Kenquru üsulu körpə ölümü riskini 3 dəfə azaldır

Kenquru və ya “dəridən dəriyə” üsulu yarımçıqdoğulmuş və ya yenidoğulmuş az çəkili uşaqlarda sağqalma şansını xeyli artırır. Jawaharlal adına diplomdansonra tibbi təhsil və Ümummilli Hindistan tibb elmləri İnstitutunun alimləri bu haqda təcrübələrini BMJ Global Health jurnalının 05.06.2023 saylı buraxılışında dərc etdirmişlər.
Kenquru üsulu (Kangaroo Mother Care, KMC) körpəni “dəridən dəriyə” kontakt edəcək şəkildə hər hansı bir asqı vasitəsilə daşımağı təklif edir. ÜST bu üsulu kiçik çəki ilə doğulmuş körpələrdə ümumi vəziyyəti stabilləşdirmək üçün standart qulluq üsulu kimi məsləhət görür. Bir çox araşdırmalar bu üsulun körpə ölümü hallarını azaltdığını isbat etmişdir.
Lakin üsulun ideal başlama vaxtı haqqında məlumat çox azdır. Bu səbəbdən Hindistanda bu məsələyə həsr olunmuş və dünyanın müxtəlif ölkələrində aparılan 31 genişmiqyaslı randomizəolunmuş təcrübə proqramının nəticələri araşdırılmışdır. Təcrübədə ümumilikdə 15559 körpə iştirak etmişdir. Təcrübə zamanı Kenquru üsulunu standart qulluq üsulu ilə, həmçinin erkən dövrlərdə (doğuşdan sonrakı 24 saat ərzində) tətbiqi ilə daha gec dövrlərdə başlanğıcı arasındakı fərqi araşdırmış və bunun yarımçıqdoğulmuşlar və az çəkili yenidoğulmuşlar arasında ölüm hallarının və ağır xəstəliklərin əlaqəsinə diqqət yetirmişlər.
Nəticələrin qiymətləndirilməsi zamanı məlum olmuşdur ki, ənənəvi qulluq üsulu ilə müqayisədə Kenquru üsulunun erkən tətbiqi körpənin hestasion yaşı və ya çəkisindən asılı olmayaraq ilk 28 gündə neonatal ölüm hallarını 33%, sepsis riskini isə 15% azaldır. Həmçinin, kenquru üsulunun faydasının “dəridən dəriyə” kontakt müddətinin 8 saatdan çox olduğu hallarda daha effektiv olduğu müşahidə olunmuşdur.

“Bizim nəticələr Kenquru üsulunun yarımçıqdoğulmuşlar və az çəkili yenidoğulmuşlar arasında sağqalma ehtimalına müsbət təsir göstərdiyini sübut edir. Kenquru üsulunun tətbiqinə doğuşdan sonrakı ilk 24 saat ərzində başlamaq və gün ərzində ən azı 8 saat əməl etmək məsləhətdir”. Bu qənaətə təcrübəni aparan alimlər gəlmişlər. Onların fikrincə, növbəti addım Kenquru üsulunun tibb müəssisələrində geniş tətbiqinin təşviqinə, eləcə də metodun uzunmüddətli perspektivdə uşaqların sinir sisteminin inkişafına təsirinin öyrənilməsinə yönəldilməlidir.
Mənbə: BMJ