Kollaps

Kollaps – kəskin damar çatışmazlığı olub, damar tonusunun zəifləməsi və sirkulyasiya edən qanın həcminin nisbi azalması ilə müşayiət edilir. Ümumi vəziyyətin qəfil pisləşməsi, başgicəllənmə, taxikardiya, hipotoniya ilə özünü büruzə verir. Ağır hallarda huşun itirilməsi mümkündür. Diaqnoz klinik məlumatlar və Korotkov üsulu ilə tonometriyanın nəticələrinə əsasən qoyulur. Spesifik müalicə xəstənin ayaqlarını yuxarı qaldıraraq uzandırılması, kofein və kordiaminin dəri altına yeridilməsi, kristalloid məhlulların infuziyasından ibarətdir. Xəstənin huşu bərpa olunduqdan sonra differensial diaqnostika və patoloji vəziyyətin yaranma səbəblərini müəyyən etmək üçün hospitalizasiya göstətiş sayılır.

Kollaps barədə ümumi məlumat

Kollaptoid vəziyyətlər (damar çatışmazlığı) – ürək-damar sisteminin xroniki və ya kəskin xəstəlikləri, digər patologiyalar fonunda qəflətən yaranır. Əsasən hipotoniyaya meylli xəstələrdə, miokard infarktı, ürəkdaxili keçiriciliyin total blokadası, mədəcik aritmiyalarında aşkarlanır. Patogenez və klinik əlamətlərinə görə şoku xatırladır. Erkən mərhələlərdə xarakterik patofizioloji əlamətlərin olmaması ilə ondan fərqlənir – pH-ın dəyişməsi, toxuma perfuziyasının əhəmiyyətli dərəcədə zəifləməsi, daxili orqanların funksional pozğunluqları qeydə alınmır. Kollaps 1 saatdan artıq davam etmir, şok vəziyyəti isə daha uzun zaman ərzində müşahidə edilir.

Kollapsın yaranma səbəbləri

Damar tonusu 3 mexanizm tərəfindən tənzimlənir: yerli, humoral və sinir. Sinir mexanizmi damar divarının simpatik və parasimpatik sinir sisteminin lifləri ilə stimulyasiyasından ibarətdir. Humoral tənzim natrium və kalsium ionları, vazopressor hormonlar (adrenalin, vazopressin, aldosteron) hesabına reallaşır. Yerli tənzim damar divarında elektrik impulslarını generasiya edən ektopiya ocaqlarının yaranmasına əsaslanır. Skelet əzələlərinin damar şəbəkəsi əsasən sinir mexanizmi üzrə tənzimləndiyindən kollapsa baş beynin vazomotor mərkəzinin aktivliyinin zəifləməsi ilə müşahidə edilən istənilən hallar səbəb olur. Kollapsın əsas etioamilləri aşağıdakılardır:

  • İnfeksion proseslər. İfadəli intoksikasiya ilə müşayiət olunan ağır infeksiyalar damar çatışmazlığının inkişafına gətirib çıxarır. Əksər hallarda kollaps krupoz pnevmoniya, sepsis, peritonit, meningit və meninqoensefalit, qarın yatalağı, MSS-nin ocaqlı iltihabi xəstəliklərində (beyin absesi) baş verir.
  • Ekzogen intoksikasiyalar. Patologiyaya damar tonusuna təsir edən dərman vasitələri (klofellin, kapoten, ebrantil), fosforlu üzvi birləşmələr, dəm qazı ilə zəhərlənmələr zamanı rast gəlinir. Bundan əlavə kollaps yerli anesteziya üçün nəzərdə tutulan preparatların epidural və ya pridural yeridilməsi zamanı inkişaf edə bilər.
  • Ürək xəstəlikləri. Kəskin miokard infarktı ən geniş yayılmış səbəblərdəndir. Kollaptoid vəziyyətlər həmçinin ürəyin inkişaf qüsurları, miokardın yığılma qabiliyyətinin zəifləməsi, taxi- və ya bradiaritmiyalar, sinus-qulaqcıq düyününün (aparıcı ritm) funksional pozğunluqları, III dərəcəli AV-blokada fonunda aşkarlana bilər.
  • Travmalar. Damar çatışmazlığı adətən böyük həcmli qanitirmə nəticəsində yaranır. Bu zaman mayenin fiziki itirilməsi ilə əlaqədar sirkulyasiya edən qanın həcminin nisbi deyil, faktiki azalması müşahidə edilir. Profuz hemorragiyanın olmadığı hallarda damar tonusunun zəifləməsi güclü ağrıya reaksiya kimi baş verir, bu da uşaqlar və yüksək taktil hissiyyata malik pasiyentlərdə daha çox müşahidə olunur.

