Kolposkopiya

Kolposkopiya nədir?

Kolposkop uşaqlıq boynu xərçəngi və xərçəngönü xəstəliklərinin erkən aşkarlanmasında istifadə olunan optik cihazdır və bu cihaz vasitəsilə aparılan müayinə isə kolposkopiya adlanır. Bu müayinəni aparmaqda bizim məqsədimiz tək uşaqlıq boynunda olan patologiyaları təyin etmək deyil, eyni zamanda həmin patoloji nahiyyələrdən məqsədyönlü biopsiya almaqdır. Kolposkopun nəzarəti olmadan alınan biopsiyalarda yanlış nəticələrə çox rast gəlinir. Müayinəni aparmaqda üçüncü məqsədimiz isə aşkarlanmış xəstəliklərin müalicəsində taktikamızı düzgün seçməkdir, yəni müalicəni konservativ və ya operativ yolla aparmağa qərar vermək.

Kolposkopiyanın yaranma tarixi

Kolposkopiya ilk dəfə 1925-ci ildə alman alimi H.Hinzelman tərəfindən kəşf olunmuşdur. Hinzelman həmin zamanlar uşaqlıq boynunu işıqlandıraraq binokulyar böyüdücü ilə araşdırma aparmağa başlamışdır. Həmin dövrdə Şiller uşaqlıq boynu xərçəngönü xəstəliklərini aşkar etmək üçün Lüqol məhlulu ilə sınağı təklif etmişdir. Eyni zamanda H.Hinzelman sirkə turşusu ilə sınaq qoyaraq uşaqlıq boynunun xərçəngönü xəstəliklərini aşkarlamağı təklif etmişdir. 1963-cü ildən ABŞ-da bir sıra həkim ginekoloq tərəfindən kolposkopik müayinəni uşaqlıq boynu patologiyalarını aşkarlamaq üçün istifadə etməyə və daha da təkmilləşdirməyə başlamışdılar.

Uşaqlıq boynunun quruluşu

Uşaqlıq boynu uzunluğu 3-4 sm, diametri isə 1-3 sm təşkil edir. Uşaqlıq boynunun uşaqlıq yoluna baxan hissəsi ektoserviks adlanır, çəhrayı rəngli çox qatlı hüceyrə ilə örtülmüşdür. Kolposkopik müayinədə sınaq qoyulub, təhlil olunan hissədir. Bu hissədə xarici dəlik yerləşir və diametri 3-4 mm təşkil edir. Uşaqlığa keçən hissə isə daxil dəlik adlanır və diametri 3-4 mm təşkil edir. Xarici və daxili dəlik arasındakı məsafə servikal kanal adlanır və qırmızı rəngli silindrik hüceyrələrlə örtülmüşdür.

Kolposkopiya necə aparılır?

Kolposkopiya muayinesi nece aparilir?

Bu müayinə zamanı ambulator şəraitdə xəstə ginekoloji masaya uzandıqdan sonra uşaqlıq yoluna ginekoloji güzgü taxılır və başladılır. İlk öncə uşaqlıq boynu pambıqla selikdən təmizlənir və kolposkop vasitəsilə uşaqlıq boynuna baxış aparılır, buna sadə kolposkopiya deyilir. Daha sonra isə genişləndirilmiş kolposkopiya icra edilir. Bu zaman xüsusi sınaq məhlullarından istifadə edilir. İlk öncə 3%-li və ya 5%-li sirkə turşusu ilə sınaq qoyulur, toxumaların reaksiyasına baxılır, daha sonra isə sonuncu sınaq olan Şiller sınağı qoyulur. Kolposkop 7.5 və ya 15 dəfə böyüdülərək uşaqlıq boynu araşdırılır.

Kolposkopiya müayinəsi ağrılıdırmı?

Bu barədə xanımlar arasında yanlış fikirlərdə mövcuddur. Belə ki, bəzi qadınlar kolposkopiyanın ağrılı olduğunu, bəziləri ziyanlı olduğunu və s. düşünürlər. Qeyd etmək istəyirəm ki, bu müayinə qeyri-invaziv bir müayinə üsuludur, tamamilə ağrısızdır. Uşaqlıq boynuna sınaq qoyduqdan sonra obyekt bir neçə dəfə böyüdülür və məsafədən müayinə aparılır. Heç bir əlavə təsiri yoxdur və ziyansız müayinə üsuludur. Sadəcə kolposkopiya zamanı biopsiya götürməyə ehtiyac yaranarsa, bu zaman yüngül bir ağrılar ola bilər.

Kolposkopiyada nələrə diqqət olunmalıdır?

Kolposkopiya menstruasiyadan öncə və ya sonra istənilən gün aparıla bilər, yalnız qan gələn dövrlərdə aparılması məsləhət görülmür. Bundan başqa kəskin infeksiya olarsa, öncə müalicə etmək, sonra müayinəni aparmaq lazımdır. Menopauza dövründə və ya ovarektomiya (yumurtalığın götürülməsi) əməliyyatı keçirmiş qadınlarda qadın hormonu olan estrogenin kəskin çatışmamazlığı fonunda uşaqlıq yolunda atrofiya yaranır ki, bu da müayinənin informativliyini azaldır. Belə vəziyyətlərdə bir ay müddətində yerli estrogen müalicə verilməli və sonra müayinə aparılmalıdır.

Kolposkopiyadan sonra nələrə diqqət etmək lazımdır?

Müayinədən sonra xəstədə adətən bir narahatçılıq müşahidə olunmur. Amma kolposkopiya zamanı biopsiya götürülərsə, bu zaman bir sıra yan təsirlər yarana bilər. Biopsiyadan sonra ilk həftə ərzində xəstədə az ləkələnmə ola bilər, bu norma hesab edilir, lakin qanama olarsa və davam edərsə, bu zaman həkiminizə müraciət etməlisiniz. Bundan başqa xoşa gəlməz iyli axıntılar olarsa, ağrı olarsa, bədən hərarəti qalxarsa, bu vəziyyətlərdə də mütləq olaraq həkiminizə məlumat verməlisiniz.

error: Content is protected !!