Kuperoz

Kuperoz – həssas dərinin kapilyarlarının genişlənməsi və kövrəkliyi ilə əlaqədar qanın mikrosirkulyasiyasının pozulması nəticəsində yaranan xəstəlikdir. Dəri xarici qıcıqlandırıcıların təsirinə həssas olduqda  onlara qızartı və ya iltihabla cavab verir. Havanın hərarətinin cüzi dəyişməsi, yuyunma və ya toxunma zamanı həssas dəridə qaşınma, göynəmə hissi yaranır. Dərinin qızartı şəklində reaksiyası əsasən alın, çənə, burun və yanaqlarda müşahidə  edilir. Kuperozun sonrakı inkişafı qan damarlarının genişlənməsi və kövrəkliyi səbəbindən qızartının daimi xarakter almasına gətirib çıxarır. Damar ulduzcuqları (kiçik damarların genişlənməsi) aydın nəzərə çarpdığından diskomfort törədir. Kuperoz probleminə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Tünd dərili insanlarla müqayisədə açıq dəriyə sahib olan şəxslərdə kuperozun yaranma ehtimalı yüksəkdir.

Kuperozun yaranma səbəbləri

Hər bir xəstəlik kimi kuperoz da irsi amillərlə bağlı ola bilər. Onun yaranma riskini azaltmaq üçün kapilyarlarda qan axınının pozulmasına və venoz durğunluğa səbəb olan əlverişsiz amillərin təsirindən uzaq durmaq lazımdır.

  • Hərarətin dəyişməsi. Temperaturun kəskin sıçrayışları kuperoza meylli həssas dəriyə mənfi təsir göstərir. Dərini həddindən artıq isti və ya soyuqdan qorumaq lazımdır.
  • Kəskin və qaynar qida.
  • Siqaret– sağlamlığın düşmənidir. Bu zərərli vərdiş ürək-damar sisteminə ciddi ziyan vurur.
  • Alkoqol. Spirtli içkilərin, xüsusən qırmızı üzüm və ya qara quşarmudundan hazırlanan çaxırın damargenişləndirici təsiri dərinin vəziyyətində də öz əksini tapır.
  • Ultrabənövşəyi şüalardamarların kövrəkləşməsinə səbəb olur, orqanizmdəki mübadilə proseslərinə neqativ təsir edir. Bununla əlaqədar çox isti havada birbaşa günəş şüaları altında uzunmüddətli qalmaq  məsləhət görülmür.
  • Qəhvə, tünd və ya isti şokoladın qan dövranına güclü stimuləedici təsirini nəzərə alaraq, bu məhsulların qəbulunun azaldılması və imkan daxilində qida rasionundan tamamən çıxardılması tövsiyə olunur.
  • Stress vəziyyətlər kuperozun yaranmasına şərait yaradır. Emosional gərginlik təzyiqin yüksəlməsi ilə müşayiət olunduğundan damarların normal fəaliyyəti pozulur, kapilyarların divarı dağılır.

Kuperozun fəsadları

Kuperozun əlamətlər – dərinin həddindən artıq qızarması, quruluğu və üzdə aydın nəzərə çarpan damarlar müşahidə olunduqda təcili surətdə tədbir görülməlidir. Xatırladaq ki, kuperoz  xəstəlik hesab olunduğundan patologiyanın müalicəsi mütləqdir. Kuperoz dərinin erkən qocalmasına gətirib çıxarır, bu da onun qidalı maddələr və oksigenlə təhcizatının pozulması ilə əlaqədardır. Kuperozlu qadınlarda dəri təbii rəngini itirərək, solğunlaşır, bozumtul olur.