Kollapsın patogenezi

Kollaptoid vəziyyətlərin patogenezinin əsasında damar şəbəkəsinin keçiricilik qabiliyyəti ilə sirkulyasiya edən qanın həcmi arasındakı ifadəli uyğunsuzluq dayanır. Genişlənmiş arteriyaların lazımi müqavimət göstərməməsi AT-nin kəskin azalmasına gətirib çıxarır. Bu hal vazomotor mərkəzin toksiki zədələnməsi, iri arteriya və venaların reseptor aparatının fəaliyyətinin pozulması, ürəyin nasos funksiyasının zəifləməsi, damar sistemində mayenin miqdarının azalması zamanı baş verə bilər. Arterial təzyiqin enməsi toxumalarda qazların perfuziyasının zəifləməsinə, hüceyrələrə oksigenin kifayət qədər daşınmamasına, bədənin metabolik tələbatı ilə onun O2 ilə təchizatı arasındakı disbalans nəticəsində baş beyin və daxili orqanların işemiyasına səbəb olur.

Kollapsın təsnifatı

Kollaps etioloji prinsiplər üzrə təsnif edilir. Onun 14 forması mövcuddur: infeksion-toksiki, pankreatik, kardiogen, hemorragik və s. Patologiyanın bütün tiplərində ilkin yardım zamanı eyni tədbirlər aparıldığından bu təsnifat praktik cəhətdən bir o qədər də əhəmiyyət kəsb etmir. İnkişaf mərhələləri üzrə sistemləşdirmə daha aktualdır:

  1. Simpatotonik mərhələ. Kompensator reaksiyalar baş verir. Kiçik damarların spazmı, qan dövranının mərkəzləşməsi, katexolaminlərin ifrazı müşahidə edilir. AT norma səviyyəsində olur və ya bir qədər yüksəlir. Simpatotonik mərhələ 1 neçə dəqiqədən artıq davam etmir, bu səbəbdən patologiya bu fazada çox nadir hallarda aşkarlanır.
  2. Vagotonik mərhələ. Hissəvi dekompensasiya yaranır, arteriollar və arteriovenoz anastomozların genişlənməsi qeydə alınır. Qan kapilyarlarda depolanır. Hipotoniya əlamətləri meydana çıxır, skelet əzələsinin qan təchizatı pozulur. Bu mərhələnin davametmə müddəti orqanizmin kompensator imkanlarından asılı olaraq, 5-15 dəqiqə təşkil edir.
  3. Paralitik mərhələ. Qan dövranı tənzimi mexanizmlərinin tükənməsi ilə əlaqədar tam dekompensasiya baş verir. Kapilyarların passiv genişlənməsi, dəridə damar durğunluğunun gözlə görünən əlamətləri, huşun pozulması müşahidə olunur. Mərkəzi sinir sistemi orqanlarının hipoksiyası inkişaf edir. Yardım göstərilmədikdə ürək ritminin pozulması və letal sonluqla nəticələnə bilər.

Kollapsın əlamətləri

Kəskin damar çatışmazlığının klinik fonu xəstəliyin proqressivləşməsindən asılı olaraq dəyişir. Simpatotonik mərhələ psixomotor oyanıqlıq, narahatlıq, əzələ tonusunun artması ilə xarakterizə olunur. Pasiyent aktivdir, lakin hərəkətlərinin tam fərqinə varmır, sakit otura və ya uzana bilmir, yataqda vurnuxur. Ətraflar soyuyur, ürək yığılmalarının tezliyi yüksəlir. Dəri örtüklərinin solğunluğu və ya mərmərliyi nəzərə çarpır.

