Kron xəstəliyi

Kron xəstəliyi – həzm traktının qranulomatoz iltihabıdır. Patologiya xroniki residivləşən və proqressivləşən gedişə malikdir. Kron xəstəliyi abdominal ağrılar, ishal, bağırsaq qanaxmaları ilə müşayiət olunur. Sistem təzahürlərinə qızdırma, arıqlama, dayaq-hərəkət aparatının (artropatiya, sakroileit), gözün (episklerit, uveit) və dərinin müxtəlif növ zədələnmələri (düyünlü eritema, qanqrenoz piodermiya) aiddir. Diaqnoz kolonoskopiya, bağırsağın rentgenoqrafiyası və kompüter tomoqrafiyanın nəticələri əsasında qoyulur. Xəstələrə pəhriz, iltihabəleyhinə, immunodepressiv, simptomatik müalicə təyin edilir. Ağırlaşmalar baş verdikdə cərrahi əməliyyat aparılır.

Kron xəstəliyi barədə ümumi məlumat

Kron xəstəliyi – mədə-bağırsaq traktının iltihab xarakterli xroniki patologiyasıdır. Bu zaman iltihabi proses MBT divarlarının selikli qişasında və selikaltı qatda inkişaf edir. Selikli qişanın zədələnməsinə  mədə-bağırsaq traktının istənilən nahiyəsində (qida borusundan düz bağırsağa qədər) rast gəlmək mümkündür. Lakin əksər hallarda iltihab nazik bağırsağın terminal hissəsində (qalça bağırsaq) lokalizasiya olunur.

Kron xəstəliyi üçün kəskin tutmalarla remissiya dövrlərinin növbələndiyi xroniki gediş xarakterikdir. İlkin əlamətlər (I tutma) adətən 15-35 yaşlarda meydana çıxır. Qadınlar və kişilər arasında patologiyanın yayılma tezliyi eynidir.

Kron xəstəliyinə irsi meyllik aşkarlanmışdır. I dərəcəli qohumlar bu xəstəlikdən əziyyət çəkdikdə, onun yaranma ehtimalı 10 dəfə yüksəlir. Hər 2 valideynində bu patologiyanın qeydə alındığı pasiyentlərin 50%-də isə Kron xəstəliyinin 20 yaşdan aşağı dövrdə yarandığı izlənilir. Siqaret çəkmə xəstəliyin inkişaf riskini 4 dəfə artırır. Bundan əlavə Kron xəstəliyi ilə oral kontraseptivlər arasında əlaqə müəyyən edilmişdir.

Kron xəstəliyinin yaranma səbəbləri

Kron xəstəliyinin etiologiyası sona qədər öyrənilməmişdir. Ən geniş yayılmış nəzəriyyəyə əsasən patologiyanın yaranmasında immunitetin bağırsaq florasına, bağırsağa daxil olan qidaya və digər substansiyalara qarşı patoloji reaksiyası başlıca rol oynayır. İmmun sistemi bu amilləri yad cisim kimi qəbul etdiyindən bağırsaq divarında leykositlərin sayı artır. Nəticədə iltihabi reaksiya, selikli qişada eroziya və xoralar formalaşır. Lakin bu nəzəriyyə sübuta yetirilməmişdir.

Kron xəstəliyinin inkişafına təkan verən amillər aşağıdakılardır:

  • irsi meyllik;
  • allergiya və autoimmun reaksiyalara meyllik;
  • siqaret, spritli içkilər, dərman vasitələrinin sui-istifadəsi;
  • ekoloji amillər.

Kron xəstəliyinin əlamətləri

Xəstəliyin bağırsaq təzahürlərinə ishal, qarında ağrı, iştah pozğunluğu və çəkinin azalması aiddir. Ağır formalarda defekasiya aktının tezləşməsi gündəlik həyat tərzinə və yuxuya mane olur. Bağırsaq divarının xoralaşması ifadəli xarakter aldıqda qanaxma, nəcisdə qan aşkarlana bilər. Lokalizasiya və intensivlikdən asılı olaraq, qan al qırmızı saplar və ya tünd laxta şəklində müşahidə edilir. Bir çox hallarda gizli daxili qanaxma baş verir.

