qənnadı məmulatları içərisində buğda unundan hazırlanmış, qurudulmuş çörəyin istifadəsinə icazə verilir. Yağsız ət və balıq məhsullarını buxarda hazırlamaq tövsiyə olunur. İfadəli klinik simptomatikanın sönməsi ilə pəhriz tədricən genişləndirilir. Qəbizliklə mübarizə aparmaq üçün qida rasionu bişmiş tərəvəzlər, meyvə püreləri, kəpək çörəyi ilə zənginləşdirilməlidir. Bitki yağları və gün ərzində mayenin zəruri miqdarda qəbulu nəcis kütlələrinin bağırsaq boyunca hərəkətini yaxşılaşdırır. Kolitdən əziyyət çəkən xəstələrə çiy meyvə və tərəvəz qəbulu məsləhət görülmür. Yuxarıda qeyd olunanlarla yanaşı soyuq və yağlı qidalardan, süd məhsullarından imtina edilməlidir. Bağırsaqda maye sekresiyasını tənzimləmək üçün xörək duzunun istifadəsi məhdudlaşdırılmalıdır.

İnfeksion mənşəli kolitlər, eləcə də disbakterioz nəticəsində inkişaf edən patogen bakterial flora ilə mübarizə aparmaq məqsədilə qısa müddətli kurslarla antibiotikoterapiya (siprofloksasin, nifuroksazid, rifaksimin) təyin edilir. Qurd yumurtalarının aşkarlanması helmintəleyhinə vasitələrin tətbiqinə göstəriş sayılır. Ağrı sindromunu yüngülləşdirmək üçün spazmolitiklərdən (drotaverin, papaverin) istifadə edilir.

Proktosiqmoiditin müalicəsi yerli terapiya: çobanyastığı, gülümbahar dəmləmələri, tanin və ya protorqolla mikroimalələrlə həyata keçirlir. Proktit zamanı xanımotu, anestezin tərkibli rektal şamlar, büzücü vasitələr (sink-oksid, kseroform) təyin edilir. İshal hallarında büzücü və bürüyücü vasitələr (tanin+albumin, vismut-nitrat, ağ gil, palıd ağacının qabığının dəmləməsi, büzücü komponentlərdən ibarət ot qarışıqları) daxilə qəbul edilir. Qəbizlik zamanı hidrokolonoterapiya göstəriş hesab olunur. Güclü spazm müşahidə edildikdə xolinolitiklərdən istifadə olunur.

Yuxarıda qeyd olunan vasitələrdən əlavə enterosorbentlər (meteorizmlə mübarizə məqsədilə), ferment preparatları (fement çatışmazlığı ilə bağlı həzm pozğunluqlarında), eubiotiklər (disbiozun korreksiyası üçün) təyin oluna bilər. Xroniki kolitin terapiyasında sanator-kurort müalicəsi, balneoterapiya müsbət nəticələr göstərir.

Kolitin proqnoz və profilaktikası

Kolitlərin profilaktik tədbirlərinə balanslaşdırılmış  rasional pəhriz, həzm sistemi xəstəliklərinin erkən diaqnostika və müalicəsi, sanitariya və gigiyena rejiminə, eləcə də kimyəvi zəhərlərlə bağlı istehsalat şəraitində təhlükəsizlik qaydalarına riayət aiddir.

Yoğun bağırsağın xroniki xəstəliklərindən əziyyət çəkən şəxslərdə kəskinləşmə hallarının qarşısını almaq üçün klinik proktologiya sahəsinin mütəxəssisi tərəfindən müntəzəm dispanser müayinə mütləq sayılır. Kolitin rast gəlindiyi xəstələrin əmək qabiliyyəti məhduddur, bu kateqoriyaya aid insanlar  izafi fiziki yüklənmələr, psixo-emosional stresslər, ezamiyyətlər, qida rejiminin pozulmasına səbəb olan iş faəliyyətindən uzaq durmalıdır. Xəstəlik vaxtında aşkar olunduqda və həkim məsləhətlərinə əməl edildikdə proqnoz qənaətbəxş sayılır.

error: Content is protected !!