Vaqotonik mərhələdə xəstədə tormozlanma izlənilir. O, sualları ləng və qısa cavablandırır, söhbətin mahiyyətini anlamır. Əzələ tonusu zəifləyir, hərəki aktivlik itir. Dəri solğunlaşır və ya boz-sianotik çalar alır, qulaq sırğalığı, dodaqlar, selikli qişalar göyərir. AT mülayim dərəcədə azalır, bradikardiya  və ya taxikardiya yaranır. Nəbz zəif dolğunluqlu və gərgin olur. Yumaqcıq filtrasiyasının azalması oliqouriyaya gətirib çıxarır. Tənəffüs küylü və tezləşmiş xarakter alır. Sadalanan əlamətlərə ürəkbulanma, başgicəllənmə, qusma, ifadəli halsızlıq əlavə olunur.

Paralitik kollaps üçün  huşun itməsi, bulbar (damaq, udma) və dəri reflekslərinin (pəncə, qarın) olmaması xarakterikdir. Dəri göy–tünd-qırmızı ləkələrlə örtülür, bu da kapilyar durğunluğuna dəlalət edir. Çeyn-stoks tipli periodik, seyrək tənəffüs, sapvari nəbz qeydə alınır. ÜYT dəqiqədə 40-50 vurğuya qədər və daha çox azalır. AT kritik səviyyəyə enir. Erkən mərhələlər bəzən tibbi müdaxilə olmadan kompensator-uyğunlaşma reaksiyaları hesabına aradan qalxır. Patologiyanın son mərhələsində simptomatikanın reduksiyası müşahidə olunmur.

Kollapsın ağırlaşmaları

Kollapsın başlıca fəsadı baş beyində qan dövranının pozulması, işemiyanın inkişafıdır. Xəstəliyin uzunmüddət inkişaf etdiyi hallarda bu, demensiya, MSS tərəfindən innervasiya olunan daxili orqanların funskional pozğunluqlarına səbəb olur. Huşsuz vəziyyət və ya sopor fonunda qusma mədə möhtəviyyatının aspirasiya riski ilə müşayiət olunur. Xlorid turşusu tənəffüs yollarında traxeya, bronxlar və ağciyərlərin yanığına gətirib çıxarır. Müalicəyə çətin tabe olan aspirator pnevmoniya yaranır. Üçüncü mərhələdə tibbi yardımın aparılmaması ifadəli metabolik pozğunluqlar, respirator sistemin fəaliyyətinin pozulması və pasiyentin ölümü ilə nəticələnir. Belə hallarda uğurlu reanimasiyanın ağırlaşması postreanimasion xəstəlik sayılır.

Kollapsın diaqnostikası

Kollapsın diaqnostikası reanimasiya və intensiv terapiya şöbəsində həkim anestezioloq-reanimatoloq, terapevtik stasionarda isə – terapevt (kardioloq, qastroenteroloq, nefroloq və s.) tərəfindən aparılır. Patologiya müalicə – profilaktika müəssisəsindən kənarda inkişaf etdikdə təcili tibbi yardım çağırılır və ümumi baxış əsasında ilkin diaqnoz qoyulur. Differensial diaqnostika məqsədilə müalicə müəssisəsində əlavə üsullar təyin olunur. Kollaps istənilən etiologiyalı koma, bayılma, şokdan ayırd edilir. Diaqnostika mərhələsində aşağıdakı üsullardan istifadə olunur:

