Kombinəolunmuş dəri
Kombinəolunmuş dəri – T-zonasında yağlı, yanaqlarda isə quru və ya normal dərinin müşahidə olunduğu qarışıq dəri tipidir. Kombinəolunmuş dəri fərqli quruluş və rəngə malikdir: quru nahiyələrdə qabıqlanma və qırışların yaranmasına, yağlı hissələrdə isə genişlənmiş məsamələr, komedon, iltihab, sızanaqların əmələ gəlməsinə meylli olur. Ev şəraitində yağlı və quru/normal dəri üçün nəzərdə tutulan kosmetik vasitələrin istifadəsindən əlavə kombinəolunmuş dəridə peşəkar kosmetoloji prosedurların aparılması vacibdir.
Kombinəolunmuş dəri barədə ümumi məlumat
Kombinəolunmuş (qarışıq) dəri üçün yağlı dəri sahələri (alın, burun, çənədə) ilə gicgah və yanaq nahiyələrində quru və yaxud normal dərinin növbələnməsi xarakterikdir. Kombinəolunmuş dəri ən geniş yayılmış dəri tipi hesab edilir. Qarışıq dəri tipi yeniyetmələrin 80%, 25 yaşa qədər olan cavanların 40%, yetkin şəxslərin isə 15%-də rast gəlinir. Əksər hallarda yaş artdıqca kombinəolunmuş dəri normal dəri tipi ilə əvəz olunur. Dəri tipini müəyyən etmək üçün ev şəraitində sadə bir test aparılır: yuyunduqdan 2-3 saat sonra üzə salfetlə toxunduqda onun üzərində T-şəkilli zonanın yağlı izi, yanaqlarda isə salfet quru qalarsa bu kombinəolunmuş dəri tipindən xəbər verir.
Kombinəolunmuş dərinin səbəbləri
İnsan yaşa dolduqca dərinin vəziyyəti və tipi dəyişir. Adətən problemli dəri ilk dəfə cinsi yetişkənlik dövründə özünü büruzə verir və zaman keçdikcə quru dəri tipinə transformasiya edir: parıltı və sızanaqlar itir, əvəzində qocalıq əlamətləri – qırışlar, sallanma, kuperoz, piqment ləkələr və s. yaranır.
Kombinəolunmuş dəri tipi əsasən irsi amillərlə bağlı olur. Piy vəziləri daha çox T-şəkilli zonada toplanmışdır. Onların aktiv fəaliyyəti dəri piyinin hipersekresiyası və piy təbəqəsinin yaranması ilə izah olunur. Orqanizmdə gedən hormonal dəyişikliklər (pubertat və hamiləlik dövründə), stress, qida rasionunda yağ və karbohidratlarla zəngin qidaların üstünlük təşkil etməsi, MBT-nin fəaliyyətinin pozulması, zərərli vərdişlər dəri sekresiyasının güclənməsinə səbəb olur. Kosmetik vasitələrin düzgün seçilməməsi, üzə qeyri-adekvat qulluq kombinəolunmuş dəri problemini daha da ağırlaşdırır.
Kombinəolunmuş dərinin xarakteristikası
Kombinəolunmuş dəri müxtəlif dəri tiplərinin xüsusiyyətlərini özündə birləşdirir. Belə ki, T-zonasının dərisində parıltı, komedonlar, genişlənmiş məsamələr, cizvələr və iltihab sahələri müşahidə edilir. Gicgah, yanaq və boyun nahiyələrinin normal dərisi sağlam görünüş, hamar quruluşla xarakterizə olunur. Bu zonalarda dəri quru olduqda o, qabıqlanma, qıcıqlanma, göz və dodaq ətrafı nahiyələrdə mimik qırışların erkən yaranmasına meylli olur. Belə hallarda nazilmiş epidermisdən səthi damar kələfləri – damar ulduzcuqları izlənilir. Üzdə piy vəzilərinin müxtəlif aktivliyinə və kosmetik qüsurlara malik dəri sahələrinin növbələnməsi nəticəsində dərinin rəngi və quruluşu eyni olmur.
Yay aylarında kombinəolunmuş dərinin, qışda isə qabıqlanma və qıcıqlanması artır. Qarışıq dərinin ph səviyyəsi quru nahiyədə 3 ilə yağlı sahələrdə 6 arasında dəyişir. Təxminən 35 yaşlarda kombinəolunmuş dəri adətən normal tipə keçir.
