Kompyuter Tomoqrafiya (KT)

Kompyuter tomoqrafiya- orqanların və ya anatomik nahiyyələrin strukturunun laylarla müayinəsinə imkan verən qeyri-invaziv şüa diaqnostika üsuludur. Rentgen şüalarının müxtəlif sıxlıqlı toxumalardan keçərkən əldə olunan layların görüntüsünün kompyuterlə işlənməsidir. Yüksək informativliyi, zəif şüa yükü, heç bir diskomfort hissi yaranmadan, xüsusi hazırlığın olmaması hesabına geniş tətbiq olunur.

Kompyuter tomoqrafiyanın yaranma tarixi

Müayinə keçən əsrin 70-ci illərində meydana çıxmışdır və qısa müddətdə bütün dünyada geniş yayılmağa başladı. Lakin kompyuter tomoqrafiyanın tarixi xeyli öncələrə gedib çıxır. 30-cu illərin əvvəllərində rentgen müayinənin laylarla çəkiminin mümkünlüyü araşdırılırdı. Lakin texnoloji imkanların yetərsizliyi tədqiqatların kütləviliyini təmin etməyə imkan vermirdi. 1963-cü ildə amerikalı fizik Kormak tomoqrafik alqoritm hazırladı (Radon alqoritminin analoqu). 1969-cu ildə isə britaniyalı fizik Xaunsfild ilk kompyuter tomoqrafı cihazını yaratdı. 1972-ci ildə ilk dəfə kompyuter tomoqrafiyası aparatı sınaqdan keçirildi və 1979-cu ildə Kormak Və Xaunsfild kəşflərinə görə Nobel mükafatına layiq görüldülər.

Kompyuter tomoqrafiya cihazının kliniki tətbiqindən keçən təxminən yarım əsr zaman dilimində KT-cihazlarının 4 nəsli yaranmışdır. İlk tomoqraf birlikdə fırlanan bir rentgen borusu və bir detektordan ibarət idi ki, hər fırlanmada 1 layın təsviri əldə olunurdu. 1 layın təsvirini əldə etmək üçün bir neçə dəqiqə tələb olunurdu. Müasir tomoqraflarda cihazın diametri boyunca yerləşən mindən çox detektor mövcuddur. Yalnız rentgen borusu fırlanır, fırlanma dövrü 1 saniyədən qısa çəkir. Klassik tomoqrafiyadan başqa, multispiral tomoqrafiya və çoxlaylı kompyuter tomoqrafiya cihazları da mövcuddur ki, bu da şüalanma dozasını azaltmağa, müayinə müddətini qısaltmağa və informativliyini artırmağa imkan verir.

Komyuter tomoqrafiyanın mexanizmi

Adi rentgenoqrafiyada müayinə edilən oyektin (pasientin) 1 tərəfində rentgen borusu, əks tərəfdə isə rentgen şüalarının orqan və toxumadan keçərək təsvirini əks etdirən plyonka yerləşir. Nəticədə 3 fazalı orqan və ya nahiyyənin rentgen plyonkasında -2 fazalı görüntüsü alınır ki, bu da yetərincə informativ deyil (toxumaların kölgələri üst-üstə alındığndan bəzi nahiyyələr görüntüdə seçilmir)

Kompyuter tomoqrafiyası zamanı görüntülər laylar (kəsiklər) şəklində olduğu üçün daha aydın təsvir əldə edilir. Rentgen borusu müəyyən vəziyyətdə fiksasiya olunmadığı və pasientin ətrafında durmadan dövrələr vurduğu üçün görüntü daha aydın və informativ alınır. Kompyuter tomoqrafiyası zamanı saniyədə 1000 görüntü əldə edilir, görüntülər kompyuterə ötürülür və xüsusi proqram vasitəsilə işlənilir. Həkim radioloq alınan nəticələri müxtəlif üsullarla: görüntünü yaxınlaşdırıb-uzaqlaşdırmaq, ölçü, forma və anatomik strukturunu izləməklə diaqnozu qoyur.

Kompyuter tomoqrafiyasının növləri:

  • Adi kompyuter tomoqrafiya- rentgen borusu xəstənin ətrafında dövr edərkən, cihazın dairəsi boyunca yerləşən detektorlarla görüntü tutulur.
  • Spiral kompyuter tomoqrafiya- adi tomoqrafiyada olduğu kimi rentgen boru xəstə ətrafında dövr edir, lakin horizontal istiqamətdə dövr edərək görüntülər spiralvari alınır. Bu üsul şüalanma dərəcəsini azaltmağa və müayinə müddətini qısaltmağa imkan verir.
  • Çoxlaylı kompyuter tomoqrafiya- eyni anda çox sayda layların görüntüsünü kompyuterdə almaq üsuludur. Bu yolla müayinə müddətini qısaltmaq və daha yüksək informasiya əldə etmək, görüntülənən nahiyyənin daha geniş sahədə müayinə etmək, kontrast müayinənin daha effektiv görüntülənməsinə vəı şüalanmanın xeyli azalmasına nail olmaq mümkün olmuşdur.