Kuperoza meylli dəriyə ev şəraitində qulluq

Kuperozlu dəriyə ev şəraitində düzgün qulluq edilmədikdə kosmetoloji prosedurların effektivliyi zəif olur. Həssas dəriyə qulluq bir neçə mərhələdən ibarətdir:

Təmizlənmə. Kuperozdan əziyyət çəkən insanlar üçün dəri örtükləri və toxumaların dehidratasiyası xarakterikdir. Üzü sabun və ya sabun köpüyü ilə yuduqda dərini su molekullarının buxarlanmasından müdafiə edən qoryuyucu lipid qatı (xüsusi yağ molekulları) dağılır. Həssas dəri nəmliyin itirilməsinə daha tez reaksiya verir. Yalnız yumşaq təsirli spesifik yuyucu vasitələrdən istifadə etməklə bu tip reaksiyaların qarşısını almaq mümkündür. Çox isti və ya soyuq su ilə yuyunmaq qəti qadağandır. Yuyunmaq və dekorativ kosmetikanı təmizləmək üçün ancaq ilıq sudan istifadə edilməlidir. Quru dərinin təmizlənməsi prosesində kosmetik qaymaq və makiyajı silmək üçün nəzərdə tutulan südə üstünlük verilir. Onlar bitki yağları ilə zəngin olduğundan dəriyə qənaətbəxş təsir edərək, onu qidalandırır və nəmləndirir.

Nəmləndirmə və qidalandırma. Kuperoz zamanı dərinin vaxtında nəmləndirilmə və qidalandırılması xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə təbəqə əmələ gətirən (filmogen) maddələrdən ibarət kremlər məsləhət görülür. Tərkibində linol turşusu, C, K, E vitaminləri olan vasitələr dərini effektiv şəkildə qidalandırır və nəmləndirir, həmçinin tərkib komponentləri hesabına qan damarlarının divarlarını möhkəmlədirir. Yay aylarında dərini ultrabənövşəyi şüalardan qoruyan xüsusi gündüz kremləri,  axşamlar isə sakitləşdirici zərdablardan istifadə edilməlidir.

Tonuslandırma. Spirtli vasitələr dəridə quruluq və qıcıqlanma törətdiyindən onlardan imtina etmək lazımdır. Müasir bazarda kuperozla mübarizə aparan inqrediyentlər: Ussuriya mayaotusu, şabalıd, kiparis, küknar və ya ağ şam, ardıc, K, C vitaminləri və rutin əsasında hazırlanan xüsusi toniklər təklif olunur.

Pilinq və skrablar. Kuperozlu dəriyə qulluq prosesində sərt abraziv vasitələr tətbiq olunmamalıdır. Yumşaq soyucu vasitələr, ağ gildən maska, çox yumşaq pilinqlərə üstünlük verilir. Prosedur həssas dərini zədələmədən ehtiyatla aparılmalıdır. Maskalar üzə süngər və ya fırça ilə deyil,  barmaq ucları və yaxud sponj vasitəsilə çəkilərək, 1-2 dəqiqədən sonra yuyulmalıdır.

Kuperoza meylli dəriyə peşəkar qulluq. Salon prosedurları

Kuperoza meylli dəri nazik və həssas olub, tez-tez iltihablaşır. Bu tip dərilər yüksək diqqət və peşəkar qulluq tələb edir. Kuperoz zamanı aparılan prosedurlar dərinin qızarma, qıcıqlanma və qurumasının profilaktikasına yönəldilir.

Salonda kuperoza meylli dərinin dərindən təmizlənməsi.

Bu proses yalnız ixtisaslaşdırılmış gözəllik salonunda yerinə yetirilməlidir. Kuperozlu qadınlarda vaporizasiya (xüsusi aparatla buxar vannaları), eləcə də mexaniki və kimyəvi pilinqlər əks-göstəriş sayılır. Fermentlərlə (bioloji aktiv maddələr, enzimlər) aparılan enzim pilinq istisna hal sayılır. O, dərini yumşaldaraq, müalicəvi preparatların daha dərin qatlara keçməsini təmin edir. İltihabı aradan qaldırmaq üçün bitki ekstraklarının – adaçayı və ya lavandanın buxarları ilə aparat irriqasiyasından istifadə oluna bilər.

Dərinin qidalandırılmasına istiqamətləndirilən prosedurlar onun təmizlənməsindən sonra aparılır. Üz dərisinə (göz ətrafı dəri istisna olmaqla) polivitaminlər (A, E, K vitaminləri), üzü nəmləndirən əməköməci ekstraktı və ya  üzüm toxumlarından alınmış yağlardan ibarət yüksək konsentratlı vasitələr çəkilir.

Kuperoza meylli dəri üçün maskalar.