  • Fizikal. Həkim hipotoniyanın klinik əlamətlərini, huşun olmaması və ya pozulmasını (2-5 dəqiqə və daha uzun müddətli) aşkar edir. Huşsuz vəziyyətin qısa zaman ərzində bərpa olması bayılma üçün xarakterikdir. Tonometriyanın nəticələrinə əsasən AT < 90/50mm cv.süt. təşkil edir. Kəllə-beyin travmasının əlamətləri, o cümlədən ocaqlı simptomatika izlənilmir.
  • Aparat. Hemodinamikanın stabilizasiyasından sonra kollapsın yaranma səbəblərini təyin etmək məqsədilə tətbiq olunur. Baş beynin KT (şişlər, ocaqlı iltihabi proseslər), qarın boşluğunun KT (pankreatit, öd daşı xəstəliyi, mexaniki zədələnmələr) göstəriş sayılır. Koronar ağrılar zamanı ürəyin USM (kameraların genişlənməsi, anadangəlmə qüsurlar), elektrokardioqrafiya (işemiya əlamətləri, miokard infarktı) icra olunur. Damar pozulmalarına şübhə yarandıqda rəngli doppleroqrafiyanın köməyilə arteriya və venaların keçiriciliyi qiymətləndirilir.
  • Laborator. Hipo – və hiperqlikemiyanı inkar etmək üçün qanda qlükozanın səviyyəsi təyin edilir. Hemoqlobinin miqdarının azalması aşkar olunur. İltihabi proseslər EÇS-nin zəifləməsinə, ifadəli leykositoza, bəzən isə C-reaktiv zülalın səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Uzunmüddətli hipotoniyada pH-ın turşuluğa doğru dəyişməsi, plazmada elektrolit konsentrasiyasının azalması mümkündür.

Kollapsın müalicəsi

Xəstənin ayaqlarını bir qədər qaldırmaqla horizontal səth üzərinə uzadılır. Qusma zamanı mövtəviyyətin asanlıqla xaricə axması və tənəffüs yoluna düşməməsi üçün başa düzgün vəziyyət verilir. Tənəffüs yolları tənzifə və təmiz parça salfetə bürünmüş 2 barmaqla təmizlənilir. Sonrakı terapevtik tədbirlərin siyahısı kollapsın mərhələsindən asılıdır:

  • Simpatotoniya mərhələsi. Damar spazmının aradan qaldırılmasına yönəldilən prosedurlar həyata keçirilir. Papaverin, dibazol, no-şpa əzələ daxilinə yeridilir. Hipotoniyanın qarşısının alınması və hemodinamikanın stabilizasiyası məqsədilə steroid hormonlar (deksametazon, prednizalon) tətbiq olunur. Periferik venoz kateterin qoyulması, arterial təzyiq və pasiyentin ümumi vəziyyətinin nəzarətdə saxlanılması məsləhət görülür.
  • Vaqotoniya və paralitik mərhələ. Sirkulsiyasiya edən qanın həcmini bərpa etmək üçün kristalloid məhlulların infuziyası aparılır, zərurət yarandıqda kardiotonik məhlullar əlavə olunur. Mədə mövtəviyyatının profilaktikası məqsədilə hospitalönü mərhələdə orofarengeal hava yolu və ya laringeal maskadan istifadə olunur. Xəstənin yaşına uyğun birdəfəlik dozada qlükokortikosteroidlər, koridamin, kofein yeridilir. Patoloji tənəffüs ASV-yə göstəriş sayılır.

Xəstə yaxınlıqdakı müalicə müəssisəsinə hospitalizasiya olunmalıdır. Stasionarda müalicə tədbirləri davam etdirilir, patologiyanın səbəbini müəyyən etmək üçün müayinələr təyin olunur. Orqanizmin həyati vacib funksiyaları: tənəffüs, ürək və böyrəklərin fəaliyyəti təmin olunur. Kollaptoid tutmanın səbəblərinin aradan qaldırılmasına yönəldilmiş müalicə aparılır.

Kollapsın proqnoz və profilaktikası

Patologiya ağır xəstəliklərin dekompensasiyası nəticəsində inkişaf etdiyindən proqnoz adətən qeyri-qənaətbəxş olur. Damar çatışmazlığını aradan qaldırmaq nisbətən asan olur, lakin patologiyanın ilkin səbəbləri saxlanıldıqda tutmalar yenidən baş verir. Müalicəyə tabe olmayan kollaps pasiyentin ölümü ilə nəticələnir.

Profilaktika damar tonusunun kəskin azalmasına səbəb olan patologiyaların vaxtında müalicə olunmasından ibarətdir. Ürək xəstəliklərinin adekvat terapiyası, bakterial infeksiyalarda antibiotiklərin vaxtında təyini, zəhərlənmələr zamanı tam detosikasiya 90% hallarda kollapsın qarşısını almağa imkan verir.

error: Content is protected !!