Kombinəolunmuş dəriyə qulluq
Kombinəolunmuş dəriyə qulluq edərkən onun müxtəlif sahələrinin özünəməxsus tələbatları nəzərə alınmalıdır. Qulluq prosesində izafi piy ifrazı aradan qaldırılmalı, eləcə də dərinin həddindən artıq v yağlı, qurumasının qarşısı alınmalıdır. Yağlı dəriyə sahib olan insanlar kəskin, yağlı, qızardılmış qidalar, kofeinin qəbulunu məhdudlaşdırmalı, qida rasionunu meyvə, tərəvəzlə zənginləşdirməli, gün ərzində içilən suyun miqdarını artırmalıdırlar. Dekorativ kosmetika seçərkən su əsaslı tonal krem, krem şəkilli ənlik, quru kirşan və göz kölgələrinə üstünlük verilməlidir.
Dərinin müxtəlif sahələrinə qulluq etmək üçün yağlı və quru/normal dəri üçün nəzərdə tutulan ayrı-ayrı kosmetik vasitələrdən istifadə etmək olar. Lakin bu, heç də rahat qulluq forması sayılmır. Müasir bazarda kombinəolunmuş dəri tipi üçün xüsusi kosmetika xəttləri təqdim olunur. üzə gündəlik qulluq təmizlənmə, tonuslandırma və nəmləndirilmədən ibarətdir.
Üz gündə 2 dəfə (səhər və axşam) köpük və ya gel vasitəsilə yuyulmalıdır. Bu təmizləyici vasitələr komedogen olmamalıdır, yəni onların tərkibinə kokos, badam və ya şaftalı yağı, izostearin və ya olein spirti, butilstearat, lanolin və s. daxil edilməməlidir. Yuyucu vasitələrin formulunda bitki ekstraktları və meyvə turşuları olmalıdır. Köpük və ya gel nazik qatla üzə çəkilir, sonra masaj hərəkətləri ilə dərinin bütün hissələrinə yayılır. Təmizləyici gel ilıq su ilə yuyulmalıdır. İsti su və sabunla yuyulma qəti qadağandır, bu da onların yağlı nahiyələrdə piy vəzilərinin fəaliyyətinin güclənməsinə, həssas hissələrdə isə quruluğun həddindən artıq artmasına səbəb olması ilə əlaqədardır. Həftədə 1 dəfə dəri skrabla dərindən təmizlənməlidir. Təmizləyici soyulan maskalar və meyvə turşuları ilə pilinqlər yalnız yağlı dəri nahiyəsində tətbiq oluna bilər.
Dəri təmizləndikdən sonra tonuslandırma mərhələsinə keçirilir. Bu məqsədlə xüsusi losyon və tonikdən istifadə olunur. Onların məsamələri daraldır, piy vəzilərinin fəaliyyətini tənzimləyir, dərinin pH səviyyəsini normallaşdırır. Tonuslandırıcı vasitənin tərkibində spirt olmamalı. İltihabəleyhinə komponentlər: bisabolol, pantenolun rast gəlindiyi vasitələrə üstünlük verilməlidir. Kombinəolunmuş dərini nəmləndirmək üçün bitki ekstraktları və yağları, keramid, hialuron turşusundan ibarət yağsız krem və hidrogellər tövsiyyə olunur. Bitki dəmləmələri ilə kontrast kompresslər qarışıq dərinin vəziyyətinə effektiv təsir göstərir. Yayda gün ərzində dərini nəmləndirmək məqsədilə termal sulu pulverizatorlardan istifadə etmək məsləhət görülür. Həftədə 1-2 dəfə quru dəri nahiyəsinə qidalandırıcı, T-zonasına isə təmizləyici maskalar edilməlidir.
Peşəkar qulluq
Ayda 1-2 dəfə salon prosedurları aparılmalıdır. Adətən ilkin müraciət zamanı dermatokosmetoloq aparat vasitəsilə dərinin diaqnostikası həyata keçirilir: onun nəmlənmə dərəcəsi təyin edilir, pH-metriya, sebumetriya, dermatoskopiya (qırışlar, piqment ləkələri, damar qüsurları, məsamələrin vəziyyətini qiymətləndirmək üçün) icra olunur. Kombinəolunmuş dəriyə kompleks qulluq demakiyaj, tonuslandırma, pilinq, üzün masajı, kosmetik maska, kremdən ibarətdir.
Qarışıq tipli dərini təmizlənməsində enzim pilinqlər, dezinkrustasiya, brossaj geniş tətbiq edilir. Üzün atravmatik və kombinəolunmuş təmizlənməsi, T-zonanın manual və mexaniki təmizlənməsi effektivdir. Kombinəolunmuş dərinin nəmlənmə və qidalanması ultrafonoforez, biorevitalizasiya, mezoterapiya çox faydalıdır. Qarışıq dəriyə peşəkar qulluq müxtəlif kosmetik maskalarsız (krem şəkilli, bitki ekstraktları, gil, mum və s. tərkibli) natamam hesab olunur. Dəriyə ev şəraitində düzgün və peşəkar qulluq zamanı kombinəolunmuş dəridə qocalma əalmətləri quru dəriyə nisbətən daha gec yaranır.