Kuperoz damar rozaseası (dərinin damar zədələnməsi ilə çəhrayı zivcələrin müştərəkliyi) ilə ağırlaşdıqda dəri bir qayda olaraq, nazilir və atrofiyaya uğrayır, xırda mimik qırışlar yaranır. Belə dəriyə qulluq proqramına möhkəmləndirici və kollagenli maskalar daxil edilməlidir.

Kuperozun kosmetoloq tərəfindən müalicəsi

Damarların möhkəmləndirilməsi və tonusunun artırılmasına yönəldilən preparat və prosedurların əksəriyyəti simptomatik təsir göstərir, yəni kuperozun gözlə görünən təzahürlərini azaldır, lakin tamamən aradan qaldırmır. Kuperozun müalicəsi zamanı ilk növbədə onu törədən amillər likvidasiya olunmalıdır. Xəstəliyin müasir müalicə üsullarının əsasını genişlənmiş kapilyarların dağıdılması dayanır. Bu zaman qan dövranına ehtiyat kapilyarlar qoşulduğundan damar şəbəkəsində qan dövranı pozulmur.

Müasir kosmetologiyada kuperozun müalicəsində damar korreksiyasının aşağıdakı üsulları tətbiq edilir:

  • Elektrokoaqulyasiya. Üsulun mahiyyəti nazik iynədən ötürülən elektrik impulsunun köməyilə genişlənmiş damar dağıdılmasından ibarətdir. Prosedurun aparılma texnikasının sadəliyinə baxmayaraq, onun müəyyən çatışmazlıqları vardır. Kuperozla zədələnmiş dəri sahəsi iri olduqda manipulsyasiya həddindən artıq uzun çəkir və iynə yerlərində çoxsaylı qızartılar əmələ gəlir. Elektrokoaqulyasiyanın digər variantı diatermokoaqulyasiyadır. Prosedur həftədə 1 dəfə olmaqla mərhələlərlə aparılır. Əvvəlcə dəyişilmiş iri damarlar, sonra isə kiçik teleangiektaziyalardan azad olunur.Prosedurdan sonra mikroçapıqlar və piqment ləkələri müşahidə olunur.
  • Lazer- və fototerapiya. Kuperozun lazer (impulslu, fasiləsiz təsirli) və fototerapiyanın köməyilə müalicə üsulları xəstəliyin tipi və ifadəliliyi nəzərə alınmaqla seçilir. İfadəli kuperozlarda lazer terapiyasına üsütnlük verilir. Dərinin kiçik sahəli zədələnmələrində isə bu üsul öz təsdiqini tapmadığından ozonoterapiya məsləhət görülür. Lazer və fototerapiyanın ağırlaşmalarına nöqtəvi qüsurlar, piqment ləkələri, tısir zonasında dərinin rənginin hissəvi və ya tam itməsi aiddir. Klinika və kosmetoloq seçiminə məsuliyyətlə yanaşmaqla bu fəsadların qarşısını almaq mümkündür. Prosedura başlamazdan əvvəl həssaslıq testi aparılmalı, dərinin fototipi təyin edilməlidir.
  • Ozonoterapiya. Mikroiynə ilə damar mənfəzinə oksigen-ozon qarışığı yeridilir. Dəri hüceyrələrinin oksigenlə maksimum doyması hesabına onların fəaliyyəti güclənir, bu da damar divarlarının deformasiyasının aradan qalxmasına gətirib çıxarır. Ozonoterapiya çox effektiv və təhlükəsizdir. Elektrokoaqulyasiya, lazer və ya sklerozlaşdırıcı terapiyadan fərqli olaraq, bu prosedurdan sonra çapıq dəyişiklikləri və piqmentasiya izlənilmir. Rozasea ilə ağırlaşan kuperoz zamanı ozonoterapiyadan əvvəl zivcələr təmizlənməlidir.

Ev şəraitində üzə düzgün qulluq, askorbin turşusu (C vitamini) və ya askorutinin (C və P vitaminləri) müntəzəm qəbulu salon prosedurlarının nəticələrini möhkəmləndirməyə və kuperozun residivlərinin qarşısını almağa kömək edir.

error: Content is protected !!