Kolonoskopiya

Kolonoskopiya — yoğun bağırsaq xəstəliklərinin müasir müayinə üsuludur. Prosedur uzun, nazik və elastik zondun – mikrokameralı fibrokolonoskopun köməyilə aparılır. Bu, bağırsağı bütün uzunluğu qiymətləndirməyə imkan verir. Kolonoskopiya zamanı zond anusdan yeridilərək, tədricən önə doğru istiqamətləndirilir. Eyni zamanda bağırsaq mənfəzini genişləndirmək və divardakı büküşləri açmaq məqsədilə ehmalca hava verilir. Fibrokolonoskopun kamerası ilə çəkilən təsvir monitorda göstərilir. Bu üsul vasitəsilə gizli qanaxma, iltihab, divertikul, şiş və digər patologiyaları aşkar etmək mümkündür. Müayinə zamanı zərurət yaranarsa, şübhəli sahələrdən bioptat götürülür, poliplər xaric edilir.   

Kolonoskopiyaya göstərişlər

Kolonoskopiya planlı və təcili, eləcə də diaqnostik, müalicəvi və dinamik olur. Bağırsaq qanaxmaları, yoğun bağırsağın keçməməzliyi (postoperasion və yaxud kəskin), yoğun bağırsaqda yad cisim təcili kolonoskopiyaya göstərişdir. Planlı müayinə isə qıcıqlanmış bağırsaq sindromu (tez-tez təkrarlanan ishal, qəbizlik, köp, bağırsağın tam boşalmaması sindromu),  xroniki ağrı sindromunda məqsədəuyğundur. Həmçinin nəcisdə qan izlənildikdə, qeyri-müəyyən mənşəli dəmirdefisitli anemiya zamanı kolonoskopiya təyin edilir. Eləcə də naməlum səbəbdən çəki itirildikdə, eroziv kolit və polipdən şübhələndikdə, qanda onkomarker analizi müsbət olduqda kolonoskopiyaya ehtiyac yaranır. Yaxın qohumlarında ailəvi polipoz və yoğun bağırsağın xərçəngi tapılan şəxslər mütəmadi şəkildə kolonoskopiya olunmalıdır.

Diaqnostik kolonoskopiya zamanı yoğun bağırsağın şiş və iltihabi prosesləri differensiasiya olunur, patologiyanın yayılma dərəcəsi müəyyən edilir. Bundan əlavə bəzi sistem xəstəliklərində (kollagenoz, amiloidoz, vaskulit) bağırsağın vəziyyətini qiymətləndirmək və yoğun bağırsaqda endometrioz ocaqlarını aşkar etmək üçün kolonoskopiya üsulundan istifadə edilir. 

Dinamik kolonoskopiya pasiyentlərin dispenser müşahidəsində tətbiq edilir. Burada məqsəd müalicəvi tədbirləri korreksiya etməkdən ibarətdir. Poliplərin kəsilməsi, qanaxmanın dayandırılması, yad cismin çıxarılması, stenozların rekanalizasiyası üçün müalicəvi kolonoskopiya icra olunur. Kolorektal xərçəngin profilaktikası məqsədlə 45 yaşdan yuxarı bütün pasiyentlərə kolonoskopiya məsləhət görülür.

Kolonoskopiyaya əks-göstərişlər

Peritonit, yoğun bağırsağın kəskin iltihabı, anal çat, hemorroidal düyünlərin trombozu, paraproktit, zamanı kolonoskopiya qadağandır. Həmçinin ağır formalı ürək-damar və tənəffüs çatışmazlığı, insult və miokard infarktından sonra kəskin dövr, xoralı və yaxud işemik kolit hallarında kolonoskopiya aparılmır.

Kolonoskopiyaya hazırlıq

Prosedur xüsusi hazırlıq tələb edir. Müayinənin nəticələrinin düzgün olması üçün yoğun bağırsaq nəcis və mayedən təmizlənməlidir. Prosedurdan 2-3 gün əvvəl xüsusi pəhriz tutulur. 1 gün qabaq isə qastroenteroloqun təyin etdiyi xüsusi işlədici preparatla yoğun bağırsaq təmizlənilir. Barium məhlulu ilə MBT-nin rentgenoloji müayinəsindən sonra kolonoskopiyaya ehtiyac yarandıqda ən azı 3-4 gün gözləmək lazımdır.  

Kolonoskopiyanın aparılma qaydası

Prosedurun davametmə müddəti orta hesabla 30 dəqiqədir. Kolonoskopiya xəstənin istəyindən asılı olaraq, anesteziya ilə aparıla bilər. Bunun üçün pasiyent sol böyrü üstə uzanır və dizlərini qarnına yığır. Həkim təxminən 1 sm diametrində olan fibrokolonoskopu anal dəlikdən daxilə salır. Ehtiyatla hava verilməklə, zond önə yeridilir.  

Anesteziya verilmədikdə kolonoskop bağırsağın əyriliklərini keçərkən pasiyent ağrı hiss edə bilər. Kolonoskopiya zamanı diaqnoz vizual qiymətləndirmə əsasında qoyulur.  

Prosedur qeyri-peşəkar həkim tərəfindən aparıldıqda selikli qişanın travması, spastik ağrı sindromu kimi fəsadlar baş verə bilər. Belə hallara yol verməmək üçün sağlamlığınızı peşəkarlara etibar edin.  

error: Content is protected !!