Xəstəlik uzun müddət davam etdikdə bağırsaq divarında abseslər, eləcə də qarın boşluğuna, qonşu orqanlara (sidik kisəsi, uşaqlıq yolu), dəri səthinə (anus nahiyəsində) açılan fistula yolları formalaşa bilər. Kəskin faza halsızlıq və yüksək temperaturla müşayiət olunur.

Kron xəstəliyinin bağırsaqdan kənar təzahürləri: oynaq, göz (episklerit, uveit), dəri (piodermiya, düyünlü eritema), qaraciyər və öd yollarının iltihabi xəstəlikləri.

Kron xəstəliyindən əziyyət çəkən az yaşlı uşaqlarda fiziki və cinsi inkişasın ləngiməsi qeydə alınır.

Kron xəstəliyinin ağırlaşmaları

Kron xəstəliyi aşağıdakı vəziyyətlərlə ağırlaşa bilər:

  • selikli qişanın xoralaşması, bağırsaq divarının deşilməsi, qanaxma, nəcis kütlələrinin qarın boşluğuna tökülməsi;
  • qonşu orqanlara, qarın boşluğuna və dəri səthinə açılan fistulaların inkişafı. Bağırsaq divarında, fistulaların boşluğunda abseslərin inkişafı.
  • anal çat.
  • düz bağırsaq xərçəngi.
  • qida maddələrinin sorulma prosesinin zəifləməsi ilə əlaqədar metabolik pozğunluqlar, kəskin arıqlama, tükənmə. Disbakterioz, hipovitaminozlar.

Kron xəstəliyinin diaqnostikası

Diaqnostika prosesində laborator və funksional müayinələr həyata keçirilir. Kompüter tomoqrafiya və kolonoskopiya informativliyi ilə seçilir. Tomoqrammada fistula və abseslər aşkarlana bilər. Kolonoskopiya selikli qişanın vəziyyətinin qiymətləndirilməsinə (iltihablaşmış sahələr, bağırsaq divarında eroziya və xoralar), ehtiyac yarandıqda biopsiyanın aparılmasına imkan verir.

Əlavə müayinə qismində bağırsağın kontrast rentgenoqrafiyasından istifadə edilir. Barium məhlulu bağırsaq boşluğunu dolduraraq, mənfəzin daralmasını, xora və fistulaları üzə çıxarır. Bu üsulla həm nazik, həm də yoğun bağırsağın təsviri əldə edilir.

Laborator müayinə üsullarına qanın ümumi analizi, koproqramma, nəcisdə gizli qanın təyini aiddir. Qanın ümumi analizində iltihabi dəyişikliklər izlənilir, anemiya əlamətləri aşkarlana bilər. Bəzən həzm traktının kapsul endoskopiyası tətbiq edilir: pasiyent mini-videokameralı və ötürücülü kapsulu udur. Kamera irəliyə doğru hərəkət etdikcə həzm traktının şəklini fiksə edir.

Kron xəstəliyinin müalicəsi

Xəstəliyin etiologiyası məlum olmadığından patogenetik müalicə tərtib olunmamışdır. Terapiya iltihabın azaldılmasına, davamlı remissiya dövrünün əldə olunmasına, kəskinləşmə və ağırlaşmaların profilaktikasına yönəldilir. Kron xəstəliyinin müalicəsi konservativ yolla aparılır. Həyat üçün təhlükəli vəziyyət yarandıqda cərrahi əməliyyat icra olunur.