2005-ci ildən yeni nəsil- 2 rentgen borusuna malik kompyuter tomoqrafiya cihazları hazırlanmağa başlamışdır. Bu tip kompyuter tomoqrafiya apparatı hərəkətdə olan orqanların (məsələn, ürək) və fərqli sıxlığa malik yanaşı toxumaların daha dəqiq görüntülənməsinə imkan verir.

Həmçinin kontrast maddə istifadə etməklə kompyuter tomoqrafiya müayinəsi də aparılır. Rentgenkontrast kompyuter tomoqrafiya- müayinənin iformativliyini artırmaq, toxumaları daha dəqiq differensiasiya etmək, boşluqlu orqanların divarların quruluşu, ölçü və qalınlığını təyin etmək, qan dövranı pozğunluqları, bəd xassəli törəmələrin qan təchizatı və kollaretalları haqda dəqiq görüntü əldə etmək üçündür.

Kompyuter Tomoqrafiyaya göstərişlər

  • Travmalar (kəllə-beyin, döş qəfəsi, abdominal)
  • Kəskin qansımalar
  • Ağ ciyər patologiyası
  • Mədə-bağırsaq sistemin patologiyası
  • Öd kisəsi, böyrək, sidik kisəsi daşları
  • Paranazal sinusların patologiyası (sinuitlər və s.)
  • Gicgah sümüklərin patologiyası
  • Sümüklərin patologiyası
  • Törəmələr ( şişlər, kistalar və s.)
  • İltihabi proseslər
  • Orqanların  struktur dəyişiklikləri
  • Limfa düyünlərinin zədələnmələri
  • Boşluqlarda maye yığıntıları
  • Magistral damarların genişlənmələri, daralmaları
  • Beyinin damar patologiyaları (insultlar, qansızmalar, anevrizmalar və s.)

Əks göstərişlər:

Kontrastsız kompyuter tomoqrafiyasına əks göstərişlərə- hamiləlik, uşaq yaş qrupları, normadan çox hərəki aktivlik və cihazın normativlərindən yüksək çəki və ölçü daxildir. Əksər KT cihazlarının masası 120-130 kq-dək çəkili pasientlər üçün nəzərdə tutulub, lakin 200 kq-dək çəkili pasientlərə uyğun olan cihazlar da mövcuddur. Kontrastsız kompyuter tomoqrafiya üçün əks göstəriş olan pasientlər digər müayinə üsullarına yönləndirilir və ya bir müddət sonraya təxirə salına bilər. Uşaq yaşlarda istifadə individual ola bilər. Hestasiya dövründə isə həyati göstərişə görə təyin edilə bilər.

Kontrastlı kompyuter tomoqrafiyasına əks göstərişlərə- yod preparatlarına həssaslıq, laxtalanma problemi olan xəstələr, qalxanxari vəzin xəstəlikləri, ağır ürək, qaraciyər və böyrək patologiyaları daxildir. Metal implantlar əks göstəriş hesab olunmur, lakin müayinə nahiyyəsində metal varsa rentgen şüalarının keçməsinə maneə yarada və müayinənin informativliyini azalda bilər.

Kompyuter tomoqrafiya müayinəsinə hazırlıq:

Xüsusi hazırlığa ehtiyac yoxdur. Müayinə öncəsi qaz əmələgətirənqidaları (süd, meyvə və tərəvəzləri) qəbul etməmək məsləhətdir. Müayinəyə bir neçə saat qalmış qidalanmamaq məqsədə uyğundur. Bəzi hallarda işlətmə preparatları və ya imaləyə ehtiyac ola bilər ( həkim məsləhət görərsə).

Kompyuter tomoqrafiya müayinəsininin aparılma qaydası:

Pasient tomoqraf tunelinə daxil olacaq xüsusi masaya uzadılır. MRT apparatından fərqli olaraq KT-də qapalı sahə yoxdur ki, bu da klaustrofobiyalı xəstələrin belə müayinəsinə imkan verir. Pasientdən üzərindəki metal əşyaları çıxarmaq xahiş olunur. Müayinə zamanı masa tomoqraf tunelinə daxil olur və çəkiliş aparılır. Müayinənin müddəti 3-4 dəqiqədən yarım saatadək çəkə bilər. Müayinə müddətində xəstə həkimlə rahatlıqla kontakt qura bilir.

Kontrastlı kompyuter tomoqrafiya zamanı müayinədən öncə xəstənin dirsək venasına kateter qoyulur. Kontrast venaya avtomatik yeridilir. Rentgenkontrast maddə venaya yeridilərkən xəstə soyuqluq, istilik və ya ağızda acılıq hiss edə bilər. Bu hisslər normaldır və müayinəni dayandırmağı ehtiyac yoxdur. Əgər ürəkbulanma, baş ağrısı, başgicəllənmə, təngnəfəslik və ya mədə nahiyyəsində xoşagəlməz hiss yaranarsa dərhal həkimi məlumatlandırmaq lazımdır- bu yod preparatlarına yüksək həssaslığın göstrəricisi ola bilər.

error: Content is protected !!