Xəstəliyin fazasından asılı olaraq, 4№li pəhriz və onun modifikasiyaları təyin edilir. Dietoterapiya ishal və ağrı sindromunun ifadəliliyini azaldır, həzm proseslərini korreksiya edir. Bağırsaqdakı xroniki iltihab ocaqları yağ turşularının sorulma prosesini pozulmasına səbəb olur. Bununla əlaqədar yağlı qidaların qəbulu ishalı gücləndirir, steatoreya (yağlı nəcis) əmələ gətirir.

Həzm traktının selikli qişasını qıcıqlandıran məhsullar (hisə verilmiş, qızardılmış, ədəvalı qıdalar), alkoqol, qazlı içkilər və qəhvənin istifadəsi məhdudlaşdırılır. Siqaretdən imtina etmək məsləhət görülür. Xəstələrə kiçik porsiyalarla tez-tez qidalanma tövsiyə olunur. Ağır hallarda parenteral qidalanma rejiminə keçilir.

Kron xəstəliyinin farmakoloji terapiyası iltihabəleyhinə tədbirlərdən, immunitetin normaya salınmasından, normal həzmin bərpasından və simptomatik müalicədən ibarətdir. Əsas qrup preparatlara iltihab əleyhinə vasitələr aiddir. Kron xəstəliyində 5-aminosalisilatlar (sulfazalin, mesazalin) və kortikosteroidlər (prednizalon, hidrokortizon) qəbul edilir. Kortikosteroidlər preparatlar kəskin əlamətləri aradan qaldırır. Onlardan qısa müddət ərzində istifadə olunur.

Patoloji immun reaksiyaları tormozlamaq məqsədilə immunodepressantlar (azatioprin, siklosporin, metotreksat) təyin edilir. Onlar immun cavabı və leykositlərin yaranmasını zəiflətməklə iltihabı azaldırlar. Antisitokin vasitə qismində infliksimab  tətbiq edilir. Bu preparat bağırsaq divarında eroziya və xora əmələ gətirən sitokinləri – şiş nekrozu faktorunu  neytrallaşdırır. Abses inkişaf etdikdə ümumi geniş təsir spektrinə malik antibiotiklər (metronidazol, siprofloksasin) məsləhət görülür.

Simptomatik müalicə ishal əleyhinə, işlədici, ağrıkəsici, qandayandırıcı preparatlarla aparılır. Dərman vasitəsinin növü əlamətlərin ifadəliliyi və ağırlıq dərəcəsinə uyğun seçilir. Maddələr mübadiləsini korreksiya etmək üçün vitamin və minerallar təyin edilir.

Fistula və abseslər formalaşdıqda, bağırsaq divarında gur qanaxma ilə müşayiət edilən dərin defektlər yarandıqda, xəstəlik konservativ müalicəyə tabe olmadıqda cərrahi müalicə göstəriş sayılır. Axırıncı halda bağırsağın zədələnmiş hissəsi rezeksiya olunur.

Kron xəstəliyinin proqnoz və profilaktikası

Xəstəliyin etiologiya və patogenezi sona qədər öyrənilmədiyindən xəstəliyin tam sağalması qeyri-mümkündür. Lakin müntəzəm adekvat terapiya, pəhriz rejiminə və həkim təyinatlarına riayət, sanator-kurort müalicəsi kəskinləşmələrin tezliyini, ağırlıq dərəcəsini azaldır, xəstənin həyat keyfiyyətini yüksəldir.

Klinik qastroenterologiya sahəsinin mütəxəssislərinin fikrincə kəskinləşmələrin profilaktik tədbirlərinə dietoterapiya, balanslaşdırılmış qidalanma, vitamin komplekslərinin və zəruri mikroelementlərin qəbulu; stress hallarının uzaqlaşdırılması, sağlam həyat tərzi, əmək və istirahət rejiminin düzgün təşkili; mülayim fiziki aktivlik; siqaret və spirtli içkilərdən imtina aiddir.

error: Content is protected !!